| 
								 
								
								 Oktyabrın 
								19-da Azərbaycan Tələbə Gənclər Təşkilatları 
								İttifaqının (ATGTİ) qərargahında iki yeni 
								layihənin təqdimat mərasimi keçirilmişdir.
								 
								
								
								Təqdim olunan layihələrdən biri "İnformasiya 
								Texnologiyaları Evi" adlanır ki, bu da ATGTİ, 
								Gənclər və İdman Nazirliyi və Rabitə və 
								İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 
								birgə reallaşdırılmışdır. "İnformasiya 
								Texnologiyaları Evi" - ittifaqın nəzdində 
								yaradılan və tələbələrə informasiya 
								texnologiyaları sahəsində biliklərini artırmağa 
								dəstək olacaq təlimlərin keçirilməsi üçün 
								nəzərdə tutulmuş geniş mərkəzdir.  
								
								
								ATGTİ, Gənclər və İdman Nazirliyi və BMT-nin 
								Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin digər 
								ortaq layihəsi "Sağlam Həyat Tərzi üzrə Gənc 
								Təlimçilərin Resurs Mərkəzi" adlanır. 
								 
								
								
								Tədbirdə Azərbaycan Respublikası Prezidenti 
								Administrasiyasının siyasi təhlil və informasiya 
								təminatı şöbəsinin müdiri Elnur Aslanov, gənclər 
								və idman naziri Azad Rəhimov, təhsil naziri 
								Misir Mərdanov, rabitə və informasiya 
								texnologiyaları nazirinin müavini Elmir Vəlizadə 
								və digər rəsmi şəxslər iştirak etmişlər. 
								 
								
								
								Əvvəlcə qonaqlar qərargahla tanış olmuş, 
								təşkilatın sədri Şahin İsmayılov rəhbərlik 
								etdiyi qurumun iki il ərzindəki fəaliyyətindən, 
								ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından 
								və yeni layihələr haqqında danışmışdır. 
								Bildirmişdir ki, təşkilat gənclərə 
								vətənpərvərlik ruhunun aşılanması istiqamətində 
								müxtəlif layihələr həyata keçirmişdir. Bunlardan 
								20 Yanvar faciəsi münasibətilə 20 yaşlı 
								gənclərin yürüşü, "Qəhrəmanlıq salnaməsi" 
								layihəsi, Milli Qəhrəman Mübariz İbrahimovun 
								xatirəsinə həsr olunmuş tələbələr arasında 
								futbol turnirini və digər tədbirləri misal 
								göstərmək olar. ATGTİ tərəfindən keçirilən və 
								tələbələr tərəfindən maraqla qarşılanan digər 
								layihə isə "Heydər Əliyev mənim üçün kimdir?" 
								aksiyasıdır. Bu aksiya ümummilli liderin anım 
								günündə keçirilmişdir.  
								
								
								Vurğulanmışdır ki, artıq ənənə halını almış 
								tələbələr arasında yay və qış liderlik 
								məktəbləri keçirilir. Sonuncu liderlik 
								məktəbində təkcə Azərbaycanda təhsil alan 
								tələbələr deyil, MDB-dən olan əcnəbi tələbələr 
								də iştirak etmişlər. Milli kinolarımızın 
								gənclərimiz arasında təbliği istiqamətində 
								müxtəlif layihələr həyata keçirilmiş və gənclər 
								tərəfindən maraqla qarşılanmışdır.  
								
								
								Təhsil naziri Misir Mərdanov ATGTİ-nin tələbələr 
								arasında bir körpü rolunu oynadığını, yarandığı 
								gündən uğurlu layihələr həyata keçirərək 
								cəmiyyət arasında özünə layiqli yer tutduğunu 
								bildirmişdir. Nazir qeyd etmişdir ki, 
								kolleclərdə təhsil alan tələbələr ATGTİ-nin 
								fəaliyyətindən kənarda qalmışlar. Mən istərdim 
								ki, onlar bu işə cəlb olunsunlar. Hazırda 
								ölkəmizdə tələbələrin sayı 200 minə çatır. 
								Tələbə-gənclər təşkilatı digər gənclər 
								təşkilatlarından fərqli olaraq daha fəaldır. 
								Yarandığı iki il ərzində ATGTİ yetərincə uğurlu  
								layihələr  həyata  keçirmişdir,  gələcəkdə  
								təşkilat  daha da genişlənməlidir.  
								
								
								Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan 
								Respublikasının dövlət müstəqilliyinin 
								bərpasının 20 illiyi münasibətilə tədbir 
								iştirakçılarını təbrik etmiş və təşkilatın 
								fəaliyyətini yüksək qiymətləndirmişdir. 
								Bildirmişdir ki, "İnformasiya Texnologiyaları 
								Evi" layihəsi vasitəsilə tələbələr informasiya 
								texnologiyaları ilə yaxından tanış olacaq, 
								sosial şəbəkələrdən istifadə etməklə Azərbaycan 
								gerçəklərini dünyaya çatdıracaq və kompüter 
								biliklərini artıracaqlar.  
								
								
								A.Rəhimov vurğulamışdır ki, təşkilatın digər 
								yeni layihəsi - "Sağlam Həyat Tərzi üzrə Gənc 
								Təlimçilərin Resurs Mərkəzi"nin yaradılması çox 
								təqdirəlayiq bir addımdır. Azərbaycan 
								gəncliyinin sağlam mühitdə böyüməsi bizim üçün 
								önəmlidir. Bəzi layihələrin ilk dəfə məhz ATGTİ 
								tərəfindən keçirildiyini deyən nazir son iki il 
								ərzində təşkilatın böyük uğurlara imza atdığını 
								diqqətə çatdırmışdır.  
								
								
								Azərbaycan Prezidenti Administrasiyasının siyasi 
								təhlil və informasiya təminatı şöbəsinin müdiri 
								Elnur Aslanov bildirmişdir ki, ötən iki il 
								ərzində ATGTİ böyük bir yol keçmiş və tam 
								əminliklə demək olar ki, təşkilat öz öhdəsinə 
								düşən vəzifədən yetərincə gələ bilmişdir. 
								Təşkilatın sədri Ş.İsmayılov ATGTİ-ni Azərbaycan 
								tələbə gənclər təşkilatlarının fikirlərini, 
								problemlərini, maraqlarını və nailiyyətlərini 
								ortaya qoya bilən bir gənclər birliyinə çevirə 
								bilmişdir. Bu, 20 illik müstəqillik yaşayan bir 
								ölkədə gənclər təşkilatının mövcud olması 
								səmərəli dövlətçilik sisteminin formalaşmasının 
								bariz nümunəsidir. Bu da Azərbaycan Prezidenti 
								İlham Əliyevin güclü dövlət, güclü ordu və güclü 
								iqtisadi əsaslar üzərində qurduğu siyasətin 
								nəticəsidir.  
								
								
								Prezident Administrasiyasının şöbə müdiri qeyd 
								etmişdir ki, bugünkü Azərbaycan gəncliyi önəmli 
								bir dönəmini yaşayır. Azərbaycan gəncliyi artıq 
								yeni qüvvədir. Bu gəncliyin irəli getməsi resurs 
								mərkəzlərində, treninq otaqlarında və bu cür 
								ofislərdə formalaşacaq gənclərdən asılıdır.
								 
								
								
								Ölkəmizdə aparılan islahatların aparıcı 
								qüvvəsini gənclərin təşkil etdiyini bildirən 
								rabitə və informasiya texnologiyaları nazirinin 
								müavini Elmir Vəlizadə yeni texnologiyaların 
								yaradıcısının, istifadəçisinin də məhz gənclər 
								olduğunu diqqətə çatdırmışdır. Bu 
								texnologiyaların inkişafında gənclər mühüm rol 
								oynayırlar. Biz çox məmnuniyyətlə "İnformasiya 
								Texnologiyaları Evi"nin açılışına kömək etdik və 
								bundan sonra da öz yardımımızı əsirgəməyəcəyik. 
								İnanıram ki, gənclər bu "İnformasiya 
								Texnologiyaları Evi"ndən yeni layihələrin həyata 
								keçirilməsi və səmərəli məlumatların toplanması 
								üçün lazımınca istifadə edəcəklər.  
								
								
								Tədbirdə çıxış edən "İrəli" İctimai Birliyinin 
								sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı və 
								Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının 
								sədri Seymur Orucov həyata keçirilən layihələrin 
								əhəmiyyətini yüksək qiymətləndirmiş, ATGTİ-nin 
								Azərbaycan gənclərinin həyatında oynadığı mühüm 
								roldan danışmış və təşkilata uğurlar 
								arzulamışlar.  
								
								
								BMT-nin Azərbaycandakı 
								rezident-əlaqələndiricisinin müavini Nato 
								Alxazişvili təşkilatın fəaliyyətini yüksək 
								dəyərləndirmiş, ATGTİ-yə bu istiqamətdə yardımçı 
								olacaqlarını bildirmişdir.  
								
								
								Sonra təşkilatın bir qrup fəal gəncinə 
								"Könüllülük pasportu" təqdim olunmuşdur.   
								
								
								
								AzərTAc  |