| 
								 
								 29-30 
								noyabr  tarixlərində Təhsil Nazirliyinin 
								təşkilatçılığı ilə Bakı Slavyan Universitetində 
								ali məktəb tələbələrinin XXII Respublika elmi 
								konfransı və konfrans çərçivəsində "Müstəqilliyimiz 
								əbədidir, daimidir, dönməzdir" adlı müsabiqə 
								keçirildi. 
								
								Konfransın noyabrın 29-da keçirilən açılış 
								mərasimində iştirakçılar öncə Azərbaycan 
								Respublikasının Dövlət himnini oxudular. 
								
								Tədbiri açan təhsil naziri Misir Mərdanov 
								tələbələrin respublika elmi konfransının 
								ölkəmizin ali təhsil ocaqlarında təhsil alan 
								gənclərin elmi tədqiqat işinə maraqlarının 
								artırılmasına, onlara elmi araşdırmalarının 
								nəticələrini məruzə etməyə, elmi fikir 
								mübadiləsi aparmağa imkan və şərait yaratdığını, 
								son nəticədə ali təhsilli mütəxəssis 
								hazırlığının keyfiyyətinin yüksəlməsinə xidmət 
								etdiyini bildirdi. 
								
								Təhsil naziri konfransın əlamətdar bir vaxta - 
								Azərbaycan Respublikasının dövlət 
								müstəqilliyinin bərpasının iyirminci ildönümünün 
								qeyd olunduğu dövrə təsadüf etdiyini deyərək bu 
								il həmin tarixi hadisənin ölkəmizdə dövlət 
								səviyyəsində, həmçinin respublikamızın 
								hüdudlarından kənarda təntənəli şəkildə qeyd 
								edildiyini vurğuladı. Nazir Azərbaycanın dövlət 
								müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı 
								tədbirlərin hələ də davam etdiyini söylədi. 
								Tələbələrin XXII Respublika elmi konfransının 
								özünəməxsusluğu ilə daha yaddaqalan olacağını 
								qeyd edən nazir Misir Mərdanov konfrans 
								çərçivəsində "Müstəqilliyimiz əbədidir, daimidir, 
								dönməzdir" adlı müsabiqənin də keçirilməsinin 
								qərara alındığını bildirdi.  
								
								 Təhsil 
								naziri müstəqilliyimizin 20 ili ərzində 
								ölkəmizin keçdiyi inkişaf yolundan danışaraq bu 
								illərdə bütün sahələrdə olduğu kimi elm və 
								təhsildə də əsaslı dəyişikliklərin aparıldığını, 
								bir sıra yeniliklərin tətbiq olunduğunu və  
								uğurların əldə edildiyini konfrans 
								iştirakçılarının diqqətinə çatdırdı. Nazir 
								xüsusi vurğuladı ki, məhz ulu öndər, dahi 
								şəxsiyyət Heydər Əliyevin Azərbaycanda xalqın 
								təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə 
								qayıdışından sonra ölkədə siyasi stabillik 
								bərqərar oldu, respublikamızın iqtisadi inkişafı 
								istiqamətində mühüm işlər görüldü. Qeyd olundu 
								ki, bu illərdə milli təhsil quruculuğu sahəsində 
								əhəmiyyətli addımlar atılmışdır. 
								
								Ümummilli lider Heydər Əliyevin təhsilin və 
								elmin inkişafına, Azərbaycanın istedadlı  uşaq 
								və gənclərinə hər zaman diqqət və qayğı 
								göstərdiyini qeyd edən nazir Misir Mərdanov 
								hazırda ulu öndərin layiqli davamçısı, ölkə 
								başçısı cənab İlham Əliyev tərəfindən bu işlərin 
								uğurla davam etdirildiyini bildirdi. Respublika 
								Prezidenti  cənab İlham Əliyevin  rəhbərliyi ilə 
								Azərbaycan təhsili və elminin inkişafı 
								istiqamətində görülən məqsədyönlü işlərdən, 
								ölkəmizdə gənclərin yüksək bilik və təhsil 
								almaları üçün yaradılan şəraitdən söz açan nazir 
								daha sonra  "2007-2015-ci illərdə Azərbaycan 
								gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət 
								Proqramı" çərçivəsində görülən işlərə də toxundu. 
								Qeyd olundu ki, hazırda Azərbaycandan kənarda 
								təhsil alan azərbaycanlıların sayı 10000- i 
								keçib. Bu gün xarici ölkələrdən Azərbaycanın ali 
								məktəblərində təhsil alan gənclərin sayı isə 7 
								mindir. 
								
								Respublika Prezidenti cənab İlham Əliyev 
								tərəfindən ölkəmizdə təhsillə, elmlə və  
								gənclərlə bağlı  çoxsaylı sərəncam və 
								fərmanların imzalandığını, Dövlət Proqramlarının 
								qəbul edildiyini söyləyən  təhsil naziri  bütün 
								bunların Azərbaycan təhsilinin inkişafına, 
								gənclərə göstərilən diqqət və qayğının bariz 
								nümunəsi olduğunu bildirdi. 
								
								Sonra nazir Misir Mərdanov  tələbələrin XXII 
								Respublika elmi konfransı haqqında məlmat 
								verərək bildirdi ki, ildən-ilə  tələbələrin 
								konfransa marağı artmaqdadır. Bununla bağlı  
								statistik rəqəmləri diqqətə çatdıran təhsil 
								naziri  ötən il konfransa 360 məruzənin təqdim 
								olunduğunu, bu il isə 21 dövlət və 4 qeyri-dövlət 
								ali təhsil müəssisəsindən 454 məruzənin  
								konfransın  proqramına daxil edildiyini söylədi. 
								Bildirildi ki, konfrans öz işini 2 gün ərzində 
								17 bölmədə davam etdirəcəkdir. Konfrans 
								çərçivəsində təşkil olunan "Müstəqilliyimiz 
								əbədidir, daimidir, dönməzdir" adlı müsabiqə 
								barəsində də ətraflı danışan nazir qeyd etdi ki, 
								müsabiqənin keçirilməsi üçün xüsusi bölmə 
								yaradılıb. Həmin bölmədə müsabiqənin birinci 
								mərhələsindən keçən 28 məruzənin dinlənilməsi və 
								qiymətləndirilməsi nəzərdə tutulur. 
								
								Nazir elmi konfransda bölmələrə respublikanın 
								tanınmış alim və pedaqoqlarının rəhbərlik 
								etdiyini deyərək bütövlükdə  tədbirin 
								keçirilməsində əməyi olanlara təşəkkürünü 
								bildirdi. Çıxışının sonunda nazir Misir Mərdanov 
								tələbələrə bir sıra dəyərli tövsiyələr verərək 
								onlara uğurlar arzuladı. 
								
								Mərasimdə çıxış edən  Bakı Slavyan 
								Universitetinin rektoru, professor Kamal 
								Abdullayev belə bir elmi  konfransa ev sahibliyi 
								etdiklərindən məmnunluğunu ifadə edərək bu 
								tədbirə professor-müəllim heyətinin və 
								tələbələrin böyük önəm verdiyini, məsuliyyətlə 
								yanaşdıqlarını bildirdi və konfrans 
								iştirakçılarına müvəffəqiyyətlər dilədi. 
								
								Onu da qeyd edək ki, iki gün davam edən elmi 
								konfransda  454 məruzə dinlənildi və sonda 
								konfrans çərçivəsində "Müstəqilliyimz əbədidir, 
								daimidir, dönməzdir" adlı müsabiqəyə təqdim 
								olunan 28  məruzədən münsiflər heyətinin müvafiq 
								yerlərə layiq gördüyü 6 qalibə Təhsil 
								Nazirliyinin diplom və pul mükafatları, elmi 
								tədqiqat işinin aktuallığı, yeniliyi ilə 
								fərqlənən məruzəçi tələbələrə isə sertifikatlar 
								təqdim olundu.          
								
								
								
								Samirə KƏRİMOVA  |