| 
								 
								 Noyabrın 
								25-də Şuşa Humanitar Kollecində Birləşmiş 
								Millətlər Təşkilatı yanında Beynəlxalq 
								İnformasiyalaşdırma Akademiyasının müxbir üzvü, 
								Azərbaycan Respublikasının əməkdar elm xadimi və 
								əməkdar mədəniyyət işçisi, Bakı Dövlət 
								Universitetinin kafedra müdiri, tarix elmləri 
								doktoru, professor, "Şöhrət" ordenli Abuzər 
								Xələfovun 80 illik yubileyi təntənəli qeyd 
								edilib. 
								
								Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının 
								humanitar işlər üzrə müavini Vüsalə Fətəliyeva, 
								BDU-nun müəllimləri - fəlsəfə doktoru, dosent 
								Knyaz Aslan, baş müəllim Akif Cəfərov, 
								şair-publisist Hacı Loğman, kollecin müəllim və 
								tələbə kollektivi iştirak ediblər. 
								
								Yığıncağı giriş sözü ilə açan kollecin direktoru 
								Rəsul İsmayılov yubilyarı müəllim və tələbə 
								kollektivi, həmçinin Şuşa ictimaiyyəti adından 
								təbrik edib, ona tutduğu bu müqəddəs yolda uzun 
								ömür və yeni nailiyyətlər arzulayıb.  
								
								Tədbirdə çıxış edən Vüsalə Fətəliyeva, Knyaz 
								Aslan, Akif Cəfərov, Hacı Loğman, kollecin 
								müəllimlərindən Lalə Vəliyeva, Yeganə Əliyeva, 
								İlhamə Fərəcova və başqaları yubilyarın keçdiyi 
								ömür yolundan, Azərbaycanda kitabşünaslığın 
								inkişafına verdiyi töhfələrdən, bir ağsaqqal, 
								bir elm adamı kimi işlədiyi kollektivdə və 
								ictimai mühitdə nüfuzlu ziyalı kimi 
								tanınmasından, əməyinin dövlət tərəfindən 
								layiqincə qiymətləndirilməsindən söz açıblar. 
								Abuzər Xələfovun Azərbaycanda və keçmiş SSRİ-də 
								kitabxanaçı kadrların hazırlanmasında 
								cəfakeşliyi və kitabxana işi tarixini əhatəli 
								qaydada araşdıran, bu sahədə hərtərəfli 
								tədqiqatlar aparıb  elmi şəkildə sistemləşdirən 
								ilk elmlər namizədi  və  ilk  elmlər  doktoru 
								olduğu diqqətə çatdırılıb.  Çıxış edənlər 
								professor Abuzər  Xələfovun ümummilli  lider  
								Heydər Əliyevin əsərlərinin biblioqrafiyasının 
								hazırlanması sahəsində xüsusi xidmət göstərərək 
								"Heydər  Əliyevin  biblioqrafik məlumat kitabı" 
								adlı əsərini  çap etdirdiyindən söz  açıblar. 
								
								Professor Abuzər Xələfov çıxışında yaşayaraq 
								arxada qoyduğu illərin hədər getməməsindən qürur 
								duyduğunu, vətəninə və xalqına vicdanla xidmət 
								etdiyi üçün bu gün mənəvi rahatlıq tapdığını 
								diqqətə çatdırıb. Kitabı millətin dünəni, bu 
								günü və sabahı adlandıran yubilyar mütaliənin 
								insan üçün nə qədər önəmli olduğundan, oxucunun 
								nitqinin inkişafına, dünyagörüşünə, mənəvi və 
								əxlaqi tərbiyəsinə çox müsbət təsirindən söz 
								açıb. Ümummilli liderimiz Heydər Əliyevin memarı 
								və qurucusu olduğu müstəqil Azərbaycan 
								Respublikasına layiq yüksək intellektli gənclər 
								kimi yetişməyi tələbələrə tövsiyə edib. 
								
								Yubilyara kollecin rəhbərliyi və tələbələri 
								adından gül dəstələri və hədiyyələr təqdim 
								edilib. Sonda kollecin müəllim və tələbələrindən 
								ibarət ansambl maraqlı konsert proqramı ilə 
								çıxış edib.  
								
								
								Nizami MİRZƏ   | 
								  |