| 
								 
								
								 Naxçıvan 
								Dövlət Universitetində Qafqaz Universitetlər 
								Birliyinin Birinci Naxçıvan Beynəlxalq Gənclik 
								Simpoziumu keçirilmişdir.  
								
								
								Simpozium iştirakçıları öncə ümummilli lider 
								Heydər Əliyevin Naxçıvan şəhərindəki heykəlini 
								və muzeyini, Türkiyə Cümhuriyyətinin qurucusu 
								Mustafa Kamal Atatürkün heykəlini ziyarət etmiş, 
								Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 
								sədri Vasif Talıbovun qəbulunda olmuşlar. 
								Qonaqlar Naxçıvan şəhərinə ekskursiya etmiş, 
								universitetlə yaxından tanış olmuşlar. 
								Universitetin müəllim və tələbələrinin memarlıq, 
								rəsm, kitab sərgisi xüsusi maraq doğurmuşdur. 
								
								
								Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 
								sədri Vasif Talıbov simpoziumda çıxış edərək elm 
								və təhsilin bütün dövrlər üçün inkişafın yeganə 
								hərəkətverici qüvvəsi olduğunu, hər bir xalqın 
								elmi, intellektual və mənəvi potensialının 
								etalonu sayıldığını vurğulamışdır. Ali Məclisin 
								sədri təhsili milli maraqlara yönəldən, ölkənin 
								gələcək strateji məqsədlərinə uyğunlaşdıran  
								Azərbaycan xalqının ümummilli lideri Heydər 
								Əliyevin təhsil siyasətinin uğurlarından 
								danışaraq Azərbaycanda son illər bu sahədə ən 
								yüksək göstəricilərin əldə olunduğunu, milli 
								təhsilin dünya təhsil sisteminə uğurla 
								inteqrasiya etdiyini, tədrisin forma və məzmunca 
								müasirləşdiyini, təhsilə ayrılan dövlət 
								büdcəsinin ilbəil artdığını, milli kadr 
								yetişdirilməsi, maddi-texniki bazanın 
								gücləndirilməsi istiqamətində uğurlar 
								qazanıldığını bildirmişdir. Qeyd olunmuşdur ki, 
								Azərbaycanda təhsilə göstərilən qayğının real 
								bəhrələridir ki, son 20 ildə  Naxçıvan Muxtar 
								Respublikasında 189 ümumtəhsil məktəb binası, 
								ali və orta təhsil müəssisələri üçün 20-dən 
								artıq təhsil korpusu və obyektləri, 17 uşaq 
								bağçası, 21 uşaq musiqi məktəbi tikilərək və ya 
								yenidən qurularaq istifadəyə verilmiş, təhsil 
								ocaqları müasir informasiya-kommunikasiya 
								texnologiyaları ilə təchiz olunmuşdur. Naxçıvan 
								Muxtar Respublikası Ali Məclisinin sədri Vasif 
								Talıbov simpoziumun elm, təhsil sahəsində 
								təcrübə və biliklərin dəyərləndirilməsi, Qafqaz 
								regionundakı ölkələr arasında elm, təhsil 
								mübadiləsinin inkişafı, dostluq əlaqələrinin 
								möhkəmləndirilməsi baxımından əhəmiyyətini 
								vurğulamış, simpoziumun işinə uğurlar 
								arzulamışdır. 
								
								
								Universitetin rektoru, akademik İsa Həbibbəyli 
								ölkəmizdə, o cümlədən muxtar respublikada elmin, 
								təhsilin inkişafına göstərilən diqqət və 
								qayğıdan, təhsilin səviyyəsinin yüksəldilməsi, 
								elmin inkişafı istiqamətində qazanılan 
								müvəffəqiyyətlərdən danışmışdır. Rektor 
								bildirmişdir ki, hazırda AMEA-nın 2 həqiqi, 5 
								müxbir üzvünün çalışdığı bu ali təhsil ocağında 
								40-a yaxın elmlər doktoru, 200 fəlsəfə doktoru 
								fəaliyyət göstərir. Beynəlxalq əlaqələr 
								sahəsində də böyük uğurlar əldə olunmuşdur. 
								Dünyanın 4 qitəsində yerləşən, 50-dən  çox 
								universitet ilə tərəfdaşlıq edən universitet 
								Avropa Rektorlar Klubu, Asiya Universitetlər 
								Assosiasiyası, İpək yolu və Qafqaz 
								Universitetləri Cəmiyyətləri, Qara Dəniz 
								Ölkələri Birliyində milli ali təhsilimizi 
								layiqincə təmsil edir. Dünyanın 10 ölkəsindən 
								200-ə yaxın tələbənin təhsil aldığı universitet 
								Avropa Birliyi ölkələrinin TEMPUS proqramının və 
								digər beynəlxalq təşkilatların layihələrində 
								uğurla təmsil olunur. Akademik İsa Həbibbəyli 
								demişdir ki, qədim tarixə malik, dünyaya Heydər 
								Əliyev kimi böyük siyasətçi bəxş etmiş Naxçıvan 
								son illər beynəlxalq siyasi əhəmiyyətli 
								tədbirlərə  ev sahibliyi edir.  Qafqaz 
								Universitetlər Birliyinin Birinci Naxçıvan 
								Beynəlxalq Gənclik Simpoziumunun keçirilməsi isə 
								2009 -cu ildə Naxçıvanda keçirilən türkdilli 
								ölkələrin dövlət başçılarının IX zirvə görüşündə 
								qəbul olunmuş bəyannamənin gerçəkləşdirilməsi 
								istiqamətində atılan mühüm addımdır. Simpozium 
								Qafqazda yaşayan, ortaq coğrafiyanı və 
								mədəniyyətləri paylaşan  Azərbaycan-türk-gürcü 
								xalqlarının elmi-intellektual inkişafında, 
								onların tələbə gəncləri arasında elmi-mədəni 
								tərəfdaşlığın möhkəmlənməsində böyük rol 
								oynayacaq. 
								
								
								Sonra universitetin Tələbələr Azad Sahibkarlıq 
								Fəaliyyətində (SİFE) komandasının təqdimatı 
								olmuşdur. İki dəfə milli çempion olmuş, 2010-cu 
								ildə ABŞ-ın Kaliforniya ştatının Los-Anceles 
								şəhərində keçirilən dünya çempionatında ölkəmizi 
								uğurla təmsil etmiş, 2011-ci ildə isə 
								Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində 
								keçirilən SİFE Dünya Çempionatında qrup 
								mərhələsində III yeri tutmuş komandanın 
								fəaliyyəti haqqında məlumat verilmişdir. 
								
								
								Ərdahan Universitetinin rektoru, professor-doktor 
								Ramazan Qorxmaz Qafqaz Universitetlər Birliyinin 
								rəhbəri kimi 2009-cu ildə yaradılan, Türkiyə, 
								Azərbaycan, Gürcüstan, İran və Rusiyadan 21 
								universitetin təmsil olunduğu  birliyin qısa 
								müddətdə keçdiyi inkişaf yolundan danışmışdır.
								 
								
								
								Axalsx Universitetinin prorektoru, professor-doktor 
								Roin Kavrelişvili ilk dəfə Naxçıvanda 
								gerçəkləşdirilən simpoziumun gələcək elmi 
								əlaqələrin inkişafına böyük təkan verəcəyini 
								söyləmişdir. 
								
								
								Türkiyə Cümhuriyyəti Ali Təhsil Şurasının sədri, 
								professor-doktor Yusif Ziya Özcan Türkiyədə ali 
								təhsilin müasir inkişaf səviyyəsini, Qafqaz 
								Universitetlər Birliyinin fəaliyyətini, ilk 
								simpoziumu ölkələrin tarixlərinin, 
								mədəniyyətlərinin, habelə ali təhsil 
								təcrübələrinin öyrənilməsi, universitetlərarası 
								elmi təcrübə mübadiləsi, birgə elmi tədqiqat 
								layihələrinin, ortaq elmi araşdırmaların həyata 
								keçirilməsi baxımından yüksək dəyərləndirmişdir. 
								
								
								Türkiyə Cümhuriyyəti Ali Təhsil Şurasının sədri, 
								professor-doktor Yusif Ziya Özcana Naxçıvan 
								Dövlət Universitetinin fəxri doktoru diplomu 
								təqdim olunmuşdur.   
								
								
								Plenar iclasın sonunda universitetin xarici 
								tələbələrinin də iştirakı ilə rəngarəng konsert 
								proqramı təqdim olunmuşdur.   
								
								
								Simpozium "Beynəlxalq münasibətlər", "Mədəniyyət", 
								"İqtisadiyyat", "Tarix", "Ədəbiyyat", "Dilçilik", 
								"Təhsil" üzrə bölmə iclasları ilə işini davam 
								etdirmişdir. Naxçıvanın dövlət və özəl ali 
								məktəblərinin, Qafqaz Universitetinin, 
								Türkiyənin Ərdahan, Ərzurum Atatürk, Qars, 
								Giresun, Fateh Sultan Məmməd, Trabzon Qara Dəniz 
								Texniki universitetlərinin, İran İslam 
								Respublikasının Mərənd Pəyam Nur və Azad İslam 
								universitetlərinin, Gürcüstanın Axalsx və 
								Kutaisi, İlia dövlət universitetlərinin 
								tələbələrinin, Türkmənistan, Qazaxıstan kimi 
								türkdilli dövlətlərin təmsilçilərinin məruzələri 
								dinlənilmişdir.  
								
								
								Yekun iclasdakı çıxışlarda xalqların qədim və 
								zəngin tarixi, mədəniyyətləri, ədəbiyyatları, 
								eyni zamanda elm, təhsil sahəsində qazandıqları 
								təcrübələrin, ölkələrin ali təhsil sistemi, 
								universitetlərin strukturu və fəaliyyəti 
								haqqında məlumatların öyrənilməsi, gələcək birgə 
								fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi  
								baxımından simpoziumun işi yüksək 
								qiymətləndirilmişdir. 
								
								
								Simpozium çərçivəsində Naxçıvan Dövlət 
								Universiteti ilə Ağrı İbrahim Çeçen Universiteti 
								arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.  
								
								
								
								Mehriban SULTAN, 
								NDU-nun Mətbuat şöbəsinin müdiri   | 
								  |