| 
								 
								
								Oktyabrın 14-15-də Bakıda Azərbaycan 
								Respublikası Təhsil Nazirliyi, YUNİSEF, 
								Azərbaycan Müəllimlər İnstitutu və Avropa Gözdən 
								Əlil Şəxslərin Təhsili və Reabilitasiyası üzrə 
								Beynəlxalq Şuranın (ICEVI) təşkilatçılığı ilə "İnklüziv 
								təhsil: təcrübə və qarşıda duran vəzifələr" 
								mövzusunda V beynəlxalq elmi-praktik konfrans 
								keçirildi.  
								
								
								 Konfransın 
								açılışı oktyabrın 14-də "Ambassador" otelində 
								oldu. Tədbiri  təhsil naziri Misir Mərdanov 
								açaraq keçirilən konfransın hamı üçün mühüm 
								əhəmiyyət kəsb etdiyini söylədi. Qeyd olundu ki, 
								iki gün keçirilməsi nəzərdə tutulan beynəlxalq 
								konfransın əsas məqsədi sağlamlıq imkanları 
								məhdud şəxslərin inklüziv təhsilə cəlb olunması 
								yollarını araşdırmaq, onların cəmiyyətə 
								inteqrasiyası və belə şəxslər üçün maneəsiz 
								mühitin yaradılması ilə bağlı gələcək 
								perspektivləri müəyyənləşdirmək, Azərbaycanda bu 
								sahədə çalışan insanların digər ölkələrin uğurlu 
								təcrübə nümunələri ilə tanış olmalarına şərait 
								yaratmaqdır. Tədbirin, həmçinin, əlilliyi olan 
								şəxslərin təhsili və reabilitasiyası ilə məşğul 
								olan qurumlar arasında əməkdaşlığın qurulması 
								baxımından da səmərəliliyini qeyd edən nazir 
								ölkəmizdə uşaqların rifahının yüksəldilməsinin 
								daim diqqət mərkəzində olduğunu söylədi. Ulu 
								öndər Heydər Əliyevin uşaqların müdafiəsi 
								sahəsində həyata keçirdiyi siyasətin  hazırda 
								respublika Prezidenti cənab  İlham Əliyev 
								tərəfindən uğurla davam etdirildiyini xüsusi 
								vurğulayan təhsil naziri bu istiqamətdə Heydər 
								Əliyev Fondunun prezidenti, YUNESKO-nun və 
								İSESKO-nun xoşməramlı səfiri, millət vəkili 
								Mehriban xanım Əliyevanın  gördüyü işləri 
								diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycan 
								müstəqillik illərində insan hüquqları, xüsusilə 
								uşaq hüquqları ilə bağlı beynəlxalq saziş və 
								konvensiyalara qoşulmuş, bununla bağlı üzərinə 
								bir sıra öhdəliklər götürmüşdür. Həmin 
								öhdəliklərdən biri də ayrı-seçkiliyə yol 
								vermədən əlilliyi olan şəxslərin təhsil hüququnu 
								təmin etmək üçün bütün səviyyələrdə inklüziv 
								təhsilin təşkil edilməsidir. Təhsil naziri 
								məlumat üçün bildirdi ki, hazırda ölkəmizdə 60 
								mindən çox əlilliyi olan uşaq vardır. Onlardan 
								1105-i xüsusi təhsil məktəblərində, 2664-ü 
								xüsusi internat-məktəblərdə təhsil alır (onlardan 
								1353-ü müəssisədə gecələyir), 7750-si evdə 
								təhsilə, 268-i isə inklüziv təhsilə cəlb edilib. 
								
								
								"Təhsil haqqında" Azərbaycan Respublikasının 
								Qanununda sağlamlıq imkanları məhdud şəxslərin 
								təhsil hüquqlarının təmin olunmasının təsbit 
								edildiyini söyləyən nazir Misir Mərdanov burada 
								öz əksini tapmış müddəaları konfrans 
								iştirakçılarının diqqətinə çatdırdı. Bildirildi 
								ki, Təhsil Nazirliyi tərəfindən "Azərbaycan 
								Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq 
								imkanları məhdud) uşaqların təhsilinin təşkili 
								üzrə inkişaf Proqramı (2005-2009-cu illər)" 
								həyata keçirilib. Proqrama əsasən sağlamlıq 
								imkanları məhdud uşaqların təhsil hüququnun 
								həyata keçirilməsi, inklüziv təlimə keçidin 
								reallaşdırılması, təhsil müəssisələrində bütün 
								uşaqların təhsili üçün bərabər imkanların 
								yaradılması, dövlət himayəsində olan uşaqların 
								sosial müdafiəsinin gücləndirilməsi, müvafiq 
								təsnifata  uyğun olaraq bütün kateqoriyadan olan 
								sağlamlıq imkanları məhdud uşaqların ölkə üzrə 
								qeydiyyatının aparılması və təhsilə cəlb 
								edilməsi, xüsusi təhsil müəssisələrinin maddi-texniki 
								və tədris bazasının müasir standartlara 
								uyğunlaşdırılması sahəsində əhəmiyyətli işlər 
								görülmüşdür. 
								
								
								Proqramın icrası istiqamətində Heydər Əliyev 
								Fondunun müstəsna xidmətləri olduğunu söyləyən 
								təhsil naziri bildirdi ki, sağlamlıq imkanları 
								məhdud uşaqlar üçün bütün internat-məktəbləri və 
								uşaq evləri, xüsusi məktəblər Fond tərəfindən 
								əsaslı təmir olunaraq müasir avadanlıqlarla 
								təchiz edilib. 
								
								
								Proqram çərçivəsində görülən işlərdən danışan 
								nazir Misir Mərdanov 17 ümumtəhsil məktəbi və 13 
								uşaq bağçasında 200-dən çox sağlamlıq imkanları 
								məhdud uşağın inklüziv təhsilə cəlb olunduğunu, 
								məktəbəqədər və ibtidai təhsil pillələrində 
								inklüziv təhsilin tətbiqi üçün metodik 
								vəsaitlərin hazırlandığını, inklüziv təhsilin 
								müəllim hazırlığı kurikulumlarına və 
								ixtisasartırma proqramlarına daxil edildiyini 
								bildirdi.  
								
								
								"Azərbaycan Respublikasında dövlət uşaq 
								müəssisələrindən uşaqların ailələrə verilməsi 
								(de-institutlaşdırma) və alternativ qayğı Dövlət 
								Proqramı (2006-2015-ci illər)"ndan da söz açan 
								nazir proqrama müvafiq olaraq həyata keçirilən 
								tədbirlərdən danışdı. 
								
								
								Nazir Misir Mərdanov daha sonra qeyd etdi ki, 
								inklüziv təhsil imkanlarının genişləndirilməsi 
								məqsədilə təhsil qanunvericiliyində müvafiq 
								dəyişikliklərin edilməsi üçün YUNİSEF və Təhsil 
								Nazirliyi tərəfindən "İnklüziv təhsil haqqında 
								Qanun" layihəsi işlənib hazırlanaraq Milli 
								Məclisə təqdim olunub. Nazir habelə YUNİSEF-in 
								texniki dəstəyi ilə inklüziv təhsilin inkişafına 
								dair Dövlət Proqramının hazırlandığını və 
								Nazirlər Kabinetinə təqdim edildiyini bildirdi.
								 
								
								
								Çıxışında inklüziv təhsillə bağlı digər 
								məsələlərə də geniş toxunan təhsil naziri bu 
								günədək görülən işlərin və icrası nəzərdə 
								tutulan tədbirlərin ölkəmizdə hər bir uşağın 
								təhsil hüququnun təmin edilməsinə yönəldiyini 
								söylədi. Nazir konfransda təqdim olunan digər 
								ölkələrin uğurlu təcrübə nümunələrinin nəzərə 
								alınaraq Azərbaycan Müəllimlər İnstitutunda 
								inklüziv təhsil üzrə elmi mərkəzin yaradılması 
								təklifini irəli sürdü.  
								
								
								Çıxışının sonunda nazir Misir Mərdanov  
								uşaqların rifahı və müdafiəsi sahəsində 
								göstərdiyi dəstək və qayğıya görə Heydər Əliyev 
								Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun 
								xoşməramlı səfiri, millət vəkili  Mehriban xanım 
								Əliyevaya və bu sahədə Təhsil Nazirliyi ilə daim 
								əməkdaşlıq edən BMT-nin Uşaq Fonduna (YUNİSEF) 
								təşəkkür etdi.  
								
								
								Çıxış üçün söz alan YUNİSEF-in Azərbaycandakı 
								nümayəndəliyinin rəhbəri Mark Herevard, Ailə, 
								Qadın və Uşaq Problemləri üzrə Dövlət 
								Komitəsinin  sədr müavini Aynur Sofiyeva, Avropa 
								Gözdən Əlil Şəxslərin Təhsili və Reabilitasiyası 
								üzrə Beynəlxalq Şura (ICEVİ)- Avropa Azərbaycan 
								Gözdən Əlillər Cəmiyyətinin sədri Hans Vellinq, 
								əmək və əhalinin sosial müdafiəsi nazirinin 
								müavini Natiq Məmmədov, Nazirlər Kabinetinin 
								şöbə müdirinin müavini Qurban Əmirov, Azərbaycan 
								Müəllimlər İnstitutunun rektoru, millət vəkili 
								Aqiyə Naxçıvanlı beynəlxalq elmi-praktik 
								konfransın əhəmiyyətindən, xüsusi qayğıya 
								ehtiyacı olan uşaqların sosial reabilitasiyası, 
								təhsili, cəmiyyətə inteqrasiyası istiqamətində 
								görülən işlərdən, ölkəmizdə inklüziv təhsillə 
								bağlı həyata keçirilən proqram və layihələrdən, 
								bu sahədə beynəlxalq təcrübənin öyrənilməsindən,  
								beynəlxalq təşkilatlarla əməkdaşlıqdan 
								danışdılar, öz fikir və mülahizələrini 
								söylədilər.  
								
								
								Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri 
								Səmyar Abdullayev ölkəmizdə sağlamlıq imkanları 
								məhdud şəxslər üçün yaradılan şəraitdən 
								razılıqla danışaraq onlara göstərilən diqqət və 
								qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və 
								Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun 
								və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili 
								Mehriban xanım Əliyevaya öz minnətdarlığını 
								bildirdi. 
								
								
								Sonra Hollandiyanın Fontys Universitetinin 
								professoru Hans Şuman, Rusiya Federasiyasının 
								əməkdar elm xadimi, Sankt-Peterburq Xüsusi 
								Pedaqogika və Psixologiya İnstitutunun rektoru, 
								professor Lyudmila Şipitsina, Moskva şəhər 
								Psixoloji- Pedaqoji Universitetin nəzdində 
								fəaliyyət göstərən İnteqrativ (inklüziv) Təhsil 
								İnstitutunun direktoru Svetlana Alyoxina və 
								başqaları məruzələrlə çıxış etdilər. 
								
								
								Beynəlxalq elmi-praktik konfrans öz işini 
								oktyabrın 15-də Azərbaycan Müəllimlər 
								İnstitutunda yekunlaşdırdı. Konfransın ikinci iş 
								günündə təşkil olunan seminarda iştirakçılar 
								tanınmış xarici mütəxəssislərin təqdimatları, 
								həmçinin   onların təcrübəsi  və müəyyən 
								məsələlərlə bağlı fikirləri ilə tanış olmaq 
								imkanı əldə etdilər. Tədbirdə qonaqlar 
								respublikamızın sağlamlıq imkanları məhdud 
								uşaqlar üçün xüsusi internat-məktəblərdə təhsil 
								alan uşaq və yeniyetmələr tərəfindən hazırlanmış 
								əl işlərinə və rəsm əsərlərinə də tamaşa etdilər.  
								
								
								
								Samirə KƏRİMOVA      |