| 
								 
								
								  
								
								2011-ci ilin dekabr ayında Azərbaycanın görkəmli 
								tarixçisi və şərqşünas alimi, tanınmış ictimai 
								xadim, tarix elmləri doktoru, professor, Dövlət 
								mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, 
								akademik Ziya Musa oğlu Bünyadovun anadan 
								olmasının 90 ili tamam olur. 
								
								Zəngin və çoxşaxəli yaradıcılığı sayəsində Ziya 
								Bünyadov respublikamızda tarix elminin yeni 
								mərhələyə yüksəldilməsi işinə layiqli töhfələr 
								vermişdir. Azərbaycan tarixinin müxtəlif 
								dövrlərinə dair uzun illər ərzində meydana 
								gətirdiyi fundamental tədqiqatlar, eləcə də orta 
								əsrlərə aid çox sayda mənbələrin tərcüməsi ilə 
								yanaşı, onlara yazdığı geniş şərhlər alimə böyük 
								şöhrət qazandırmışdır. Azərbaycanda yeni 
								ərəbşünas tarixçilər nəslinin formalaşmasında 
								onun fəaliyyəti təqdirəlayiqdir. 
								
								 Azərbaycan Respublikası Konstitusiyasının 
								109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 
								ölkəmizdə tarix elminin inkişafı sahəsində 
								müstəsna xidmətlər göstərmiş akademik Ziya 
								Bünyadovun 90 illik yubileyinin keçirilməsini 
								təmin etmək məqsədilə 
								
								  
								
								
								
								QƏRARA ALIRAM:  
								
								1. Azərbaycan Milli Elmlər Akademiyası 
								Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə 
								birlikdə akademik Ziya Bünyadovun 90 illik 
								yubileyinə həsr olunmuş tədbirlər planını 
								hazırlayıb həyata keçirsin. 
								
								2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 
								bu sərəncamdan irəli gələn məsələləri həll etsin. 
								
								
								
								İlham ƏLİYEV, 
								Azərbaycan Respublikasının Prezidenti 
								Bakı şəhəri, 24 noyabr 2011-ci il  |