| 
								 
								
								 Noyabrın 
								16-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar 
								İttifaqı Respublika Komitəsinin X məclisi 
								keçirildi. Azərbaycan Həmkarlar İttifaqları 
								Konfederasiyasının  konfrans zalında keçirilən 
								yığıncaqda respublikanın müxtəlif bölgələrinin, 
								eləcə də paytaxt rayonlarının TİAHİ 
								komitələrinin, ali və orta ixtisas təhsili 
								müəssisələrinin müəllim və tələbə həmkarlar 
								ittifaqı təşkilatlarının  sədrləri iştirak 
								edirdilər.   
								
								
								Azərbaycan Həmkarlar İttifaqları 
								Konfederasiyasının sədri, millət vəkili Səttar 
								Mehbalıyev çıxış edərək ilk öncə  bu il 
								ümummilli lider Heydər Əliyevin anadan olmasının 
								88-ci ildönümünə həsr olunmuş "İstedada diqqət 
								və qayğı gələcəyə yönəlik sərmayədir" adlı 
								keçirilmiş müsabiqədən söz açdı. Qeyd olundu ki, 
								Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan 
								Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 
								Respublika Komitəsinin birgə təşkil etdiyi 
								müsabiqədə paytaxt məktəblərinin şagirdləri 
								iştirak ediblər. Müsabiqənin keçirilməsində əsas 
								məqsədin istedadlı şagirdlərin yaradıcılıq 
								qabiliyyətlərinin inkişafı üçün hərtərəfli 
								əlverişli imkan və şəraitin yaradılması olduğunu 
								deyən sədr, daha sonra məclis iştirakçılarını 
								ATİAHİ Respublika Komitəsinin üzv təşkilatları 
								arasında Dünya Azərbaycanlılarının Həmrəylik 
								Gününə həsr olunmuş "Bu - mənim peşəmdir" 
								başlığı altında təşkil olunan foto, təsviri və 
								tətbiqi sənət üzrə müsabiqənin yekunları ilə 
								tanış etdi. Ölkəmizdə  gənclər siyasətinin 
								dövlətin prioritet istiqamətlərindən biri 
								olduğunu, ulu öndər Heydər Əliyevin  uşaq və 
								yeniyetmələrə, gənclərə hər zaman qayğı ilə 
								yanaşdığını söyləyən millət vəkili bu işin 
								hazırda ölkə başçısı cənab İlham Əliyev 
								tərəfindən də diqqətdə saxlanıldığını bildirdi. 
								Sədr istedadlı yeniyetmə və gənclərin üzə 
								çıxarılmasında, onların yaradıcılıq 
								potensialının inkişafında müxtəlif  
								müsabiqələrin keçirilməsinin müstəsna 
								əhəmiyyətindən danışdı. Səttar Mehbalıyev 
								yuxarıda adları çəkilən müsabiqələrdə yer tutmuş 
								qalibləri təbrik edərək  onlara uğurlar arzuladı. 
								"İstedada diqqət və qayğı gələcəyə yönəlik 
								sərmayədir" adlı müsabiqədə I yeri tutan 
								məktəblilərə ATİAHİ Respublika Komitəsi 
								tərəfindən təqaüdlər və hədiyyə, digər 
								adıçəkilən müsabiqədə müvafiq yerlərə layiq 
								görülən qaliblərə isə diplom və pul mükafatları 
								təqdim olundu. 
								
								
								Sonra ATİAHİ Respublika Komitəsinin gündəliyi və 
								reqlamenti təsdiq olundu. Millət vəkili Səttar 
								Mehbalıyev Azərbaycan Təhsil İşçiləri Azad 
								Həmkarlar İttifaqının üzv təşkilatlarında 
								hesabat-seçki yığıncaqlarının (konfranslarının) 
								keçirilməsi barədə  geniş məlumat verdi. Bu 
								seçki yığıncaqlarının yerlərdə şəffaf  və 
								ədalətli şəkildə keçirilməsinin vacibliyinə 
								toxunan sədr onu da qeyd etdi ki, təhsil 
								sahəsində çalışanların istər iqtisadi,  sosial 
								rifahının yaxşılaşdırılması, hüquqlarının 
								müdafiəsinə köməklik göstərmək, istərsə də  
								onların asudə vaxtlarının səmərəli təşkili 
								ATİAHİ Respublika Komitəsinin diqqət yetirdiyi 
								ən vacib məsələlərdəndir. Respublika Komitəsinin 
								öz fəaliyyətində tələbə gənclərlə aparılan 
								işlərə xüsusi önəm verdiyini söyləyən sədr, 
								gələcəkdə bu işlərə daha da diqqətin 
								artırılmasının vacibliyini vurğuladı.     
								 
								
								
								Çıxış üçün söz alan ATİAHİ Respublika 
								Komitəsinin sədr müavini Mirzə Cəfərzadə 
								komitənin Məclis və Rəyasət Heyəti üzvləri 
								arasında qismən dəyişiklik edilməsi barədə X 
								məclisin qərarını diqqətə çatdırdı. Qərar 
								yığıncaq iştirakçıları tərəfindən yekdilliklə 
								qəbul edildi. Yığıncaqda həmçinin ATİAHİ 
								Respublika Komitəsinin şöbə müdiri Emil Rüstəmov  
								2012-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad 
								Həmkarlar İttifaqının üzv təşkilatlarında 
								hesabat-seçki yığıncaqlarının (konfranslarının) 
								keçirilməsi barədə X məclisin qərarını oxudu və 
								bu qərar da qəbul olundu. Daha sonra ATİAHİ 
								Respublika Komitəsinin maliyyə təsərrüfat 
								fəaliyyəti haqqında komitənin təftiş 
								komissiyasının hesabatı dinlənildi. ATİAHİ 
								Respublika Komitəsinin katibi, şöbə müdiri 
								Mübariz Eyvazovun komitənin büdcə göstəriciləri 
								və ştat cədvəli ilə bağlı təqdim etdiyi məlumatı 
								müzakirə olunaraq təsdiq  edildi.  
								
								
								ATİAHİ Respublika Komitəsinin sədr müavini Şaiq 
								Əsgərov üzv təşkilatların aparatlarında 
								vəzifələrin təsnifatı haqqında danışdı, bununla 
								bağlı X məclisin qərarını yığıncaq 
								iştirakçılarının nəzərinə çatdırdı  və qərar 
								qəbul olundu. Şaiq Əsgərov həmçinin  Gənclər 
								Şurasının əsasnaməsində və tərkibində dəyişiklik 
								edilməsi barədə də geniş məlumat verdi. 
								 
								
								
								Geniş fikir mübadiləsi və işgüzarlıq şəraitində 
								keçən yığıncağı Azərbaycan Həmkarlar İttifaqları 
								Konfederasiyasının sədri, millət vəkili Səttar 
								Mehbalıyev yekunlaşdıraraq hamıya uğurlar 
								arzuladı.   
								
								
								Samirə KƏRİMOVA   |