| 
								 
								 Dekabrın 
								1-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının 
								növbəti iclası keçirilib. 
								
								İclasda Siyəzən Peşə Məktəbi və Balakən 2 
								nömrəli Peşə Məktəbinin akkreditasiyasının 
								nəticələri müzakirə olunub. 
								
								Təhsil naziri Misir Mərdanov iclası giriş sözü 
								ilə açaraq tədris ocaqlarının akkreditasiyadan 
								keçirilməsi istiqamətində atılan addımların 
								təhsil müəssisələrinin fəaliyyətinin səmərəli 
								təşkili baxımından əhəmiyyətini qeyd edib. 
								
								Siyəzən Peşə Məktəbində aparılmış 
								akkreditasiyanın nəticələri barədə məlumat verən 
								həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının 
								sədri, İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin 
								koordinatoru Elxan Cəfərov tədris ocağının 
								fəaliyyəti barədə danışıb. E.Cəfərov Siyəzən 
								Peşə Məktəbinin maddi-texniki bazası, təhsilin 
								məzmunu, məktəbdə çalışan mühəndis-pedaqoji 
								heyət və digər göstəricilərindən söz açıb. 
								
								Balakən 2 nömrəli Peşə Məktəbi üzrə 
								Akkreditasiya Komissiyasının sədri, 14 nömrəli 
								Bakı Peşə Məktəbinin direktoru Vidadi Quliyev 
								qeyd olunan müəssisədə aparılmış araşdırma 
								barədə məlumatı nəzərə çatdırıb. V.Quliyev daha 
								sonra təqdimat-məruzəsində Balakən 2 nömrəli 
								Peşə Məktəbinin akkreditasiyaya təqdim olunmuş 
								ixtisaslar üzrə fəaliyyət imkanlarından bəhs 
								edib. 
								
								Sonra hər iki peşə məktəbi üzrə aparılmış 
								akkreditasiyanın nəticələri barədə iclas 
								iştirakçılarını maraqlandıran suallar 
								cavablandırılıb, bir sıra təklif və tövsiyələr 
								səsləndirilib. 
								
								İclasda Siyəzən Peşə Məktəbi və Balakən 2 
								nömrəli Peşə Məktəbinin akkreditasiyası zamanı 
								aşkar olunmuş çatışmazlıqların müvafiq vaxt 
								ərzində aradan qaldırılması ilə bağlı konkret 
								tapşırıqlar verilib, hər iki təhsil 
								müəssisəsinin fəaliyyətinin "kafi" 
								qiymətləndirilməsi və müvafiq ixtisaslarının 
								akkreditə olunması barədə qərar qəbul edilib.
								  |