| 
								 
								
								
								 Bildiklərimiz 
								və bilmədiklərimiz  
								
								
								1961-ci il aprelin 12-i. Bu gün dünya tarixinə 
								kosmosun fəthi günü kimi daxil olub. Həmin gün 
								ilk insan kosmosa uçub. Təyyarəçi Yuri Qaqarin 
								Yer kürəsi ətrafında dövr edən ilk insan olub. 
								Qaqarinin idarə etdiyi "Vostok-1" kosmik gəmisi 
								Yerin ətrafında saatda 27 min kilometr sürətlə 
								dövr edib. Bu  tarixi uçuş cəmi 108 dəqiqə davam 
								etmişdi. Uçuşun ən zirvə nöqtəsi Yerdən 327 
								kilometr yüksəklikdə olub. Bu uçuşda onun şifrli 
								ləqəbi "Kedr" olmuşdu. Bu şifrənin hazırlanması 
								general Kərim Kərimova həvalə olunmuşdu.  
								 
								
								
								1968-ci il martın 27-də Yuri Qaqarin və 
								təyyarəçi-təlimatçı Vladimir Seryogin  "MİQ-15" 
								təyyarəsində təlim uçuşları zamanı həlak olublar. 
								Yuri Qaqarinin müəmmalı ölümündən sonra  ilk 
								kosmonavtın son günləri və onun ölümünə yol 
								açmış sonuncu uçuş barədə  kifayət qədər 
								sensasion, mübahisə doğuracaq, bəzən də 
								heyrətləndirici fikirlər səsləndi. Yuri Qaqarin 
								barədə, kosmosu fəth etmiş ilk  insanın taleyi 
								haqqında Rusiya Federal Kosmik Agentliyinin 
								arxiv materiallarına istinadən maraqlı hesab 
								etdiyimiz materialları  oxucularımızla bölüşmək 
								istərdik.  
								
								
								
								"Getdik"  
								
								
								Qaqarin özünün 108 dəqiqəlik tarixi orbital 
								uçuşunu yerinə yetirəndə cəmi 27 yaşı vardı. İlk 
								kosmik uçuş 1961-ci il aprelin 12-də 
								Qazaxıstandakı Baykonur kosmodromundan başladı. 
								Yuri Qaqarin Sovet İttifaqının kosmosa göndərmək 
								üçün seçdiyi 20 kosmonavtdan biri idi. Sonradan 
								bu siyahı daha da qısaldılmış, orada yalnız iki 
								nəfərin - Yuri Qaqarin və German Titovun adları 
								qalmışdı. İki nəfərdən Qaqarinin seçilməsinə 
								səbəb onun daha sadə ailədən çıxması idi. 
								Qaqarin fəhlə oğlu idisə, Titovun atası ziyalı 
								idi. Bununla belə, qeyd edirlər ki, hər halda 
								əsas rolu kosmonavtın hazırlığı oynaya bilərdi. 
								1961-ci ilin əvvəllərindən ABŞ astronavtı Alan 
								Şepard orbitaltı uçuş üçün məşq edirdi. O, "Redstone" 
								adlı raketlə 1961-ci ilin mayında uçmalı idi. 
								Sovet kəşfiyyatı bu barədə məlumatlar əldə 
								etmişdi. Sovet kosmik proqramının rəhbəri Sergey 
								Korolyov  amerikalıların birinci olacağından 
								həmişə narahat idi. Buna görə də Yuri Qaqarinin 
								uçuşu  bir ay əvvələ, aprelin 12-ə nəzərdə 
								tutulmuşdu.  Arxiv materiallarına görə, ilk 
								uçuşun tarixini müəyyənləşdirmək və eləcə də 
								kosmosa ilk olaraq kimin uçması məsələsini həll 
								etmək üçün  Dövlət Komissiyası 1961-ci il 
								aprelin 1-dən 10-dək hər gün toplaşıb. Yerli 
								vaxtla saat 09:07-də start verilərkən Qaqarin 
								tarixə düşəcək bir kəlmə dedi: "Poyexali" - "Getdik". 
								Liftlə gəminin kabinəsinə qalxmazdan əvvəl 
								Qaqarin təbəssümlə bildirirdi: "Hə, qardaşlar, 
								bir nəfər hamı üçün, hamı bir nəfər üçün!". 
								Sonrakı sözləri isə hər bir kosmonavt əzbərdən 
								bilirdi. "Start qabağı bu dəqiqələrdə nə 
								söyləmək olar? Mənim bütün həyatım indi gözəl an 
								kimi görünür.  Əvvəllər yaşanılan hər şey bu 
								dəqiqələr üçün edilib. Bilirəm ki, tapşırığın 
								məsuliyyətini anlayaraq onu daha yaxşı yerinə 
								yetirmək üçün mən bütün iradəmi toplayacağam. 
								Gücüm çatan hər şeyi edəcəyəm. Mən sizə, əziz 
								dostlar, insanlar uzaq yola düşərkən həmişə bir-birinə 
								dediyi kimi, "Hələlik" deyirəm. Mən sizləri, 
								tanışları, tanımadıqlarımı, yaxınları və 
								uzaqları necə də qucaqlamaq istərdim".    
								
								
								
								İlk uçuşdan sonrakı həyatı  
								
								
								
								 108 
								dəqiqə Yuri Qaqarinin həyatını büsbütün dəyişdi.  
								Qırıcı-aviasiya polkunun təyyarəçisi bir an 
								içində dünyanın ən məşhur adamlarından biri oldu. 
								İlk kosmosa səfərindən sonrakı 3 il ərzində 
								müxtəlif ölkələrə səfərlər və görüşlər Qaqarinin 
								çox vaxtını aldı. Yuri möhkəm xarakterli insan 
								idi. 1964-cü ildə Qaqarin kosmonavtlar 
								hazırlayan Mərkəzin rəis müavini təyin olunur. 
								O, SSRİ Ali Sovetinin 6-7-ci çağırış deputatı, 
								Sovet-Kuba dostluq cəmiyyətinin sədri kimi 
								ictimai-siyasi iş aparırdı.  Qaqarin N.Jukovski 
								adına Hərbi-Hava Mühəndisləri  Akademiyasında 
								oxuyurdu və bir müddət onun uçuş təcrübəsi yox 
								idi, buna da səbəb onun ictimai fəaliyyəti idi.  
								6 illik fasilədən sonra Qaqarin 1967-ci ilin 
								dekabrında "MİQ-17"-də müstəqil uçuş edir, lakin 
								düzgün eniş  hesabı aparmadığına görə ikinci 
								cəhddən yerə enməli olub. Bu insident hakimiyyət 
								dairələrində qəza baş  verəcəyi  təqdirdə 
								populyar qəhrəmanı itirmək qorxusu yaradırdı. 
								 
								
								
								Yuri Qaqarin ölümünə 9 ay qalmış sovet 
								kosmonavtının Amerika ekipajı tərkibində və 
								əksinə uçması imkanlarını təklif etmişdi və qəti 
								rədd cavabı almışdı. Daha sonra Qaqarin 
								xoşməramlı jest kimi NASA-da olmagı xahiş 
								etmişdi, onun bu xahişi də rədd olunmuşdu.  SSRİ 
								hakimiyyət orqanları Qaqarinin təkliflərini  
								təhlükəli hesab edirdi;  Qaqarin bu təkliflərdən 
								sonra təyyarə ilə xaricə uça bilərdi. Son 
								vaxtlara qədər polkovnik Qaqarinin şəxsi işi 
								SSRİ DTK-nın Xüsusi şöbəsi üçün xüsusi 
								əhəmiyyətli dövlət sirri hesab olunub.     
								 
								
								
								
								Son uçuş...  
								
								
								 Uzun fasilədən sonra - 1967-ci ildə Qaqarin 
								yenidən uçmağa başladı. Bu dəfə Qaqarin özünü "MİQ-17" 
								təyyarəsində sınadı. Amma bu uçuş onun əvvəlki 
								bacarığını itirməkdə olduğunu göstərdi. Belə ki, 
								yerə enən zaman düzgün hesablama apara bilmədi 
								və uzun müddət hərbi hava limanının üzərində 
								dövrə vurmağa məcbur oldu. O, yenidən kosmosa 
								uçmaq niyyətində idi. Ona görə də Qaqarin inadla 
								məşq edir, unutduqlarını bərpa etməyə çalışaraq, 
								gecə-gündüz hava limanından ayrılmırdı. Bununla 
								belə, kosmonavtlar hazırlayan Mərkəzdə hamıya 
								aydın idi ki, Qaqarin artıq təkbaşına uçuş 
								etməyə hazır deyil və bu, onu faciəyə doğru 
								aparır. 1968-ci il mart ayının 27-də, Moskva 
								vaxtı ilə saat 10:18-də Qaqarin ve Seryogin 
								Çkalovsk aerodromundan növbəti sınaq uçuşuna 
								qalxdılar. Hava olduqca sakit və açıq idi. Sınaq 
								uçuşu üçün 20 dəqiqə nəzərdə tutulmuşdu. Amma 
								saat 10:30-da Qaqarin yerə enmək üçün icazə 
								istədi. Bundan sonra təyyarə ilə əlaqə kəsilir. 
								3 saatlıq axtarışdan sonra, saat 14:50-də 
								təyyarənin qalıqlarını uçuş-sınaq mərkəzindən 85 
								kilometr aralı, Novoselovo kəndi ətrafında 
								tapmaq mümkün olur. Bu, artıq son idi...  
								
								
								
								Araşdırmaların nəticələrinin açıqlanması qadağan 
								edildi  
								
								
								
								 Yuri 
								Qaqarinin müəmmalı ölümündən sonra  uzun müddət 
								müəmmalı qəzanın səbəblərinə dair rəsmi 
								məlumatlar  bir çoxları  tərəfindən skeptik 
								qarşılandı. 
								
								
								Qəza nəticəsində 2 Sovet İttifaqı Qəhrəmanı 
								həlak olmuşdu, onların meyitləri tanınmaz 
								vəziyyətə düşmüşdü. Qəza baş verən zaman 
								Qaqarinin 34 yaşı vardı və vaxtsız ölümdən qabaq 
								o, Aya göndəriləcək sovet ekspedisiyasına 
								rəhbərlik edəcək ən potensial namizəd hesab 
								olunurdu (bu sahədə amerikalılar 1969-cu ildə 
								rusları qabaqladı). Hadisədən sonra qəzanın 
								səbəblərini araşdıran hökumət komissiyası 
								yaradılıb. Qara xəbəri eşidən insanlar küçələrdə 
								ağlaşırdı. Minlərlə insan günlərlə onun cənazəsi 
								başında növbəyə durmuşdu. Araşdırmalarda 200-ə 
								yaxın ekspert iştirak edib, lakin araşdırmaların 
								nəticələrinin açıqlanması qadağan edildi və 30 
								cildlik məruzə arxivə göndərildi. 
								Araşdırmaçılara bildirildi ki, nəticələrin 
								açıqlanması ölkəni "pərişan" edə  bilər, 
								tezliklə bu iş ümumiyyətlə unuduldu.  
								
								
								
								Qaqarin niyə öldü...  
								
								
								27 mart 1968-ci ildə həqiqətdə nələr baş verib, 
								bu sualın birmənalı izahı yoxdur. Rusiya Federal 
								Kosmik Agentliyinin arxiv materiallarından 
								görünür ki, bu hadisənin başvermə səbəbləri ilə 
								bağlı müxtəlif versiyalar, şayiələr, fərziyyələr 
								mövcuddur.  Onlardan bəziləri bunlardır: səhv 
								hava proqnozu, şar-zondla, quşla toqquşma, digər 
								təyyarənin dolaşıq izinə düşmək, gözlənilmədən 
								baş vermiş maneəni ötmək üçün kəskin surətdə 
								kənara çəkilmək, "siyasi motivlərlə" təyyarənin 
								qəsdən sıradan çıxarılması, təyyarəçilərin 
								əsaslandırılmayan riskə getməsi və dərindən 
								götür-qoy etməməsi, uçuş zamanı texnikanın 
								sıradan çıxması. Digər versiyalara görə, 
								təyyarəçilər uçuş zamanı huşlarını itiriblər, 
								ayılanda isə hansısa tədbir görmək artıq gec 
								olub.  Onlar yad planetlilərin hücumuna məruz 
								qalıblar və s... "Smolenskiye novosti" qəzeti 5 
								mart 2004-cü il tarixli sayında Sovet İttifaqı 
								Qəhrəmanı  Pavel Popoviçin bu sözlərini sitat 
								gətirmişdi: "Əgər biz bir gün Yuri Alekseyeviçin 
								ölüm səbəbini öyrənəcəyiksə, bu, heç də tezliklə 
								olmayacaq".  
								
								
								Qəzanın başvermə səbəblərinin araşdırılması üzrə 
								3 hökumət komissiyası yaradılıb. Daha bir 
								komissiya mövcud idi ki, onun yaradılmasından 
								çoxlarının xəbəri olmayıb. Bir sıra ekspertlərə 
								görə, 4-cü komissiyada "çekistlər" işləyib, məhz 
								onların araşdırmaları "qərəzsiz" olub. Əks-kəşfiyyatın 
								arxiv materiallarına görə, Qaqarin məhz rus 
								səhlənkarlığının və başısoyuqluğun nəticəsində 
								həlak olub. 25 il Qaqarin adına kosmonavtlar 
								hazırlayan Mərkəzdə işləmiş və Ulduz 
								şəhərciyinin hərbi əks-kəşfiyyat şöbəsində 
								xidmət etmiş N.Rıbkin qeyd edirdi: "Sənədlər 
								arasında mən Qaqarinin təyyarəsinin qəzasına aid 
								kağızlara rast gəldim. Mən onları diqqətlə 
								öyrəndim. Məndə belə bir təəssürat yarandı ki, 
								Qaqarini əlbəttə ki, məqsədyönlü şəkildə ölümə 
								gətirməyiblər. Qaqarin ölməyib, Qaqarini 
								qorumayıblar...".   
								
								
								50-ci illərin sonlarında Qaqarinin müəllimi 
								olmuş təlimatçı-təyyarəçi A.Kolosov xeyli fərqli 
								düşünür: "Nə qədər qəmli olsa da, Qaqarinin 
								ölümünün səbəbi əsaslandırılmamış risk və 
								səhlənkarlıqdır. Təyyarəçilər 1100-1300 metr 
								hündürlükdə uçublar. Bu isə çox risklidir. Lakin 
								təyyarəçilər risk ediblər. Və uduzublar. Təyyarə 
								buludlar arasından çıxan zaman aydın olub ki, 
								hündürlük azdır, katapultasiya artıq gec idi. 
								Təyyarəni şığıma vəziyyətindən çıxarmaq üçün 
								azacıq hündürlük çatışmayıb". 
								
								
								Yuri Qaqarinin böyük qardaşı Valentin Qaqarin 
								qəzanın səbəbini belə izah edirdi: "Düşünürəm ki, 
								bu qəza əvvəlcədən diqqətlə işlənib 
								hazırlanmışdı. Bir adamın üzərində həddən artıq, 
								çox böyük şöhrət cəmlənmişdi. Onu polkovnik kimi 
								dəfn etdilər, lakin faktiki olaraq evdə general 
								şineli onun kürsüsündən asılmışdı. Bütün 
								generalitet onu  layiq olmadığı mövqeyi tutan 
								adam hesab edirdi, baxmayaraq ki, mən hesab 
								edirəm ki, onlar əslində ona qibtə edirdilər". 
								
								
								İki dəfə Sovet İttifaqı Qəhrəmanı,  təyyarəçi-kosmonavt 
								Boris Volnov da Qaqarinin həlak olduğu 18 bort 
								nömrəli "MİQ-15" təyyarəsində dəfələrlə uçub. O 
								hesab edir ki, Qaqarinin ölümünün səbəblərini 
								biz heç vaxt bilməyəcəyik. Qaqarinin çox 
								təcrübəli instruktor Seryoginlə uçduğunu qeyd 
								edən Volnova görə, faciənin hər hansı səhv 
								üzündən baş verməsi praktik olaraq mümkünsüzdür.
								 
								
								
								50 ildən sonra açıqlanmış rəsmi məlumatlara görə, 
								Qaqarinin ölümü təyyarənin kabinəsinin 
								hermetikliyinin pozulması nəticəsində baş verib. 
								  
								
								
								
								Neyl Armstronq: "O, bizi kosmosa çağırırdı"  
								
								
								Yuri Qaqarin bizim dünyamızı daha aydın, işıqlı, 
								xoşbəxt edib. Onun təbəssümü planetimizin hər 
								bir vətəndaşı üçün gələcəyin simvoluna çevrilib 
								və belə bir ümid yaradıb ki, xoşbəxtlik mütləq 
								baş verəcək. İnsanlar XX əsrdə baş vermiş ən 
								yaxşı hadisələri Qaqarinin adı ilə bağlayırlar. 
								Qaqarin bütün bəşəriyyətə məxsus idi. Onun uçuşu 
								Amerikada da böyük əks-səda doğurmuşdu. Məşhur 
								astronavt, Aya ilk ayaq basmış Neyl Armstronq 
								Qaqarinin uçuşundan vəcdə gələrək, "o, bizi 
								kosmosa çağırırdı" demişdi. 
								
								
								Planetin ilk kosmonavtının gözəl həyatı və 
								faciəli taleyi haqqında çoxsaylı filmlər çəkilib, 
								kitablar yazılıb, çoxcildli xatirələr toplanıb.
								 
								
								
								Lakin uzun illər Qaqarinin kosmosda keçirdiyi 
								108 dəqiqəlik uçuş təəssüratları insanlardan 
								gizlin saxlanılıb. Yalnız 1961-ci il aprelin 12-dən 
								- ilk insanın kosmosa uçmasından 30 il sonra 
								Yuri Qaqarinin  dünyanı ayağa qaldırmış 108 
								dəqiqəlik uçuş hesabatı dərc olunub. Uzun illər 
								Qaqarinin hesabatı  üzərində məxfilik qrifi 
								asılıb. Tam məxfilik kosmosda baş verənləri 
								xatırlamağı belə, qadağan edirdi. Lakin məhz 108 
								dəqiqəlik dramatik anlar Yuri Qaqarinin əsl 
								qəhrəmanlığının bütün miqyasını qiymətləndirməyə 
								imkan verir. "Yer kürəsini gəmi-peykdə dövr 
								edərkən mən planetimizin nə qədər gözəl olduğunu 
								gördüm. İnsanlar, bu gözəlliyi dağıtmayacaq, 
								qoruyacaq və daha da artıracağıq!".  
								
								
								...Yuri Qaqarinlə bağlı əfsanə və miflər çoxdur. 
								Onlardan biri barədə kosmos veteranlar şurasının 
								üzvü Dmitri Pankratov danışıb. Onun sözlərinə 
								görə, Qaqarin 1961-ci ilin iyulunda Krımda  
								ailəsi ilə  Müdafiə Nazirliyinin sanatoriyasında 
								dincəlirdi. Gecə vaxtı sahildən 50 metr kənarda 
								uzunluğu 2 metr olan dəniz minası partlayıb. Bir 
								neçə gün sakinləri sahilə yaxın  buraxmayıblar. 
								Sanatoriyada  istirahət edənlər arasında belə 
								bir şayiə yayılmışdı ki, amerikalılar Qaqarini 
								öldürmək istəyir.   
								
								
								Qızı Qalina xatırlayırdı ki, 27 yaşında Qaqarin 
								dünyanın ən tanınmış insanı - kosmosun Kolumbu, 
								Yerin oğlu, Kainatın vətəndaşı oldu. Qaqarin 
								ikinci dəfə kosmosa daha çətin və uzunmüddətli  
								uçuş  arzulayırdı. Lakin onu buraxmırdılar. "İlk 
								kosmonavt  simvoldur, riskə getmək olmaz!". 
								Qəzadan sonra hadisə yerində Qaqarinin 
								gödəkçəsinin bir parçası tapılıb. Cibində ərzaq 
								talonu, sürücülük vəsiqəsi, 40 rubl və Sergey 
								Korolyovun şəkli olub.   
								
								
								
								Hazırladı:  Oruc MUSTAFAYEV 
								Məqalədə Rusiya Federal Kosmik Agentliyinin 
								arxiv materiallarından istifadə olunub  
								  |