| 
								 
								
								 İnsan 
								hüquqlarının öyrədilməsi ibtidai sinif 
								şagirdlərinin şəxsiyyətinə və ləyaqətinə hörmət 
								olunmasına, istək və arzularına diqqət 
								göstərilməsinə, onlarda öz qüvvələrinə, təbii 
								imkanlarına, bilik və bacarıqlarına, gələcəkdə 
								cəmiyyət üçün yararlı olmalarına inam 
								yaranmasına, müstəqillik, prinsipiallıq və 
								qətiyyətlilik kimi xüsusiyyətlərin 
								formalaşdırılmasına etibarlı zəmin yaradır.
								 
								
								
								İnsan hüquqlarının öyrədilməsi sahəsində 
								məktəblərin, müəllimlərin üzərinə böyük 
								məsuliyyət düşür. Çünki məktəbə uşaqlar sosial 
								vəziyyəti, mənəvi dəyərləri eyni olmayan 
								müxtəlif ailələrdən gəlir və bir yerdə oxuyurlar.
								 
								
								
								Burada onlar biliklərə yiyələnməklə yanaşı, 
								həmçinin bir şəxsiyyət və vətəndaş kimi 
								formalaşırlar. İnsan hüquqlarının tədrisinin 
								məqsədi şagirdlərdə yeni dünyagörüşü 
								formalaşdırmaqdır. Buna da yeni vərdişlərin və 
								həyata şəxsi baxışların yaranması ilə nail 
								olunur.  
								
								
								Dünyada insan hüquqları fəlsəfəsi insan 
								ləyaqətinə əsaslanır. Öz ləyaqətini dərk etmək 
								hər bir şəxsdə özünə inam və hörmət hissini 
								artırır, başqalarının hüquqlarına hörmət və 
								sosial dözümlülük yaradır. Bütün bunlar yeni növ 
								mədəniyyətin-insan hüquqları mədəniyyətinin 
								əsasını təşkil edir. 
								
								
								İnsan hüquqlarına riayət olunması üçün hər kəs 
								öz hüquq və vəzifələrini bilməli, cəmiyyətin 
								bütün təbəqələrində insan hüququ mədəniyyəti 
								yaradılmalıdır.  
								
								
								Qeyd etmək lazımdır ki, bütün mədəni dəyərlərin 
								yaranmasında  təhsilin rolu əvəzsizdir. Təhsil 
								prosesində şagirdlər mövcud müsbət dəyərləri 
								saxlamaqla yanaşı, yeni dəyərlər mənimsəyirlər. 
								İnsan hüquqları mədəniyyəti şəxsi ləyaqət 
								tərbiyəsinə və azadlıq hisslərinin 
								formalaşmasına yönələn,  humanist prinsiplərə 
								əsaslanan təhsil tələb edir.  
								
								
								İnsan hüquqları dərslərində nə öyrədilir? Müasir 
								məktəbin əsas vəzifələrindən biri gənc nəsli 
								inkişaf etməkdə olan demokratik həyata 
								hazırlamaq,  gələcəyimiz üçün layiqli vətəndaş 
								yetişdirməkdir.  İbtidai siniflərdə insan 
								hüquqları dərsləri məktəblilərin ümumi 
								vətəndaşlıq tərbiyəsinin bir hissəsidir və bu 
								dərslərin məqsədi kiçikyaşlı məktəblilər 
								tərəfindən sonrakı təlim prosesində hüquqi və 
								mənəvi biliklərin mənimsənilməsinə zəmin 
								yaratmaqdır.  
								
								
								Psixoloji tədqiqatlar göstərir ki, ibtidai sinif 
								şagirdlərində nəinki bacarıq və vərdişlər 
								formalaşır, eyni zamanda onlarda qavrama 
								qabiliyyəti inkişaf edir.  Bundan başqa təhsil 
								prosesində şagirdlə cəmiyyət arasında əsas 
								ünsiyyət münasibətləri (özünə, dünyaya, 
								cəmiyyətə münasibət) formalaşır. Buna  görə də 
								insan hüquqlarının məhz bu yaş dövründə 
								öyrədilməsi məqsədəuyğundur. Bu  mərhələdə 
								nəzəri biliklərə nisbətən az yer verilir, əsasən 
								özünüdərketmə ehtiyaclarını müəyyən etmə, 
								əməkdaşlıq, sülhsevərlik  və dostluq  yaratma  
								vərdişlərinin təşəkkülünə  daha çox  diqqət  
								yetirilir. 
								
								
								Aşılanan biliklər nəticəsində hər  bir  şagird  
								bilməlidir ki, o, beynəlxalq  sənədlərlə  
								təsdiqlənmiş  uşaq  hüquqları  haqqında xüsusi  
								qanunlarla  istismardan,  fiziki zorakılıqdan, 
								şərəf  və  ləyaqətinin  alçalmasından  müdafiə  
								olunur; dövlət  tərəfindən  reallaşmasına  
								təminat  yaradılan  hüquqlara  malikdir; 
								qanunların  hamısı  bütün  uşaqlara  eyni  
								dərəcədə  şamil  edilir. 
								
								
								Bu biliklərin öyrədilməsi ilə yanaşı şagirdlərdə 
								bir sıra mənəvi dəyərləri də formalaşdırmaq 
								lazımdır.  
								
								
								Lakin  həyatda  layiqli yaşamaq  üçün  yalnız  
								mənəvi  dəyərlər  haqqında  müəyyən  biliklərə  
								yiyələnmək  kifayət  deyildir. Şagirdlərdə  
								həmçinin  aşağıdakı  bacarıq  və  vərdişlərin  
								də yaradılması zəruridir: 
								
								
								- Dinləmək bacarığı, əməkdaşlıq etmək, ünsiyyət 
								yaratmaq bacarıq və vərdişləri, hüquqlarını 
								qorumaq bacarığı, münaqişələri həll etmək, 
								kompromis variantlar axtarıb  tapmaq bacarığı.
								 
								
								
								Mənəvi məsələlərin müzakirəsində  müəllimlərdən 
								aşağıdakılar  tələb olunur: 
								
								
								a) Şagirdlərə  düşünmək  üçün vaxt vermək; 
								
								
								b) Fikirlərini əsaslandırmaq üçün imkan yaratmaq; 
								
								
								v) Diskussiya zamani müdaxilə etməmək; 
								 
								
								
								q) Zəruri olduqda müzakirəni istiqamətləndirmək;
								 
								
								
								d) Bütün fikirlərə diqqətlə yanaşmaq; 
								
								
								e) Əgər şagirdlər yalnız "mən" nöqteyi-nəzərdən 
								danışırlarsa onları "mən və ətrafımızdakılar" 
								istiqamətinə yönəltmək. 
								
								
								Bütün  dərslərdə olduğu kimi insan hüquqları 
								dərslərində də əməkdaşlıq mühiti olmalıdır.
								 
								
								
								Hər  bir  müəllim  bilməlidir ki,  sinifdə  
								mövcud  olan  qaydalar  hər  bir  şəxsiyyətin  
								hüquqlarının  qorunmasına  yönəlməli, şəxsi  
								maraqlara görə başqasının hüquqlarının 
								məhdudlaşdırılmasını qadağan etməlidir. Bu, çox 
								vacib məsələdir. Çünki sinif cəmiyyətin kiçik 
								modellərindən biridir. 
								
								
								İnsan hüquqlarının tədrisi prosesində interaktiv 
								təlim metodlarının tətbiqi şagirdlərdə müstəqil 
								düşünmək, sərbəst rəy söyləmək, hər hansı bir 
								problem barədə başqasının fikrinə münasibət 
								bildirmək, digər fərqli nöqteyi-nəzəri təsdiq, 
								yaxud inkar etmək, çoxluğun qərarını qəbul etmək, 
								yaxud öz qərarının üstündə durmaq və s. 
								xüsusiyyətlərin formalaşmasına bilavasitə kömək 
								göstərməklə təfəkkürün tənqidiliyi, müstəqilliyi 
								və çevikliyinə zəmin yaradır.    
								
								
								
								Gülşən MƏMMƏDOVA, 
								Bakıdakı 17 nömrəli tam orta  
								məktəbin ibtidai sinif müəllimi  |