| 
								 
								 Oktyabrın 
								6-da Azərbaycan Müəllimlər İnstitutunda AMEA-nın 
								Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə 
								birlikdə Azərbaycanın dövlət müstəqilliyinin 
								20-ci ildönümünə həsr edilmiş  "Müstəqillik 
								illərində Azərbaycanda elm və təhsilin inkişafı" 
								mövzusunda "dəyirmi masa" keçirildi. Tədbiri 
								giriş sözü ilə AMİ-nin rektoru, millət vəkili, 
								professor Aqiyə Naxçıvanlı açaraq gələn 
								qonaqları salamladı və qeyd etdi ki, xalqlar 
								üçün əziz, həm də müqəddəs olan  bir çox 
								dəyərlər mövcuddur. Məsələn, hər bir xalqın dili, 
								onun tarixi, milli mənəvi dəyərləri, sahibi 
								olduğu torpaqlar və digər sərvətlər hər zaman 
								əziz olub və belə də olacaqdır.  
								
								Özünün müstəqil dövlətini yaratmaq arzusu və 
								amalı da dünyanın bütün xalqlarına aid edilə 
								biləcək bir müqəddəs istəkdir. Xalqlar bu amal 
								uğrunda bəzən əsrlər boyu mübarizə aparıblar, 
								qan töküblər, çoxsaylı qurbanlar veriblər. Bu da 
								bir həqiqətdir ki, dünyada mövcud olan xalqların 
								bir qismi hələ də öz dövlətini qura bilməyib. 
								Tarixdən o da bəllidir ki, ayrı-ayrı xalqlar da 
								çoxsaylı məhrumiyyətlərdən sonra yaratdığı 
								dövləti sonadək  qoruyub saxlaya bilməyib. Biz 
								xoşbəxt xalqıq ki, özümüzün müstəqil dövlətimiz 
								var. Bəli, biz həm də çox mübariz və qürurlu 
								xalqıq ki, 1918-ci ildə qurduğumuz Azərbaycan 
								Xalq Cümhuriyyətini sonadək yaşada bilməsək də, 
								müəyyən fasilədən sonra özümüzdə qüvvə taparaq 
								yenidən dövlət müstəqilliyimizi bərpa edə bildik. 
								
								Azərbaycan xalqı dövlət müstəqilliyinə qovuşmaq 
								naminə çox uzun, son dərəcə mürəkkəb, məşəqqətli, 
								həm də olduqca şərəfli bir yol keçib. Bu çətin 
								və şərəfli yolun ayrı-ayrı mərhələləri və 
								məqamları barədə təfsilatı ilə danışmadan təkcə 
								onu deməyi özümə borc bilirəm ki, Azərbaycan 
								xalqı bu yolda əldə olunan uğurlara görə əbədi 
								olaraq ulu öndər Heydər Əliyevə borcludur. Bəli, 
								məhz Heydər Əliyevin səyləri, təşkilatçılığı, 
								rəhbərliyi və uzaqgörənliyi sayəsində SSRİ-nin 
								tərkibində olduğu  dövrdə  belə bir çox 
								parametrlər üzrə Azərbaycanın gələcəkdə müstəqil 
								dövlət olaraq yaşaya bilməsi üçün hərtərəfli, 
								həm də çox etibarlı təməl qoyulmuşdur. 1993-cü 
								ildə yenidən Azərbaycan rəhbərliyinə qayıtması 
								ilə ulu öndər növbəti dəfə dövlətimizi 
								parçalanmaq və məhv olmaq təhlükəsindən xilas 
								etdi. O, özünün müdrik siyasəti ilə Azərbaycanın 
								daxili və xarici siyasət xəttinin uzunmüddətli 
								strategiyasını müəyyən etdi. Heydər Əliyevin 
								Azərbaycan dövləti və Azərbaycan xalqı 
								qarşısındakı çox mühüm xidmətlərindən biri də 
								onun ailəsində və onun tərbiyəsi altında İlham 
								Əliyevin şəxsində Azərbaycanın gələcək siyasi 
								liderinin yetişməsi oldu. 
								
								Azərbaycanın dövlət müstəqilliyinə qovuşmasından 
								keçən 20 il ərzində bütün sahələrdə çox böyük 
								uğurlara imza atılıb. Dövlətimiz regionda söz və 
								qüdrət sahibi  olan bir dövlətə çevrilib. İndi 
								Azərbaycanın  adı çox mötəbər tribunalardan 
								tez-tez, özü də çox böyük ehtiramla səslənir. 
								Bütün bunlar çox yaxşıdır. Amma harada 
								yaşamasından, hansı peşə sahibi olmasından və 
								hansı vəzifə tutmasından  asılı olmayaraq hər 
								bir azərbaycanlı bütün bunların qədrini  
								bilməlidir, dövlət müstəqilliyimizin əbədi 
								olması üçün əlindən gələni əsirgəməməlidir. 
								 
								
								Sonra tədbirdə çıxış edən AMEA-nın Fəlsəfə, 
								Sosiologiya və Hüquq İnstitutunun direktoru, 
								fəlsəfə elmləri doktoru İlham Məmmədzadə "Müasirləşmə 
								dövründə  elm və təhsil", həmin İnstitutun 
								aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə 
								doktoru Habil Həmidov "Azərbaycanda təhsil 
								siyasəti", fəlsəfə elmləri doktoru Rəna 
								Mirzəzadə "Siyasətdə və politologiyada İKT 
								strategiyası", AMİ-nin kafedra müdiri, tarix 
								elmləri doktoru Qafar Cəbiyev "Müstəqillik 
								illərində Azərbaycanda tarix elminin inkişafı" 
								mövzularında çıxışlar etdilər. 
								
								 Tədbirdə iştirak edən AMİ-nin əməkdaşlarından 
								professor Ramiz Məmmədzadə, professor Mircəfər 
								Həsənov, əlavə təhsil üzrə prorektor Rahim 
								Əzizov, siyasi elmlər üzrə fəlsəfə doktoru 
								Məmmədağa Sərdarov və digərləri müstəqillik 
								illərində Azərbaycanda elm və təhsilin  inkişafı 
								yolunda qazanılan uğurlardan  və bu sahədə 
								qarşıda duran vəzifələrdən danışdılar.  
								
								
								
								Ədalət DAŞDƏMİRLİ  | 
								  |