| 
								 
								
								 Oktyabrın 
								15-də "Hyatt Regency" otelində Bakı Şəhəri üzrə 
								Təhsil İdarəsinin təşkilatçılığı ilə "Müstəqilliyimiz 
								əbədidir" adlı müsabiqənin yekunlarına həsr 
								edilən konfrans keçirilib. 
								
								
								Konfransda müstəqil dövlətimizin keçdiyi 20 
								illik tarixi yola nəzər salaraq çıxış edən Bakı 
								Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə 
								Rzaquliyeva bildirib ki, azad və müstəqil 
								yaşamaq, öz hüququnu müstəqil şəkildə həyata 
								keçirmək hər bir xalqın hər bir zaman ən böyük 
								milli sərvəti hesab olunub. Tarix dəfələrlə 
								sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq, 
								onu qazanmaqdan qat-qat çətindir, çünki ilk dəfə 
								ötən əsrin əvvəllərində müstəqilliyi az bir 
								müddətdə əldə etmiş olsaq da, onu saxlamaq 
								mümkün olmadı. İkinci dəfə qazanılan 
								müstəqilliyin qorunub saxlanılmasında müstəsna  
								xidməti olan yeganə insan ulu öndərimiz Heydər 
								Əliyev oldu.  Əgər 1993-cü ildə Heydər Əliyevi 
								Azərbaycan xalqı təkidlə dəvət etməsəydi, 
								müstəqilliyimizi  itirmiş olardıq. Bu hadisələr 
								hər il qeyd olunmaqla, gələcək nəsillərə 
								çatdırılmalıdır. Bu gün bu siyasət möhtərəm 
								Prezidentimiz İlham Əliyev tərəfindən uğurla 
								davam etdirilir və Prezidentimizin qeyd etdiyi 
								kimi, biz ümumi dəyərlərdən çıxış edərək irəliyə 
								doğru addımlar atırıq. Ümumi dəyərlərimiz 
								demokratiya, insan hüquqları və qanunun 
								aliliyinin hökm sürdüyü şəraitdə inkişaf edir.  
								Bu  sahədə  Heydər  Əliyev Fondunun prezidenti, 
								YUNESKO-nun və İSESKO-nun  xoşməramlı  səfiri,  
								millət vəkili  Mehriban  xanım  Əliyevanın  
								böyük  xidmətləri  olduğu danılmazdı. Ən əsası 
								odur ki, müstəqil dövlətimizin   sükanı   
								etibarlı   əllərdədir. 
								
								
								Daha sonra sözünə davam edən N.Rzaquliyeva qeyd 
								etdi ki, ulu öndərin siyasətini uğurla həyata 
								keçirən, Azərbaycanı regionun ən qüdrətli 
								dövlətinə çevirən Prezidentimiz cənab İlham 
								Əliyevin fəaliyyəti bizdə olan inamın 
								möhkəmlənməsinə səbəb olmuşdur. Bir vətəndaş 
								olaraq, bizim və gənc nəslin əsas vəzifəsi bu 
								inamı qoruyub saxlamaq və nəsildən-nəsilə 
								ötürməkdir. Elə bu məqsədlə də təhsil idarəsi 
								fəaliyyət proqramına uyğun olaraq şəhərin 
								ümumtəhsil məktəblərində sentyabr, oktyabr 
								ayları ərzində minlərlə şagirdin qatıldığı "Müstəqilliyimiz 
								əbədidir" adlı müsabiqə keçirib. Əvvəlcə məktəb 
								mərhələsində keçirilən işlər, şəhər mərhələsində 
								təsdiq olundu. Məramı və məqsədi gənc nəslə 
								müstəqillik tariximizin şanlı səhifələrini bir 
								daha xatırlatmaq, xalqımızın bu yolda apardığı 
								mübarizənin əhəmiyyətini aşılamaq, istedadlı 
								şagirdlərin yaradıcılıq qabiliyyətini üzə 
								çıxarmaq və inkişaf etdirmək olan müsabiqə 
								uğurla başa çatdı. 
								
								
								Müsabiqədə qalib gəlmiş gəncləri təbrik edən 
								N.Rzaquliyeva dedi ki, qoy bu müsabiqə təkcə 
								yaradıcılıq yarışı yox, həm də Vətənə məhəbbət 
								simvolu kimi gənclərimizin yaddaşında yaşasın. 
								Ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan 
								müstəqil Azərbaycanımızın sabahı naminə onlara 
								uğurlar diləyirəm. 
								
								
								Sonra Azərbaycanın dövlət müstəqilliyinin 
								bərpasının 20-ci ildönümü ilə əlaqədar təşkil 
								edilən inşa yazı və bədii qiraət  nominasiyaları 
								üzrə keçirilmiş müsabiqənin qaliblərinin 
								mükafatlandırılması mərasimi oldu. 
								
								
								İştirakçı şagirdlər arasından bədii qiraət 
								nominasiyası üzrə 12, inşa yazı nominasiyası 
								üzrə isə 11 nəfər qalib olub. Qaliblər həmin gün 
								keçirilən konfransda fəxri fərman və birdəfəlik 
								pul mükafatları ilə təltif edildilər. Şəhər 
								turuna vəsiqə alan iştirakçılara isə 
								sertifikatlar təqdim edildi. Müsabiqə 
								qaliblərini Azərbaycan Respublikası Təhsil 
								İşçiləri Azad Həmkarlar İttifaqı Respublika 
								Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, 
								Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət 
								Universitetinin dosenti, Azərbaycan 
								Respublikasının əməkdar artisti Ağalar Bayramov, 
								Azərbaycan Respublikasının Ailə, Qadın, Uşaq 
								Problemləri üzrə Dövlət Komitəsi sədrinin 
								müavini Aynur Sofiyeva, Bakı Pedaqoji Kadrların 
								İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun 
								rektoru, professor Asəf Zamanov, "Müstəqilliyimiz 
								əbədidir" müsabiqəsinin qalibi olan şagirdlər və 
								şair Əjdər Ol səmimi-qəlbdən təbrik etdilər, 
								müstəqil Azərbaycanımıza olan sevgilərini daha 
								yüksək müstəvidə nümayiş etdirmək yolunda onlara 
								uğurlar dilədilər. 
								
								
								Tədbirin sonunda ulu öndər Heydər Əliyevin həyat 
								və fəaliyyətinin müxtəlif anlarını əks etdirən 
								film nümayiş etdirildi.  
								
								
								
								ƏDALƏT   | 
								  |