| 
								 
								 Təhsil 
								islahatının hazırkı mərhələsində ümumtəhsil  
								məktəblərində  təbiət fənlərindən olan kimyanın 
								müasir tələblər səviyyəsində tədrisi mühüm 
								vəzifələrdən biri kimi qarşıda durur. Bu 
								baxımdan  ənənəvi fənn proqramlarından köklü 
								şəkildə fərqlənən, təlimin məqsədi, məzmunu, 
								vasitə və üsulları, bu sahədəki fəaliyyətin 
								səmərəliliyini yoxlamağın metod və vasitələrini 
								özündə əks etdirən sənəd olan kimya fənni üzrə 
								kurikulumun tətbiqi, şübhə yoxdur ki, təlimi 
								yeni keyfiyyət səviyyəsinə yüksəltməyə zəmin 
								yaradacaqdır.  Müasir insanın həyatını kimyasız 
								təsəvvür etmək qeyri-mümkündür. Kimya insan 
								həyatının demək olar ki, bütün sahələrinə nüfuz 
								etmişdir. Bu mühüm amil nəzərə alınaraq 
								kurikulumda göstərilir ki, kimyanın tədrisi 
								zamanı şagirdlərə bu elmə maraq, riyazi 
								hesablamalar, yeni texniki vasitələrdən istifadə 
								etmək, təbiətdə baş verən hadisələri, maddi 
								aləmdə gedən dəyişiklikləri dərk etmək,  
								həyatda, məişətdə ekoloji problemlərin həllində 
								iştirak etmək bacarığı aşılanmalıdır. 
								 
								
								Müasir mərhələdə şagirdlərə həyati bacarıqlar 
								aşılanması zəruri tələb kimi qarşıya qoyulur. 
								Fənyönümlü, elmyönümlü təlimdən fərqli olaraq 
								müasir təlim prosesi şəxsiyyətyönümlü, 
								şagirdyönümlü olmalıdır. Bu baxımdan kurikulumda 
								şagirdlərə kimyanın tədrisi prosesində 
								tədqiqatçılıq, analiz və sintez, təsnifetmə, 
								sistemləşdirmə, qruplaşdırma, ümumiləşdirmə və 
								konkretləşdirmə, mühakiməyürütmə, məntiqi 
								düşünmə, müqayisə bacarıqlarının aşılanması 
								diqqət mərkəzində saxlanılır. 
								
								Kurikulum təlimin praktik istiqamətinin 
								gücləndirilməsini nəzərdə tutur. Məktəblilər 
								kimya üzrə təcrübələr yerinə yetirməli,  
								modelləşdirmə, hesablama əməliyyatları 
								aparmalıdırlar ki, bu da nəticə etibarilə 
								onlarda mühüm keyfiyyətlər - çətinliklərin 
								öhdəsindən gəlmək, iradə, əqli fəallıq, 
								tədqiqatçılıq, müstəqillik, təşəbbüskarlıq  
								formalaşdırır. 
								
								Kurikulumun qarşıya qoyduğu məqsəd və vəzifələr 
								hər bir şagirdin kimya fənni üzrə əldə etdiyi 
								bilik və bacarıqların başqa fənlər üzrə bilik və 
								bacarıqlarla  əlaqələndirməsini nəzərdə tutur. 
								Burada belə bir cəhət də nəzərə alınıb ki, 
								kimyadan minimum səviyyədə bilik və bacarıqları 
								olmayan müasir insanın təhsilini daha yüksək 
								pillədə inkişaf etdirib onu mühəndis, texnik, 
								psixoloq, iqtisadçı, fizik, biznesmen, kimyaçı 
								və s. ixtisas sahibi kimi formalaşdırmaq 
								çətindir.  
								
								Kurikulumda şagirdlərin kimyaya dair ən mühüm 
								bilik və bacarıqlara yiyələnməsi  üzrə işin 
								sistemi şərh edilmiş, qarşıya qoyulan məqsədlərə 
								nail olmaq üçün müəllimin fəaliyyətinin əsas 
								istiqamətləri, zəruri olan  təlim 
								strategiyaları, metodlar və üsullar 
								müəyyənləşdirilmişdir. Şübhə yoxdur ki, 
								kurikulum ideyalarının müvafiq dərsliklər və 
								müəllimlər üçün metodik vəsaitlər, tədris 
								materialları vasitəsilə reallaşdırılması, 
								müəllimlər üçün treninqlər, pedaqoji mətbuatda 
								mütəxəssis şərhləri təlim prosesinin optimal 
								təşkilinə zəmin yaradacaqdır. 
								
								Kimya fənni kurikulumunda fənnin məzmunu, məqsəd 
								və vəzifələri, əhəmiyyəti şərh edilmiş, məzmun 
								xətləri müəyyənləşdirilmiş, müvafiq təlim 
								standartlarının xüsusiyyətləri, inteqrasiyası, 
								hər bir sinif üzrə gözlənilən ümumi təlim 
								nəticələri dəqiqləşdirilmişdir.  
								
								Ənənəvi fənn proqramlarından fərqli olaraq biz 
								kimya fənni kurikulumunda təlim strategiyaları  
								termini ilə də qarşılaşırıq ki,  bu da geniş 
								mənada fənnin tədrisinə verilən müasir 
								tələbləri, təlimin təşkilinin forma və 
								metodlarını, planlaşdırma nümunələrini əhatə 
								edir. 
								
								Kurikulumun mühüm xüsusiyyətlərindən biri də 
								fənn üzrə məzmun xətlərinin 
								dəqiqləşdirilməsidir. Kimya fənni üzrə 4 məzmun 
								xətti müəyyənləşdirilmişdir:  
								
								* 
								Maddə və maddi aləm 
								
								* 
								Kimyəvi hadisələr 
								
								* 
								Eksperiment və modelləşdirmə 
								
								* 
								Kimya və həyat 
								
								Maddə və maddi aləm  məzmun xətti maddənin 
								tərkibini, quruluşunun, kimyəvi rabitələrin 
								tiplərinin xassələrini, atom və molekulların, 
								maddi aləmin düzgün dərk olunmasına, onlar 
								haqqında mülahizələrin irəli sürülməsinə, 
								şagirdlərdə tədqiqatçılıq meylinin inkişafına 
								imkan yaradır. Yuxarı siniflərdə maddələrin 
								onların quruluşundan asılılığının səbəblərini 
								aydınlaşdırmaq, quruluşuna görə maddələrin 
								xassələrini proqnozlaşdırmaq, həyatda rast 
								gəlinən saf maddələri və qarışıqları 
								bir-birindən fərqləndirmək, müxtəlif üsullardan 
								istifadə etməklə qarışıqları ayırmaq 
								bacarıqlarının formalaşması imkanlarını 
								genişləndirir. Maddə və maddi aləm məzmun 
								xəttinə aid materialın öyrənilməsi şagirdlərin 
								zəhərli maddələrlə davranma, maddələrin 
								tətbiqinə görə müəyyənləşdirmək sahəsində 
								qabiliyyətlərinin inkişaf etməsinə təsir 
								göstərir. 
								
								Kimyəvi  hadisələr məzmun xəttinə aid materialın 
								mənimsənilməsi maddələrin bir-birinə çevrilməsi, 
								bu çevrilmələrin qanunauyğunluqlarının və 
								şəraitinin, maddələrin alınmasının dərk olunması 
								kimyəvi reaksiyalar əsasında hesablamalar 
								aparılması üçün imkan yaradır. Şagirdlər ətraf 
								aləmdə baş verən çevrilmələrdən həyati məqsədlər 
								üçün istifadə bacarıqları qazanırlar. Bu məzmun 
								xətti şagirdlərin tədqiqatçılıq 
								qabiliyyətlərinin güclənməsində mühüm rol 
								oynayan kimyəvi çevrilmələri öyrənməyə imkan 
								verir. 
								
								Eksperiment və modelləşdirmə məzmun xətti 
								maddələrin quruluşunun və xassələrinin 
								öyrənilməsində əldə olunan bilik və bacarıqların 
								eksperiment yolu ilə modelləşdirilməsi, kimyəvi 
								reaksiyaların təcrübədə göstərilməsi, 
								molekulların, kristal qəfəslərin üçölçülü 
								modellərinin hazırlanması şagirdlərdə praktiki 
								vərdişlərin yaranmasını, nəzəri məlumatların 
								praktikada tətbiq olunması bacarıqlarının 
								formalaşmasını təmin edir. Bu məzmun xətti fəza 
								təsəvvürlərinin inkişafına səbəb olur. Əldə 
								olunmuş bilik və bacarıqların daha dolğun şərh 
								edilməsinə imkan yaranır. Maddələrin keyfiyyət 
								və kəmiyyət tərkibinin analizi və elmi tədqiqat 
								işləri aparmaq üçün zəmin yaradır. 
								
								Kimya və həyat məzmun xətti təbiətə və 
								bütünlükdə bəşəriyyətə böyük zərər vura biləcək 
								maddələrin müəyyənləşdirilməsini və onların 
								həyatın istənilən sahəsində zərər vurmadan 
								tətbiq olunmasını təmin edir. Bütün bunlar kimya 
								fənni kurikulumunun məktəbdə, təlimin yeni 
								keyfiyyət səviyyəsinə qaldırılmasına, şagird 
								şəxsiyyətinin formalaşmasında, məktəblilərə 
								həyati bacarıqlar aşılanmasında bu fənnin 
								imkanlarından optimal istifadə olunacağına inam 
								yaradır. Göründüyü kimi, müəyyənləşdirilmiş 
								məzmun xətləri orta məktəbdə kimya fənninin 
								məzmununu tam əhatə edir. Şagirdlərin kimya üzrə 
								zəruri bilik və bacarıqlara yiyələnməsinə zəmin 
								yaradır.  
								
								Kurikulumda aşağıdakı fəaliyyət xətlərinin 
								dəqiqləşdirilməsi də müəllimin təlim prosesini 
								düzgün təşkil etməsi baxımından əhəmiyyətlidir: 
								maddələri adlandırmaq, təyin etmək, tərtib 
								etmək, səciyyələndirmək, izah etmək, maddələr və 
								laboratoriya avadanlığı ilə işləmək, kimyəvi 
								təcrübələri yerinə yetirmək, hesablamaq,  
								təhlükəsizlik texnikası qaydalarına əməl etmək, 
								ümumiləşdirmək və təsnif etmək, təqdimat,  
								problemləri həll etmək, məsələ və çalışma həlli, 
								kimyəvi hesablamalar aparmaq, təqdimat keçirmək. 
								
								Göründüyü kimi, fəaliyyət xətləri məzmun 
								xətlərindən fərqlənməklə yanaşı, onların hər 
								biri ilə əlaqədardır. Bu xətlər məzmun üzrə 
								biliklərin əldə edilməsi və istifadəsi yollarını 
								müəyyənləşdirmək, onları təsvir etmək məqsədi 
								daşıyır və şagirdlər tərəfindən kimya fənninin 
								dərk edilməsinə, ona kompleks bacarıqların 
								toplusu kimi baxılmasına xidmət edir. Şagird 
								kimyadan mənimsəyəcəyi məzmuna müxtəlif 
								fəaliyyət vasitəsilə nail ola bilər. O, 
								fəaliyyət zamanı problemlərini həll etmək üçün 
								mühakimələr yürüdür, onları sübut edir, kimyəvi 
								məsələlərin müzakirəsində iştirak edir. 
								 
								
								Fəaliyyət xətləri şagirdlərin praktiki 
								fəaliyyətinin güclənməyinə xidmət edir. 
								Kurikulumun üstünlüklərindən biri də təhsil 
								standartlarının dəqiqləşdirilməsidir. Bu, 
								müəllimə dərs ili boyu fənn üzrə şagirdlərin 
								hansı bacarıqlarının formalaşmasını, dərs ilinin 
								sonunda hansı təlim nəticələrinin əldə 
								edilməsini bilməyə və öz fəaliyyətlərini bu 
								nəticələrə istiqamətləndirməyə imkan verir.
								 
								
								Digər təlim fənləri kimi, kimya dərslərində də 
								fəndaxili və fənlərarası inteqrasiyanın böyük 
								əhəmiyyəti var. Qeyd olunanlar nəzərə alınaraq, 
								kimya fənn kurikulumunda fəndaxili və 
								fənlərarası inteqrasiya növlərinə xüsusi diqqət 
								yetirilmişdir. Məlumdur ki, kimya fənni maddi 
								aləmin dərk edilməsində təbiət hadisələrinin 
								öyrənilməsini, qarşılıqlı əlaqəsini fənnin 
								tədrisində inteqrasiyanın tətbiq edilməsinə olan 
								zərurətin daha yüksək olmasına əsas verir, 
								inteqrativlik baxımından kimyanın rolunu 
								göstərir.  
								
								Məlumdur ki, kimyanın interaktiv təlimi zamanı 
								şagirdlərə sərbəst düşünmək, qruplarla işləmək, 
								məsələlərin həllinə kompleks yanaşmaq, 
								mövzulararası əlaqəni yaratmaq, təlim prosesini 
								qiymətləndirmək və s. öyrədilir. Kurikulumda bu 
								baxımdan qrup işi, əməkdaşlıq, resurslardan 
								istifadə, portfolio, əlaqələndirmə və s. 
								əhəmiyyəti  xüsusi qeyd edilir.  
								
								Kimya fənn kurikulumunda məzmun standartları və 
								onların inteqrasiya cədvəlində (VII-XI) sinif 
								şagirdlərinin sinfin sonunda əldə edəcəyi 
								bacarıqlar, hansı mövzuların mənimsəniləcəyi də 
								dəqiq göstərilir. Kurikulumda kimya fənninin 
								təlimin təşkilinə verilən əsas tələblər, təlimin 
								təşkili formaları, sosial-pedaqoji şərtlər, 
								psixoloji - didaktik şərtlər, təlim metodları öz 
								əksini tapmışdır. Bütün bunlar müəllimin təlim 
								prosesində bələdçilik fəaliyyətinin təşkili 
								baxımından son dərəcə vacibdir. 
								
								Məsələn, kurikulumda kimya dərslərində evristik 
								metodun tətbiqi xüsusiyyətləri  şərh edilib. 
								Evristik metoddan IX sinifdə elektrolitlər və 
								qeyri-elektrolitlər mövzusunda istifadə olunub, 
								bu metod təcrübə nümunəsində sınaqdan keçirilib. 
								Eksperimentlə bağlı VIII sinifdə problemli 
								mövzulara toxunulub, qarışıqlar və kimyəvi 
								birləşmələrin fərqləndirilməsi, allotropik 
								modifikasiyaların xassələrinin tədqiqi, 
								turşuların, əsasların və duzların tərkibinin 
								müəyyənləşdirilməsinə aid reaksiyaların tədqiqi 
								və s. öz əksini tapib.  
								
								Kurikulumda fənn üzrə təlimin planlaşdırılmasına 
								dair nümunələrin verilməsi də müəllimin işinin 
								asanlaşdırılmasına, düzgün 
								istiqamətləndirilməsinə xidmət edir. İllik və 
								cari planlaşdırma, məzmunun müəyyənləşdirilməsi, 
								məqsədin müəyyənləşdirilməsi, strategiyanın 
								hazırlanması, resursların seçilməsi və s. 
								məsələlərin şərhi müəllimlərə metodik kömək 
								baxımından çox əhəmiyyətlidir. 
								
								Şagirdlərin bacarıqlarının, təlim nəticələrinin 
								qiymətləndirilməsi ilə bağlı məsələlər də 
								kurikulumda öz əksini dolğun şəkildə tapmışdır.  
								Siniflər üzrə qiymətləndirməyə dair nümunələr bu 
								sahədəki ciddi yeniliklərin əhəmiyyətini bir 
								daha sübut edir. Kurikulumun inteqrativ 
								səciyyəsi şagirdlərin əldə etdikləri bilik və 
								bacarıqlarda özünü göstərir. Belə ki, 
								kurikulumda, haqlı olaraq, şagirdlərin fənn üzrə 
								bilik və bacarıqlarının digər fənlərlə bütöv 
								məntiqi əlaqə əsasında mənimsənilməsi zəruri 
								sayılıb. Bu zaman dünyada mövcud olan cansız və 
								canlı varlıqların ayrı-ayrı maddələrdən və 
								onların qarışıqlarından ibarət olması, təbiətdə 
								mövcud olan maddələrdən başqa insanların 
								özlərinin çoxlu yeni maddələr alması (gübrələr, 
								plastik kütlələr, sintetik kauçuklar, liflər, 
								dərman maddələri və s.), kimya fənninin fizika, 
								biologiya, coğrafiya elmləri ilə əlaqəli şərhi 
								diqqət mərkəzində saxlanılmışdır.  
								
								Kurikulumun inteqrativ xarakterli olması təlim 
								prosesinin səmərəliliyini artırmağa, yeni təlim 
								texnologiyalarından, fəal, interaktiv təlim 
								metodlarından optimal istifadəyə, vaxta qənaət 
								etməyə, təlim yükünün azaldılmasına, təlimə 
								marağın yüksəldilməsinə, bilik və bacarıqların 
								kompleks şəklində mənimsənilməsinə imkan verir. 
								
								Kimya fənni üzrə kurikulum müəllimi pedaqoji 
								yaradıcılığa, konkret situasiyadan çıxış edərək, 
								öz imkan və şəraitlərinə görə təlim 
								strategiyaları seçməyə, məktəblilərin 
								tədqiqatçılıq fəaliyyətini təşkil etməyə  
								istiqamətləndirir. Respublikamızın nüfuzlu 
								kimyaçı alimlərindən və praktik müəllimlərindən 
								ibarət nüfuzlu işçi qrupu tərəfindən 
								hazırlanmış, beynəlxalq standartlara cavab verən 
								kurikulumun məqsədyönlü tətbiqi kimya təliminin 
								müasir tələblər səviyyəsində təşkilinə, şagird 
								şəxsiyyətinin formalaşmasında, məktəblilərə 
								zəruri həyati bacarıqlar aşılanmasında bu fənnin 
								imkanlarından optimal istifadə olunacağına inam 
								yaradır.  
								
								
								
								Aynur ZÜLFÜQAROVA, 
								Ağdam şəhər 32 nömrəli tam orta məktəbin  
								kimya müəllimi, 
 kimya kurikulumu üzrə  
								Təhsil Nazirliyinin ekspert qrupunun üzvü  | 
								  |