| 
								 
								
								Bolqarıstan Prezidentinin təhsil, elm və 
								iqtisadi inkişaf məsələləri üzrə müşaviri, 
								Sofiya Milli və Dünya Təsərrüfatı 
								Universitetinin rektoru Borislav Borisov, 
								həmçinin Ukraynanın Poltava İqtisadiyyat və 
								Ticarət Universitetinin (PİTU) prorektoru 
								O.Karnenko, Beynəlxalq elm-təhsil mərkəzinin 
								müdiri İ.İsenko və universitetin turizm 
								ixtisasında təhsil alan bir qrup tələbəsi Bakı 
								Slavyan Universitetində (BSU) olmuşlar. 
								 
								
								
								BSU-dan AzərTAc-a bildirmişlər ki, görüşdə bu 
								ali təhsil müəssisəsinin rektoru, AMEA-nın 
								müxbir üzvü, professor Kamal Abdullayev 
								universitetin fəaliyyəti, beynəlxalq əlaqələri 
								barədə məlumat vermişdir. Rektor, həmçinin BSU 
								və Bolqarıstan Respublikasının universitetləri 
								ilə əlaqələrin perspektivindən, BSU-da 
								bolqarşünaslıq ixtisası üzrə təhsil alan 
								tələbələrin Bolqarıstan universitetlərində 
								təhsillərini davam etdirməsi imkanlarından söz 
								açmışdır.  
								
								
								BSU-da fəaliyyət göstərən Bolqar Dili və 
								Mədəniyyəti Mərkəzində bolqarşünas tələbələrlə 
								görüşən qonaqlar Bolqarıstan Respublikasının 
								Prezidenti Georgi Pırvanovun adından mərkəzə 
								kitablar hədiyyə etmişlər. Görüş zamanı BSU-nun 
								bolqarşünas tələbələrinin Bolqarıstanda yay 
								məktəbində təhsil aldıqları müddətdə keçirilmiş 
								esse müsabiqəsinin qalibinin adı açıqlanmışdır. 
								Qalib BSU-nun Regionşünaslıq fakültəsinin ikinci 
								kurs tələbəsi Nərgiz Ağayeva olmuşdur. 
								
								
								Qonaqlar BSU-da fəaliyyət göstərən 
								tədris-mədəniyyət mərkəzləri, kitabxana, 
								linqafon zalları və laboratoriyaları gəzmiş, 
								tədris prosesi ilə tanış olmuşlar.  |