| 
								 
								 Pıçıltı 
								nəğməli bulaqlar saflığı ilə, məcrasında sakit 
								axan çaylar keçdiyi yollarında cansız, quru 
								səhralara həyat bəxş edib gözoxşayan yaşıllıqlar, 
								güllü-çiçəkli, bağlı-bağatlı ormanlar yaratdığı 
								üçün sevildiyi kimi dünyaya göz açan insanlar da 
								yaşayaraq arxada qoyduğu ömür payında əməllərinə 
								və qazandığı nailiyyətlərinə görə ictimaiyyət 
								tərəfindən seçilərək sayılırlar. Peşəsindən, 
								vəzifəsindən, harada işləməsindən asılı 
								olmayaraq əməli və fəaliyyəti ilə xalqına, 
								dövlətinə xeyir verməyə çalışanlar əsl vətəndaş 
								kimi onu tanıyanlar tərəfindən sevilirlər.  Belə 
								insanlardan biri, Təhsil Nazirliyinin Kənd 
								rayonları üzrə ümumi təhsil şöbəsinin baş 
								məsləhətçisi vəzifəsində çalışan Əhliyət 
								Adıgözəlov haqqında söz açmaq niyyətindəyəm. 
								
								Adıgözəlov Əhliyət Musa oğlu 1956-cı il 
								sentyabrın 10-da Qubadlı rayonunun Cılfır 
								kəndində ziyalı ailəsində anadan olub. O zaman 
								kənddə məktəb olmadığı üçün I-IV sinifləri qonşu 
								Seytas kəndində oxuyub. 1973-cü ildə isə Gorus 
								rayonunun Şurnuxu kənd orta məktəbini "əla" 
								qiymətlərlə başa vurub. 1974-cü ildə Azərbaycan 
								Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) 
								ümumtexniki fənlər və fizika fakültəsinə qəbul 
								olan Əhliyət 1979-cu ildə ali təhsilini bitirib. 
								Həmin il təyinatla Qubadlıya göndərilib və 
								rayonun Göyərçik kənd 8 illik məktəbində 
								ixtisası üzrə müəllim kimi ilk əmək fəaliyyətinə 
								başlayıb. Bu məktəbdə dərs saatı az olduğu üçün 
								həftənin iki gününü burada, qalan dörd gününü 
								isə vaxtilə orta təhsil aldığı təhsil 
								müəssisəsində fizika fənnini tədris edib. 
								1984-cü ildə Bakıya köçdüyü üçün Qaradağ 
								rayonunun 224 nömrəli əsas məktəbinə ixtisası 
								üzrə işə qəbul edilib. Burada yaxşı müəllim kimi 
								pedaqoji kollektivin, şagirdlərin və 
								valideynlərin hörmətini qazanan Əhliyət müəllim 
								1986-cı ildə rayon rəhbərliyi tərəfindən irəli 
								çəkilərək Qaradağ Rayon Təhsil Şöbəsində məktəb 
								inspektoru vəzifəsinə təyin olunub. 
								
								1999-cu ildə təhsilin humanistləşdirilməsi ilə 
								bağlı Bakı şəhəri üzrə keçirilmiş müsabiqədə və 
								pedaqoji mühazirələrdə iştirak edən Əhliyət 
								Adıgözəlov əldə etdiyi nəticəyə görə I dərəcəli 
								Diploma layiq görülüb və həmin ildə də savadlı 
								mütəxəssis kimi Təhsil Nazirliyinə işə gətirilib. 
								Yeri gəlmişkən qeyd edim ki, Əhliyət Adıgözəlov 
								1999-cu ildən bu günə kimi Təhsil Nazirliyinin 
								nəzdində fəaliyyət göstərən 
								psixoloji-tibbi-pedaqoji komissiyanın sədridir. 
								
								Əhliyət müəllim nazirlikdə işlədiyi ötən 12 il 
								ərzində kifayət qədər nailiyyətlər əldə edib. 
								Belə ki, inklüziv təhsilin pilot-layihə 
								formasında tətbiqi ilə bağlı aparılan işlərin 
								təşkilatçılarından biri olub. 2003-cü ildən 
								2007-ci ilə kimi təhsil sektorunun inkişafı 
								layihəsinin məktəb qrantı proqramı komponentinin 
								koordinatoru olub. İsmayıllı, Ucar və Şirvan 
								şəhərlərində bu komponentə rəhbərlik edib, 
								inkişafyönümlü layihələrin hazırlanmasında həmin 
								rayonların pedaqoji kollektivlərinə yaxından 
								köməklik göstərib. 
								
								2003-cü ilin iyun ayında İtaliyanın Turin 
								şəhərində iki həftəlik beynəlxalq kurs keçib. 
								2004-cü ilin iyun ayında Norveçin Stavanger, 
								2006-cı ildə Xorvatiyanın Zaqreb, sonrakı 
								illərdə isə xüsusi təhsillə bağlı Riqa və Vilnüs 
								şəhərlərində keçirilən konfrans və seminarlarda 
								iştirak edən Əhliyət Adıgözəlov Azərbaycan 
								təhsilini layiqincə təmsil edə bilib. O, 
								istedadlı uşaqların yaradıcılıq potensialının 
								üzə çıxarılması və inkişafı ilə bağlı Dövlət 
								Proqramının həyata keçirilməsində xeyli mühüm 
								işlər görüb. Əhliyət müəllim səmərəli 
								fəaliyyətinə görə bir sıra diplom və fəxri 
								fərmanlara layiq görülüb. Bu günlərdə isə 55 
								yaşının tamam olması münasibətilə nazirlik 
								tərəfindən "Azərbaycan Respublikasının qabaqcıl 
								təhsil işçisi" döş nişanı ilə təltif edilib. 
								
								Əhliyət müəllimi xeyli illərdir ki, tanıyıram. 
								Onunla Təhsil Nazirliyində və bir sıra tədris 
								müəssisələrində keçirilən tədbirlərdə tez-tez 
								görüşürük. İşinin mahir bilicisi olan bu insan 
								sadəliyi, təvazökarlığı və səmimiliyi ilə 
								diqqətimi cəlb edib. Bu günlərdə 55 yaşının 
								tamam olacağını bilib sevindim. Telefonun 
								dəstəyini qaldırıb nömrələri yığdım, xəttin o 
								biri  başında  Əhliyət  müəllimin qayğılı səsini 
								eşitdim. Onunla görüşüb haqqında məqalə yazmaq 
								istəyimi ona bildirdim. Düşündüyüm kimi, əvvəlcə 
								təvazökarlıq edərək buna ehtiyacın olmadığını 
								dedi və diqqətimə görə mənə təşəkkür etdi. 
								Nəhayət, razılığını aldım, onunla görüşüb 
								müsahibə almaq üçün vaxt ayırdıq. Vədələşdiyimiz 
								kimi ertəsi gün nazirliyə getmək üçün 
								dəftər-qələmimi qoltuğuma vurub iş otağımdan 
								çıxdım. Gün ərzində səngimədən yağan yağış 
								düzü-dünyanı yuyub təmizləmiş və nəhayət ki 
								kəsmişdi. Səma aydın, hava günəşli olsa da, Bakı 
								küləyi öz şıltaqlığından qalmırdı. Təhsil 
								Nazirliyində Əhliyət müəllimlə kabinetində, iş 
								başında köhnə dostlar kimi çox səmimi görüşdük. 
								Çöhrəsindən yağan yorğunluq işinin çoxluğundan 
								xəbər verirdi. Yazı stolunun üstünə yığılmış 
								qalaq-qalaq kağızlar, qovluqlar, tez-tez 
								səslənən telefon zəngləri bunu bir daha sübut 
								edirdi. 
								
								Stolun üstündə dəftərimə birtəhər yer eləyib 
								müsahibə almaq üçün ona verəcəyim suallara 
								keçdim. Və Əhliyət müəllimdən aldığım cavabları 
								hörmətli oxucularıma təqdim edirəm: 
								
								- Siz orta məktəbi "əla" qiymətlərlə bitirmisiz. 
								Elə buna görə də o zaman reytinqi yüksək olan 
								istənilən ali məktəbə qəbul ola bilərdiniz. Bəs 
								nə üçün APİ-ni seçdiniz? 
								
								- Ziyalı ailəsində anadan olmuşam. Atam uzun 
								müddət dövlət işində işləyib. Bir neçə çağırış 
								rayon sovetinin deputatı olub. Onun müəllim 
								peşəsinə və müəllimlərə xüsusi hörməti vardı. 
								Həmişə - insan öyrətməkdən, insan tərbiyə 
								etməkdən savablı iş yoxdur - deyirdi. Hələ orta 
								məktəbdə mənə dərs demiş İdris Həşimovu, Əli 
								Adıgözəlovu, Hidayət Məsməliyevi və başqalarını 
								özümə meyar seçmiş, gələcək həyatımda onlar kimi 
								olmaq, geyimdə, səliqə-sahmanda, davranışda 
								onlara oxşamağı qarşıma məqsəd qoymuşdum. Və 
								buna nail olduğum üçün sevinirəm. 
								
								- Bugünkü müəllimi necə görürsünüz? 
								
								- Keçmiş zamanlarda müəllimə müqəddəs varlıq 
								kimi baxırdılar. Çünki o vaxtlar müəllimlərin 
								yeganə qayğısı dərsini yaxşı keçməkdən, tədrisi 
								lazımi səviyyədə aparmaqla şagirdlərə yüksək 
								bilik öyrətməkdən ibarət olub. Hazırda 
								qloballaşmaya doğru gedirik. Təəssüflə qeyd 
								etməliyik ki, gündəlik qayğıları, problemləri 
								özlərinə yük edən bəzi müəllimlər dərsi keçmək 
								üçün deyil, gününü başa vurmaq üçün siniflərə 
								girirlər. Lakin bunlarla yanaşı, tədrisi günün 
								tələbi səviyyəsində quran, müstəqil 
								respublikamıza layiq yüksək intellektli 
								gənclərin yetişməsi üçün əllərindən gələni 
								əsirgəməyən savadlı müəllimlərimiz çoxdur. 
								Müəllimlərin əməkhaqlarının ilbəil artırılması, 
								təhsil işçiləri üçün yaradılan şərait və dövlət 
								tərəfindən onlara göstərilən qayğı deməyə əsas 
								verir ki, yaxın zamanda yuxarıda qeyd etdiyimiz 
								neqativ hallar aradan götürüləcək və təhsilimiz 
								özünün yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır. 
								
								- Əhliyət müəllim, 55 illiyiniz 
								müstəqilliyimizin 20 illik ildönümü ilə eyni 
								vaxta düşüb... 
								
								- Əvvəla onu deyim ki, müstəqil Azərbaycan 
								Respublikası ümummilli liderimiz Heydər Əliyevin 
								memarı olduğu və qurub yaradaraq bizə ərməğan 
								etdiyi şah əsəridir. Azərbaycanımız imperiya 
								buxovundan azad olaraq sanki yenidən yaranıb, 
								təbii və milli sərvətlərimiz özümüzə qayıdıb. 
								Soykökümüzü, milli dəyərlərimiz olan adət və 
								ənənələrimizi yenidən bərpa edib inkişaf 
								mərhələsinə, tərəqqi yoluna çıxarmağa nail 
								olmuşuq. Elə buna görə də müstəqilliyimizi göz 
								bəbəyimiz kimi qorumalı, uğrunda hər an 
								canımızdan, qanımızdan keçməyə hazır olmalıyıq. 
								Bu, mənim üçün ikiqat sevinc və bayramdır. 
								
								- Siz Azərbaycanın dilbər guşələrindən olan 
								Qubadlı torpağında dünyaya göz açmısınız. Bu gün 
								ana yurd üçün qəribsəyirsinizmi? 
								
								Bu sualımdan sonra Əhliyət müəllimin qayğılı 
								sifəti tutuldu. Gözlərini məchul bir nöqtəyə 
								dikərək dərin xəyala daldı. Nurlu, işıqlı 
								çöhrəsində kədərin və qəmin qara kölgələri 
								göründü. Vətən həsrətindən, Vətən 
								nigarançılığından yaranmışdı bu hal. 
								
								- Yaralı yerimə toxundunuz. Mən o torpaqda 
								böyümüşəm, ana laylasını, ata nəvazişini orda 
								görmüşəm. At belində füsunkar gözəlliyə malik 
								dağları, dərələri, meşələri, çəmənləri gəzmişəm. 
								Ləziz meyvələrindən, min bir nemətindən dadmışam, 
								havasını udub, suyunu içmişəm. Heç ana yurdu 
								unutmaq olarmı? Axı, yeniyetməlik və gənclik 
								illərimin unudulmaz xatirələri muncuq kimi o 
								yerlərdə səpələnib və bu gün yolumu gözləyir. 
								Ancaq o günə çox az qalıb. Möhtərəm 
								Prezidentimiz, ali baş komandanımız İlham 
								Əliyevin apardığı məqsədyönlü daxili və xarici 
								siyasəti nəticəsində çox keçməyəcək ki, 
								torpaqlarımız düşmən tapdağından azad ediləcək 
								və doğma yurd-yuvamıza qayıdacaq, yeni quruculuq 
								işləri ilə məşğul olacağıq. Digər rayonlar kimi 
								Qubadlı da öz yeni inkişaf mərhələsinə qədəm 
								qoyacaq. 
								
								- Ən çox sevindiyiniz gün? 
								
								- Nəvələrim Turqutun və Dilarənin dünyaya göz 
								açdıqları gün çox sevinmişəm. Axı baba olurdum. 
								Demək yaşımın kamil çağına qədəm qoyuram. Çox 
								istədiyim övladlarım Cavid və Xəyyam isə ata 
								olurdular. Büruzə verməsələr də, hiss edirdim ki, 
								onlar da sevinirdilər. Bu isə ikiqat sevinc idi. 
								Axı onların sevinci mənim sevincimdir. Ancaq 
								ağla qara, gecə ilə gündüz qardaş olduğu kimi, 
								xeyir və şər də əkiz gəlib bu dünyaya. Onu 
								deməliyəm ki, sevinc müvəqqətidir, ani hissdir, 
								gəlib-gedərdir. Kədər isə insanla son mənzilinə 
								qədər yoldaşlıq edir. Elə buna görə də həyatın 
								kəşməkəşli, ağır anlarında sarsılmamalı, 
								mərdliklə dözüm göstərib baş çıxarmalı və qalib 
								gəlməliyik. Məhz bunu müasir gənclərimizə 
								tövsiyə edərdim. 
								
								Söhbətimiz şirin alındığından vaxtın necə 
								ötdüyünü hiss etməmişdim. Müsahibəmi bitirib 
								müsahibimin qayğılı, mehriban və səmimi 
								çöhrəsinə diqqət yetirdim. Fikirləşdim ki, 55 
								yaş nədir ki, Əhliyət müəllim hələ bundan sonra 
								daha müfəssəl, daha yeni nailiyyətlərə imza 
								atacaq. Ona uzun ömür, möhkəm cansağlığı, 
								tutduğu bu müqəddəs yolda  sonu bitib-tükənməyən 
								uğurlar arzulayıb ondan ayrıldım.  
								
								
								
								Müsahibəni apardı:  
								Nizami MİRZƏ  |