| 
								 
								
								 Mehdi 
								Məmməd oğlu Mehdizadə 1903-cü ildə Cəbrayıl 
								qəzasının Daşkəsən kəndində anadan olub.  1914-cü 
								ildə təlim rus dilində olan ibtidai məktəbdə 
								oxuyub. 1920-ci ildə Daşkəsən kənd qiraət 
								komasının müdiri kimi fəaliyyət göstərib. 
								Cəbrayıldakı pedaqoji kursu bitirdikdən sonra 
								doğma kəndində çalışıb.  1923-cü ildə Mehdi 
								Mehdizadənin müdir olduğu birinci dərəcəli 
								məktəbdə Azərbaycan Xalq Maarifi Komissarlığı 
								tərəfindən yoxlama aparılıb. Bir qədər sonra 
								səmərəli fəaliyyətlərinə görə qəzanın 6 nəfər 
								müəllimi mükafatlandırılıb ki, onlardan biri də 
								gənc pedaqoq Mehdi Mehdizadə olub. 
								
								
								1923-cü ildə Mehdi Mehdizadə qəza xalq maarifi 
								şöbəsinin icazəsi ilə indiki Azərbaycan Dövlət 
								Pedaqoji İnstitutunun hazırlıq kursuna daxil 
								olub, sonra fizika-riyaziyyat fakültəsində 
								oxuyub. Ali təhsilli fizika-riyaziyyat müəllimi 
								kimi Cəbrayıl qəzasının Qaryagin (indiki Füzuli) 
								şəhərindəki ikinci dərəcəli məktəbdə pedaqoji 
								fəaliyyətini davam etdirib. 
								
								
								Qəza metodbürosuna sədrlik ona tapşırılıb. 
								Məktəblərdə ümumpedaqoji və metodik 
								istiqamətlərdə iş aparıb, qəza məktəblərində 
								çalışan müəllimlərin fəaliyyətinin 
								səmərəliliyini artırmaq üçün bilik və bacarığını 
								əsirgəməyib. 
								
								
								1930-cu ilin martında Azərbaycan SSR Xalq 
								Maarifi Komissarlığı İctimai Tərbiyə Baş 
								İdarəsinin elmi katibi, daha sonra xalq maarifi 
								komissarının birinci müavini Ayna Sultanovanın 
								köməkçisi təyin edilən Mehdi Mehdizadə 
								Azərbaycan Dövlət Elmi Tədqiqat Məktəblər 
								İnstitutunun aspiranturasına daxil olub. Elə 
								həmin vaxtdan ali məktəbdə - Azərbaycan Dövlət 
								Pedaqoji İnstitutunda elmi-pedaqoji fəaliyyətə 
								başlayıb, pedaqogika tarixinə, müasir təlim-tərbiyə 
								məsələlərinə aid məqalələrlə dövri mətbuatda 
								çıxış edib. 
								
								
								 1941-ci 
								ildə ibtidai təhsilin məzmununa həsr olunmuş 
								namizədlik dissertasiyası müdafiə edib. 
								1941-1945-ci illər müharibəsində iştirak edən 
								Mehdi Mehdizadə ordudan tərxis olunduqdan sonra 
								APİ-yə qayıdıb, burada kafedra müdiri, dekan, 
								elmi işlər üzrə direktor müavini, direktor (rektor 
								- red.) vəzifələrində çalışıb. 
								
								
								1956-cı ildə pedaqoji elmlər doktoru alimlik 
								dərəcəsi alıb, onun elmi-pedaqoji fəaliyyəti 
								müxtəlif respublikaların görkəmli alimləri 
								tərəfindən yüksək dəyərləndirilib. 
								
								
								1941, 1958-1959-cu illərdə onun yaxından 
								iştirakı və həmmüəllifliyi ilə iki hissədən 
								ibarət "Pedaqogika" dərs vəsaiti hazırlanıb nəşr 
								olunub. Mehdi Mehdizadənin əsərlərinin 
								əksəriyyəti bilavasitə təlimin təşkili, dərsin 
								qurulması və aparılması məsələlərinə, məktəb və 
								pedaqoji fikir tarixinin araşdırılmasına, 
								Azərbaycanda ümumi təhsilin uğurlarının elmi-pedaqoji 
								təhlilinə həsr olunub.  
								
								
								1952-ci ildə Azərbaycanın xalq maarifi komissarı 
								təyin olunan Mehdi Mehdizadə iki ildən sonra 
								yenidən APİ-yə qayıdıb, müəllim və elmi-pedaqoji 
								kadrların hazırlanmasında bir pedaqoq, alim, 
								elmi rəhbər, opponent kimi bilik, bacarıq və 
								köməyini əsirgəməyib. 
								
								
								1961-ci ildə respublikanın xalq maarifi naziri 
								seçilərək, səmərəli fəaliyyət göstərib. SSRİ PEA-nın 
								həqiqi üzvü olan (1967) Mehdi Mehdizadə təhsil 
								sahəsində beynəlxalq əlaqələrin inkişafı 
								sahəsində böyük işlər görüb, YUNESKO-nun təhsil 
								üzrə komitələrindən birinin üzvü olub. "Azərbaycan 
								məktəbi", "Sovetskaya pedaqoqika", "Narodnoye 
								obrazovaniye" və başqa jurnallarda, SSRİ-nin 
								digər respublikalarının pedaqoji mətbuat 
								səhifələrində məqalələrlə çıxış edib. 
								
								
								Akademik Mehdi Mehdizadənin "Azərbaycanda sovet 
								məktəbinin tarixinə dair xülasələr" ("Azərbaycan 
								və rus dillərində, Bakı. 1959; Moskva, 1962), "Azərbaycan
								 xalq 
								maarifi yeni yüksəlişdə" (Bakı, 1967), "Azərbaycan 
								xalq maarifinin sürətli inkişafı" (Azərbaycan və 
								rus dillərində, Bakı, 1980), "Ümumtəhsil 
								məktəblərində təlim-tərbiyə prosesinin yolları" 
								(Bakı, 1982) kimi irihəcmli monoqrafiyaları və 
								yüzdən artıq məqaləsi Azərbaycan pedaqogika 
								elminin inkişafında sanballı yer tutur. 
								
								
								Alimin "Ümumtəhsil məktəblərində təlim-tərbiyə 
								prosesinin təkmilləşdirilməsi yolları" 
								monoqrafiyası məktəblilərin fəal həyat və idrak 
								mövqeyi məsələlərini, onlarda ictimai və əmək 
								fəallığının formalaşdırılması yollarını, təlim 
								metodlarının təkmilləşdirilməsi və şagirdlərin 
								müstəqil işinin səmərəli təşkili təcrübəsini əks 
								etdirir. 
								
								
								Onun elmi əsərlərinin bir qismi Azərbaycanda 
								1920-ci ilə qədərki məktəb quruculuğu 
								məsələlərinə, təhsilin təşkilinə, ayrı-ayrı 
								pedaqoqların
								pedaqoji 
								fəaliyyətinin öyrənilməsinə həsr edilib. Mehdi 
								Mehdizadə ilk dəfə olaraq Azərbaycanda, eləcə də 
								bütün Qafqazda fəaliyyət göstərən, təlim rus 
								dilində olan məktəblərin açılmasını çar 
								Rusiyasının siyasi məqsədləri, istilaçılıq 
								niy yəti ilə əlaqələndirib, eyni zamanda rus 
								məktəblərinin mütərəqqi rolunu da göstərib. 
								
								
								Onun ən böyük xidmətlərindən biri Azərbaycanda 
								məktəb tarixinin 1920-ci ildən sonrakı dövrünün 
								öyrənilməsi ilə bağlıdır. Xüsusilə ötən əsrin 
								20-30-cu illərindəki təhsil quruculuğu 
								axtarışları, birinci və ikinci dərəcəli 
								məktəblərdən vahid əmək politexnik məktəblərə 
								doğru inkişaf, müxtəlif təlim metodlarının 
								tətbiqi, kompleks proqramlar və digər mühüm 
								pedaqoji məsələlərin həlli onun tədqiqatlarının 
								aparıcı qollarını təşkil edir. 
								
								
								Azərbaycan müəllimlərinin qurultaylarının üçünün 
								(VII, VIII və IX) keçirilməsi Mehdi Mehdizadənin 
								xalq maarifi komissarı və xalq maarifi naziri 
								olduğu illərə təsadüf edir. Həmin qurultaylar 
								xalq maarifi naziri və alim kimi onun pedaqoji 
								sahədə dərin bilik və təhlil qabiliyyətini bir 
								daha sübuta yetirir. 
								
								
								1980-ci ildə təqaüdə çıxan akademik sırf elmi 
								yaradıcılıqla məşğul olub, "Məktəb və məktəbli 
								şəxsiyyətinin hərtərəfli inkişafı" adlı 
								 irihəcmli əsərini tamamlayıb nəşr üçün SSRİ 
								Pedaqoji Elmlər Akademiyasına təqdim edib. 
								Bunlarla kifayətlənməyib, Azərbaycan Elmi 
								Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi 
								məsləhətçi kimi elmi tədqiqat problemlərinin 
								seçilməsi və planlaşdırılmasında yaxından 
								iştirak edib, gənc alimlərə məsləhətlər verib, 
								məzmunlu mühazirələr oxuyub, SSRİ PEA-nın 
								müxtəlif komissiyalarına rəhbərlik işini uğurla 
								yerinə yetirib. 
								
								
								Mehdi Mehdizadənin əməyi yüksək qiymətləndirilib. 
								O, Lenin ordeni, üç dəfə "Qırmızı Əmək Bayrağı" 
								ordeni, dörd dəfə Azərbaycan SSR Ali Soveti 
								Rəyasət Heyətinin Fəxri fərmanı ilə və müxtəlif 
								medallarla təltif edilib, "Əməkdar elm xadimi" 
								fəxri adına layiq görülüb. Akademik xalq 
								maarifinin inkişafı sahəsindəki xidmətlərinə 
								görə SSRİ PEA-nın təsis etdiyi medal ilə də 
								təltif edilib. 
								
								
								Görkəmli alimin əsərləri Azərbaycan pedaqoji 
								elminin qiymətli incisi kimi bu gün də öz 
								dəyərini qoruyub saxlayır. 
								
								
								Akademik Mehdi Mehdizadə 1984-cü ildə vəfat edib.
								  |