| 
								 
								 Məmməd Həmid oğlu Ələkbərov (Ələkbərli) 1899-cu 
								ildə Lənkəranda anadan olub.  
								
								1909-cu ildə atası Məşədi Həmidin ölümündən 
								sonra qohumlarının himayəsində yaşayıb, 
								Lənkərandakı "Behcət" rus-tatar (Azərbaycan - 
								red.) məktəbində oxuyub, lakin təhsilini başa 
								vura bilməyib. 
								
								1920-ci ilə qədər əmisi oğlunun  balıq  
								təsərrüfatında  çalışıb. Azərbaycanda sovet 
								hakimiyyəti qurulduqdan sonra müəllim  hazırlığı  
								kursunu  bitirərək  Astraxanbazardakı  (indiki 
								Cəlilabad) I dərəcəli məktəbə müəllim  
								göndərilib. 
								
								1921-ci ildə Lənkəran şəhərindəki 5 nömrəli 
								məktəbdə çalışmağa başlayıb. 1923-1926-cı 
								illərdə Pedaqoji İnstitutda (Bakı) oxuyub. Ali 
								təhsilli mütəxəssis kimi Məmməd Ələkbərov 
								Balaxanıda, Borçalının Başkeçid bölgəsində 
								müəllimlik edib. Quba Qəza Xalq Maarifi 
								Şöbəsinin müdiri işləyib. 
								
								1928-ci ildə Xalq Maarifi Komissarlığı aparatına 
								işə qəbul olunub, metodist, məsul icraçı, 
								ibtidai və orta məktəb idarəsi rəisinin müavini 
								vəzifələrində çalışmaqla yanaşı, Azərbaycan 
								Dövlət  Elmi  Tədqiqat  Məktəblər İnstitutunda, 
								Azərbaycan Dövlət Pedaqoji İnstitutunda 
								əvəzçilik qaydasında   işləyib. 
								
								1939-1943-cü illərdə Müəllimləri Təkmilləşdirmə 
								İnstitutunun direktor müavini vəzifəsində 
								fəaliyyət göstərib. Sonra Azərbaycan Xalq 
								Maarifi Komissarlığında kadrlar idarəsinin rəisi 
								təyin olunub. 
								
								Məmməd Həmid oğlu Ələkbərov 1946-cı ildə 
								Azərbaycan xalq maarifi komissarı təyin olunub, 
								6 il bu vəzifədə çalışıb, dövrün və ictimai 
								qurumun qarşıya qoyduğu vəzifələri yerinə 
								yetirmək üçün bilik və bacarığını əsirgəməyib. 
								
								Məmməd Ələkbərov ötən əsrin 50-ci illərində 
								Nazirlər Soveti sədrinin müavini, Azərbaycanın 
								ilk mədəniyyət naziri olub. 
								
								Azərbaycan dili və ədəbiyyatın tədrisi 
								metodikası mövzusunda məqalələr yazıb. "Natamam 
								orta və orta məktəblərdə yazı işləri" (1940), "İbtidai 
								məktəbdə oxu metodikası" (1940) və s. kitabları 
								nəşr edilib. 
								
								O, "Əməkdar müəllim" fəxri adına layiq görülüb, 
								1950-ci ildə elmlər namizədi alimlik dərəcəsi 
								alıb. 
								
								Məmməd Ələkbərov 1959-cu ildə vəfat edib.   |