| 
								 
								
								 Oktyabrın 15-də Bakıdakı 261 nömrəli məktəb-liseydə 
								müstəqilliyimizin bərpasının 20 illiyinə həsr 
								olunmuş tədbirlərin, müsabiqələrin yekunu olaraq 
								elmi-praktik konfrans keçirildi. 
								
								
								Tədbir Dövlət himnimizin ifası ilə açıldı. Sonra 
								məktəb-liseyin direktoru Abuzər Əsədov "Müstəqilliyimizin 
								bərpasının 20 illiyi" mövzusunda geniş məruzə 
								etdi. A.Əsədov müstəqilliyimizin bərpası uğrunda 
								gedən mübarizədən, 1991-ci il oktyabrın 18-də 
								parlamentdə qəbul olunmuş müstəqilliyimizi 
								təsbit edən Konstitusiya aktından, 
								müstəqilliyimizin ilk illərində ölkədə yaranmış 
								ağır vəziyyətdən, ulu öndər Heydər Əliyevin 
								xalqın təkidi ilə Azərbaycanda ikinci dəfə 
								hakimiyyətə gəlməsi və sabitliyi təmin etmək, 
								müstəqilliyimizi möhkəmləndirmək üçün atdığı 
								addımlardan geniş bəhs etdi. 
								
								
								Məruzədə ölkəmizdə son illər dövlət quruculuğu, 
								iqtisadiyyatın möhkəmləndirilməsi, cəmiyyət 
								həyatının bütün sahələrində aparılan islahat 
								yönümlü işlər və qazanılan nailiyyətlər də 
								ətraflı təhlil olundu. Bütün bu uğurların 
								qazanılmasında Azərbaycan Respublikasının 
								Prezidenti İlham Əliyevin xüsusi xidmətləri 
								olduğu vurğulandı.  A.Əsədov məruzəsində habelə 
								bayram münasibəti ilə məktəb-liseydə "Müstəqillik 
								- 20" devizi altında divar qəzetləri, şeir, rəsm 
								müsabiqələrinin keçirildiyini, onların 
								şagirdlərin vətənpərvərlik tərbiyəsində, 
								müstəqillik tariximiz haqqında daha geniş 
								təsəvvür əldə etmələrində mühüm rol oynadığını 
								qeyd etdi. 
								
								
								Konfransda məktəb-liseyin gənclərin 
								çağırışaqədərki hazırlığı rəhbəri Muxtar 
								Həşimovun "İlham Əliyev və Azərbaycanda milli 
								ordu quruculuğu", şagirdlər arasında keçirilmiş 
								"20 referat" müsabiqəsində referatlardan birinin 
								müəllifi, IX sinif şagirdi Elnarə Baloğlanovanın 
								"20 ildə Azərbaycanın neft strategiyası" 
								mövzularında məruzələri də maraqla dinlənildi. 
								
								
								Sonra konfrans məktəb-liseyin istedadlı 
								şagirdlərinin təqdim etdikləri bədii proqramla 
								davam etdi. Bədii hissədə 10-cu sinif şagirdi 
								E.Tağıyevin hazırladığı təqdimat izləndi, 
								şagirdlər şeirlər söylədilər, mahnılar oxudular, 
								səhnəciklər nümayiş etdirdilər.  
								
								
								Yusif ƏLİYEV   |