| 
								 
								
								
								Tale yolları müxtəlifdir. Ömür var ki, həyatın 
								bütün dönüm-döngələri ağrı-acısız yaşanır. Elə 
								həyat var ki, bir ilin dərdi-səri min aya bəs 
								eləyər. Bu sətirlər taledən şikayət kimi qəbul 
								olunmasın. Əslində elə jurnalist, qəzet 
								əməkdaşının işi çətin, çörəyi halal (söhbət saf 
								niyyətli və xoşməramlılardan gedir), həyat yolu 
								mənəvi dəyərə malik bir salnamədir, özünəxas, 
								seçilən, bir-birinə bənzəməyən bir həyat 
								tarixçəsidir. 
								
								
								
								*** 
								
								
								
								 İlk 
								tanışlıq. 
								
								1978-ci ilin avqust ayının sonları idi. Bakının 
								müxtəlif küçələrində ünvanlanmış qəzet və jurnal 
								redaksiyalarını (təkcə "Kommunist" qəzeti, "Azərbaycan 
								məktəbi" və s. mətbu orqanlardan savayı) bir dam 
								altında doğmalaşdıran "Kommunist" nəşriyyatının 
								(indiki "Azərbaycan") redaksiya korpusu 
								imzalarını oxuduğumuz insanlarla tanışlığa imkan 
								verirdi. "Azərbaycan müəllimi" ilə bir mərtəbədə 
								"İdman", "Ədəbiyyat və incəsənət" qəzetləri, 
								səkkizinci mərtəbədə "Azərbaycan gəncləri", "Molodyoj 
								Azerbaydjana", "Azərbaycan pioneri" yerləşirdi. 
								"Azərbaycan pioneri"ndə ağayana hərəkətləri ilə 
								o biri redaktorlar kimi cavanlarda xoş təəssürat 
								oyadan Əmrah Əmrahov kollektivə rəhbərlik edirdi. 
								Ara-sıra uşaq qəzetinə yazı aparır, çap olunanda 
								qonorar da alırdıq. Məsul katib Ədalət 
								Daşdəmirli idi və əliaçıqlıqla yazı dərc olunan 
								nömrədən bir neçə nüsxə bağışlayırdı. 
								
								
								... İllər ötürdü. Bir neçə qəzet və jurnal kimi 
								"Azərbaycan pioneri"nin də adı dəyişdirildi, 
								kollektiv təzələndi. "İdman" qəzetinin 
								otaqlarında "Naxçıvan" qəzeti fəaliyyətə başladı. 
								Düz 7 il - 1995-ci ildən 2002-ci ilə kimi Ədalət 
								Daşdəmirli həmin qəzetdə məsul katib kimi 
								çalışdı. 9 ildir ki, onun əmək bioqrafiyası 
								Azərbaycan təhsilinin salnaməsi olan "Azərbaycan 
								müəllimi" qəzeti redaksiyası ilə bağlıdır. 
								
								
								
								*** 
								
								
								Qəzetin 20 nəfərlik kollektivində hamının baş 
								çəkdiyi, tapşırılan işləri yerinə yetirəndən 
								sonra Şirvan yumoru ilə durulaşmaq istədiyi, hər 
								dördüncü gün, qəzet çıxan günü gecəyə qalanda 
								kollektiv duz-çörək kəsdiyi bir otaq var: 
								məktublar şöbəsi. Bu şöbənin müdiridir Ədalət 
								Daşdəmirli... 
								
								
								
								*** 
								
								
								Bəzən eyni kollektivdə çalışdığın əməkdaşlar 
								barədə çox az məlumatın olur. Günah kimdədir - 
								sualına müxtəlif cavablar vermək olar. Bir 
								başlıca səbəb var: həyatın gündəlik qayğıları... 
								Sətirlərin müəllifi olaraq taleyimizdən razıyıq: 
								hələ 2 il əvvəl "Azərbaycan müəllimi"nin 75 
								illiyi ilə bağlı irihəcmli kitab üzərində 
								işlərkən keçmiş əməkdaşlar, başqa redaksiyada 
								çalışanlar, hazırda kollektivin üzvü olanlar 
								barədə zəngin məlumat toplamışıq. Ədalət 
								Daşdəmirlinin özünün təqdim etdiyi bir səhifəlik 
								tərcümeyi-halının onun imzasını tanıyanlar, 
								qələm məhsullarını oxuyanlar üçün maraqlı 
								olacağına ümidvarıq.  
								
								
								
								Tərcümeyi-halından sətirlər  
								
								
								Tərcümeyi-hal var ki, bir neçə vərəqə sığmır. 
								Avtobioqrafiyası cəmi beş-altı cümlədə verilən 
								adamlar da var. Jurnalist ömrü çox qəribədir. 
								Fəaliyyəti boyu yüzlərlə soydaş, vətəndaş ömrünə 
								nəzər salır, haqqında geniş materiallar 
								hazırlayır, özü haqqında isə bir səhifə ilə 
								kifayətlənir. Əslində bu, təvazökarlıq deyil, 
								ilahi neməti olan sözlə insan həyatını 
								tarixləşdirən, insan əməyinə dəyər verən, insanı 
								sevindirən - jurnalist təsəllisidir... 
								
								
								
								*** 
								
								
								Mən, Daşdəmirli Ədalət Mirələm oğlu Şamaxı 
								rayonunun Məlikçobanı kəndində anadan olmuşam. 
								Orta məktəbi bitirdikdən sonra 1970-1975-ci 
								illərdə Azərbaycan Dövlət Universitetinin 
								jurnalistika fakültəsində təhsil almışam. 
								
								
								Əmək fəaliyyətimə 1975-ci ildə ədəbi işçi kimi 
								Şamaxı rayonunda çıxan "Yeni Şirvan" qəzeti 
								redaksiyasında başlamışam. 
								
								
								1976-cı ildən 1995-ci ilə kimi "Azərbaycan 
								pioneri" (sonrakı adı "Savalan") qəzetində məsul 
								katib vəzifəsində çalışmışam. 
								
								
								1995-2002-ci illərdə "Naxçıvan" qəzetində məsul 
								katib vəzifəsində işləmişəm. 
								
								
								2002-ci ildən bu günə kimi "Azərbaycan müəllimi" 
								qəzetində şöbə müdiri vəzifəsində çalışıram. 
								Respublikamızda müxtəlif illərdə nəşr edilmiş 
								qəzet və jurnallarda çoxlu sayda yazılarım dərc 
								edilib. SSRİ Jurnalistlər İttifaqının üzvü 
								olmuşam (1979), dəfələrlə Azərbaycan Komsomolu 
								Mərkəzi Komitəsinin fəxri fərmanları və "Lenin 
								yubiley" medalı ilə təltif edilmişəm. Azərbaycan 
								KİVİHİ-nin "Qızıl qələm" mükafatı laureatıyam. 
								
								
								Jurnalist həyatı qələmə aldığı, dərc etdirdiyi 
								müxtəlif janrlı məqalələrdə salnamələşir, duyğu 
								və düşüncələri sətirlərlə gələcək nəsillərə 
								çatdırılır. Yuxarıda qeyd olunan mətbu 
								orqanlarda dərc olunmuş yazılar, lap kiçik bir 
								informasiya belə, insan təfəkkürünün məhsuludur. 
								Bu mənada Ədalət Mirələm oğlunun məqalələrinin 
								dil-üslub xüsusiyyətləri seçilir. Onun 
								Azərbaycanın Milli Qəhrəmanları ilə bağlı 
								silsilə yazılarında vətən oğullarının 
								şücaətindən doğan bir qürur hissi, həm də 
								şəhidlərin xatirəsinə sonsuz hörmət və ehtiram 
								duyğusu ifadəsini tapıb. Yaxud, xalq yazıçısı, 
								akademik Mirzə İbrahimov barədə məqaləsi, həqiqi 
								mənada jurnalist araşdırmasının uğurudur. Bu 
								baxımdan yanaşanda onun məktubların izi ilə 
								araşdırmaları, reyd yazıları bir ömrün qəzet 
								səhifələrində əbədiləşmiş saatlarının 
								əbədiləşməsidir.  
								
								
								
								Kövrək duyğuların ifadəsi  
								
								
								Ədalət müəllim həm də orijinal publisistik 
								üsluba malikdir. Onun 1 sentyabr 2006-cı ildə 
								dərc olunmuş "Səndən sonra" yazısından bir 
								parçanı oxuyuruq: 
								
								
								Bir amansız ölüm səni bizdən əbədi ayırmaq üçün 
								yaman tələsdi. Biz isə Sənin kimi bir əziz 
								insanın, mehriban müəllimin, istəkli alimin, 
								əvəzsiz qardaşın qəfil bu fani dünyadan 
								köçməsinə heç inanmadıq... Göz yaşımız ümman 
								oldu, qəlb evimiz sənsiz qaldı, Səndən sonra... 
								
								
								Görən necə deyim, övladların atasız, bacıların 
								qardaşsız, qardaşların qardaşsız, bir də o 
								Mələyin Mirsahibsiz qaldı, Səndən sonra... 
								
								
								Bax, beləcə bu nağıllı, bu bayatılı, bir ucu 
								gəlimli, bir ucu gedimli dünyanın puçluğuna, 
								yalan dünya olduğuna biz bir daha inandıq, 
								Səndən sonra... 
								
								
								
								*** 
								
								
								Ədalət Daşdəmirli 2008-ci ildə nəşr olunmuş "Qırmızı 
								qaranlıqlar içində işıq" (Bakı: "Azərbaycan" 
								nəşriyyatı, 290 səh.) kitabının redaktorudur. 
								Təhsil naziri, əməkdar elm xadimi Misir 
								Mərdanovun rəhbərliyi ilə hazırlanıb nəşr 
								olunmuş "Azərbaycan müəllimlərinin I-XII 
								qurultayı" (2008), "Azərbaycanın təhsil 
								nazirləri" (Bakı, 2011) kitablarının 
								tərtibçilərindən biridir. Xüsusən sonuncu 
								kitabın materiallarının toplanılması kimi çətin 
								işdə onun fədakar əməyi təqdirəlayiqdir. 
								
								
								Onun uşaqların həyatından bəhs edən "Gəlin 
								birlikdə gülək" adlı kitabı yaxınlarda nəşr 
								olunacaq. 
								
								
								
								*** 
								
								
								Beləcə bir jurnalist, bir qəzet şöbəsinin 
								redaktorunun həyatına qısaca bir nəzər saldıq. 
								Bu günlərdə - noyabrın 19-da yaxşı qardaş, 
								fədakar ata, mehriban dayı, şirin söhbətli 
								babanın - Ədalət Mirələm oğlu Daşdəmirlinin 60 
								yaşı tamam olur. 36 ildir ki, sözün hikmətinə 
								sığınaraq sözün vasitəsilə pedaqoji aləmə xidmət 
								etmək əsl fədakarlıqdır. Qələm dostumuza 
								cansağlığı və uğurlar arzulayırıq.  
								
								
								
								Şamxəlil MƏMMƏDOV, 
								respublikanın əməkdar jurnalisti, 
								 
								
								
								
								Nizami MİRZƏ, 
								"Təhsil" jurnalı baş redaktorunun müavini  |