| 
								 
								 Təhsil 
								naziri Misir Mərdanov qonağı səmimi 
								salamladıqdan sonra Azərbaycanla Koreya arasında 
								mövcud olan əlaqələrdən və bu əlaqələrin son 
								illər daha da inkişaf etdiyindən söz açıb. Nazir 
								Koreya ilə əməkdaşlıq çərçivəsində təhsil sahəsi 
								üzrə səmərəli əlaqələri, ali və peşə təhsili 
								istiqamətində birgə aparılan layihələrdə Koreya 
								tərəfinin göstərdiyi dəstəyi xüsusi qeyd edib. 
								İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq 
								üzrə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin 
								gördüyü işlərdən danışan Misir Mərdanov bu 
								əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə 
								əminliyini vurğulayıb. 
								
								Təhsil naziri Koreya Beynəlxalq Əməkdaşlıq 
								Agentliyi tərəfindən Azərbaycan Texniki 
								Universitetində həyata keçiriləcək "Təhsil 
								informasiya sisteminin yaradılması" layihəsindən 
								bəhs edib və əsas məqsədi elektron təhsil 
								sisteminin yaradılması olan bu layihənin dövlət 
								başçısının mövcud istiqamətdə yeritdiyi siyasətə 
								uyğun olduğunu vurğulayıb.  
								
								 Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin 
								Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun 
								Suk səmimi qəbul üçün təhsil naziri Misir 
								Mərdanova təşəkkür edib. Öncə Kim Eun Suk təmsil 
								olunduğu agentliyin ölkəmizdə reallaşdırdığı 
								layihələrin əhəmiyyətli nəticələrini qeyd edib. 
								Azərbaycana bir ay öncə gəldiyini nəzərə 
								çatdıran qonaq təhsil sahəsində əməkdaşlığın 
								inkişaf etdirilməsi baxımından yeni layihələrin 
								reallaşdırılmasının önəmli olduğunu vurğulayıb. 
								Kim Eun Suk eyni zamanda təhsil sahəsi üzrə 
								prioritet layihələrin qısa müddətdə 
								müəyyənləşdirilməsinin məqsədəuyğunluğunu 
								bildirib. Qonaq onu da əlavə edib ki, həmin 
								layihələr öz təsdiqini tapdıqdan sonra müvafiq 
								istiqamətdə iş aparılacaq. 
								
								Misir Mərdanov Təhsil Nazirliyində elektron 
								sənəd dövriyyəsinin təşkili işində Koreya 
								Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyinin 
								əhəmiyyətini qeyd edib, yaxın günlərdə isə yeni 
								layihələrin müəyyənləşdiriləcəyini nəzərə 
								çatdırıb.  |