| 
								 
								  Azərbaycan 
								Universiteti ilə ABŞ-ın Corciya Dövlət 
								Universiteti (CDU) arasında əlaqələr genişlənir. 
								Universitetin  prezidenti Dr. Mark Beyker, 
								Biznes Məktəbinin dekanı Dr. Fenvik Hass və 
								Keçid İqtisadiyyatlarında Biznesin İnkişafı 
								Mərkəzinin direktoru, professor Bijan 
								Fəzlullahinin daxil olduğu nümayəndə heyəti 
								sentyabrın 28-dən oktyabrın 2-nə qədər 
								Azərbaycan Universitetində olub.   
								
								Səfərin məqsədi Azərbaycan Universiteti ilə CDU 
								arasında 2008-ci ildən mövcud olan əlaqələri 
								inkişaf etdirmək, xüsusi ilə yerli müəllimlərin 
								təkmilləşdirilməsini, tələbə və müəllim 
								mübadiləsini genişləndirməkdən ibarətdir. 
								 
								
								Tərəflər arasında Azərbaycan Universitetində "Kurikulumun 
								və müəllimlərin təkmilləşdirilməsi, tələbə, 
								müəllim və tədqiqatçı mübadiləsi üçün proqramın 
								detalları" adlı daha bir müqavilə imzalanıb.
								 
								
								Corciya Dövlət Universiteti Corciya ştatının 
								paytaxtı olan Atlanta şəhərində yerləşir və 
								1913-cü ildə fəaliyyətə başlayıb. Universitetdə 
								100 istiqamət üzrə 250 bakalavr, magistratura və 
								doktorantura proqramları üzrə 160 ölkədən 40 
								mindən artıq tələbə təhsil alır. Yarandığı 
								zamandan CDU-nu 192.8 min nəfər bitirmişdir. 
								Universitet doktorantura təhsili sahəsində ilk 
								100 dövlət universiteti sırasındadır. Hazırda 
								CDU-nun illik maliyyə dövriyyəsi 1.4 milyard 
								dollara bərabərdir.  
								
								Universitetin əsas ixtisaslaşma 
								istiqamətlərindən biri biznes idarəçiliyi 
								sahəsində kadr hazırlığıdır.   
								
								
								
								Azərbaycan Universitetinin Mətbuat xidməti  |