| 
								 
								
								 Kamran 
								Nəbi oğlu Rəhimov 1928-ci ildə Naxçıvan Muxtar 
								Respublikası Şərur rayonunun Qarabağlar kəndində 
								dünyaya göz açıb. Qeyri-adi qabiliyyəti, elmə, 
								biliyə marağı sayəsində Naxçıvan ikiillik 
								Müəllimlər İnstitutunun tarix, dil-ədəbiyyat 
								fakültəsinə qəbul edilib. 1945-ci ildə institutu 
								fərqlənmə diplomu ilə bitirib, Azərbaycan Dövlət 
								Universitetinin (indiki BDU) tarix fakültəsinə 
								daxil olub. Ali təhsilini başa vurduqdan sonra 
								universitetin yeni tarix kafedrasında baş 
								müəllim kimi saxlanılıb. 1954-cü ildə Kamran 
								Rəhimov Partiya Tarixi İnstitutunun 
								aspiranturasına qəbul olunub, Azərbaycan KP MK-nın 
								nəzəri-siyasi jurnalı olan "Azərbaycan 
								kommunisti"nə şöbə müdiri vəzifəsinə göndərilib. 
								1959-1962-ci illərdə baş redaktorun müavini, 
								1962-ci ildən 1975-ci ilə qədər baş redaktor 
								vəzifəsində çalışıb. 
								
								
								Jurnalda işləyə-işləyə elmi və müəllimlik 
								fəaliyyətini davam etdirib, universitetdə 
								saathesabı mühazirələr oxuyub. 1958-ci ildə 
								namizədlik, 1966-cı ildə Azərbaycan Dövlət 
								Universitetinin böyük elmi şurasında, 1967-ci 
								ildə isə SSRİ Ali Attestasiya Komissiyasının 
								plenumunda doktorluq dissertasiyası müdafiə edib. 
								
								
								Kamran Rəhimov bir sıra monoqrafiya, dərslik, 
								çoxsaylı elmi-nəzəri və publisistik məqalələrin 
								müəllifidir. 
								
								
								Dəfələrlə Moskvanın, keçmiş müttəfiq 
								respublikaların və bir sıra digər ölkələrin 
								mətbuat orqanlarında aktual nəzəri mövzularda 
								məqalələrlə çıxış edib. Azərbaycan 
								Respublikasında yeganə alimdir ki, Moskvanın "Kommunist" 
								jurnalında iki dəfə nəzəri-elmi məqaləsi dərc 
								olunub. 
								
								
								 Kamran 
								Rəhimov Azərbaycan KP Naxçıvan Vilayət 
								Komitəsinin birinci katibi işlədiyi dövrdə 
								(1975-1983) sənaye obyektləri, dəryaçalar, meyvə 
								və üzüm bağları, heyvandarlıq kompleksləri 
								tikilib istifadəyə verilib. Azərbaycan EA-nın 
								Naxçıvan Elmi Mərkəzinin fəaliyyəti 
								canlandırılıb. 
								
								
								Həmin illərdə mədəniyyət sahəsində də 
								nəzərəçarpan işlər görülüb. Naxcıvan, Ordubad 
								şəhərlərində, Şahbuz qəsəbəsində, vilayətin bir 
								çox kəndlərində mədəniyyət sarayları tikilib 
								istifadəyə verilib. Bütün rayonlarda 
								ölkəşünaslıq muzeyləri yaradılıb, tariximizin 
								qədim yadigarlarının ermənilər tərəfindən 
								oğurlanıb aparılmasının qarşısı alınaraq 
								eksponatlar həmin muzeylərdə cəmləşdirilib. 
								
								
								1983-cü ildə professor Kamran Rəhimov Azərbaycan 
								Respublikasının xalq maarifi naziri vəzifəsinə 
								təyin edilib. Xalq maarifi naziri kimi o, bir 
								sıra layihələrin həyata keçirilməsi işinə 
								başlayıb. 
								
								
								Kamran Rəhimov erməni və gürcü məktəblərində 
								Azərbaycan tarixinin, Azərbaycan dilinin, 
								ədəbiyyatının, coğrafiyasının tədris edilməsi 
								məsələsini gündəmə gətirib. SSRİ Nazirlər 
								Sovetinin 1962-ci il tarixli 230 nömrəli 
								qərarına istinad edərək, erməni və gürcü 
								məktəblərində həmin fənlərin tədris edilməsi 
								haqqında göstəriş verilib, bu dərsliklərin 
								erməni və gürcü dillərinə tərcümə edilməsinə 
								başlanılıb. Yuxarı siniflər üçün "Azərbaycan 
								tarixi" erməni dilinə tərcümə edilərək erməni 
								məktəblərinə göndərilib. 
								
								
								 1986-cı 
								ildə SSRİ maarif işçiləri nümayəndə heyətinin 
								rəhbəri kimi Kamran Rəhimov Belçikada olarkən 
								ümumi təhsilin vəziyyəti, müəllim kadrların 
								hazırlanması prosesi ilə ətraflı maraqlanıb. 
								Belçika məktəblərinin kompüterləşdirilməsi onun 
								diqqətini xüsusilə cəlb edib. Bununla da ölkədə 
								keçirilən məktəb islahatında tədris ocaqlarının 
								kompüterləşdirilməsi öz əksini tapıb. Kamran 
								Rəhimov bütün rayon məktəblərində kompüter 
								siniflərinin yaradılmasına xüsusi diqqət yetirib. 
								Maarif Nazirliyinin tikinti tresti yanında 
								müvafiq mütəxəssislərdən ibarət qrup yaradılır 
								və həmin qrup lazımi avadanlıqlarla təchiz 
								olunur, müəllimlər üçün kurslar təşkil edilir. 
								
								
								Qısa müddətdə bir çox ümumtəhsil məktəblərində 
								Yaponiyadan və Moskvadan gətirilmiş kompüterlər 
								quraşdırılır. Təhsil müəssisələrinin kütləvi 
								kompüterləşməsinin aktuallığını nəzərə alaraq, 
								Bakı Radio Zavodunun orta məktəblər üçün 
								kompüter istehsalı üzrə ixtisaslaşdırılması 
								məsələsi qaldırılır. Bu təşəbbüs bəyənilərək 
								müvafiq qərar qəbul edilir, Bakı kompüterinin 
								ilk nümunəsi hazırlanır. 
								
								
								1988-ci ildə respublikanın Maarif, Ali və Orta 
								İxtisas Təhsili nazirlikləri, Texniki Peşə 
								Təhsili Komitəsi vahid bir qurumda 
								birləşdirilərək, Azərbaycan Respublikası Xalq 
								Təhsili Nazirliyi yaradılır. Yeni nazirliyin 
								strukturu müəyyənləşdirilərkən professor Kamran 
								Rəhimov xalq təhsili nazirinin birinci müavini 
								təyin olunur. 
								
								
								Kamran Rəhimov Milli Məclisin üzvü kimi 
								Azərbaycan nümayəndə heyətlərinin tərkibində 
								dəfələrlə xarici ölkələrdə səfərlərdə olub. 
								
								
								Əməkdar elm xadimi, tarix elmləri doktoru, 
								professor Kamran Rəhimov 2007-ci ildə vəfat edib.  |