| 
								 
								
								 Oktyabrın 
								17-də Bakıdakı 308 nömrəli məktəbdə 
								müstəqilliyimizin 20 illik yubileyi münasibətilə 
								tədbir keçirildi. Tədbirdə məktəbin müəllim-şagird 
								kollektivi və digər şəxslər iştirak edirdilər. 
								Məktəbin tarix müəllimləri Günel İbrahimova, 
								Simuzər Qasımova və Xalidə Məmmədovanın 
								təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan 
								Respublikasının Dövlət himninin sədaları altında 
								Dövlət bayrağının zala daxil olması ilə başladı. 
								Sonra iştirakçılar respublikamızın müstəqillik 
								dövründə əldə etdiyi nailiyyətlər, imzalanmış 
								müqavilələr, həyata keçirilən islahatlar və ulu 
								öndər Heydər Əliyevin quruculuq işləri haqqında 
								hazırlanan videoçarxı izlədilər. 
								
								
								Tədbiri giriş sözü ilə açan məktəbin direktoru 
								Təranə Məmmədova iştirakçıları salamlayaraq 
								müstəqilliyin əvəzolunmaz nemət olduğunu qeyd 
								etdi.   Qazanılan müstəqilliyin şanlı 
								tarixçəsinə nəzər yetirən T.Məmmədova müasir 
								Azərbaycanın  memarı olan ümummilli lider Heydər 
								Əliyevin xalqımız qarşısındakı əvəzolunmaz 
								xidmətlərindən danışdı. Azərbaycanın müstəqil 
								dövlət kimi möhkəmlənməsində, dünyada 
								tanıdılmasında Heydər Əliyevin misilsiz 
								xidmətlərinin olduğu və bu xidmətlərin həmişə 
								xalqımız tərəfindən anılacağı qeyd edildi. Böyük 
								siyasi xadimin keçdiyi həyat yolu, bu yolda 
								qarşılaşdığı maneələr, dövlətçiliyin 
								qorunmasında göstərdiyi xidmətlər barədə ətraflı 
								məlumat verildi. T.Məmmədova dahi şəxsiyyətin 
								layiqli davamçısı ölkə Prezidenti cənab İlham 
								Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan 
								danışaraq təhsilimizin günü-gündən sürətlə 
								inkişaf etdiyini nəzərə çatdırdı. 
								
								
								Müstəqilliyimizin 20-ci ildönümü münasibətilə 
								keçirilən "Müstəqilliyimiz əbədidir",  "Vətən 
								mübariz əsgər çağırır" inşa yazı müsabiqələrində 
								yer tutan məktəbin XI sinif şagirdləri Həmayə 
								Orucova və Xəyalə İsmayılovanı təbrik edən 
								direktor belə tədbirlərin keçirilməsinin 
								vacibliyini qeyd etdi. 
								
								
								IX sinif şagirdlərinin ifasında səslənən "Vətən 
								anadır", Dövlət bayrağı haqqında şeir və "Yallı" 
								rəqsi iştirakçılara xoş təsir bağışladı. 
								
								
								
								Niyazi RƏHİMOV  |