| 
								 
								 Bu 
								yaxınlarda İordaniya Haşimilər  Krallığının 
								Tərbiyə və Təhsil Nazirliyi tərəfindən 6-16 
								yaşlı uşaqlar arasında rəssamlıq, qrafika, 
								fotoqrafika, keramika sənəti üzrə Beynəlxalq 
								incəsənət müsabiqəsi keçirilmişdir. Həmin 
								müsabiqəyə  Bakı Şəhər  Nizami rayonu 
								Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəsm və gənc 
								fototurist dərnəyinin üzvləri də qatılmışdı. 47 
								gəncin ən yaxşı rəsm işləri və 39 foto bu 
								müsabiqəyə göndərilmişdi. 
								
								Mərkəzin direktoru  Lalə Qətinin sözlərinə görə, 
								müsabiqənin nəticəsi  böyük həyəcanla 
								gözlənilirdi.  Nəhayət, eşitdik ki,  mərkəzin 3 
								üzvü qaliblər sırasına çıxıb. Ləman Ağazadə  
								bürünc medal, Şəbnəm İsmixanova  və Darya 
								Arefyeva medal və diplomlara layiq görülüblər. 
								
								Oktyabrın 5-də  İordaniya Haşimilər Krallığının 
								Azərbaycandakı səfirliyində  qaliblərin 
								mükafatlandırılması mərasimi keçirilib. Öncə 
								mərkəzin direktoru  Lalə Qəti çıxış edərək 
								mərkəz haqqında məlumat verib. Qeyd edib ki, 
								mərkəzdə 2000-ə yaxın uşaq, yeniyetmə  və gənc  
								32  adda dərnəkdə öz asudə vaxtlarını səmərəli 
								və faydalı keçirir. Gənclərin dünyagörüşünün 
								formalaşdırılması, istedad  və  
								qabiliyyətlərinin üzə çıxarılması  məqsədilə  
								vaxtaşırı   təşkil olunan mədəni-kütləvi  
								tədbirlər  mühüm əhəmiyyət kəsb edir. Mərkəzin 
								üzvləri  nəinki respublikamızda, hətta 
								beynəlxalq  səviyyəli festival və  müsabiqələrdə 
								də   böyük uğur və nailiyyətlər qazanır.  
								 
								
								Tədbirdə uşaqların istedad və bacarıqlarının üzə 
								çıxarılmasında böyük əməyi olan Nərmin 
								Abdullayeva, direktor müavini  Kəmalə  
								Əncümənnur və valideynlər  çıxış edərək 
								qalibləri təbrik ediblər. 
								
								İordaniya Haşimilər Krallığının Azərbaycandakı 
								səfiri Adel Mohammad Adaileh  uşaqları 
								salamlayaraq onlara  medal və diplomları, 
								müsabiqə kataloqunu təqdim edib və qaliblərə 
								gələcək fəaliyyətlərində yaradıcılıq uğurları, 
								daha böyük nailiyyətlər arzulayıb. 
								
								Mərasimin sonunda  direktor Lalə Qəti mərkəzin  
								emblemi olan döş nişanını və mərkəz haqqında 
								buklet,  suvenir və hədiyyələri səfirliyin 
								nümayəndəsinə təqdim edib.  
								
								
								
								Sifai SƏFƏROVA   |