| 
								 
								 Ölkəmizin 
								təhsil sistemində təlim-tərbiyənin təşkili bir 
								çox aspektlər üzərində qurulub. Azərbaycan 
								dövlətinə və xalqına layiqli, vətənpərvər, 
								humanist vətəndaş yetişdirilməsi hər bir təhsil 
								müəssisəsinin əsas vəzifəsi hesab edilir. Bu 
								məqsədlə tədris ocaqlarında müxtəlif tədbirlər 
								keçirilir, şagirdlərə insani keyfiyyətləri 
								aşılamaq üçün kimsəsiz uşaq və qocalar evlərinə 
								mütəmadi olaraq ziyarətlər təşkil olunur. Belə 
								tədbirlərdən biri də oktyabrın 5-də Bakıdakı 
								İlyas Əfəndiyev adına "Elitar" gimnaziyanın 
								ibtidai sinif müəllimi Nailə Məmmədovanın IV 
								sinif şagirdlərinin iştirakı ilə 1 nömrəli 
								körpələr evində təşkil etdiyi tədbir idi. 
								Körpələr evinə getməyi səbirsizliklə gözləyən 
								şagirdlər sıra ilə gimnaziyanın qarşısında 
								düzülmüşlər. Nailə müəllim şagirdlərə körpələr 
								evindəki uşaqlarla həssas davranmağı, onlara 
								nəvaziş göstərməyi tapşırdı.  Sonra şagirdlər 
								nizam ilə onları körpələr  evinə  aparan  
								avtobusa  əyləşdilər. Qısa  müddət  yol 
								getdikdən sonra biz paytaxtın Nəsimi rayonunda 
								yerləşən 1 nömrəli körpələr evinə çatdıq. 
								Körpələr evinin rəhbərliyi və kollektivi kiçik 
								qonaqlarını gülərüzlə qarşılayaraq onları içəri 
								dəvət etdilər. Səliqə-sahmanlı, hər bir 
								avadanlıqla təchiz olunmuş bu məkan uşaqların 
								zövqünü oxşasa da, lakin oranın kiçik 
								sakinlərinin gözlərindəki valideyn həsrəti 
								insanın ürəyini qana döndərirdi. 
								
								 Tədbiri 
								giriş sözü ilə açan 1 nömrəli körpələr evinin 
								baş həkimi Nəhayət Əliyeva qonaqları 
								salamlayaraq, rəhbərlik etdiyi müəssisənin 
								fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, 
								Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr 
								evi 1932-ci ildən fəaliyyət göstərir. Müəssisəyə 
								atılmış və imtina olunmuş uşaqlar daxil olunur. 
								Onlar dörd yaşına qədər körpələr evində 
								qaldıqdan sonra Təhsil Nazirliyinin tabeliyində 
								olan uşaq evlərinə göndərilir. 2005-ci ildə 
								Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir 
								olunan körpələr evi müasir avadanlıqlarla təchiz 
								edilmiş və körpələrin böyüyüb başa çatması üçün 
								hər bir şərait yaradılmışdır. Daim dövlətin 
								diqqət və qayğısını üzərlərində hiss etdiklərini 
								bildirən N.Əliyeva qeyd etdi ki, Heydər Əliyev 
								Fondunun prezidenti, millət vəkili Mehriban 
								xanım Əliyeva dəfələrlə müəssisəyə gəlmiş, 
								körpələr evinin problemlərinin həll olunmasına 
								köməklik göstərmişdir. Hazırda müəssisədəki 
								körpələrin istər qida baxımından, istərsə də 
								geyim ilə yüksək səviyyədə təmin olunduğunu 
								vurğulayan N.Əliyeva yaradılan şəraitə, 
								göstərilən diqqət və qayğıya görə ölkə 
								Prezidenti cənab İlham Əliyevə dərin 
								minnətdarlığını bildirdi. Belə tədbirlərin 
								keçirilməsinin vacibliyini söyləyən N.Əliyeva 
								atılmış və imtina edilmiş körpələrin şagirdlərə 
								əyani surətdə göstərilməsi gələcəkdə onlarda 
								humanist hisslərin formalaşmasında müsbət rol 
								oynayacağını vurğuladı.  
								
								Tədbirdə çıxış edən "Elitar" gimnaziyanın IV 
								sinif müəllimi Nailə Məmmədova gimnaziyada belə 
								tədbirlərin keçirilməsinin ənənə halı aldığını 
								və bunun şagirdlərə müsbət təsir etdiyini 
								bildirdi. N.Məmmədova hər bir körpənin ana 
								qayğısı, ata nəvazişinə ehtiyacı olduğunu və bu 
								ehtiyacı başqa bir şeylə əvəz etməyin 
								mümkünsüzlüyünü şagirdlərin diqqətinə çatdırdı. 
								Qeyd etdi ki, hər bir valideyn maddi imkanından 
								asılı olmayaraq həyata gətirdiyi övladının 
								qayğısını çəkməli, onun ehtiyaclarını ödəməlidir. 
								Hər bir körpənin sevgi və qayğıya mənəvi haqqı 
								var. Körpələr evində tərbiyə almış uşaqlarla 
								davranarkən diqqətli olmağı şagirdlərə tövsiyə 
								edən Nailə müəllim bildirdi ki, onlara qarşı 
								törədilən kiçik bir səhv ağır yara ola bilər. 
								Tədbirin keçirilməsində göstərdikləri köməkliyə 
								görə körpələr evinin rəhbərliyinə və 
								kollektivinə minnətdarlığını bildirən 
								N.Məmmədova onlara gələcək işlərində uğurlar 
								arzuladı. 
								
								Sonra şagirdlərdən İlyas Əfəndiyev-Həmidli, 
								Xalidə Məmmədova, Ayxan Quluzadə və başqaları 
								şeirlər söyləyib, mahnılar oxudular. 
								Müəssisədəki körpələrlə oynayan şagirdlər onlara 
								nəvaziş göstərdilər. Gətirdikləri oyuncaqları 
								körpələrə hədiyyə edən balaca qonaqlar onlarla 
								xatirə şəkilləri çəkdirdilər.  
								
								
								
								Niyazi RƏHİMOV  | 
								  |