| 
								 
								 Azərbaycan 
								Respublikasının Prezidenti cənab İlham Əliyevin 
								17 aprel 2006-cı il tarixli 1414 nömrəli 
								Sərəncamı ilə təsdiq olunmuş "Xüsusi istedada 
								malik uşaqların (gənclərin) yaradıcılıq 
								potensialının inkişafı üzrə Dövlət Proqramı" son 
								illərdə respublikamızda istedadlı uşaq və 
								gənclərin aşkara çıxarılması, onların potensial 
								imkanlarının inkişaf etdirilməsi istiqamətində 
								atılan ən mühüm addımlardandır. Proqramın əsas 
								məqsədləri respublikanın ümumtəhsil 
								müəssisələrində mövcud olan istedad potensialını 
								vaxtında müəyyənləşdirib onun inkişafını təmin 
								etmək üçün xüsusi tədbirlər həyata keçirməkdən, 
								ölkə ictimaiyyətinin diqqətini bu vacib 
								məsələnin həllində yaxından iştiraka 
								yönəltməkdən, istedadlı uşaq və gənclərin 
								inkişafına dövlət qayğısını gücləndirməkdən 
								ibarətdir.  
								
								İstedadlı şagirdlər üçün səmərəli və keyfiyyətli 
								təhsil şəraiti yaratmaq və onların davamlı 
								inkişafını təmin etmək məqsədi ilə Azərbaycan 
								Respublikası təhsil nazirinin 22 iyun 2010-cu il 
								tarixli 835 nömrəli əmrinə əsasən respublikanın 
								8 bölgəsi - Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, 
								Şəki, Lənkəran, Ağdaş, Quba şəhərlərində xüsusi 
								lisey siniflərinin təşkil edilməsi də Dövlət 
								Proqramı çərçivəsində həyata keçirilən mühüm 
								tədbirlərdəndir. 
								
								İlk dəfə xüsusi lisey siniflərinin V sinfinə 
								qəbul Azərbaycan Respublikası təhsil nazirinin 2 
								sentyabr 2010-cu il tarixli 1199 nömrəli əmri 
								ilə 6-7 sentyabr 2010-cu il tarixlərində həyata 
								keçirildi. Qəbul imtahanlarında şagirdlərin 
								funksional bilikləri ilə yanaşı, sosial bilik və 
								bacarıqlarını, məntiqi təfəkkürünü yoxlayan 
								xüsusi qiymətləndirmə vasitələrindən istifadə 
								edildi.  
								
								 2010-2011-ci 
								dərs ilində xüsusi lisey siniflərinə qəbul 
								olunmuş şagirdlər bir il təhsil aldıqdan sonra 
								onların nailiyyətlərini izləmək məqsədi ilə 
								təhsil nazirinin "İstedadlı şagirdlər üçün 
								xüsusi lisey siniflərində oxuyan VI sinif 
								şagirdlərinin qiymətləndirilməsi barədə" 26 
								oktyabr 2011-ci il tarixli 1720 nömrəli əmri ilə 
								nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsi 
								tərəfindən 28 oktyabr 2011-ci il tarixdə xüsusi 
								lisey siniflərinin fəaliyyət göstərdiyi 8 
								bölgədə - Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, 
								Şəki, Lənkəran, Ağdaş, Quba şəhərlərində 
								imtahanlar keçirildi. İmtahanlarda Azərbaycan 
								dili və riyaziyyat fənlərinin hərəsindən 25 sual 
								olmaqla ümumilikdə 50 sualdan ibarət xüsusi 
								qiymətləndirmə vasitələrindən istifadə edildi. 
								
								İmtahanlarda istifadə olunmuş qiymətləndirmə 
								vasitələri əsasında hər bir test tapşırığının 
								məqsədi müəyyənləşdirilmiş, bu məqsədlər hər 
								fənn üzrə tələb olunan meyarlara əsasən 
								qruplaşdırılmışdır. Nəticədə Azərbaycan dili 
								fənnindən şagirdlərin şifahi nitq, yazı, 
								bilikləri əlaqələndirmək və nəticə çıxarmaq, 
								mətndə məlumat verilmədiyi halda bilik və 
								bacarıqlardan istifadə, məlumatı ümumiləşdirərək 
								qruplaşdırmaq, fikrə münasibət bildirmək, fikri 
								rabitəli şəkildə ifadə etmək, fəndaxili 
								inteqrasiya bacarıqları, dil qaydalarını bilmək, 
								nitqin dəqiqliyi və söz ehtiyatı, məntiqi 
								təfəkkürü, riyaziyyat fənnindən isə eyni 
								ədədləri ekvivalent formalarda ifadə etmək, 
								hesablamalar aparmaq, aldığı nəticələrin 
								reallığa uyğunluğunu yoxlamaq, müxtəlif 
								situasiyalardakı problemləri cəbri şəkildə ifadə 
								etmək və araşdırmaq, cəbri prosedurları yerinə 
								yetirmək, həndəsi fiqurların xassə, əlamət və 
								münasibətlərini tətbiq etmək, ehtimal əsasında 
								hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırmaq 
								bacarıqları qiymətləndirilmişdir. 
								
								Azərbaycan dili və riyaziyyat fənlərindən qeyd 
								edilmiş meyarlar əsasında 8 məktəbin hər birinin 
								nəticələri ayrı-ayrılıqda  təhlil edildikdən 
								sonra aparılan təhlillərin nəticələri müvafiq 
								rayon (şəhər) təhsil şöbələrinə məktub şəklində 
								göndərilmiş, bəzi tövsiyələr qeyd edilmişdir. 
								Həmin tövsiyələr sırasında şagirdlərin aşağı 
								nəticə göstərdiyi meyarlar üzrə nəticələrin 
								qənaətbəxş sayılması üçün xüsusi lisey 
								siniflərində Azərbaycan dili və riyaziyyat 
								fənlərini tədris edən müəllimlərin yeni didaktik 
								və metodik prinsiplər əsasında təlim prosesinin 
								qurulması, müasir təlim strategiyaları, 
								interaktiv və inteqrativ təlim metodları və yeni 
								qiymətləndirmə sistemi sahəsindəki biliklərini 
								daha da artırması önə çəkilmişdir. 
								
								Aparılan təhlillər göstərdi ki, 2010-2011-ci 
								dərs ilində xüsusi lisey siniflərinə qəbul 
								olunmuş və hazırda VI siniflərdə təhsil alan 128 
								nəfər xüsusi istedada malik şagirdin Azərbaycan 
								dili fənnindən nitqin dəqiqliyi və söz 
								ehtiyatını yoxlayan suallara cavabları 
								qənaətbəxşdir (92,2%). Azərbaycan dili fənni 
								üzrə əsas məzmun xətlərindən biri olan dil 
								qaydaları şagirdlərdən çox yüksək səviyyə tələb 
								etməsə də ən aşağı göstərici dil qaydalarını 
								yoxlayan suallara verilən cavabların faizi 
								olmuşdur (56,3%). Bu səbəbdən dil qaydalarının 
								şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsi 
								üçün onların sadəcə olaraq əzbərlənməsi deyil, 
								onlardan nitq bacarıqlarının inkişafı üçün 
								istifadə edilməsi məqsədəuyğundur.  
								
								Riyaziyyat fənnindən ən yüksək göstərici həndəsi 
								fiqurların xassə, əlamət və münasibətlərini 
								tətbiq etmək bacarıqlarını yoxlayan suallara 
								verilən cavablarda müşahidə edilir. Bu 
								bacarıqlar üzrə müvəffəqiyyət faizi 67,97%-dir. 
								Ən aşağı göstərici isə sadə ehtimal əsasında 
								hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırmaq 
								bacarıqlarına aiddir: 37,50%.  
								
								Azərbaycan dili fənnindən imtahan vermiş VI 
								sinif şagirdlərinin nəticələrinə görə ilk 3 yeri 
								Sumqayıt şəhər Təbiət elmləri təmayüllü 
								gimnaziya, Gəncə şəhər 27 nömrəli fizika-riyaziyyat 
								və informatika təmayüllü lisey, Şəki şəhər 19 
								nömrəli tam orta məktəb tutmuşdur. Riyaziyyat 
								fənnindən isə müvəffəqiyyət sıralanması belədir: 
								Sumqayıt şəhər Təbiət elmləri təmayüllü 
								gimnaziya,  Şəki şəhər 19 nömrəli tam orta 
								məktəb,  Gəncə şəhər 27 nömrəli fizika-riyaziyyat 
								və informatika təmayüllü lisey.  
								
								8 məktəbin hamısında riyaziyyat fənnindən ən 
								aşağı göstərici sadə ehtimal əsasında hadisənin 
								başvermə mümkünlüyünü proqnozlaşdırmaq 
								bacarıqlarını yoxlayan suallara verilən cavablar 
								üzrə olsa da, Sumqayıt şəhərində imtahan vermiş 
								VI sinif şagirdlərinin bu meyar üzrə nəticələri 
								76,19% olmuşdur.  
								
								Sumqayıt şəhəri üzrə xüsusi istedada malik VI 
								sinif şagirdlərinin Azərbaycan dili fənnindən 
								nitqin dəqiqliyini və söz ehtiyatını, yazı 
								bacarıqlarını yoxlayan suallara cavabları 
								qənaətbəxşdir. Belə ki, imtahan verən 21 nəfər 
								şagirdin  müvafiq olaraq 97,6%  və 95,2%-i həmin 
								meyarlar üzrə sualları düzgün cavablandırıb. 
								Şagirdin dil qaydalarını bilməsini yoxlayan 
								suallara verilən düzgün cavabların sayı 61,9% 
								olsa da, həmin meyarın yüksək səviyyə tələb 
								etməməsi nəticənin qənaətbəxş sayılmasına imkan 
								vermir. Riyaziyyat fənnindən cəbri prosedurları 
								yerinə yetirmək və həndəsi fiqurların xassə, 
								əlamət və münasibətlərini tətbiq etmək 
								bacarıqlarını yoxlayan suallara verilən cavablar 
								qənaətbəxş (hər ikisi 85,71%), eyni ədədləri 
								ekvivalent formalarda ifadə etmək bacarıqlarını 
								yoxlayan suallara verilən cavablar isə kifayət 
								qədər qənaətbəxş deyil (73,8%). 
								
								Gəncə şəhəri üzrə imtahan vermiş xüsusi istedada 
								malik VI sinif şagirdlərinin Azərbaycan dili 
								fənnindən nitqin dəqiqliyini və söz ehtiyatını 
								yoxlayan suallara cavabları qənaətbəxşdir: 
								imtahan verən 19 nəfər şagirdin hamısı həmin 
								sualları düzgün cavablandırıb. Fəndaxili 
								inteqrasiyanı yoxlayan suallara verilən 
								cavabların faizi isə qənaətbəxş hesab edilmir 
								(58,73%). Riyaziyyat fənnindən həndəsi 
								fiqurların xassə, əlamət və münasibətlərini 
								tətbiq etmək bacarıqlarını yoxlayan suallara 
								verilən cavablar qənaətbəxş (84,21%), ehtimal 
								əsasında hadisənin başvermə mümkünlüyünü 
								proqnozlaşdırmaq bacarıqlarını yoxlayan suallara 
								verilən cavablar qənaətbəxş hesab edilmir 
								(42,11%). 
								
								Mingəçevir şəhəri üzrə xüsusi istedada malik VI 
								sinif şagirdlərinin Azərbaycan dili fənnindən 
								nitqin dəqiqliyini və söz ehtiyatını yoxlayan 
								suallara cavabları qənaətbəxşdir: imtahan verən 
								16 nəfər şagirdin 93,8%-i sualları düzgün 
								cavablandırıb. Mətndə məlumat verilmədiyi halda 
								bilik və bacarıqlardan istifadə bacarıqlarını 
								yoxlayan suallara verilən cavablar isə 
								qənaətbəxş deyil (31,3%). Riyaziyyat fənnindən 
								eyni ədədləri ekvivalent formalarda ifadə etmək 
								bacarıqlarını yoxlayan suallara verilən cavablar 
								nisbətən qənaətbəxşdir (59,4%). Ehtimal əsasında 
								hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırmaq 
								bacarıqlarını yoxlayan suallara verilən 
								cavabların faizi isə çox aşağıdır (12,50%). 
								
								Şirvan rayonu üzrə xüsusi istedada malik VI 
								sinif şagirdlərinin Azərbaycan dili fənnindən 
								fikrə münasibət bildirmək bacarıqlarını yoxlayan 
								suallara cavabları qənaətbəxşdir: imtahan verən 
								14 nəfər şagirdin 85,7%-i sualları düzgün 
								cavablandırıb. Şifahi nitq və məlumatı 
								ümumiləşdirərək qruplaşdırmaq bacarıqlarını 
								yoxlayan suallara verilən cavablar isə 
								qənaətbəxş hesab edilmir (hər ikisi 50,0%). 
								Riyaziyyat fənnindən hesablamalar aparmaq, 
								aldığı nəticələrin reallığa uyğunluğunu yoxlamaq 
								bacarıqlarını yoxlayan suallara verilən cavablar 
								qənaətbəxş (69,39%), həndəsi fiqurların xassə, 
								əlamət və münasibətlərini tətbiq etmək və 
								ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü 
								proqnozlaşdırmaq bacarıqlarını yoxlayan suallara 
								verilən cavablar isə qənaətbəxş deyil (hər ikisi 
								42,86%). 
								
								Şəki rayonu üzrə xüsusi istedada malik VI sinif 
								şagirdlərinin Azərbaycan dili fənnindən nitqin 
								dəqiqliyini və söz ehtiyatını yoxlayan suallara 
								cavabları qənaətbəxşdir: imtahan verən 14 nəfər 
								şagirdin 89,3%-i sualları düzgün cavablandırıb. 
								Ən aşağı göstərici isə şifahi nitq bacarıqlarını 
								yoxlayan suallara verilən cavabların faizidir 
								(57,1%). Riyaziyyat fənnindən həndəsi fiqurların 
								xassə, əlamət və münasibətlərini tətbiq etmək 
								bacarıqlarını yoxlayan suallara verilən cavablar 
								qənaətbəxş (100%), ehtimal əsasında hadisənin 
								başvermə mümkünlüyünü proqnozlaşdırmaq 
								bacarıqlarını yoxlayan suallara verilən cavablar 
								isə qənaətbəxş deyil (42,86%). 
								
								Lənkəran rayonu üzrə xüsusi istedada malik VI 
								sinif şagirdlərinin Azərbaycan dili fənnindən 
								fikrə münasibət bildirmək bacarıqlarını yoxlayan 
								suallara cavabları qənaətbəxşdir: imtahan verən 
								11 nəfər şagirdin 84,8%-i sualları düzgün 
								cavablandırıb. Şagirdin dil qaydalarını 
								bilməsini yoxlayan suallara verilən cavablar isə 
								çox aşağıdır (27,3%). Riyaziyyat fənnindən 
								həndəsi fiqurların xassə, əlamət və 
								münasibətlərini tətbiq etmək bacarıqlarını 
								yoxlayan suallara verilən cavablar qənaətbəxşdir 
								(90,91%). Ehtimal əsasında hadisənin başvermə 
								mümkünlüyünü proqnozlaşdırmaq bacarıqlarını 
								yoxlayan suallara isə çox zəif cavab verilib 
								(9,09%). 
								
								Ağdaş rayonu üzrə xüsusi istedada malik VI sinif 
								şagirdlərinin Azərbaycan dili fənnindən məlumatı 
								ümumiləşdirərək qruplaşdırmaq bacarıqlarını, 
								nitqin dəqiqliyini və söz ehtiyatını yoxlayan 
								suallara cavabları qənaətbəxşdir: imtahan verən 
								14 nəfər şagirdin müvafiq olaraq 100% və 96,4%-i 
								həmin meyarlar üzrə sualları düzgün 
								cavablandırıb. Şifahi nitq bacarıqlarını 
								yoxlayan suallara verilən cavabların faizi isə 
								qənaətbəxş hesab edilmir (44,6%). Riyaziyyat 
								fənnindən eyni ədədləri ekvivalent formalarda 
								ifadə etmək və həndəsi fiqurların xassə, əlamət 
								və münasibətlərini tətbiq etmək bacarıqlarını 
								yoxlayan suallara verilən cavablar nisbətən 
								qənaətbəxş olsa da (hər ikisi 57,14%), cəbri 
								prosedurları yerinə yetirmək bacarıqlarını 
								yoxlayan suallara verilən cavablar qənaətbəxş 
								hesab edilmir (34,29%). 
								
								Quba rayonu üzrə xüsusi istedada malik VI sinif 
								şagirdlərinin Azərbaycan dili fənnindən məlumatı 
								ümumiləşdirərək qruplaşdırmaq bacarıqlarını 
								yoxlayan suallara cavabları qənaətbəxşdir: 
								imtahan verən 19 nəfər şagirdin 94,7%-i sualları 
								düzgün cavablandırıb. Ən aşağı göstərici isə 
								şagirdin dil qaydalarını  bilməsini yoxlayan 
								suallara verilən cavabların faizidir (36,8%). 
								Riyaziyyat fənnindən eyni ədədləri ekvivalent 
								formalarda ifadə etmək bacarıqlarını yoxlayan 
								suallara verilən cavablar nisbətən qənaətbəxşdir 
								(57,9%). Ehtimal əsasında hadisənin başvermə 
								mümkünlüyünü proqnozlaşdırmaq bacarıqlarını 
								yoxlayan suallara verilən cavablar isə 
								qənaətbəxş hesab edilmir (21,05%).  
								
								
								
								Təranə HACIYEVA, 
								Təhsil Nazirliyinin Monitorinq və  
								qiymətləndirmə şöbəsinin müdiri,  
								filologiya elmləri doktoru  | 
								  |