| 
								 
								
								 Noyabrın 
								14-də Bakı Dövlət Universitetində Azərbaycan 
								Respublikasının dövlət müstəqilliyinin 
								bərpasının 20-ci ildönümünə həsr edilmiş "Müasir 
								şəraitdə ümumtəhsil məktəblərində tədrisin 
								keyfiyyətini yüksəltmək yolları" mövzusunda II 
								Respublika elmi-metodiki konfrans keçirildi. 
								Konfrans BDU-nun nəzdindəki "Gənc istedadlar" 
								liseyi tərəfindən təşkil olunmuşdu. Tədbirdə BDU-nun 
								rektoru, Milli Məclisin deputatı, akademik Abel 
								Məhərrəmov, "Gənc istedadlar" liseyinin 
								direktoru, professor Qasım Hüseynov, Təhsil 
								Problemləri İnstitutunun direktor müavini, 
								pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasov, 
								BDU-nun və liseyin professor-müəllim heyəti,  
								Bakı və regionlardan tanınmış alimlər, təhsil 
								işçiləri, valideynlər və digər şəxslər iştirak 
								edirdilər. 
								
								
								Konfransı giriş sözü ilə açan BDU-nun rektoru, 
								Milli Məclisin deputatı, akademik Abel 
								Məhərrəmov ümummilli lider Heydər Əliyevin elmə, 
								təhsilə daim böyük önəm verdiyini, ulu öndərin 
								ideyalarının Azərbaycan Respublikasının 
								Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla 
								həyata keçirildiyini vurğuladı. Son illər ölkə 
								Prezidenti cənab İlham Əliyevin elm və təhsil 
								sahəsində imzaladığı sərəncamların bu sahədə 
								dinamik inkişafa səbəb olduğunu iştirakçıların 
								nəzərinə çatdırdı. Bildirdi ki, ölkə Prezidenti 
								cənab İlham Əliyevin 2006-cı il tarixli 
								sərəncamı ilə "Xüsusi istedada malik olan 
								uşaqların (gənclərin) yaradıcılıq potensialının 
								inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu 
								illər)" qəbul edilmişdir. Bu proqrama uyğun 
								olaraq 2007-ci ildə BDU-nun nəzdində "Gənc 
								istedadlar" liseyi fəaliyyətə başladı.  Liseyi 
								yaratmaqda məqsədin istedadlı gəncləri aşkar 
								etməklə gələcəkdə Azərbaycan elminə və təhsilinə 
								böyük töhfələr vermək olduğunu bildirən akademik 
								A.Məhərrəmov bunun üçün ümumtəhsil məktəblərinin 
								tədris metodologiyasının düzgün qurulmasını və 
								şagirdlərin  gənc yaşlarından ali məktəb 
								düşüncəsi və mühiti ilə formalaşmasının 
								vacibliyini bildirdi. 
								
								
								XXI əsrdə qloballaşma şəraitində elmin, təhsilin 
								mühüm rolunu qeyd edən rektor bu sahələrin 
								inkişafında informasiya-kommunikasiya 
								texnologiyalarının son dərəcə əhəmiyyətli rol 
								oynadığını bildirdi. Ümumtəhsil məktəblərində 
								tədrisin keyfiyyətinin yüksəldilməsinin, bunun 
								üçün hər bir şagirdə fərdi yanaşmanın ən vacib 
								amillərdən olduğunu söyləyən akademik 
								A.Məhərrəmov BDU-nun nəzdindəki "Gənc istedadlar" 
								liseyində tədris üzrə reallaşdırılan 
								tədbirlərdən, qazanılan uğurlardan danışdı. 
								Rektor hər il lisey şagirdlərinin respublika 
								fənn olimpiadalarında, məzunlarının ali 
								məktəblərə qəbul imtahanlarında və digər 
								müsabiqə və yarışlarda yüksək nailiyyətlər əldə 
								etdiklərini diqqətə çatdırdı. Belə tədbirlərin 
								keçirilməsinin ümumi işə müsbət təsir 
								edəcəyindən ümidvar olduğunu bildirdi. 
								
								
								BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyinin 
								fəaliyyəti barədə videofilm nümayiş etdirildi. 
								
								
								Konfransda çıxış edən Təhsil Problemləri 
								İnstitutunun direktor müavini, pedaqogika üzrə 
								fəlsəfə doktoru Ənvər Abbasov "Ümumtəhsil 
								məktəblərində təlimin keyfiyyətini yüksəltməyin 
								mühüm şərtləri" mövzusunda məruzə ilə çıxış etdi. 
								Bildirdi ki, "Azərbaycan Respublikasının təhsil 
								sahəsində İslahat Proqramı"nda "Demokratikləşdirmə, 
								humanistləşdirmə, humanitarlaşdırma 
								prinsiplərinə əsaslanaraq eyni təhsil sisteminin 
								yaradılması" zəruri tələb kimi qarşıya qoyulur. 
								Bu tələbin yerinə yetirilməsi üçün ümumtəhsil 
								məktəblərində müvafiq islahatyönümlü işlərin 
								həyata keçirilməsi başlıca istiqamətlərdən biri 
								kimi nəzərdə tutulur. Burada təlimin 
								keyfiyyətini yüksəltmək, onu qlobal dünyanın 
								ümumtəhsil standartları səviyyəsinə çatdırmaq 
								başlıca amil hesab edilir.  
								
								
								Ümumtəhsilin yeni sisteminin qurulmasında 
								təlimin keyfiyyətinin yüksəldilməsi başlıca 
								şərtdir. Ona müasir baxımdan yanaşılmalı, 
								pedaqoji cəhətdən düzgün qiymət verilməlidir. 
								Çünki təlimin keyfiyyəti anlayışı nəinki ümumi 
								təhsilin, o cümlədən də bütövlükdə təhsil 
								sisteminin ən vacib və hamının istinad etdiyi 
								atribut kimi həmişə mövcud olmuşdur. Hazırda isə 
								bu anlayış müasir müstəvidə təqdim olunmalı və 
								qəbul edilməlidir. Artıq ona şagirdlərin "4" və 
								"5" qiymətinin sayından çıxan nəticə kimi deyil, 
								məntiqi və yaradıcı təfəkkürü ifadə edən təlim 
								standartlarının tələbi kimi yanaşılır. 
								
								
								Aparılan araşdırmalar onu göstərir ki, ənənəvi 
								dərslər özünün yorucu xarakteri ilə şagird 
								marağının aşağı düşməsinə, bununla da təlim 
								keyfiyyətinə mənfi təsir göstərir. Qabaqcıl 
								müəllimlər belə sxematik, standart dərsləri quru 
								şablonçuluqdan çıxarmaqla ona yaradıcı yanaşır, 
								xüsusi peşəkarlıqla əlavələr edirlər. Belə 
								dərslər məzmunu və strukturuna görə orijinal 
								olmaqla qeyri-standart xarakter daşıyır. Onların 
								təşkilində şagirdlərin daha çox fəallıq 
								göstərdiyi müşahidə olunur. 
								
								
								Ölkədə islahatların həyata keçirildiyi hazırkı 
								şəraitdə müəllim hazırlığı mühüm əhəmiyyət 
								daşıyır. İstər elmi, istərsə də pedaqoji, 
								metodik cəhətdən zəruri tələblərə cavab vermək 
								müasir müəllimin əsas keyfiyyətləri kimi qəbul 
								edilir. 
								
								
								Məlum həqiqətdir ki, müəllim özünün 
								fəaliyyətində bir sıra pedaqoji, psixoloji 
								qabiliyyətləri ilə yanaşı, tədqiqatçılıq 
								keyfiyyətlərinə malik olmalı, hər yeni 
								situasiyada orijinal yanaşma imkanlarını meydana 
								çıxarmalıdır. 
								
								
								Bundan əlavə, müəllimin kommunikativ və ünsiyyət 
								bacarıqları onun fəaliyyətinin əsasını təşkil 
								etməlidir.  
								
								
								Konfransın keçirilməsini təqdirəlayiq hal kimi 
								qiymətləndirən Ənvər Abbasov iştirakçılara 
								uğurlar arzuladı. 
								
								
								Tədbirdə liseyin Azərbaycan dili və ədəbiyyat 
								müəllimi Gülşən Əliyeva "BDU-nun nəzdindəki 
								"Gənc istedadlar" liseyində Azərbaycan dili və 
								ədəbiyyat fənninin tədrisi təcrübəsindən" 
								mövzusunda çıxış etdi. Qeyd etdi ki, müasir 
								təhsilimizin qarşısında duran ən vacib vəzifə 
								şagirdləri dərin və hərtərəfli biliklərlə təmin 
								etmək, onlarda bacarıq və vərdişləri 
								formalaşdırmaq, yüksək mədəniyyətə, mütərəqqi 
								dünyagörüşə malik olan şəxsiyyət yetişdirməkdir. 
								Elə bir şəxsiyyət ki, milli zəminə, bəşəri 
								dəyərlərə əsaslanaraq öz elmi, mədəni, fiziki 
								potensialı, xüsusi istedadı, bacarığı sayəsində 
								müstəqil Azərbaycanı dünya miqyasında təmsil edə 
								bilsin. G.Əliyeva XI b sinfində ədəbiyyatdan 
								"C.Məmmədquluzadənin "Anamın kitabı" əsərinin 
								təhlili" mövzusunda keçdiyi dərs haqqında geniş 
								məlumat verdi. Qeyd etdi ki, şagirdlər fərddən 
								şəxsiyyətə gedən mürəkkəb yolu məhz məktəb 
								dövründə, partalar arxasında keçirlər. Ona görə 
								də onlara elə düzgün istiqamət vermək lazımdır 
								ki, labirintlər qarşısında aciz qalmasınlar. Bu 
								məqsədlə Azərbaycan dili və ədəbiyyat 
								dərslərindən çox səmərəli istifadə etmək olur. 
								
								
								Tədbirdə çıxış edən Azərbaycan Müəllimlər 
								İnstitutunun elmi işlər üzrə prorektoru, dosent 
								Nazilə Abdullazadə, Naxçıvan Dövlət 
								Universitetinin kafedra müdiri Elbəyi Maqsudov, 
								BDU-nun kimyanın tədrisi metodikası kafedrasının 
								müdiri Əyyub Əzizov, liseyin Valideynlər 
								Komitəsinin sədri, şair pedaqoq Oktay Zəngilanlı 
								və valideyn Yusif Ağayev konfransın 
								əhəmiyyətindən danışdılar. 
								
								
								Konfrans öz işini noyabrın 15-də "Gənc 
								istedadlar" liseyində təşkil olunmuş bölmə 
								iclaslarında davam etdirdi. Azərbaycan dili və 
								ədəbiyyat bölməsinə professor Hüseyn Əsgərov, 
								pedaqogika və psixologiya bölməsinə professorlar 
								Nübar Muxtarova və Ləzifə Qasımova, fizika, 
								coğrafiya bölməsinə professor Tapdıq Həsənov, 
								kimya bölməsinə kimya elmləri üzrə fəlsəfə 
								doktoru Talıb Mahmudov, biologiya bölməsinə 
								professor Elşad Qurbanov, riyaziyyat və 
								informatika bölməsinə isə professorlar Karlen 
								Xudaverdiyev və Məmməd Yaqubov sədrlik 
								edirdilər. Bölmələrdə paytaxt və bölgələrdən 
								olan iştirakçıların 128 məruzəsi dinlənildi. 
								Mövzular ətrafında diskussiya və müzakirələr 
								aparıldı.  
								
								
								
								Niyazi RƏHİMOV  | 
								  |