| 
								 
								
								Oktyabrın 15-də Təhsil Nazirliyində ali məktəb 
								tələbələrinin XVI Respublika fənn olimpiadası 
								qaliblərinin  mükafatlandırılması mərasimi 
								keçirildi. 
								
								
								 Mərasimi 
								Azərbaycan Respublikasının təhsil naziri Misir 
								Mərdanov giriş sözü ilə açaraq bu günlər 
								ölkəmizin hər yerində, bütün müəssisə və 
								təşkilatlarda Azərbaycanın dövlət 
								müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı 
								tədbirlər keçirildiyini, xoş təsadüfdən ali 
								məktəb tələblərinin  XVI Respublika fənn 
								olimpiadası qaliblərinin mükafatlandırılması 
								mərasiminin də bayram ərəfəsinə düşdüyünü qeyd 
								edib, zala toplaşanları bayram münasibəti ilə 
								təbrik etdi.  
								
								
								Nazir müstəqilliyimizin 20 illik tarixinə qısa 
								nəzər salaraq bu illər ərzində ölkəmizin böyük 
								inkişaf yolu keçdiyini, həyatın bütün 
								sahələrində uğurlar qazanıldığını, bütün 
								bunların əsasının isə ulu öndər Heydər Əliyevin 
								xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci 
								dəfə hakimiyyətə qayıdışından sonra qoyulduğunu 
								bildirdi.  Qeyd etdi ki, müstəqilliyimizin 
								möhkəmləndirilməsi, ölkəmizin iqtisadi 
								potensialının gücləndirilməsi sahəsində işlər 
								sonralar davam etdirilmiş, 2003-cü ildən 
								başlayaraq Azərbaycan Prezidenti cənab İlham 
								Əliyevin rəhbərliyi altında ölkəmizdə çoxşaxəli, 
								geniş və əhatəli quruculuq işləri görülmüşdür. 
								Nəticədə son illər ərzində Azərbaycan əhalisinin 
								yaşam səviyyəsi xeyli yüksəlmiş, ölkədə 
								yoxsulluğun səviyyəsi bir neçə dəfə aşağı 
								düşərək minimuma enmişdir. 
								
								
								Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə 
								artdığını vurğulayan nazir təkcə son bir neçə 
								gün ərzində Avropanın iki nüfuzlu dövlətinin 
								başçısının ölkəmizə səfərə gəlməsinin, cənab 
								Prezidentin təşəbbüsü ilə keçirilmiş Beynəlxalq 
								Humanitar Forumunun buna bariz sübut olduğunu 
								söylədi. 
								
								
								Müstəqillik illərində təhsil sahəsində də güclü 
								inkişaf baş verdiyini deyən nazir, bu sahədə 
								ciddi islahat yönümlü işlərin görüldüyünü, son 
								illər ölkəmizdə təhsil sahəsini əhatə edən 16 
								dövlət proqramının həyata keçirildiyini diqqətə 
								çatdırdı. Bildirdi ki, məhz atılmış bu ciddi 
								addımlar nəticəsində Azərbaycanda milli təhsil 
								sisteminin əsası qoyulmuş, təhsil sisteminin 
								normativ-hüquqi bazası yaradılmış, 
								infrastrukturu tamamilə yeniləşdirilmişdir. Uşaq 
								bağçalarından tutmuş ali məktəblərədək ölkənin 
								bütün təhsil müəssisələrində maddi-texniki 
								bazanın möhkəmləndirilməsi istiqamətində çox 
								ciddi işlər görülmüş, son 10 ilin ərzində 2160 
								ümumtəhsil məktəb binası, əlavə tədris korpusu 
								tikilmiş, təmir edilmiş və yenidən qurulmuşdur. 
								Bütün ali məktəblərin binaları əsaslı təmir 
								olunaraq, avadanlıqlarla təchiz edilmişdir. 
								
								
								Son illər ölkəmizdə elmə, təhsilə marağın 
								kifayət qədər artdığını söyləyən təhsil naziri 
								əgər 90-cı illərin əvvəllərində aspiranturaya 
								qəbul üçün heç kəs ərizə vermək istəmirdisə, bu 
								gün doktoranturaya qəbul üçün bir yerə 15-20 
								adamın ərizə verdiyini bildirdi. Diqqətə 
								çatdırdı ki, hazırda Azərbaycandan kənarda 
								oxuyan azərbaycanlıların sayı 10000-i keçib ki, 
								bunlardan da təxminən 1000 nəfəri dünyanın 
								aparıcı universitetlərində Prezident təqaüdü ilə 
								təhsil alanlardır. Bu iş çox sürətlə 
								irəliləməkdədir. Belə ki, təkcə bu il Prezident 
								təqaüdü əsasında dünyanın aparıcı ali 
								məktəblərinə qəbul olunanların sayı 400-dür. 
								Eyni zamanda bu gün Azərbaycan ali məktəblərində 
								xarici ölkələrdən 7 min gənc təhsil alır. 
								
								
								Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə 
								həmişə böyük diqqət və qayğı ilə yanaşdığını 
								deyən nazir ölkəmizdə gənclər siyasəti haqqında 
								dövlət proqramının qəbul olunduğunu, istedadlı 
								gənclərin vaxtında aşkara çıxarılması və 
								inkişafı istiqamətində daim məqsədyönlü 
								tədbirlər həyata keçirildiyini, bugünkü 
								mərasimin də məhz belə tədbirlərdən biri 
								olduğunu söylədi. 
								
								
								Sonra nazir ali məktəb tələbələrinin XVI 
								Respublika fənn olimpiadası haqqında məlumat 
								verərək bildirdi ki, Təhsil  Nazirliyi ilə 
								Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar 
								İttifaqı Respublika Komitəsinin birgə qərarına 
								əsasən təşkil olunan olimpiadanın yekun 
								mərhələsi cari il mayın 27-də Azərbaycan Dövlət 
								İqtisad Universitetinin bazasında  keçirilib. 12 
								fənni (riyaziyyat, fizika, kimya, biologiya, 
								informatika, Azərbaycan dili, Azərbaycan tarixi, 
								Azərbaycan coğrafiyası, ingilis, alman, fransız 
								və rus dilləri) əhatə edən olimpiadanın I turu 
								28-i dövlət, 8-i isə qeyri-dövlət olmaqla 36 ali 
								məktəbdə keçirilib. Bu turda 1500-dən artıq 
								tələbə iştirak edib, onların 684-ü final turuna 
								vəsiqə qazanıb. 595 tələbə müxtəlif fənlər üzrə 
								olimpiadanın respublika turunda iştirak edib. 
								Azərbaycanın bütün bölgələrinin ali təhsil 
								müəssisələri olimpiadada təmsil olunmuşlar. 
								Onların arasında Bakı, Naxçıvan, Gəncə, Lənkəran, 
								Sumqayıt və Mingəçevir şəhərlərində yerləşən ali 
								təhsil müəssisələri vardır. Bu il Azərbaycan 
								Müəllimlər İnstitutu və onun bölgələrdəki  
								filialları da bu yarışlarda iştirak ediblər. 
								
								
								Ali məktəb tələbələri arasında ilk olimpiadanın 
								1994-cü ildə 4 fənn üzrə keçirildiyini və 30 
								qalibin olduğunu xatırladan təhsil naziri bu 
								işin sonrakı illərdə daha da inkişaf 
								etdirildiyini, fənlərin sayının 12-yə 
								çatdırıldığını, müvafiq olaraq qaliblərin də 
								çoxaldığını diqqətə çatdırdı. 
								
								
								Nazir diqqəti olimpiadanın bəzi nəticələrinə də 
								cəlb edərək bildirdi ki, olimpiadada tələbələr 
								tərəfindən ən böyük maraq Azərbaycan dili və 
								ingilis dili fənlərinə olub. İştirakçılardan 104 
								nəfəri, yəni 15,2 faizi Azərbaycan dili fənni 
								üzrə, 103 nəfəri, yəni 15 faizi ingilis dili 
								fənni üzrə yarışa qoşulub. Azərbaycan tarixi 
								üzrə iştirak edənlərin sayı  83, riyaziyyat üzrə 
								75 nəfər, qalan fənlərdən isə 10 faizdən aşağı 
								olub. 
								
								
								Həmişə olduğu kimi bu dəfə də münsiflər 
								heyətinin bu işə çox ciddi və məsuliyyətlə 
								yanaşdığını qeyd edən nazir, onun qərarına görə 
								12 nəfərin I, 23 nəfərin II, 36 nəfərin III, 43 
								tələbənin isə həvəsləndirici mükafata layiq 
								görüldüyünü bildirdi. 
								
								
								Qaliblərin ali məktəblər üzrə statistikasını da 
								açıqlayan təhsil naziri müxtəlif fənlərdən I 
								yerə layiq görülənlərin Bakı Dövlət Universiteti, 
								Qafqaz Universiteti, Bakı Slavyan Universiteti, 
								Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, 
								Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan 
								Dövlət İqtisad Universitetinin tələbələrindən 
								ibarət olduğunu vurğuladı. 
								
								
								Olimpiada qaliblərinə Azərbaycan Respublikası 
								Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri 
								Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 
								diplomları və pul mükafatlarının verildiyini, I 
								yeri tutan tələbələrə 300, II yerə layiq 
								görülənlərə 150, III yerin sahiblərinə isə 100 
								manat təqdim olunacağını diqqətə çatdıran nazir 
								qalibləri təbrik etdi, onlara daha böyük uğurlar 
								arzuladı. 
								
								
								Mükafatlandırma mərasimində çıxış edən 
								Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar 
								İttifaqı Respublika Komitəsinin sədri, millət 
								vəkili Səttar Mehbalıyev, Bakı Dövlət 
								Universitetinin rektoru, millət vəkili, akademik  
								Abel Məhərrəmov, Azərbaycan Dillər 
								Universitetinin rektoru, millət vəkili, 
								Azərbaycanın AŞ PA-dakı daimi nümayəndə 
								heyətinin rəhbəri Səməd Seyidov, Lənkəran Dövlət 
								Universitetinin rektoru, professor Asəf 
								İsgəndərov da olimpiada qaliblərinə öz 
								təbriklərini yetirdilər, istedadlarını inkişaf 
								etdirmək üçün uşaq və gənclərə yaradılan 
								şəraitdən, dövlətimizin və onun başçısının 
								təhsilimizə göstərdikləri diqqət və qayğıdan söz 
								açdılar. 
								
								
								Sonra qaliblərə diplomlar və pul mükafatları 
								təqdim olundu. Olimpiadada fərqlənən tələbələr 
								çıxış edərək Azərbaycan gənclərinə göstərdiyi 
								qayğıya görə dövlətimizin başçısına 
								minnətdarlıqlarını bildirdilər, bilik 
								yarışmasının obyektiv və şəffaf keçirildiyini 
								qeyd etdilər.  
								
								
								
								Yusif ƏLİYEV  | 
								  |