| 
								 
								 Dekabrın 
								1-də Bakıdakı "Park İNN" otelində "Biliyə 
								əsaslanan cəmiyyətdə müəllimlərin 
								kompetensiyaları: siyasət, pedaqogika, sosial 
								vərdişlər" mövzusunda beynəlxalq konfrans öz 
								işinə başladı. Tədbirin təşkilatçıları YUNESKO, 
								Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə 
								və İnformasiya Texnologiyaları Nazirliyidir. 
								Konfransın Azərbaycanda keçirilməsinin 
								təşəbbüskarı YUNESKO-nun Təhsildə İnformasiya 
								Texnologiyaları İnstitutudur.   
								
								Konfransın əsas məqsədi biliyə əsaslanan 
								cəmiyyətdə müəllimlərin başlıca kompetensiyaları 
								(İKT, pedaqoji və sosial kompetensiyalar) 
								əsasında onların peşəkar inkişafı ilə bağlı 
								strategiya, istiqamət və təcrübə ətrafında fikir 
								mübadiləsinin aparılmasıdır. Konfransda təhsil 
								nazirinin müavini Qulu Novruzov, rabitə və 
								informasiya texnologiyaları nazirinin müavini 
								Elmir Vəlizadə, YUNESKO-nun Təhsildə İnformasiya 
								Texnologiyaları İnstitutunun direktoru Dendev 
								Badarç,  20-dən çox beynəlxalq ekspert və 60 
								yerli mütəxəssis iştirak edirdi. Ekspertlər 
								Rusiya, Malayziya, Slovakiya, Finlandiya, 
								Niderland, Ukrayna, İtaliya, Turkiyə, Litva və 
								Belarusu təmsil edirlər.  
								
								Qeyd edək ki, YUNESKO-nun Təhsildə İnformasiya 
								Texnologiyaları İnstitutunun (TİTİ) əsas 
								məqsədlərindən biri təhsildə informasiya və 
								kommunikasiya texnologiyalarının tətbiqi üzrə 
								proqramların işlənib hazırlanmasına və 
								reallaşdırılmasına dəstək göstərmək, həm bütün 
								dünyanın, həm də ayrı-ayrı ölkələrin tələblərinə 
								istiqamətlənən proqramlar həyata keçirməkdir. Öz 
								statusu və funksiyaları çərçivəsində TİTİ bütün 
								səylərini təhsil və tədrisə yardım imkanlarının 
								genişləndirilməsi, informasiya texnologiyaları 
								sahəsində milli potensialın gücləndirilməsi, 
								təhsildə rəqəmsal qeyri-bərabərliyin aradan 
								qaldırılması və hamının təhsil ala biləcəyi 
								cəmiyyətin formalaşmasına dəstək göstərilməsi 
								istiqamətinə yönəldir. 
								
								TİTİ həmçinin texniki peşə təhsili sahəsində İKT-nin 
								tətbiqi üzrə geniş təcrübə toplayıb. 2001-ci 
								ildə institut tərəfindən "Texniki peşə 
								təhsilində informasiya və kommunikasiya 
								texnologiyaları" layihəsi həyata keçirilib və bu 
								istiqamətdə bir sıra mühüm nəticələr əldə edilib. 
								
								Tədbiri giriş sözü ilə açan təhsil nazirinin 
								müavini Qulu Novruzov öncə konfrans 
								iştirakçılarını təhsil naziri Misir Mərdanovun 
								adından salamlayaraq ölkəmizdə İKT-nin və digər 
								sahələrin inkişafında mühüm rol oynayacaq 
								konfransın əhəmiyyətindən danışdı. Bildirdi ki, 
								Azərbaycanın inkişaf strategiyasının yerinə 
								yetirilməsi məqsədilə dünyanın ən qabaqcıl 
								təcrübəsinin öyrənilməsi və təhsildə daha 
								səmərəli, effektiv tətbiqi üçün sistemli olaraq 
								bir çox proqram və layihələr reallaşdırılır.  
								 
								
								Son illər İKT-nin tətbiqi ilə bağlı kadrların 
								hazırlanması, elektron təhsil və elektron 
								idarəetmənin həyata keçirilməsi nəticəsində bir 
								çox uğurların əldə edildiyini vurğulayan təhsil 
								nazirinin müavini Qulu Novruzov "2008-2012-ci 
								illərdə Azərbaycan Respublikasının təhsil 
								sisteminin informasiyalaşdırılması üzrə Dövlət 
								Proqramı" çərçivəsində görülən işlər haqqında 
								məlumat verdi. 
								
								Tədbirdə çıxış edən  rabitə və informasiya 
								texnologiyaları nazirinin müavini Elmir Vəlizadə 
								qloballaşan cəmiyyətimizdə təhsilin inkişaf 
								etdirilməsində İKT-nin xüsusi əhəmiyyət kəsb 
								etdiyini iştirakçıların nəzərinə çatdırdı. 
								E.Vəlizadə son illər respublikamızda bütün 
								sahələrin dinamik inkişaf etdiyini vurğulayaraq 
								belə konfransların keçirilməsini təqdirəlayiq 
								hal kimi qiymətləndirdı. 
								
								YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları 
								İnstitutunun direktoru Dendev Badarç çıxış 
								edərək bildirdi ki, müəllimlər İKT-dən səmərəli 
								şəkildə istifadə etməlidirlər. İKT-nin 
								tətbiqində bacarıqlı müəllimlərin xüsusi rol 
								oynadığını nəzərə çatdıran Dendev Badarç qeyd 
								etdi ki, tədrisin əsas komponenti müəllim-şagird 
								münasibətləridir. Bu münasibətlərin inkişaf 
								etdirilməsi və daha effektiv olmasında onlayn və 
								virtual tədrisin xüsusi rolu var. 
								
								Tədbirin plenar iclasında Azərbaycan 
								Respublikası Müəllif Hüquqları Agentliyinin 
								sədri Kamran İmanov, Distant Təhsil üzrə Milli 
								Mərkəzin təhsil üzrə direktoru, YUNESKO-nun 
								Təhsildə İnformasiya Texnologiyaları 
								İnstitutunun İdarəetmə Şurasının sədri Bernard 
								Kornü, Rusiya Elmlər Akademiyasının Kompüter 
								Mərkəzinin baş elmi işçisi, YUNESKO-nun Təhsildə 
								İnformasiya Texnologiyaları İnstitutunun 
								eksperti Aleksandr Uvarovun və başqalarının 
								müxtəlif mövzularda məruzələri dinlənildi.
								 
								
								Tədbir plenar iclaslar və müəllimlərin İKT 
								sahəsində kompetensiyaları, açıq təlim 
								resursları və peşə təhsilinin inkişafı mövzuları 
								üzrə işçi qruplarda müzakirələr aparılmaqla 
								davam etdirildi. 
								
								Konfrans dekabrın 2-də öz işini davam etdirəcək.  
								
								
								Niyazi RƏHİMOV  |