| 
								 
								
								 Bu 
								günlər yolumuz Mərdəkan qəsəbəsində yerləşən 
								Oğlanlar üçün açıq tipli xüsusi təlim-tərbiyə 
								müəssisəsinə düşmüşdü.  Öyrəndik ki,  müəssisə 
								1965-ci ildən fəaliyyət göstərir. Hazırda 
								müəssisədə olan 20 uşağın təlim-tərbiyəsi ilə 12 
								müəllim və tərbiyəçi məşğul olur. Təhsil 9 
								illikdir. Müəssisəyə əsasən 8-14 yaşlı uşaqlar 
								qəbul edilir. Buraya respublikamızın bütün 
								regionlarından- yerli icra hakimiyyətlərində 
								fəaliyyət göstərən yetkinlik yaşına 
								çatmayanların işləri və hüquqlarının müdafiəsi 
								üzrə komissiyanın qərarı ilə müraciət edilir.
								 
								
								
								Bu açıq tipli müəssisə profilaktik müəssisə 
								funksiyalarını yerinə yetirir və yetkinlik 
								yaşına çatmayanların daim qanunazidd davranışı, 
								psixoloji zorakılığın hər hansı formasına məruz 
								qalmış, təhsildən yayınan, valideynlərlə 
								ünsiyyətdə çətinlik çəkən, xırda oğurluq etmiş, 
								siqaret çəkən, narkotikaya qurşanan,  müəyyən 
								səbəblər üzündən evdən qaçıb küçələrdə yatıb 
								qalan, dilənən və başqa uşaqlar cəlb edilir. 
								
								
								Müəssisədə psixoloji-tibbi-pedaqoji komissiya 
								fəaliyyət göstərir. Komissiya uşaqları hər 6 
								aydan bir müayinə edir. Müsbət dəyişiklikləri 
								olan uşaqlar Xəzər Rayon İcra Hakimiyyətində 
								fəaliyyət göstərən yetkinlik yaşına 
								çatmayanların işləri və hüquqlarının müdafiəsi 
								üzrə komissiyanın qərarına əsasən evə buraxılır. 
								Uşağın müəssisədən buraxılmasına iki ay qalmış 
								müəssisənin müdiriyyəti tərəfindən valideynlərə 
								(qanuni nümayəndələrə), şagirdin yaşayış yeri 
								üzrə daxili işlər orqanlarına və yerli 
								komissiyaya bu barədə məlumat verilir. 
								
								
								 Müəssisədə 
								təhsil prosesi ümumi təhsilin məzmunu üzrə 
								dövlət təhsil standartları əsasında Azərbaycan 
								Respublikasının Təhsil Nazirliyi tərəfindən 
								təsdiq edilmiş xüsusi proqramlarla təşkil edilir. 
								Burada əlavə təhsil proqramlarına - idman, 
								incəsənət, peşə məşğələlərinin həyata 
								keçirilməsi üçün şərait yaradılır. Müəssisədən 
								buraxılan zaman şagirdlərə onların təhsili 
								haqqında müvafiq sənədlər, təhsilini bitirmiş 
								şagirdlərə isə müəyyən edilmiş formada arayış 
								verilir. 
								
								
								Biz müəssisə haqqında bu qısa məlumatları 
								öyrənəndən sonra burada çalışan müəllimlər, 
								tərbiyəçilər  və uşaqlarla görüşüb söhbət etdik...  
								
								
								
								İki qardaşın acı həyat hekayəti  
								
								
								Bizi qardaşlarla müəssisənin rus dili müəllimi 
								və birinci qrupun tərbiyəçisi Sevda Əhmədova 
								tanış etdi. O əvvəlcə bildirdi ki,  rəhbərlik 
								etdiyi azyaşlılar qrupunda 10 uşaq var. Onların 
								hər biri müxtəlif səbəblər üzündən bura düşüb. 
								Demək olar ki, əksəriyyəti valideynlərinin 
								günahı, laqeydliyi üzündən buradadır. Bax, elə 
								sizi tanış etmək istədiyim bu qardaşlar kimi. 
								Qardaşlardan biri Məhəmməd Abbasov, o biri isə 
								Akif Nəsibovdur. Hər ikisi "Əcəmi" metro 
								stansiyası ətrafından tutulub bizim müəssisəyə 
								gətirilib. Siz təsəvvür edin, bu uşaqların heç 
								birinin doğum haqqında şəhadətnamələri belə yox 
								idi. Akifin yaşını müəyyən etmək üçün 
								ekspertlərə müraciət etdik. Nəhayət, ona  ötən 
								il doğum haqqında şəhadətnamə aldıq. Artıq onlar 
								üç ildən çoxdur ki, buradadırlar. Yaxşısı budur 
								bu uşaqlar öz acı taleləri barədə özləri 
								danışsınlar...  
								
								
								
								Məhəmməd Abbasovun dediklərindən: 
								
								
								- Mən iki yaşında olanda atam Rəfail bizi atıb 
								gedib. Sonra anam Rasim adlı bir kişi ilə ailə 
								qurub. Bu adam narkoman və içki düşkünü idi. 
								Akif adlı  qardaşım dünyaya gəldi. Atalığım 
								sayılan bu kişi bizim başımıza olmazın 
								müsibətlər gətirməyə başladı. O, hər gün anam 
								Arzunu da, bizi də döyüb-söyür, - "gedin pul 
								qazanıb gətirin" deyirdi.  Evə pulsuz gələndə 
								isə məni də, Akifi də o ki, var döyürdü. Artıq 
								həyatımızdan belə bezmişdik, bir daha evə 
								dönməmək qərarına gəldik. Beləliklə, Akif də, 
								mən də küçələrdə, parklarda ac-susuz, əzablı 
								günlər yaşayırdıq. Gecələr bizim kimi kolların 
								dibində, istirahət parklarındakı oturacaqların 
								altında, hisli-paslı iri boruların içində yatan 
								itləri, pişikləri qovub onların yatdığı yerdə 
								yatırdıq. Çox vaxt Akif gecələr qorxudan, 
								soyuqdan məni bərk-bərk qucaqlayardı. Mən də 
								balaca qardaşım soyuqdan xəstələnməsin deyə 
								cırıq-sökük pencəyimi əynimdən çıxarıb ona 
								bükərdim... Gündüzlər isə parkda ata-anası ilə 
								gəzən, oynayıb-şənlənən uşaqlara həsrətlə 
								baxardım. Gözlərim yaşla dolardı. Təxminən 3-4 
								yaşlı qardaşım göz yaşımı görməsin deyə ondan 
								bir qədər uzaqlaşardım... Akifin bu acı taleyi 
								məni çox qəhərləndirir. Onu çox istəyirəm. 
								Atalarımız ayrı olsa da, axı anamız birdir... 
								Biz "Əcəmi" metrosu yaxınlığından tutulub bura 
								gətirilənə qədər bax beləcə dözülməz anlar 
								yaşamışıq. Bu tərbiyə müəssisəsində bizə sahib 
								çıxan, şirin həyat bəxş edən insanlara - başda 
								Nadir müəllim olmaqla, Nizami, Xəqani və Sevda 
								müəllimlərimizə təşəkkürümü bildirirəm. Bir də 
								ona görə ki, çox çətinliklə də olsa atamı tapıb 
								məni ona qovuşdurublar. İndi atam tez-tez yanıma 
								gəlib mənə baş çəkir...  
								
								
								
								Akif Nəsibovun dediklərindən: 
								
								
								- Atam da, anam da hər gün məni dilənməyə 
								getmədiyim üçün  döyərdilər. Sonra da anam mənim 
								qolumdan yapışib özü ilə "Əcəmi" metrosunun 
								ərafında dayanan marşrut avtobuslarının yanına 
								aparardı. Avtobuslara çoxlu adam yığılan kimi 
								məni də marşruta mindirər, "uşağım ağır xəstədir 
								kömək edin", - deyib dilənərdi. Yığdığı pullara 
								da atamla özünə narkotik alardı. Mən isə bütün 
								bunlara dözməyərək evdən qaçmaq qərarına gəldim. 
								Artıq 3 ildən çoxdur ki, bu müəssisədəyəm. Bu 
								müddət ərzində anam tək bircə dəfə mənə "dəyməyə" 
								gəlib. Onun bu gəlişinin də əsas məqsədi məni 
								apardıqdan sonra yenidən dilənməyə məcbur etmək 
								idi. Anamın bu niyyətini yaxşı bildiyimə görə nə 
								qədər yalvardısa, onunla getmədim. Evdə məndən 
								başqa Arif adında bir kiçik qardaşım da var. 
								Yəqin ki, indi anam onu da özü ilə dilənməyə 
								aparır. İnanıram ki, o qardaşım da bir gün evdən 
								qaçıb bizim yanımıza gələcək. Burada bizə gündə 
								5 dəfə yemək, paltar verirlər. Müəssisədə 
								keçirilən  bir-birindən maraqlı tədbirlərdə 
								iştirak edirəm. Günlərim mənalı keçir. 
								Dərslərimi də pis oxumuram...  
								
								
								
								"Mənim üçün küçələrdə yatmaq daha xoş idi"  
								
								
								Sonra bizi buranın başqa bir sakini - Kənan 
								Fətullayevlə müəssisənin rejim xidməti üzrə 
								direktor müavini Xəqani Mürsəlov tanış etdi. 
								Kənandan bura necə düşdüyünü soruşduq. O dedi ki,  
								şəhərin mərkəzində evimiz var idi. Atam həmin 
								evi satıb Xəzər rayonu ərazisindəki Şaşaxuna 
								bağları deyilən yerdən ev aldı. Atam Türkandakı 
								daş karxanasında işləyirdi. Biz də bütün günü 
								onun yanında olurduq. Günlərin birində atam 
								ikinci bir arvad aldı. Əsl mərəkə də bundan 
								sonra başlandı. Atam hər gün araq içib sərxoş 
								olurdu. Anamı qəddarcasına döyürdü. Mən bütün 
								bunlara dözməyib evdən qaçıb "Gənclik" metro 
								stansiyası yerləşən ərazidə uşaq əyləncə 
								qurğularının altında yatırdım. Maşınların 
								şüşələrini silir, təkərlərini qaraldır, bəzən də 
								maşınları yuyurdum. Sürücülər də mənə 30-40 
								qəpik pul verirdilər. Həmin pulla özümə şirin 
								qoğallar alıb yeyirdim. Sözün doğrusu, mənim 
								üçün  küçələrdə yatmaq daha xoş idi. Xeyli 
								müddət belə yaşadım. Bir gün polislər məni tutub 
								bu müəssisəyə təhvil verdilər. Bura mənim çox 
								xoşuma gəlirdi. Müəllimlərim də, tərbiyəçilər də 
								məndən razılıq edirdi. Heç bir dəcəllik 
								eləmirdim. Bütün bunları nəzərə alıb məni evə 
								buraxdılar. Onda VI sinifdə oxuyurdum. Həmin 
								vaxt atam rəhmətə getdi. Çox keçmədi ki, bu dəfə 
								anam başqa kişi ilə evləndi. O kişi də demək 
								olar ki, hər gün anamı döyürdü. Mən də anamın bu 
								vəziyyətinə dözməyib yenə evdən qaçıb küçələrdə 
								yaşamaq fikrinə düşdüm. Sonra fikrimi dəyişərək 
								Xəzər Rayon Polis İdarəsinə getdim. Onlar da bu 
								müəssisənin direktoru Nadir müəllimə zəng edib 
								xahiş etdilər ki, məni bu müəssisəyə qaytarsın.  
								Nadir müəllim çox sağ olsun, özü mənim dalımca 
								gəlib  buraya gətirdi. Elə bil o, mənə yeni 
								həyat bəxş etdi. İndi düz 7 ildir ki, bu 
								müəssisədə həm təhsil alıram, həm də bütün 
								qayğılarla əhatə olunmuşam. Burada rəsm çəkməklə 
								də məşğul oluram. Mən həm anamı, həm də böyük 
								qardaşım Orxanı çox istəyirəm...  
								
								
								
								"Mənə bu müəssisədə çalışan xeyirxah insanlar 
								sahib çıxdı..."  
								
								
								Həmin gün bu təlim-tərbiyə müəssisəsində sonuncu 
								tanış olduğum Anar Kazımovun dediklərindən: 
								
								
								- Atam Nazim Moskvaya getdikdən sonra orada bir 
								rus qadını ilə ailə qurub və mən 1995-ci ildə 
								dünyaya gəlmişəm. Mənim 2 yaşım olanda anam bizi 
								atıb gedib. Sonra atam mənimlə birgə Bakıya 
								qayıdib. Əmircan qəsəbəsindəki 1 nömrəli 
								yataqxanada məskunlaşmışıq. Burada mənə bibim 
								Kəmalə baxıb. 1-ci sinifdən 5-ci sinfə kimi 
								Bakının Suraxanı rayonundakı 87 nömrəli məktəbdə 
								oxumuşam. 2008-ci ildə atam rəhmətə gedib. 
								Bundan sonra kimsəsiz qalmışam. Mənə baxan 
								olmayıb. Məktəbdə tay-tuşlarımla ayaqlaşa 
								bilmirdim. Onlar kimi dolana, geyinə bilmirdim. 
								Az qalmışdı ki, məktəbi buraxıb küçələrə düşüm. 
								Nəhayət, Suraxanı Rayon İcra Hakimiyyəti 
								nəzdində fəaliyyət göstərən yetkinlik yaşına 
								çatmayanların işləri və hüquqlarının müdafiəsi 
								üzrə komissiyaya müraciət etdim. Məni bu 
								müəssisəyə göndərdilər. İndi burada VIII sinifdə 
								oxuyuram. İdmanın boks və karate növləri ilə 
								məşğul oluram. Arzum gələcəkdə Cəmşid 
								Naxçıvanskı adına məktəbdə oxumaq və hərbiçi 
								olmaqdır.  Onu da deyim ki, burada günlərim xoş 
								keçir, hər cür qayğı ilə əhatə olunmuşam. Yanıma 
								isə gəlib-gedənim yoxdur. Artıq 3 ildir ki, 
								buradayam, bu 3 il ərzində bibim cəmi bir-iki 
								dəfə yanıma gəlib. Burada mənə sahib çıxan 
								insanların hamısına minnətdaram... 
								
								
								Müəssisədə bu acı taleli uşaqlarla söhbətimizi 
								yekunlaşdırdıqdan sonra direktor müavini Nizami 
								Əsgərov onları da bildirdi ki, burada musiqi, 
								rəsm, idman və başqa dərnəklər fəaliyyət 
								göstərir. Hazırda bu təlim-tərbiyə müəssisəsi 
								dövlət vəsaiti hesabına yüksək səviyyədə təmir 
								edilir. Şagirdlərin əməyə və təhsilə vicdanlı 
								münasibətinə, nümunəvi davranışına görə 
								həvəsləndirici tədbirlər müəyyən edilir, 
								uşaqlara  yüksək qayğı və nəvaziş göstərilir.  
								Müəssisənin müdiriyyəti tərəfindən bütün 
								fövqəladə hadisələr haqqında dərhal daxili işlər 
								orqanlarına, müəssisənin yerləşdiyi ərazinin 
								yetkinlik yaşına çatmayanların işləri və 
								hüquqlarının müdafiəsi üzrə komissiyasına, yerli 
								təhsil orqanına, habelə Azərbaycan 
								Respublikasının Təhsil Nazirliyinə məlumat 
								verilir. 
								
								
								Nizami müəllim müəssisədə tərbiyə alıb buradan 
								buraxılan uşaqların sonrakı taleləri barədə, 
								xüsusi ilə valideyn himayəsindən məhrum olan 
								uşaqların təhsil almaları, işlə, evlə təminatı 
								kimi həlli vacib olan məsələlərdən də söhbət 
								açdı... 
								
								
								Biz də onlara xalqımızın balaları üçün 
								göstərdikləri bu xeyirxah, çətin və şərəfli 
								işlərində uğurlar dilədik.  
								
								
								
								Ədalət DAŞDƏMİRLİ  | 
								  |