| 
								 
								
								 Təhsil 
								naziri qonağı səmimi salamlayaraq ölkələrimiz 
								arasındakı münasibətlərin inkişafında təhsil 
								sahəsindəki əlaqələrin xüsusi rol oynadığını 
								bildirib. Azərbaycanın təhsil sahəsində 
								beynəlxalq əməkdaşlığın genişləndirilməsinə 
								xüsusi maraq göstərdiyini vurğulayan nazir bu 
								baxımdan Argentina ilə gələcəkdə səmərəli 
								əlaqələrin qurulacağına inamını ifadə edib. 
								
								
								Səmimi qəbula görə təhsil naziri Misir Mərdanova 
								təşəkkürünü bildirən Argentina Milli Elmi-Texniki 
								Tədqiqat Şurasının prezidenti Marta 
								Rovira rəhbərlik etdiyi qurum haqqında ətraflı 
								məlumat verib. Əsasən elmi-tədqiqatların 
								maliyyələşdirilməsi və alimlərin fəaliyyətinin 
								dəstəklənməsi missiyasını yerinə yetirən 
								Argentina Milli Elmi-Texniki Tədqiqat Şurasının 
								ölkənin ali təhsil müəssisələri ilə də yaxından 
								əməkdaşlıq etdiyini söyləyən qonaq, həmçinin ali 
								məktəblərdə oxuyan tələbələrin elmi-tədqiqat 
								işlərinə dəstək verdiklərini nəzərə çatdırıb. 
								
								
								Tam müstəqil qurum olan Milli Elmi-Texniki 
								Tədqiqat Şurasının 53 illik fəaliyyəti dövründə 
								bir çox ölkələrin ali təhsil müəssisələri ilə 
								əlaqələr yaratdığını vurğulayan Marta 
								Rovira Milli Elmi-Texniki Tədqiqat Şurasına üzv 
								olan alimlərin, həmçinin beynəlxalq 
								təşkilatların elmi-tədqiqat layihələrində 
								yaxından iştirak etdikləri barədə məlumat verib. 
								Qonaq Argentinada dövlət universitetlərinin həm 
								ölkə vətəndaşları, həm də əcnəbilər üçün pulsuz 
								olduğunu diqqətə çatdıraraq ölkələrimiz arasında 
								müəllim və tələbə mübadiləsinin aparılmasının 
								əhəmiyyətli olacağına inamını ifadə edib. 
								
								
								Misir Mərdanov Argentinada dəqiq və təbiət 
								elmlərinin inkişafı sahəsində ciddi 
								nailiyyətlərin qazanılmasını, ölkə üzrə 5 Nobel 
								mükafatçısının olmasını yüksək uğur kimi 
								səciyyələndirib. Azərbaycanın elm və təhsil 
								sistemi haqqında qonağa məlumat verən nazir 
								ölkəmizdə alimlərin 50 faizindən çoxunun təhsil 
								sistemində çalışdığını nəzərə çatdırıb. 
								
								
								Respublikamızın dövlət müstəqilliyinin 20-ci 
								ildönümü haqqında söz açan Misir Mərdanov bu 
								dövrdə qazanılmış uğurlar, ölkə təhsilinin 
								keçdiyi inkişaf yolu və Ermənistan-Azərbaycan, 
								Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən bəhs 
								edib. "2007-2015-ci illərdə Azərbaycan 
								gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət 
								Proqramı" çərçivəsində Argentina ali 
								məktəblərinə də tələbə göndərilməsi məsələsinə 
								baxılmasının mümkünlüyünü vurğulayan təhsil 
								naziri bugünkü görüşü gələcək əməkdaşlığın 
								inkişafı baxımından yüksək dəyərləndirib. 
								
								
								Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir 
								sıra digər məsələlər ətrafında fikir mübadiləsi 
								aparılıb.   |