| 
								 
								
								Məlum olduğu kimi, hər il qəbul  imtahanlarından 
								sonra TQDK  imtahana düşən sualların 
								abituriyentlər tərəfindən  cavablandırılma  
								səviyyəsinin elmi-statistik təhlilini aparır,  
								abituriyentlərin ən çox çətinlik çəkdiyi imtahan 
								suallarını müəyyən edir. Sonradan bu cür 
								sualların həlli yolları  "Abituriyent" 
								jurnalında  dərc olunur. Buna, habelə müxtəlif  
								hazırlıq  üsullarından və vəsaitlərindən  
								istifadə  etməklə  imtahana ciddi  
								hazırlaşmalarına baxmayaraq,     
								abituriyentlərin bir qismi  səhvlərdən tam qaça  
								bilmir. Bu tipik səhvlər, demək olar ki, hər il 
								təkrarlanır. Sual olunur: Problemin kökü nədədir? 
								
								
								Hörmətli oxucuların, xüsusilə də kimya 
								müəllimlərinin diqqətini  hər il kimya fənni 
								üzrə  şagirdlərin ən çox çətinlik çəkdiyi  
								mövzulara  yönəltmək  istərdim.  TQDK-nın 
								təcrübəli ekspertlərinin  rəyinə və şəxsi 
								pedaqoji təcrübəmə əsaslanaraq,   həmin 
								mövzuların siyahısını  aşağıdakı  kimi vermək 
								olar: 
								
								
								
								* 
								Kimyəvi reaksiyaların sürəti və tarazlıq təlimi; 
								
								
								
								* 
								Dövri sistem və kimyəvi rabitə bölmələrinin 
								inteqrasiyası; 
								
								
								
								* 
								Kimyəvi rabitə, xüsusilə hibridləşmə haqqında 
								təlimin üzvi maddələrə tətbiqi; 
								
								
								
								* 
								Məhlullar, hidroliz, elektroliz  bölmələri; 
								
								
								
								* 
								Üzvi maddə  molekullarında atomların qarşılıqlı 
								təsirinin kimyəvi reaksiyaların  gedişinə təsiri; 
								
								
								
								* 
								Aminturşular və polimerlər kimyası; 
								
								
								
								* 
								Qarışıq maddə sistemlərinin kimyəvi ayrılma 
								üsulları; 
								
								
								
								* 
								Eyni vaxtda həm hesablama, həm də kimyəvi 
								prosesin mexanizminin aydınlaşmasını tələb edən 
								testlər. 
								
								
								İstənilən problem vaxtında aradan 
								qaldırılmalıdır. Yuxarıdakı mövzuların  çoxu 
								VIII və IX siniflərdə tədris olunur. 
								Abituriyentlərin böyük hissəsi isə onlara xeyli 
								gec, yəni X və XI siniflərdə ciddi fikir verməyə 
								başlayır. Ona görə də  bu mövzuların vaxtında, 
								səmərəli yollarla tədrisi şagirdlərdə lazımi 
								məqamda motivasiyanın yaranmasına kömək edə 
								bilər. İş təcrübəmə əsaslanaraq yuxarıdakı 
								mövzuların sinifdə səmərəli tədrisi ilə bağlı 
								əldə etdiyim bəzi nəticələri hörmətli oxucularla 
								bölüşmək istərdim.  
								
								
								VIII  sinifdə sürət və tarazlığa dair dərsləri 
								keçərkən təlim prosesinin yaradıcı tətbiqetmə 
								mərhələsində şagirdlərin aşağıdakılara  aid  
								məntiqi testlər üzərində işləməsi daha çox  
								fayda verərdi: 
								
								
								
								* 
								Kimyəvi reaksiyanın sürətinə kütlələrin təsiri 
								qanununun tətbiqi; 
								
								
								
								* 
								Maddənin ilkin, sərf olan və tarazlıq 
								qatılıqları arasındakı münasibətə aid testlər;
								 
								
								
								
								* 
								İxtiyari həcmli qabda baş verən  dönər 
								reaksiyanın tarazlıq sabitinin tapılması. 
								
								
								Dərslərimdə şagirdlər  kimyəvi  reaksiyaların  
								sürəti və tarazlığı üzrə mümkün eksperimental 
								tapşırıqları yerinə yetirir, nəticələrə 
								əsaslanaraq mükəmməl təqdimatlar hazırlayır,   
								mövzu ətrafında ciddi müzakirə aparırlar. 
								 
								
								
								IX  sinifdə  kimyəvi rabitə öyrədilərkən  mütləq   
								VIII  sinifdə keçilmiş   "Dövri sistem və qanun" 
								bölməsi ilə fəndaxili  əlaqə yaradıram və dərsin 
								tətbiqetmə mərhələsində  şagirdlərim  bu əlaqəni 
								göstərən məntiqi testlər üzərində işləyirlər. 
								Məsələn: elektron quruluşu haqqında hər hansı 
								formada məlumat verilmiş iki naməlum element 
								atomu  arasında hansı  tip  rabitənin yaranacağı,  
								məlum rabitəyə görə elementin  dövri cədvəldə 
								mövqeyinin təyini  və s. 
								
								
								Hidroliz, elektroliz kimi mövzuların tədrisi 
								zamanı məhlullar mövzusu ilə sıx  inteqrasiyanın  
								yaradılması çox vacibdir. Bunu nəzərə alaraq, 
								şagirdlərin diqqətini elektrolizə  uğrayan duz 
								məhlullarında  duzun kütlə payının  zamandan 
								asılılıq formaları , məhlulun qatılığı ilə 
								hidroliz dərəcəsi arasındakı asılılıq və s. 
								məsələlərə yönəldirəm. 
								
								
								Qarışıqların kimyəvi ayrılma üsullarına  dair 
								mövzunu keçərkən şagirdlər  bir sıra   
								eksperimental  tapşırıqlar  yerinə yetirir,  bu 
								isə müvafiq testləri daha asan  və  sərbəst  
								həll etməyə kömək edir. 
								
								
								Üzvi  kimyadan şagirdlər daha çox ümumiləşdirici  
								sualların cavablandırılmasında çətinlik çəkirlər. 
								Təcrübəmdən deyə bilərəm ki, problemin həlli 
								yollarından biri üzvi kimyanın tədrisində 
								fəndaxili  və fənlərarası əlaqələrin 
								gücləndirilməsindədir. Məsələn, üzvi 
								birləşmələrdə hibridləşmə  proseslərinin  
								təcrübi modelləşməsini apararaq və İKT-nin 
								imkanlarından istifadə edərək hibridləşmənin  
								şagirdlər tərəfindən  daha  səmərəli  yollarla  
								dərk edilməsinə nail oluram.  
								
								
								Fəndaxili əlaqələri gücləndirmək   üçün   
								şagirdlərə  üzvi maddələrin  genetik əlaqələrinə   
								aid olan  çeşidli məntiqi çalışmalar verirəm.  
								Məsələn, XI sinifdə  "Mürəkkəb efirlər" 
								mövzusunu keçərkən şagirdləri qruplara  bölür və 
								hər qrupa genetik əlaqəyə aid  aşağıdakı 
								tapşırıqları verirəm:  
								
								
								I qrup: metan→asetilen→sirkə aldehidi→sirkə 
								turşusu→etil-asetat; 
								
								
								II qrup: etan→etilen→etil spirti→divinil→butan→sirkə 
								turşusu→metil-asetat; 
								
								
								III qrup: etil-formiat→etanol→etilen→asetilen→benzol→fenol  
								
								
								Hər bir qrup yuxarıdakı tapşırığa uyğun olaraq 
								genetik əlaqə çevrilmələrinə aid reaksiya 
								tənliklərini yazır. 
								
								Bu zaman  zəncirin hər həlqəsində duran maddənin 
								xassələri və tərkibindəki karbon atomlarının 
								hibridləşmə vəziyyəti digərləri ilə müqayisə 
								edilir. Təqdimat zamanı bir qrupun işi digər 
								qruplarla  birgə müzakirə edilir. Bu cür 
								tapşırıqların əsas əhəmiyyəti odur ki, şagird  X 
								və XI sinifdə  öyrəndiyini sıx əlaqələndirə 
								bilir. 
								
								
								Təlim prosesində  fənlərarası əlaqənin müxtəlif 
								formalarından istifadə edirəm. Məsələn, üzvi 
								maddələrin  molekul  strukturunu tədqiq edərkən 
								sinifdə elə bir şərait yaradıram ki, şagirdlər  
								həndəsənin stereometriya  bölməsindən  aldıqları 
								biliklərin köməyi ilə  müstəqil olaraq molekulun 
								fəza modelini dəqiq yarada bilsinlər. Şəxsi 
								təcrübəmdən deyə bilərəm ki, tetraedr (dördüzlü 
								piramida) haqqında şagirdin həndəsi bilikləri 
								zəif olduqda o, metan molekulunun fəza 
								quruluşunu yaxşı dərk edə bilmir.  Habelə 
								şagirdlər fizikadan   MKN-nin (Molekulyar 
								Kinetik Nəzəriyyə) əsas  mahiyyətini yaxşı 
								bilmədikdə qaz halında olan  qeyri-üzvi və üzvi 
								maddələrə aid  testlərdə çətinlik çəkirlər. 
								
								
								Beləliklə, yuxarıda adıçəkilən mövzuları tədris 
								edərkən, ilk növbədə, fəndaxili inteqrasiyanı 
								yüksək səviyyədə qurmaq  lazımdır.  Daha sonra 
								şagirdin biliyinin, xüsusilə də bacarıqlarının  
								yoxlanılmasında yalnız  testlərlə 
								kifayətlənməyib,  onlara sistemli şəkildə çoxlu  
								sayda eksperimental  tapşırıqlar vermək lazımdır. 
								
								
								Pedaqoji təcrübəmə əsaslanaraq əminliklə deyə 
								bilərəm ki, müvafiq  tədris materialını mexaniki 
								əzbərlətmək əvəzinə  kimya müəllimi dərslərində 
								şagirdlərin diqqətini daha çox   fəndaxili 
								əlaqələrə yönəltməli, eksperimental işlərin 
								çeşidini artırmalıdır.    
								
								
								
								Rəvan MƏMMƏDOV,  
								Azərbaycanın  Milli  Qəhrəmanı   
								Mübariz  İbrahimov adına Biləsuvar  
								Liseyinin   kimya müəllimi   |