| 
								 
								 Bu 
								gün yeni kurikulumların orta məktəblərdə tətbiqi 
								sahəsində çox böyük işlər gedir. Bu, biz 
								müəllimləri xarici dil fənninin tədrisində 
								səmərəli dəyişikliklər etməyə sövq edir. Müasir 
								xarici dil kurikulumu bu gün gənclərin  
								baxışlarını dəyişən və eləcə də öz ölkəsini 
								bütün dünyada tanıtdıran bir şəxsiyyət kimi 
								formalaşdırılmasına xidmət edir. İngilis dilinin 
								dünyada geniş yayıldığı bir dövrdə təlim 
								prosesinin müasir standartların tətbiqi üzrə 
								uğurlu nəticələri əldə etməsi daha önəmlidir. 
								Bugünkü şagirdlər ingilis dilini kontekstdə 
								işlətməkdə, sərbəst fikir söyləməkdə və eləcə də 
								xarici ölkələrdə təhsil almaq məqsədilə 
								öyrənməkdə daha çox maraqlıdır. Yeni kurikulumda 
								bu tələblər nəzərə alınmışdır. Belə ki, o, 
								şagirdlərə təkcə dilin elmi şəkildə 
								qavranılmasını yox, eləcə də sivil davranışlara, 
								müxtəlif mədəniyyətlərə dair və real həyat 
								şəraitində bilik və bacarıqlar əldə olunmasına 
								kömək edir.Yeni məzmun xətləri və xarici dil 
								standartları dilin diskurs və ya autentik 
								formada müasir davranışlar, mədəniyyətlər və 
								dəyərlər qazanılmasına xidmət edir.   
								
								İngilis dili müəllimi kimi çalışdığım Bakıdakı 
								193 nömrəli məktəb xarici dil kurikulumunun 
								tətbiqi sahəsində bir çox uğurlar qazanmışdır. 
								Elə buna görə də məktəbimizin iki xarici dil 
								müəllimi "Ən yaxşı müəllim" müsabiqəsində qalib 
								gəlmiş, eləcə də məktəbimiz bu il "Ən yaxşı 
								ümumtəhsil müəssisəsi" müsabiqəsində yer 
								tutmuşdur. Məktəbimizdə kurikulumların tətbiqi 
								və əldə edilən uğurlu nəticələr barədə bir neçə 
								müzakirə və rayon səviyyəsində seminarlar 
								keçirilmişdir. Müasir dərslərin texniki 
								vasitələrlə nümayişi məktəbdə qarşıya qoyulan 
								məqsədlərdən biridir. Elə buna görə də Təhsil 
								Nazirliyi və İnteraktiv Təlim Texnologiyası 
								"Smart Tecnologies" xətti üzrə məktəbimizdə 
								MİMİO kursu təşkil edilmiş və çoxlu müəllim 
								burada iştirak edərək dərslərin müasir 
								texnologiya ilə aparılması yollarına 
								yiyələnmişdir. 
								
								Yeni kurikulumlarla xarici dil dərsləri müasir 
								avadanlıqlar və yeni metodlar əsasında keçilir, 
								təlim prosesində şagirdlərimiz müxtəlif mövzular 
								ətrafında geniş informasiyalar, seçimlər əldə 
								edir və zəngin dil bacarıqlarına yiyələnirlər. 
								Artıq şagirdlərimiz xarici dili kitablardan çox 
								bir-biri ilə işgüzar ünsiyyət yaradaraq, nitq 
								modellərindən istifadə edərək öyrənir, istənilən 
								situasiyada dialoq qura bilirlər.  
								
								Şagirdlərimiz mətnləri oxuyub-əzbərləyib 
								danışmaq əvəzinə, onların diskləri vasitəsi ilə 
								və ya şagirdlərin özləri tərəfindən ucadan 
								oxunub dinlənilməsinə nail olur, onlar üzərində 
								kiçik və ya geniş təhlillərin aparılması, yeni 
								sözlərin seçilməsi, sinonim, antonim və 
								omonimlərin tapılması, mətnlərin şəkillər üzrə 
								oxunması, mətnə aid səhv və düzgün fikirlərin 
								müəyyən edilməsi, mətnlərin şərhi və  rollarla 
								ifa olunması kimi müasir üsullar və səmərəli 
								yollarla dili öyrənirlər. Kommunikativ yanaşma 
								üçün ən səmərəli mənbələr real həyatla bağlı 
								olan obyektlər, autentik materiallar, müasir 
								texniki vasitələr və İnternet resurslarıdır. 
								Sosial şəbəkədə ünsiyyət, İnternet vasitəsilə 
								fikir mübadiləsi, xarici nümayəndələrlə canlı 
								dialoq, hər hansı bir mövzu və ya şəkil üzərində 
								situasiya xarici dilin müasir yollarla 
								mənimsənilməsinə xidmət edir. 
								
								Şagirdlərimiz qazandıqları bilikləri nəzəri 
								ideyalarla yox, praktiki fəaliyyətlər, 
								təqdimatlar və rollu oyunlarla çatdırırlar.Yeni 
								texnologiya elə biliyin praktikada tətbiqi 
								deməkdir. Bu gün şagirdlərdən məntiq, idrak, 
								yaradıcı fəaliyyət, sərbəst düşüncə, mühakimə 
								yürütmək, müşahidə aparmaq, başqalarının fikrinə 
								qarşı öz rəyini bildrmək, qərar qəbul etmək və 
								cəmiyyətin həyatında yaxından iştirak etmək kimi 
								bacarıqlar tələb olunur. Xarici dil fənni də öz 
								məzmun  xətləri ilə bu məqsədlərin həyata 
								keçməsinə xidmət edir. 
								
								Bugünkü xarici dil müəllimi dünya pedaqoji 
								texnologiyasında sınaqdan çıxmış metodlar 
								sistemindən istifadə etməli, bu metodlar 
								sisteminin milli dəyərlərə əsaslanan orijinal 
								modelini yaratmağa çalışmalıdır.  
								
								
								
								Xədicə BAĞIROVA, 
								Bakıdakı M.Şəhriyar adına 193 nömrəli orta 
								məktəbin ingilis dili müəllimi  | 
								  |