| 
								 
								
								Bakıdakı 283 nömrəli məktəbin müəllim və şagird 
								kollektivi müstəqilliyimizin bərpasının 20-ci 
								ildönümünü oktyabrın 17-də "Müstəqilliyimiz ən 
								böyük sərvətimizdir" mövzusunda keçirdikləri 
								ədəbi-musiqili tədbirlə qeyd etdilər. Tədbirdə 
								Binəqədi Rayon İcra Hakimiyyətindən, YAP rayon 
								təşkilatından, Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsindən qonaqlar da iştirak edirdilər. 
								
								
								Məktəbli aparıcılar tədbiri azad Azərbaycanımızı 
								tərənnüm edən şeirlərlə açdılar. Sonra 
								şagirdlərdən ibarət xor Dövlət himnimizi ifa 
								etdi. Himn başa çatan kimi zala dahi Üzeyirin "Üvertüra"sının 
								möhtəşəm musiqisi yayıldı. Bir qrup şagird həmin 
								musiqinin sədaları altında "Azərbaycanı sevin" 
								şeirini söylədi. Ölməz şairlərimiz Məmməd Arazın, 
								Məhəmmədhüseyn Şəhriyarın doğma vətənə sevgi, 
								məhəbbətlə dolu "Azərbaycan" şeirlərini də 
								şagirdlər məharətlə ifa etdilər.  
								
								
								Aparıcılar müstəqilliyimizə gedən yol, 
								Azərbaycanın 1918-ci ildə müstəqillik qazanması, 
								1991-ci ildə onu bərpa etməsi, müstəqillik 
								illərində dövlətimizin möhkəmləndirilməsi, 
								ölkədə sabitliyin bərpası, milli iqtisadiyyatın, 
								təhsilin, səhiyyənin, mədəniyyətin yaradılması  
								və inkişaf etdirilməsi istiqamətində atılan 
								addımlar, müasir dövrdə müstəqil dövlətimizin 
								yaradıcısı, ulu öndər Heydər Əliyevin xalqımız 
								qarşısındakı tarixi xidmətləri, onun layiqli 
								varisi, Azərbaycan Respublikasının Prezidenti 
								İlham Əliyevin ölkəmizi tərəqqiyə aparan 
								siyasəti barədə faktlara əsaslanan geniş məlumat 
								verdilər. 
								
								
								Sonra tədbir istedadlı şagirdlərin təqdim 
								etdikləri musiqi nömrələri ilə davam etdi.
								 
								
								
								Tədbirin sonunda çıxış edən məktəbin direktoru 
								Şükufə Axundova zala toplaşanları 
								müstəqilliyimizin bərpasının 20-ci ildönümü 
								münasibəti ilə təbrik etdi, dövlətimizin, 
								Azərbaycan Prezidenti İlham Əliyevin təhsilimizə, 
								təhsil işçilərinə diqqət və qayğısından, öz 
								potensiallarını  inkişaf etdirmək üçün gənclərə 
								yaradılan şəraitdən söz açdı. 
								
								
								YAP Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının 
								sədri Məlahət İbrahimova, Binəqədi RİH təhsil, 
								səhiyyə və mədəniyyət şöbəsinin böyük 
								məsləhətçisi Dilbər Mirzəməmmədova və b. 
								tədbirdə söz alıb məktəbin müəllim və şagird 
								kollektivini təbrik etdilər, müstəqilliyimizin 
								bəhrələrindən danışdılar.  
								
								
								Yusif ƏLİYEV  |