| 
								 
								
								  Paytaxtımızın 
								Xətai rayonunda yerləşən 240 nömrəli körpələr 
								evi-uşaq bağçasında oktyabrın 17-də keçirilən 
								bayram tədbirində balaca sakinlərin sevinci yerə-göyə 
								sığmırdı. Onlar müstəqilliyimizin bərpasının 20 
								illiyini bayram edirdilər. Şənlikdə bağçanın 
								pedaqoji kollektiv üzvləri və valideynlərlə 
								yanaşı xeyli qonaq - Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin metodisti Tamella Useynova, 
								Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar 
								İttifaqı Xətai Rayon Komitəsinin sədri Cəmil 
								Əliyev, 222, 235, 236, 241, 256 nömrəli körpələr 
								evi-uşaq bağçalarının müdirləri Aygun 
								İsgəndərova, Səlahət Musayeva, Lyuba Hümbətova, 
								Xalidə Balayeva, Könül Hacıyeva, 236 nömrəli 
								bağçanın metodisti Rəhilə Həsənova və b. iştirak 
								edirdilər. 
								
								
								Bayram şənliyi bağçanın balaca sakinlərinin 
								əllərində bayraqlar "Azərbaycan" mahnısının  
								sədaları altında zala daxil olmaları ilə 
								başlandı. Dairə vuran  uşaqlar Dövlət himnimizi 
								ifa etdilər. 
								
								
								Aparıcı uşaqları salamlayıb bu günlər ölkəmizin 
								hər yerində bayram əhvali-ruhiyyəsinin 
								yaşandığını, xalqımızın azadlığa, müstəqilliyə 
								qovuşmağımızın 20 illiyini qeyd etdiyini 
								bildirdi və bu əziz bayram münasibəti ilə hamını 
								təbrik etdi.  
								
								
								Uşaqlar "Bu gün bayramdır" mahnısını xorla ifa 
								etdilər. Sonra Ayxan, İranə, Murad, Nərmin, 
								Günel, Kənan müstəqilliyimizə, bayrağımıza, 
								gerbimizə, bayrağımızın rənglərinə aid şeir 
								parçaları söylədilər. Meydan mahnıya verildi. 
								Uşaqlar "Əzizsən, vətən" mahnısını ifa etdilər. 
								Beləcə, şənlik mahnı və rəqslərlə davam etdi və 
								körpə fidanların "Yallı" getməsi ilə başa çatdı. 
								
								
								Bağçanın müdiri Sədaqət Rəhimova əziz bayram 
								münasibəti ilə uşaqları təbrik etdi, onlara 
								müstəqilliyin böyük nemət olmasından danışdı, 
								ölkəmizdə körpə balaların aydın səma altında 
								azad, firavan, sülh şəraitində yaşayıb 
								böyüməsinin dövlətimizin əsas prioritet 
								istiqamətlərindən biri olduğunu vurğuladı. Çıxış 
								edən qonaqlar isə təqdim etdikləri maraqlı 
								bayram proqramına, məharətli çıxışlarına görə 
								uşaqlara təşəkkür etdilər, bağça rəhbərliyinin, 
								xüsusən də tədbirin hazırlanmasında böyük rolu 
								olan musiqi rəhbəri Günay İsrafilovanın əməyini 
								yüksək qiymətləndirdilər.  
								
								
								
								Yusif ƏLİYEV  | 
								  |