| 
								 
								Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 
								qərarı ilə yeni tədris ilindən etibarən böyük 
								alim Lütvizadə adına fəxri adlı təqaüd təsis 
								olunmuşdur. Xatırladaq ki, Kaliforniya 
								Universitetinin professoru Lütvizadə XX əsr 
								Azərbaycan elminin, intellektinin dünyaya bəxş 
								etdiyi ən nəhəng sima, qeyri-səlis məntiq 
								nəzəriyyəsinin yaradıcısı, görkəmli elm 
								xadimidir. Təqaüdün təsis olunmasında məqsəd 
								tələbə gənclərin dəqiq elmlərə marağını daha da 
								artırmaq, elmi-tədqiqatçılıq fəaliyyətlərini 
								yüksəltmək, bütün dünyada məşhur olan, 
								Azərbaycan xalqının fəxri, 90 yaşlı böyük alim 
								Lütvizadənin həyatını, elmi nailiyyətlərini 
								öyrənmək və yaşatmaqdır.  
								
								 Lütvizadə adına fəxri adlı təqaüdə müvafiq 
								olaraq mühəndislik və memarlıq, 
								fizika-riyaziyyat fakültələrindən  tələbələrin 
								seçilməsi nəzərdə tutulmuşdur. Bu təqaüdə ilk 
								layiq görülənlər informasiya texnologiyaları və 
								sistemləri mühəndisliyi üzrə II kurs tələbəsi 
								Əliyev Nurəddin Fərman oğlu, riyaziyyat və 
								informasiya müəllimliyi ixtisası üzrə II kurs 
								tələbəsi Ağamalı Kamran Səbzəli oğlu olmuşdur. 
								Təsis zamanı bu tələbələrin təhsil aldıqları bir 
								il ərzində elmdə, təhsildə, yeni 
								texnologiyaların mənimsənilməsində, Tələbə Elmi 
								Cəmiyyətinin xətti ilə aparılan elmi-tədqiqat 
								işlərində xüsusi fərqlənmələri nəzərə alınmışdır. 
								  
								
								
								
								Mehriban SULTAN, 
								NDU-nun Mətbuat şöbəsinin müdiri  | 
								  |