| 
								 
								
								Oktyabrın 17-də Təhsil Nazirliyində 
								Akkreditasiya Şurasının növbəti iclası keçirilib.  
								İclasda Azərbaycan Müəllimlər İnstitutu, Qərb 
								Universiteti və Xəzər Universitetinin 
								akkreditasiyasının nəticələri müzakirə olunub. 
								
								
								 İclası 
								giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov 
								ölkəmizdə fəaliyyət göstərən ali və orta ixtisas 
								təhsili müəssisələrinin akkreditasiyası 
								istiqamətində həyata keçirilən tədbirlərdən söz 
								açıb və bu işin təhsilin keyfiyyətinin 
								yüksəldilməsinə xidmət etdiyini vurğulayıb.
								 
								
								
								Sonra Misir Mərdanov ötən iclasda 
								akkreditasiyanın nəticələrinin müzakirəsi 
								tamamlanmamış Azərbaycan Müəllimlər İnstitutunda 
								aparılmış əlavə araşdırmalar barədə məlumat 
								vermək üçün sözü mütəxəssislərdən ibarət 
								komissiyanın sədri, Təhsil Problemləri 
								İnstitutunun Təhsilin konseptual problemləri 
								şöbəsinin aparıcı elmi işçisi İntiqam 
								Cəbrayılova verib.  
								
								
								İ.Cəbrayılov 2010-2011-ci tədris ilində 
								Azərbaycan Müəllimlər İnstitutunda görülmüş 
								işlər haqqında məlumat verərək qeyd edib ki, son 
								illər bu təhsil müəssisəsində digər struktur 
								bölmələrlə yanaşı, ixtisasartırma və 
								yenidənhazırlanma təhsilinin təşkilinə də xüsusi 
								diqqət yetirilir və pedaqoji kadrların keyfiyyət 
								göstəricilərinin artırılması istiqamətində 
								müvafiq işlər reallaşdırılır. Tədris ili ərzində 
								təqvim-mövzu planı, həm də çevik fəaliyyət 
								proqramı əsasında fənn kurikulumlarına, fəal-interaktiv 
								təlimə geniş yer verildiyini bildirən komissiya 
								sədri institutun filiallarının pedaqoji 
								kadrların ixtisasartırma təhsilinə cəlb olunması, 
								müxtəlif mövzularda elmi-praktik konfransların, 
								"dəyirmi masa"ların, treninqlərin, "açıq 
								dərs"lərin və işgüzar görüşlərin keçirilməsi 
								istiqamətində atdığı addımlardan danışıb. 
								İ.Cəbrayılov yenidənhazırlanma təhsili üzrə 
								mütəxəssis hazırlığı sahəsində görülmüş işləri, 
								Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq 
								əlaqələri,  habelə Akkreditasiya Komissiyasının 
								gəldiyi qənaəti iclas iştirakçılarının diqqətinə 
								çatdırıb.  
								
								
								Sonra çıxış edən Qərb Universiteti üzrə 
								Akkreditasiya Komissiyasının sədri, Azərbaycan 
								Dövlət Pedaqoji Universitetinin Hesablama 
								riyaziyyatı və informatika kafedrasının dosenti 
								Əbülfət Pələngov bildirib ki, komissiya 
								universitetdə müvafiq ixtisaslar üzrə tədrisin 
								təşkilinin və həyata keçirilməsinin vəziyyətini, 
								onun Dövlət Təhsil Standartlarının tələblərinə 
								uyğunluğunu təhlil edərək mütəxəssis 
								hazırlığının səviyyəsini araşdırıb. Komissiyanın 
								müəyyən etdiyi məsələlərdən söz açan Ə.Pələngov 
								universitetin fəaliyyətinin təşkilati-hüquqi 
								təminatı, kadr hazırlığının məzmunu və strukturu, 
								tələbə kontingenti, elmi-tədqiqat fəaliyyəti, 
								kadr təminatı, universitetin idarə olunması, 
								maddi-texniki bazası, eləcə də bu təhsil 
								müəssisəsinin beynəlxalq əlaqələri barədə geniş 
								məruzə edib. Qərb Universitetində bakalavriat 
								səviyyəsində ixtisaslar üzrə sonuncu kurs 
								tələbələrinin bilik səviyyəsinin yoxlanılması 
								üçün keçirilmiş test sorğusunun nəticələrini 
								diqqətə çatdıran komissiya sədri bu ali təhsil 
								müəssisəsinin fəaliyyətinin statusuna 
								uyğunluğunu müəyyənləşdirən meyarları qeyd edib. 
								
								
								 Akkreditasiya Şurasının iclasında geniş və 
								ətraflı təqdimat-məruzə ilə iştirakçılara 
								məlumat verən Xəzər Universiteti üzrə 
								Akkreditasiya Komissiyasının sədri, Azərbaycan 
								Dövlət Pedaqoji Universitetinin Xarici dillər 
								kafedrasının müdiri Gülçöhrə Alıyeva öncə 
								universitetin fəaliyyətinin normativ-hüquqi 
								təminatı, tabeliyindəki strukturlar barədə 
								danışıb. Universitetin professor-müəllim heyəti, 
								tədris planının strukturu, təhsil proqramlarının 
								tələbləri, elmi-tədqiqat mərkəzləri, bu ali 
								məktəbin məzunlarının təhsillərini xaricdə davam 
								etdirməsindən bəhs edən G.Alıyeva Xəzər 
								Universitetinin dünya universitetlərinin 
								beynəlxalq reytinq cədvəlində yer tutduğunu da 
								diqqətə çatdırıb.  
								
								
								Sonra hər üç universitet barədə iştirakçıları 
								maraqlandıran suallar cavablandırılıb, konkret 
								rəy və təkliflər səsləndirilib. 
								
								
								Təhsil naziri Misir Mərdanov hər üç ali təhsil 
								müəssisəsində aparılmış araşdırma ilə bağlı 
								fikirlərini bildirib, öz tövsiyə və 
								tapşırıqlarını verib. Azərbaycan Müəllimlər 
								İnstitutunun pedaqoji kadrların müasir tələblər 
								baxımından hazırlanması istiqamətində üzərinə 
								düşən vəzifələrdən söz açan nazir bu ali məktəbə 
								bir sıra məsələlərin həlli ilə bağlı lazımi 
								dəstək göstəriləcəyini qeyd edib. Eyni zamanda 
								Misir Mərdanov Qərb Universitetinin və Xəzər 
								Universitetinin fəaliyyəti haqqında danışıb, hər 
								iki universitetin qazandığı uğurları, 
								yeniliklərin tətbiqi istiqamətində atdığı 
								addımları diqqətə çatdırıb. 
								
								
								Sonda Akkreditasiya Şurası Azərbaycan Müəllimlər 
								İnstitutunun, Qərb Universitetinin və Xəzər 
								Universitetinin akkreditasiyası barədə müsbət 
								qərar qəbul edib.   |