| 
								 
								
								 Məlum 
								olduğu kimi, ölkəmizdə ilk dəfə olaraq yeni 
								xarakterə malik təhsil proqramları (kurikulumları) 
								hazırlanmışdır. Bir neçə ildir ki, ibtidai 
								siniflərdə fənn kurikulumlarının tətbiqi 
								sahəsində xeyli təcrübə əldə olunmuşdur. Artıq 
								ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün 
								fənn kurikulumları üzərində aparılan işlər 
								yekunlaşdırılmış və bu ilin iyun ayında təsdiq 
								olunmuşdur.  Yeri gəlmişkən, qeyd etmək lazımdır 
								ki, V-XI siniflər üçün fənn kurikulumlarının 
								əsas komponenti olan məzmun standartları iki ilə 
								yaxındır ki, müxtəlif jurnal və qəzetlər, 
								İnternet vasitəsilə pedaqoji ictimaiyyətin 
								müzakirəsinə verilmişdir.  
								
								
								Bir müəllim kimi qeyd etmək istəyirəm ki, bu 
								materialları maraqsız qarşılamaq mümkün deyildir. 
								Orada müəllim və şagird fəaliyyətindən 
								gözlənilən nəticələr konkret şəkildə göstərilir. 
								Bu nəticələr müəllim üçün aydın bir istiqaməti 
								diqtə edir. Ona görəcəyi işlərdə düzgün 
								texnologiyanın seçilməsinə imkan yaradır. 
								
								
								Mən bir müəllim kimi ədəbiyyat fənni üzrə məzmun 
								standartlarını diqqətlə nəzərdən keçirmişəm. Bu 
								konseptual sənəd, həqiqətən, hər bir şagirdin 
								ümumi inkişafı, maraq və meyillərini çox yüksək 
								həssaslıqla nəzərə alaraq şagirdin ədəbi təhsili, 
								tərbiyəsi və inkişafı üçün optimal şəraitin 
								yaradılmasını nəzərdə tutur. 
								
								
								Ədəbiyyatdan məzmun standartları hazırlanarkən "təhsil 
								alanların fiziki və intellektual inkişafına, 
								zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam 
								həyat tərzinə və sivil dəyərlərə əsaslanan 
								vətəndaş təfəkkürünün formalaşmasına, milli və 
								dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, 
								ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında 
								hüquq və vəzifələrin müəyyən edilməsinə" ("Təhsil 
								haqqında", Azərbaycan Respublikasının Qanunu, 
								Bakı, 2010) yönəldilmişdir. 
								
								
								Onlar hazırlanarkən şagirdlərin yaş xüsusiyyəti 
								nəzərə alınmış, yaradıcı inkişafları üçün şərait 
								yaradılması diqqət mərkəzində saxlanılmışdır. 
								
								
								Ədəbiyyat kurikulumunda müəyyən olunmuş məqsəd 
								onun əsas mahiyyətini, cövhərini təşkil edir. 
								Burada aydın və konkret şəkildə göstərilir ki, "Ümumtəhsil 
								məktəblərində ədəbiyyat təliminin məqsədi bədii 
								ədəbiyyat nümunələrini, tarixi-ədəbi prosesi 
								öyrənmək, təhlil etmək, qiymətləndirmək 
								bacarığını formalaşdırmaqla şagirdlərin 
								dünyagörüşünü zənginləşdirmək, mənəvi-estetik 
								inkişafını təmin etmək, nitq mədəniyyətinə 
								yiyələnmələrinə nail olmaqdır" (Azərbaycan 
								Respublikasının ümumtəhsil məktəbləri üçün 
								ədəbiyyat fənni kurikulumu (V-XI siniflər), 
								layihə. "Azərbaycan müəllimi" qəzeti, 24 dekabr 
								2010 cu il). 
								
								
								Göründüyü kimi, ədəbiyyat təliminin başlıca 
								məqsədində üç mühüm zəruri məsələ qeyd 
								edilmişdir:  
								
								
								* şagirdlərin dünyagörüşünü zənginləşdirmək; 
								
								
								* mənəvi-estetik inkişafını təmin etmək; 
								
								
								* nitq mədəniyyətinə nail olmaq. 
								
								
								Sadalanan bu məsələlərin hər biri digər fənlərin 
								də qarşısında duran məqsədlərdən hesab edilir. 
								Lakin konkret olaraq ədəbiyyat fənni bu 
								məsələlərin reallaşdırılması istiqamətində 
								vəzifələrini yerinə yetirərkən bədii ədəbiyyat 
								materiallarından, eləcə də ədəbiyyatşünaslıq 
								məsələlərinə dair mülahizələrdən istifadə edir. 
								
								
								Yeni kurikulumun tələblərinə görə, həmin 
								materiallar şagirdlərin oxusuna və mühakiməsinə 
								təqdim olunur. Onlar özləri təlim materialları 
								üzərində uyğun əməliyyatlar aparmaqla onun 
								mahiyyət və məzmunu üzrə nəticəyə gəlirlər. 
								
								
								Belə bir yanaşma tərzi şagirdin fəallığına və 
								müstəqilliyinə imkan yaradır, onları trafaret 
								fikir söyləməkdən, mühakimə yürütməkdən 
								uzaqlaşdırır. 
								
								
								Ədəbiyyatdan yeni məzmun dedikdə, sadəcə təlim 
								materialları yox, əvvəlcədən müəyyən olunmuş 
								nəticələr başa düşülür. Bu nəticələr yeni 
								ədəbiyyat kurikulumunda məzmun xətti adı ilə 3 
								qrupa ayrılır: ədəbiyyat və həyat həqiqətləri, 
								şifahi nitq, yazılı nitq. 
								
								
								Ədəbiyyat və həyat həqiqətləri bədii ədəbiyyat 
								və ədəbiyyatşünaslıq məsələləri ilə bağlı 
								fəaliyyətlərin nəticəsini əhatə edir. 
								
								
								Şifahi nitq və yazılı nitq məzmun xətlərində isə 
								nitq fəaliyyəti üzrə işlərdən gözlənilən 
								nəticələr ümumiləşdirilir. 
								
								
								Mənim müşahidələrim və gəldiyim nəticə onu 
								göstərir ki, ədəbiyyatdan məzmun standartları 
								ilə Azərbaycan dilindən məzmun standartları 
								arasında uyğunluq vardır. Bu cəhət ədəbiyyatdan 
								şifahi nitq və yazılı nitq məzmun xətləri ilə 
								Azərbaycan dilindən oxu və yazı məzmun xətləri 
								arasında daha çox müşahidə edilir. Fikrimcə, bu 
								uyğunluqda bir zərurət vardır. Həmin zərurət hər 
								iki fənnin nitq inkişafı ilə bağlı müştərək 
								vəzifələr icra etməsindən irəli gəlir. Əslində 
								bu, təbii inteqrativlik kimi meydana çıxır. 
								Görünür, dünyanın bir çox ölkələrində ümumi 
								təhsilin icbari pilləsində dil və ədəbiyyat 
								fənlərinin vahid bir inteqrativ fənn kimi tədris 
								olunması da həmin cəhətlə bağlıdır. 
								
								
								Bundan əlavə, həm ədəbiyyat,  həm də Azərbaycan 
								dili fənlərinin tədrisində  obyekt dil 
								materiallarıdır. Tədris və təlim fəaliyyəti bu 
								materiallar üzərində qurulur. Şagirdlərin nitq 
								və təfəkkürünün zənginləşdirilməsi üçün 
								bilavasitə ədəbi dilin müxtəlif üslublarında 
								olan mətnlərdən istifadə olunur. Ədəbiyyat və 
								Azərbaycan dili fənləri üzrə məzmun standartları 
								arasında uyğunluqların olması müəllimin səmərəli 
								tədris fəaliyyətinə təkan verir, təlim 
								prosesində inteqrativliyin nəzərə alınması 
								baxımından imkanları genişləndirir.   
								
								
								Ədəbiyyatdan məzmun standartları konkretdir. 
								Siniflər üzrə şagirdlərin inkişaf səviyyələri 
								barədə aydın təsəvvür yaratmaq imkanına malikdir. 
								Xüsusən biz müəllimlərin qiymətləndirmə 
								fəaliyyətini didaktik cəhətdən düzgün qurmağımız 
								üçün əhəmiyyətlidir. Bütün bunlarla yanaşı, 
								məzmun standartları ilə bağlı bəzi 
								mülahizələrimi bildirməyi məqsədəmüvafiq hesab 
								edirəm. 
								
								
								"Ədəbi əsərləri mövzu və ideya cəhətdən müasir 
								ictimai həyatla əlaqələndirir və nəticə 
								çıxarmağı bacarır" məzmunda standartın əlavə 
								olunmasını təklif edirəm. 
								
								
								Birinci, təbii ki, tədris olunan hər bir əsər 
								şagird təfəkkürünün süzgəcindən kecməli, dərk 
								edilməli və nəticə çıxardılmalıdır. Bu da məhz 
								həmin əsərin müasir ictimai həyatla, həyata 
								baxışla bilavasitə əlaqəsi zəminində mümkündür. 
								
								
								İkinci, təlimin əsas məqsədi müstəqil düşüncə 
								tərzinə malik şəxsiyyət yetişdirməkdir. Yaradıcı 
								düşünən, müstəqil mühakimə yürüdə bilən, 
								demokratik dünyagörüşə malik şəxsiyyət 
								formalaşdırmaq üçün geniş imkanlara malik yeni 
								təlim metod və üsullarından istifadə müsbət 
								nəticə vermiş olur. Yeni təlim 
								texnologiyalarından peşəkarcasına istifadə 
								sayəsində müstəqil düşünən, sərbəst fikir 
								söyləməyi, hər bir şəraitə uyğunlaşmağı bacaran, 
								dövlətçilik və vətəndaşlıq mövqeyi qazanan, 
								yaşamağı bacaran şəxsiyyət formalaşdırmaq 
								mümkündür. Bunlar nəzərə alınmaqla V sinifdə "Mövzuya 
								uyğun topladığı materialları sistemləşdirir, 
								plan tərtib edir",  VI sinifdə  "Müzakirələrdə 
								ümumi rəyə gəlmək bacarığını nümayiş etdirir, öz 
								fikirlərini əsaslandırmağı bacarır" məzmunda 
								standartların əlavə edilməsi məqsədəuyğun hesab 
								edilir. 
								
								
								Üçüncü, təcrübə göstərir ki, əsərlərin dramatik 
								oxusu zamanı şagirdlərdə təkcə sözdən deyil, həm 
								də jest və mimikalardan istifadə bacarıqları 
								formalaşdırmaq mümkündür. Rollar üzrə oxu 
								şagirdlərə hadisələrin iştirakçısı olmaq və 
								mövcud vəziyyətə başqasının gözü ilə baxmaq 
								imkanı verir. Bu isə, fikrimcə, bütün siniflərdə, 
								o cümlədən VII sinifdə "Jest və mimikalardan 
								uyğun şəkildə istifadə etmək bacarığını nümayiş 
								etdirir" məzmunda standartın nəzərə alınması 
								zərurətini doğurur. 
								
								
								Dördüncü, VIII sinifdə "Bədii nümunələrin 
								yarandığı tarixi-ictimai zaman baxımından təhlil 
								və şərhini verir, mövzunun müasir dövrdə 
								aktuallığını ifadə edir",  X sinifdə bədii 
								nümunələrin (dastan, poema, komediya, dram, 
								povest, faciə) mövzusunu, ideyasını, problemini 
								şərh edir və müasirlik ilə əlaqələndirir" 
								standartlarının da nəzərə alınması əhəmiyyətli 
								hesab edilir. 
								
								
								Nəhayət, sərbəst müşahidələrə əsaslanan 
								yazılarla bağlı standartların da nəzərə alınması 
								faydalı bilinir. 
								
								
								Ədəbiyyat fənn kurikulumunu təhsilimizin 
								inkişafının müasir mərhələsində yeni pedaqoji 
								innovasiyalardan biri kimi dəyərləndirmək olar. 
								Onu öyrənmək,  inkişaf etdirmək və 
								müvəffəqiyyətlə tətbiq etmək bu günümüzün ən 
								təxirəsalınmaz vəzifələrindən biridir.  
								
								
								
								Sədaqət MƏMMƏDOVA, 
								Bakıdakı 67 nömrəli tam  orta məktəbin 
								Azərbaycan  
								dili və ədəbiyyat müəllimi  |