| 
								 
								 Naxçıvan  
								Dövlət  Universitetində yeni tədris  ilində 
								keçiriləcək  pedaqoji  təcrübənin başlanğıc  
								konfransı   oldu.  
								
								 Tədbiri  giriş  sözü  ilə açan  ali  məktəbin  
								rektoru,  akademik  İsa  Həbibbəyli  tələbə  və  
								müəllimləri bu əhəmiyyətli hadisə münasibətilə 
								təbrik etdi. Qeyd olundu ki, pedaqoji təcrübənin 
								hər bir tələbənin gələcəyin yüksək intellektli 
								müəllimi, mütəxəssisi kimi  formalaşmasındakı  
								rolu danılmazdır.  Pedaqoji  təcrübə imkan verir 
								ki, təhsil  müddətində  qazanılan nəzəri  
								bilikləri  təcrübədə  möhkəmləndirməklə  peşə  
								vərdişlərinə  yiyələnəsən. Bu  səbəbdən  təcrübə  
								dövründə  metodistlərin, müəllimlərin və 
								tələbələrin üzərinə böyük məsuliyyət  düşür. 
								Builki yeniliklərdən söhbət açan rektor qeyd 
								etdi ki, növbəti tədris illərində təcrübənin 
								əhatə dairəsinin genişləndirilməsi və 
								tələbələrin muxtar respublikanın təkcə şəhər 
								orta ümumtəhsil məktəblərinə deyil, həmçinin bir 
								sıra digər kənd məktəblərinə də təcrübəyə cəlb 
								olunması nəzərdə tutulur.   
								
								 Universitetin 
								tədris işləri üzrə prorektoru, filologiya 
								elmləri doktoru Hüseyn  Həşimli  builki  
								təcrübənin məqsəd və vəzifələri barədə ətraflı 
								məlumat verdi. Belə ki,  bu  il  universitetin,  
								kredit  üsullu  ixtisasları    da  daxil  
								olmaqla,  6  fakültəsinin  17  ixtisası  üzrə  
								306  tələbəsi Naxçıvan Muxtar  Respublikasının 
								14 orta ümumtəhsil  məktəbində 4  həftə  
								müddətində pedaqoji  təcrübə keçəcək. O da 
								vurğulandı ki, təcrübə zamanı dərslərin  
								təşkilində  yeni  texnologiyaların,  
								informasiya-kommunikasiya texnologiyalarının (İKT), 
								müasir dünyamızın tələbi kimi, geniş tətbiqi  
								zəruridir.  
								
								Naxçıvan MR Təhsil Nazirliyi Aparatının rəhbəri 
								Rəşad Xudiyev çıxışında qeyd etdi ki, muxtar 
								respublikada Ali Məclis sədrinin rəhbərliyi ilə 
								160-dan çox məktəb əsaslı təmir olunaraq 
								istifadəyə verilib, məktəblər 305 elektron lövhə 
								ilə təchiz olunub. Bu da yeni nəsil pedaqoqların 
								tədris prosesini müasir tələblərə uyğun 
								qurmasına şərait yaradır. 
								
								Naxçıvan Şəhər Təhsil Şöbəsinin  müdiri  Hüseyn 
								Məmmədyarov  ölkədə və muxtar respublikada 
								təhsilə, təhsil  işçilərinə  göstərilən  
								qayğıdan  danışdı, təcrübəçi tələbələrə uğurlar 
								dilədi.  
								
								
								
								Nərmin CƏFƏROVA, 
								NDU-nun Mətbuat şöbəsinin  əməkdaşı  |