| 
								 
								
								
								Dövlət müstəqilliyinin bərpasının milli 
								pedaqogikanın formalaşması üçün ilkin metodoloji 
								şərt olması. 
								Azərbaycanda dövlət müstəqilliyinin bərpası ilə 
								tamam yeni dövr başlamışdır. Həyatımızın bütün 
								sahələrində, o cümlədən təhsil sahəsində geniş 
								miqyasda islahatlara keçilmişdir. Bütün bunlar 
								təhsil məsələlərini öyrənən pedaqoji elmlərdə də 
								əks-səda vermişdir: pedaqoji kateqoriya və 
								məfhumların mahiyyətinə dair anlayışların 
								yeniləşdirilməsi zərurəti yaranmışdı. Əslində 
								yeni pedaqogikanı - rus imperiyası 
								ideologiyasına əsaslanan ənənəvi pedaqogikaya 
								alternativ olan pedaqogikanı - milli 
								pedaqogikanı formalaşdırmaq zərurəti ilə üz-üzə 
								qalmışdıq. Respublikanın  aparıcı 
								pedaqoqlarından rəhmətlik Y.Talıbov, Ə.Ağayev və 
								bu sətirlərin müəllifi  işə başladıq. Milli 
								pedaqogika yaratmağın zəruriliyinə aid məqalə də 
								çap etdirildi.  
								
								
								
								Pedaqoji hadisələrin birtərəfli deyil, 
								hərtərəfli nəzərdən keçirilməsi. 
								Pedaqoji kateqoriya və pedaqoji məfhumların 
								şərhində ənənəvi pedaqogikanın uğursuzluqlarının 
								səbəblərindən biri həmin hadisələri, məsələn, 
								təlimi, təhsili və ya tərbiyəni hərtərəfli deyil, 
								birtərəfli öyrənməyə cəhd etməsi olmuşdur. Belə 
								olduqda həmin hadisələrin bir cəhəti və ya 
								tərəfi qabardılır, ön plana çəkilir, digər 
								cəhətlər və ya tərəflər diqqətdən yayınır, 
								nəticədə mahiyyət açılmamış qalır. 
								
								
								Pedaqoji hadisələrin, məsələn, təlimin ənənəvi 
								pedaqogikada hərtərəfli deyil, birtərəfli 
								nəzərdən keçirilməsinə misal:  
								
								
								Pedaqoqların böyük bir qrupu "Təlim - müəllimin 
								rəhbərliyi altında şagirdlərin  bilik, bacarıq 
								və vərdişlərə yiyələndikləri pedaqoji prosesdir" 
								deyir. 
								
								
								Azərbaycan pedaqoqlarının əksəriyyəti "Təlim - 
								bilik, bacarıq və vərdişlərin mənimsənilməsi 
								prosesidir", - fikrini qəbul edir.  
								
								
								Ənənəvi pedaqogikanın həmin anlayışları üçün 
								ümumi olan nöqsanlar:  
								
								
								1. Təlim biliklərin, bacarıq  və  vərdişlərin  
								öyrədilməsi  ilə məhdudlaşdırılır. 
								
								
								2. Təlimdə müəllim fəaliyyətinin xüsusiyyətləri 
								unudulur.  
								
								
								3. Öyrənilən biliklərin xarakteri qeyd edilmir.
								 
								
								
								4. Təlimin tərbiyəvi imkanları nəzərə alınmır.
								 
								
								
								5. Təlimdə şagirdlərin psixoloji qüvvə 
								
								
								lərinin inkişafı imkanları müəllimin diqqətindən 
								yayınır.  
								
								
								Ənənəvi anlayışlara xas olan həmin nöqsanlar 
								aradan qaldırıldıqda təlimin başlıca 
								əlamətlərini müəyyənləşdirmək mümkün olmuşdur: 
								
								
								1. Müəllimin məqsədyönlü, planlı və mütəşəkkil 
								rəhbərliyi, köməkliyi, istiqaməti; 
								
								
								2. Sistemləşdirilmiş bilikləri, bacarıq və 
								vərdişləri şagirdlərin fəal mənimsəmələri;
								 
								
								
								3. Təlimdə şagirdlərin tərbiyə olunmaları;
								 
								
								
								4. Təlim zamanı onlarda psixoloji qüvvələrin 
								inkişaf etdirilməsi. 
								
								
								Göstərilən xüsusiyyətlər hərtərəfli nəzərə 
								alınaraq təlim milli pedaqogikada belə 
								dəyərləndirilir: Təlim - müəllimin məqsədyönlü, 
								planlı və mütəşəkkil rəhbərliyi ilə şagirdlərin 
								sistemləşdirilmiş milli və ümumbəşəri dəyərləri 
								mənimsəmələri, bu zaman onların tərbiyə 
								olunmaları və psixoloji cəhətdən inkişaf 
								etmələri prosesidir. 
								
								
								
								Pedaqoji yeniliklərin müqayisə yolu ilə üzə 
								çıxarılıb sübut edilməsi. 
								Müqayisə oxşar pedaqoji hadisələrdə fərqi, 
								fərqli pedaqoji hadisələrdə isə oxşarlığı 
								müəyyənləşdirməyin ən etibarlı yollarından 
								biridir.  
								
								
								Nisbi mənada müstəqil özünü göstərən təlim, 
								tərbiyə, təhsil və psixoloji inkişaf 
								kateqoriyaları arasında oxşarlıq o qədər 
								güclüdür ki, onların spesifikasını ənənəvi 
								pedaqogika nümayəndələrindən heç kəs 
								müəyyənləşdirə bilməmişdir. Niyə? Çünki həmin 
								kateqoriyalar müqayisə edilməmişdir. Təhsil 
								kateqoriyasına dair ənənəvi pedaqogika anlayışı 
								nümunəsində  fikrimizi konkretləşdirək. 
								
								
								Məsələn, 1975-ci ildə Moskvada çapdan çıxmış "Vvedeniye 
								v pedaqoqiku"da yazılır: "Təhsil 
								sistemləşdirilmiş biliklər, bacarıq və 
								vərdişlərdir"  (səh. 22).  
								
								
								B.Lixaçov yazır: "İnsanın təlim və təhsili 
								hissələr kimi tərbiyəyə daxildir" (Pedaqoqika. 
								Kurs leksiy. 1998, səh. 7).  
								
								
								Eyni fikri gah tərbiyəyə, gah təhsilə aid etmək 
								halları da var: "Yeni nəsilləri ictimai həyata 
								və məhsuldar əməyə hazırlamaq məqsədi ilə 
								ictimai tarixi təcrübənin onlara verilməsi 
								tərbiyədir" (Ped. Ensikl. T.I, Moskva, 1960, 
								səh. 184) və ya "...Sosial mahiyyətli təcrübənin 
								əvvəlki nəsil tərəfindən sonrakı nəsillərə 
								mütəşəkkil və normalaşdırılmış şəkildə verilməsi 
								prosesi təhsildir".  
								
								
								Ənənəvi pedaqogikada təhsil kateqoriyasına dair 
								bu cür  anlayışları müqayisə edəndə məlum 
								olmuşdur ki, həmin anlayışlar üçün ümumi olan 
								nöqsanlar var: 
								
								
								1. Təhsilin sosial-iqtisadi həyatla əlaqəli 
								olduğu unudulur;  
								
								
								2. Təhsilin tədris müəssisələrindən ayrılmaz 
								olduğu nəzərə alınmır;  
								
								
								3. Təhsilin təlimə çevrilə bilməsi qeyd edilmir; 
								
								
								4. Təhsilin məzmunu və gedişində tərbiyə və 
								psixoloji qüvvələrin inkişafı imkanlarının 
								olduğu  yada  düşmür. 
								
								
								Nöqsanları nəzərə alaraq milli pedaqogikada 
								təhsil kateqoriyasının mahiyyəti belə 
								dəqiqləşdirilmişdir: "Təhsil sosial-iqtisadi 
								həyatın tərkib hissəsi olub, müvafiq tədris 
								müəssisəsində, müəyyən müddətə həyata keçirilən, 
								bir halda təlimin zəruri şərti, digər halda 
								gedişi, üçüncü halda nəticəsinə çevrilən, 
								tərbiyəvi və psixoloji inkişaf imkanları olan 
								milli və ümumbəşəri dəyərlərin məcmusudur". 
								
								
								Kateqoriyalar müqayisə edildikdə məlum olur ki, 
								onların dördünün də daha geniş həcmə malik olan 
								pedaqoji proses kateqoriyasından diferensiasiya 
								edilmək (ayrılmaq) və inteqrasiya olmaq 
								(qovuşmaq) imkanları  var; bu səbəbdən də təlim, 
								tərbiyə, təhsil və psixoloji inkişaf həm ortaq 
								xüsusiyyətlərə, həm də fərqli xüsusiyyətlərə 
								malik olur. 
								
								
								
								Pedaqoji hadisələrin qarşılıqlı əlaqədə nəzərdən 
								keçirilməsi. 
								Ənənəvi pedaqogika  ideyaları əsasında  yazılan 
								dərs vəsaitlərinin əksəriyyətində bölmələr 
								arasında məntiqi əlaqəyə toxunulmur.  
								
								
								Öz tədqiqat sahəsinə sadiq qalan milli 
								pedaqogikada isə dərsliklər pedaqoji prosesdən 
								qidalanır, pedaqoji prosesin tərkib hissələri 
								olan əvvəl təlim, sonra təhsil, arxasınca 
								tərbiyə və nəhayət, psixoloji  qüvvələrin  
								inkişafı   əlaqəli şəkildə oxucuya təqdim 
								edilir. Sonda isə pedaqoji prosesə hansı  
								qurumların  necə xidmət etdiyi açıqlanır. 
								
								
								Nəinki pedaqoji kateqoriyalar arasında, hətta 
								kateqoriyaların əhatə dairəsində  olan  pedaqoji 
								məfhumlar arasında da qarşılıqlı əlaqə təmin 
								edilir. 
								
								
								Məsələn, milli pedaqogika ruhunda yazılmış 
								"Məktəb pedaqogikası"nın birinci bölməsində 
								pedaqoji proses və pedaqoji elm arasında 
								qarşılıqlı əlaqə işıqlandırılır. 
								
								
								İkinci bölmədə təhsilin ümumi məsələləri, 
								Azərbaycanda təhsil sistemi, təhsil sisteminin 
								əsasında duran prinsiplər, təlimin ümumi 
								məsələləri, təlimin qanunauyğunluqları və 
								qanunları, təlimin prinsipləri, təlimin 
								mərhələləri və üsulları və s. məsələlər şərh 
								olunur. 
								
								
								Üçüncü bölmədə tərbiyənin nəzəri məsələləri, 
								dördüncü bölmədə tərbiyənin tərkib hissələri 
								olan ağıl tərbiyəsi, ideya-siyasi tərbiyə, əxlaq 
								tərbiyəsi, əmək tərbiyəsi, fiziki tərbiyə, 
								estetik tərbiyə, tərbiyənin digər hissələri 
								aydınlaşdırılır. 
								
								
								Sonuncu, beşinci bölmədə isə yuxarıda deyildiyi 
								kimi, pedaqoji prosesə xidmət məsələləri 
								araşdırılır. 
								
								
								Nəticə etibarilə, bir-biri ilə qırılmaz tellərlə 
								bağlanan pedaqoji kateqoriyalar və pedaqoji 
								məfhumlar arasında  monolit bir sistem alınmış 
								olur. 
								
								
								
								Formal məntiqə deyil, dialektik məntiqə üstünlük 
								verilməsi. 
								Formal məntiqə  görə, müəllimin  başlıca 
								vəzifəsi bilik və  bacarıqları öyrətməkdir; 
								şagirdlərin vəzifəsi isə bilik və bacarıqları 
								öyrənməkdir. Bu məntiq təlimdə digər növ 
								öyrənmələri, o cümlədən şagirdlərin nisbi mənada 
								müstəqil öyrənmələrini istisna edir. Milli 
								pedaqogikada uğurla sınaqdan keçirilmişdir ki, 
								öyrənməni iki mərhələdən ibarət  təşkil  etmək 
								nəinki mümkündür, hətta bir çox cəhətdən  
								faydalıdır. Müəllim sillabus əsasında hər 
								növbəti məşğələdə öyrənilməli mövzunu elan  
								edir, onun  planını  verir, istifadə edəcəkləri 
								mənbəyi, tədris  vəsaitlərini  göstərir; 
								yardımçı  tapşırıqlar  verir  və  deyir: 
								"mövzunu  tam  müstəqil  öyrənərsiniz!". 
								 
								
								
								Növbəti dərsdə şagirdlərdən bir qismi növbə ilə, 
								plan  üzrə məsələlərin şərhinə başlayır; 
								qalanları diqqətlə qulaq asmalı olurlar; nəyin  
								düzgün  şərh  olunduğunu, nəyin  unudulduğunu, 
								nəyin  dəqiq deyilmədiyini bildirirlər. Müəllim 
								müzakirədə mümkün qədər bütün şagirdlərin 
								fəallığını təmin edir, zəruri hallarda 
								düzəlişlər verir. Şagirdlərin müəllimə 
								verdikləri  suallara, adətən, sinifdən cavab 
								almağa çalışılır; bu mümkün olmadıqda isə 
								müəllimin özü həmin suala aydınlıq  gətirir. 
								
								
								Bu təcrübənin  təhlili  nəticəsində  
								müəyyənləşdirə bilmişik  ki, burada biri  
								digərini tamamlayan və inkişaf  etdirən  iki  
								mərhələ  var: mövzuya  şagirdlərin  müstəqil  
								hazırlaşmaları  və  dərsdə  onların hazırlıq 
								səviyyəsinin müzakirəsi. Birinci  mərhələdə  
								müəllimin göstərişi əsasında  şagirdlər 
								öyrənməyi müstəqil öyrənirlər; ikinci  mərhələdə 
								isə onlar  öyrənməyi nə dərəcədə öyrəndiklərini 
								müstəqil nümayiş etdirirlər. Başqa  sözlə, 
								öyrənməyi öyrənmək birinci halda şagirdlər (tələbələr) 
								tərəfindən fərdi qaydada, müəllimin bilavasitə 
								iştirakı olmadan, onun tapşırığına əsasən dərsə 
								qədər həyata keçirilir; ikinci halda isə dərs 
								zamanı, müəllimin rəhbərliyi altında sinifdəki 
								bütün şagirdlərin fəal iştirakı ilə baş verir: 
								kimin öyrənməyi nə dərəcədə öyrəndiyi 
								müəyyənləşdirilir. 
								
								
								Göründüyü kimi, şagird (tələbə) təlimdə 
								müəllimin bilavasitə rəhbərliyi olmadan 
								öyrənməyi nəinki öyrənə bilir, hətta bu, çox 
								gözəl nəticə verir. 
								
								
								Öyrənməyi öyrənmək isə formal məntiqə sığmır. 
								Formal məntiqə görə öyrənilən bilik və 
								bacarıqlardır. Dialektik məntiqdə öyrənməni 
								öyrənmək və bilikləri öyrənmək rahatlıqla uyuşur. 
								Ziddiyyətli və uyuşmaz görünən iki cəhəti 
								professor S.Seyidovun "Fenomenoloqiya tvorçestva" 
								adlı əsərində təsvir etdiyi qəribə  
								ziddiyyətlərə (paradokslara) bənzətmək olur. 
								Səməd Seyidov ziddiyyətləri belə yekunlaşdırır: 
								"İnsanın  həm  daxilində, həm  də  xaricində  
								baş  qaldıran  ziddiyyətlərdən  istifadə  edə  
								bilmək  imkanına  malik  olması  yaradıcılıqdır" 
								(səh. 139). 
								
								
								
								Müasirliyin  tarixiliklə  vəhdətdə  nəzərdən  
								keçirilməsi.  
								Pedaqoji  elmin  nəzəri  problemlərinə  nisbətən 
								onun  arxivlə  bağlı olan tarixi  daha  ətraflı  
								öyrənilib. Halbuki, Azərbaycan  xalqının  
								müasir  dövrümüz  üçün  aktuallığını  itirməyən  
								zəngin  adət  və  ənənələri, fikirləri  vardır.
								 
								
								
								Milli  pedaqogika  azı  iki  istiqamətdə  
								keçmiş  pedaqoji  irsimizdən: atalar   
								sözlərindən, elm  və  mədəniyyət  
								xadimlərimizin  çox  dəyərli  fikirlərindən 
								qidalanır. 
								
								
								Sovet  dövründə  hər  hansı  fikrin  qaynağını  
								axtaranda  Rusiyaya  və  ya  Avropa  ölkələrinə  
								üz  tutardıq. 
								
								
								Dövlət  müstəqilliyi  şəraitində  məlum  
								olmuşdur  ki, axtardığımız  fikirlərin  kökləri  
								neçə  əsr  avropalılardan  əvvəl yazıb-yaratmış 
								olan Əbül  Həsən  Bəhmənyar, Əfzələddin  Xaqani  
								Şirvani,  Nəsirəddin  Tusi  və  b.  
								mütəfəkkirlər tərəfindən  deyilmişdir. 
								
								
								Məsələn, qanunauyğunluq  məfhumunun  
								mahiyyətinə  dair ilk dəfə məhz N.Tusi 
								yazmışdır: "Hər  bir  mürəkkəb  varlığın 
								özünəxas  olan  səciyyəvi  ümumi  
								qanunauyğunluq, xüsusiyyət  və  sistemi  vardır  
								ki, bu  onun  tərkibinə  daxil  olan  ünsür  və  
								elementlərdə  ayrı-ayrılıqda  təsadüf  edilməz, 
								insan  cəmiyyətində  də  elə  bir  
								qanunauyğunluq, xüsusiyyət  və  quruluş  və  
								sistem  vardır  ki, o, ayrı-ayrı, tək  adamda  
								ola  bilməz". 
								
								
								
								Dəyərlərdən  istifadədə  bəşəriliyə  nisbətən  
								milliliyə  üstünlük  verilməsi.  
								Əvvəla, bəzi  yeni  pedaqoji  ideyaların  
								qaynaqlarını  Rusiyada  və  ya  Avropada  deyil, 
								özümüzdə - Azərbaycanda, xalqımızın  uzaq  və  
								yaxın  keçmişində  axtarıb  tapmağa  çalışmışıq. 
								
								
								İkincisi, hər  hansı  pedaqoji  kateqoriyanı  
								və  ya  pedaqoji  məfhumu  səciyyələndirən  
								zaman  milli  dəyərləri  önə  çəkirik. Məsələn, 
								ilkin  tərbiyədə olduğu kimi: "Davranışla  
								əlaqədar  olan, ailə  və  cəmiyyət  üçün  
								faydalı  hesab  edilən  milli  və  ümumbəşəri  
								mənəvi  keyfiyyətlərin  adamlarda  
								formalaşdırılması  prosesi  ilkin  tərbiyədir". 
								
								
								Üçüncüsü, milli  pedaqogikada  belə  bir  
								strateji  məqsəd  ifadə  olunmuşdur: 
								"Sistemləşdirilmiş  milli  və  ümumbəşəri  
								dəyərlərin  gənc  nəsil  tərəfindən  
								mənimsənilməsi  yolu  ilə  Azərbaycanın  dövlət  
								müstəqilliyini, ərazi  bütövlüyünü, 
								sərhədlərinin  toxunulmazlığını  qorumağa  və  
								respublikamızı  inkişaf  etmiş  demokratik  
								dövlətlər  səviyyəsinə  qaldırmağa  qadir  olan  
								fəal  vətəndaşlar  yetişdirmək  təhsilin  uzaq  
								strateji  məqsədidir". 
								
								
								Dördüncüsü, təhsilin  məzmununda  Azərbaycanla, 
								onun  tarixi, təbiəti, elmi  və  mədəniyyəti  
								ilə  əlaqədar  olan  məlumatlar  
								gücləndirilmişdir. Fizika, riyaziyyat, kimya, 
								biologiya  və  s.  fənlər  sahəsində  
								Azərbaycan  alimlərinin  fəaliyyətlərindən  söz  
								açılır.  
								
								
								
								Elmi həqiqəti tam açmaq üçün ənənəvi pedaqogika 
								müddəalarının tənqidi təhlilinin aparılması. 
								Pedaqoji elmin  tədqiqat  mövzusundan  tutmuş 
								kateqoriyaları və aparıcı  məfhumlarınadək   
								anlayışlarının  tənqidi  təhlil  süzgəcindən  
								keçirilməsinə  və dəqiqləşdirilməsinə böyük 
								ehtiyac  var idi. Fikrimizi  ənənəvi  
								pedaqogikanın  tədqiqat  mövzusu məfhumuna dair 
								anlayışlarda  konkretləşdirək. Mütəxəssislərdən 
								biri üçün pedaqogika uşaqların 
								təlim-tərbiyəsini  öyrənir; digərinə  görə, bu  
								elm  şagirdlərin  təlim-tərbiyəsini  
								öyrənməlidir; üçüncü  qrupun  əqidəsincə, 
								pedaqogika  gənc  nəslin  təlim-tərbiyəsini  
								diqqət  mərkəzində  saxlamalıdır; insanların  
								təlim-tərbiyəsi  məsələlərini  öyrənməyi  
								tövsiyə  edənlər  də var; tərbiyə  məsələsini  
								deyil, təhsili  pedaqogikanın  tədqiqat  
								sahəsinə  aid  edənlər  də  mövcuddur. 
								Tərbiyəni  pedaqoji  elmin  tədqiqat  sahəsi  
								kimi  nəzərdən  keçirən  və  buna  əsas  kimi  
								əksəriyyətin  qəbul  etdiyini  deyənlər  də  
								var.   
								
								
								Pedaqoji elmin tədqiqat mövzusu barədə 
								B.P.Lixaçov milli pedaqogika  mövqeyinə tərəf 
								daha bir addım atmışdır: "Pedaqoji fəaliyyət  
								və  pedaqoji  proses  pedaqoji  elmin  
								predmetidir". 
								
								
								Lixaçovun yuxarıdakı fikrini milli pedaqogikaya 
								doğru atılan addım kimi ona görə 
								qiymətləndiririk ki, o, ənənəvi pedaqoqlar 
								arasında ilk dəfə pedaqoji prosesi pedaqoji 
								elmin tədqiqat sahəsinə aid edənlərdən biri 
								olmuşdur. Bununla belə, pedaqoji fəaliyyəti 
								pedaqoji prosesdən ayırmağın, onların arasında 
								"və" yazmağın yolverilməz olduğunu da qeyd 
								etməliyik. 
								
								
								Deməli, başlıca pedaqoji kateqoriya və 
								məfhumların qısa təhlili göstərir ki, getdikcə 
								mütəxəssislər pedaqoji prosesi pedaqoji elmin 
								tədqiqat sahəsi kimi qəbul etməyə meyillənməyə 
								başlamışlar. 
								
								
								
								Psixoloji qüvvələrin inkişafının nisbi mənada 
								müstəqil pedaqoji kateqoriya kimi qəbul 
								edilməsi. 
								Yuxarıda deyildiyi kimi, ənənəvi pedaqogikada 
								heç kəs psixoloji qüvvələrin nə özlərini, nə də 
								təlim zamanı onların inkişafını pedaqoji 
								kateqoriya kimi dilə gətirməmişdir. Buna 
								baxmayaraq, psixoloqlar arasında psixoloji 
								qüvvələrin təlimdə rolu barədə mübahisələr 
								getmişdir. Bəziləri sübut etməyə çalışmışlar ki, 
								psixoloji inkişaf təlimdən öndə getməlidir; 
								digərləri isə əksinə, düşünmüşlər ki, təlim 
								psixoloji inkişafı qabaqlamalıdır. 
								
								
								Psixoloqların fərqli tədqiqatlarından alınan 
								nəticələrin ikisi də milli pedaqogikada nəzərə 
								alınır. Çünki real həyatda psixoloji qüvvələr 
								təlimi qabaqlaya da, təlimin gedişində də, 
								təlimin nəticəsində də iştirak edə bilir. Belə 
								olduqda psixoloji qüvvələr təlimin də, 
								tərbiyənin də, təhsilin də ayrılmaz tərkib 
								hissəsinə çevrilir.  
								
								
								Nəticə olaraq, ənənəvi pedaqogikada qətiyyən 
								yada düşməyən psixoloji qüvvələrin inkişafı 
								milli pedaqogikada müstəqil kateqoriya kimi  
								təlim, tərbiyə və təhsil səviyyəsinə 
								qaldırılaraq pedaqoji prosesin tərkibinə  daxil 
								edilmişdir. Bu anlam müəllimə imkan verir ki, 
								məktəblərimizdə təlim-tərbiyə işinin səviyyəsini 
								daha da yüksəklərə qaldırsın. 
								
								
								
								Zərurət yarandıqda dərsliyə  müasir mövzuların 
								salınması. 
								Respublikanın dövlət müstəqilliyi şəraitinin 
								tələblərindən birisi vətəndaşlarının ağıllı 
								olmasıdır; yəni hər hansı addımı atmazdan əvvəl, 
								hər hansı sözü deməzdən əvvəl hansı nəticələr 
								verəcəyini qabaqcadan ətraflı düşünmək tələb 
								olunur. Bu səbəbdən də dərsliyə "Ağıl tərbiyəsi" 
								mövzusu daxil edilmişdir. 
								
								
								Ənənəvi pedaqogikaya aid  dərs vəsaitlərində 
								olmayan mövzulardan biri də müəllimin pedaqoji 
								prosesdə öz emosionallığını idarə etməyi 
								bacarmasıdır. Təcrübə göstərir ki,  bəzi 
								müəllimlərimiz təlim-tərbiyə zamanı bu və ya 
								digər üzrlü, yaxud üzrsüz səbəbdən əsəbiləşir, 
								əsəblərini cilovlaya bilmir, şagirdi (tələbəni) 
								təhqir edir, kobud hərəkətə və ya sözə yol verir, 
								sonradan üzr istəməsi az səmərəli olur. Bu 
								səbəbdən də "Pedaqoji prosesdə müəllimin öz 
								emosionallığını idarə etməyi bacarması" adlı 
								mövzu dərsliyə daxil edilmişdir.  
								
								
								
								Pedaqoji prosesin qanunauyğunluqları məsələsinin 
								gücləndirilməsi. 
								Məlum olduğu kimi, bütövlükdə pedaqoji elmin, 
								xüsusən pedaqogikadan dərslik və dərs 
								vəsaitlərinin ən zəif işlənmiş sahələrindən biri 
								pedaqoji prosesin qanunauyğunluqları məsələsidir. 
								Vəziyyəti nəzərə alaraq çalışmışıq ki, pedaqoji 
								qanunauyğunluqların açılmamış, qaranlıq qalan 
								cəhətlərinə aydınlıq gətirək. 
								
								
								Aparıcı sovet pedaqoqlarından M.A.Danilov və 
								M.N.Skatkinin "Didaktika sredney şkolı" adlı 
								kitabında təlimin qanunauyğunluğu belə ifadə 
								olunmuşdur: "Təlim və tərbiyədə şagirdlərin 
								fəallığı". Yaxud, "Pedaqogika" adlı kitabın 213-cü 
								səhifəsində qanunauyğunluqlardan biri belə 
								təqdim edilir: "Tərbiyədə fəaliyyət və ünsiyyət 
								ayrılmazdır". Qanunauyğunluqların bu cür qeyri-müəyyən 
								formada ifadəsini nəzərə alaraq milli 
								pedaqogikada nəinki ümumiyyətlə qanunauyğunluq, 
								nəinki pedaqoji qanunauyğunluq məfhumlarının 
								mahiyyətinə aydınlıq gətirilmiş, hətta ilk dəfə 
								pedaqoji qanunauyğunluqlar dörd qrupa 
								ayrılmışdır: 1. Pedaqoji elmin inkişaf 
								qanunauyğunluqları; 2. Pedaqoji  prosesin ümumi 
								qanunauyğunluqları; 3. Təlimin 
								qanunauyğunluqları; 4. Tərbiyənin 
								qanunauyğunluqları. 
								
								
								Pedaqoji prosesin 7 ümumi qanunauyğunluğu, 
								təlimin və tərbiyənin hərəsinə xas olan 13 
								qanunauyğunluq "Məktəb pedaqogikası"nda şərh 
								olunmuşdur. 
								
								
								Pedaqoji qanunauyğunluq nədir - sualına orada 
								belə cavab verilir: "Pedaqoji hadisələr arasında 
								davamlı təkrar olunan səbəb-nəticə əlaqələrinin 
								mahiyyətinin aydın və dəqiq ifadəsi pedaqoji 
								qanunauyğunluqdur".  
								
								
								
								Nurəddin KAZIMOV, 
								pedaqoji elmlər doktoru, professor,  
								əməkdar elm xadimi  |