| 
								 
								
								
								Rusiya məktəblərində islam tarixi tədris 
								olunacaq  
								
								Rusiyada islam tarixi və mədəniyyəti üzrə 
								kadrların hazırlanması işi davam etdiriləcək.  "Uçitelskaya 
								qazeta"nın yazdığına görə, bu barədə Rusiya  
								prezidenti Dmitri Medvedev müsəlman din 
								xadimləri ilə görüşündə bildirib. Onun sözlərinə 
								görə, yaxın 3 il ərzində  bu məqsədlə 1 milyard 
								rubl vəsait ayrılacaq.  "Bu məqsədlə həm 2012, 
								həm də 2013-cü illər üçün vəsait ayrılması, 
								kifayət qədər iri məbləğ - tam bir milyard rubl 
								nəzərdə tutulub",-deyə Medvedev əlavə edib. 
								Rusiyada dini rəngarəngliyin inkişafına bundan 
								sonra da diqqət yetiriləcəyini deyən prezident 
								qeyd edib ki, islam tarixi və mədəniyyəti üzrə 
								mütəxəssislərin hazırlanmasının keyfiyyətinin 
								yüksəldilməsi, islam dini təhsil müəssisələrinin 
								RF ümumtəhsil sisteminə inteqrasiya olunması 
								şübhəsiz ki, vacib vəzifədir.   Onun sözlərinə 
								görə, Rusiya tarixində ilk dəfə "islam 
								teologiyası" ixtisası üzrə dövlət standartı 
								işlənib hazırlanıb və bu, ölkənin iri dövlət ali 
								məktəblərinə islam din xadimlərinin hazırlanması 
								üçün fakültələr açmağa imkan verib.  
								
								
								
								Qırğızıstanda "Sağlam məktəb" layihəsi həyata 
								keçirilir  
								
								Qırğızıstanın Təhsil Nazirliyinin sərəncamı ilə 
								ölkədə "Sağlam məktəb" layihəsinin həyata 
								keçirilməsinə başlanılıb. Bu barədə layihənin 
								milli koordinatoru Beyşekan Kaliyev bildirib. 
								Onun sözlərinə görə, layihə gigiyena və 
								zorakılıq, qlobal iqlim dəyişkənliyinin 
								uşaqların və gənclərin sağlamlığına təsiri, 
								sağlam qidalanma və yayılmış xəstəliklərin 
								profilaktikası kimi bir sıra geniş mövzuları 
								əhatə edir. Hələlik layihə ölkənin bütün 
								regionlarında, 21 pilot məktəbdə reallaşdırılır. 
								Lakin 2016-cı ilə qədər "Sağlam məktəb" 
								respublikanın bütün məktəblərində tətbiq 
								olunacaq. 
								
								
								
								"XXI əsrin universitetləri barədə açıq dialoq"  
								
								Yeni texnologiyalardan istifadə, virtual təhsil 
								məkanın yaradılması və öz xidmətlərini bazarda 
								reallaşdırmaq - gələcək universitetlərin başlıca 
								xarakterik xüsusiyyətləridir. Bununla bağlı "XXI 
								əsrin universitetləri barədə açıq dialoq" 
								mövzusunda keçirilmiş beynəlxalq seminarda 
								bildirilib. Ali təhsil sahəsində Avropanın 
								aparıcı mütəxəssislərinin  iştirak etdikləri 
								forumda universitetlərin mümkün inkişaf yolları 
								müzakirə olunub. Avropa Universitetləri 
								Assosiasiyasının (EUA) prezidenti Mariya Xelena 
								Nazare hesab edir ki, bu gün dünyanın əksər ali 
								təhsil müəssisəsi qarşısında duran əsas hədəf 
								özünün təhsil xidmətlərini reallaşdırmağı 
								öyrənməkdir. "Boloniya prosesi universitetlər 
								qarşısında təkcə idarəetmə strukturu və 
								sisteminin dəyişdirilməsi vəzifəsini qoymayıb, 
								həm də bizi sahibkar olmağa məcbur edib",-deyə 
								Nazare bildirib.  Təhsil xidmətləri bazarında 
								uğur qazanmaq üçün Avropa ali məktəbləri PhD 
								tədris sistemini dəyişməlidirlər. "Biz bazarda 
								PhD üçün yer tapmalıyıq. İnsanlara (PhD dərəcəsi 
								alan) bazarda qiymtləndirilən səlahiyyətlər, 
								iqtisadiyyatda liderlik verməliyik". Texas 
								Universitetinin professoru Ostine Pol Restanın 
								sözlərinə görə isə  "biz elə bir təhsil 
								verməliyik ki, bu, iqtisadiyyatın və regionun 
								təsərrüfat fəaliyyətinin inkişafına xidmət etsin".  
								Onun fikrincə, hazırda universitetlər üçün 
								başlıca çağırış başqadır:"Hazırda biliklərin 
								həcmi hər 18 ayda ikiqat artır. 2020-ci ilə kimi 
								bu artma hər yarım ildə baş verəcək.  Ali 
								məktəblər yeni texnologiyalar çərçivəsində 
								inkişaf etməlidir. Mən əminəm ki, qarşıdan gələn 
								onillikdə biz İnternetdə mövcud olan və  
								tamamilə elektronlaşmış universitetlər görəcəyik". 
								Resta qeyd edib ki, hazırda auditoriya təhsili 
								keçmişdə qaldı. Bu gün sosial şəbəkələr (yalnız 
								Facebook-un yarım milyard iştirakçısı var) 
								milyonlarla gənci cəlb edir. Gənclər indi 
								müxtəlif  biliklərə yiyələnirlər, İnternet-birlikləri 
								yaradırlar. Texaslı professor hesab edir ki, 
								bütün bunlardan tədris prosesində istifadə 
								olunmalıdır. O, universitetlərin virtual məkanın 
								verdiyi imkandan yararlanmasını vacib sayır.   
								
								
								
								Almaniyanın beş ən yaxşı universiteti  
								 Almaniyada 
								beynəlxalq tədrisyönümlü ən yaxşı 
								universitetlərin adları açıqlanıb. Müsabiqədə 
								iştirak etmiş 28 ali məktəb arasında 5 ali 
								təhsil ocağı fərqlənib. Bunlar Bremen Ali 
								Məktəbi (Hochschule Bremen),  Veymar şəhərindəki 
								Bauxauz Universiteti (Bauhaus-Universitat 
								Weimar), Kotbus Texniki Universiteti (Technische 
								Universitat Cottbus), Gettingen Universiteti (Universitat 
								Göttingen) və Saar Universitetidir (Universitat 
								des Saarlandes).  "Beynəlxalq Universitet - 
								2011" adına Veymardakı Bauxauz Universiteti 
								layiq görülüb.  Bauxauz Universitetinin hər 
								yeddi nəfərdən bir tələbəsi xarici ölkənin 
								nümayəndəsidir. Professor heyətinin 9 faizi 
								xarici ölkə vətəndaşıdır. Mühazirə və 
								seminarların 40 faizi xarici dildə, əsasən 
								ingilis dilində aparılır. Ali məktəbdə hesab 
								edirlər ki, təhsilin beynəlmiləlləşməsi məqsəd 
								deyil, müasir universitetin ayrılmaz keyfiyyət 
								göstəricisidir.  "Biz öz universitetimizdə əsl 
								beynəlxalq mühit yaratmaq istəyirik.Təhsili başa 
								vurmuş tələbələr Almaniyada qalsalar belə onlar 
								xarici alimlərlə əlaqə  saxlamaq imkanı, dil 
								öyrənmək, beynəlxalq layihələrdə iştirak etmək 
								imkanı qazanmalıdırlar",-deyə universitetin 
								beynəlxalq əlaqələr şöbəsinin müdiri Muriel 
								Xelbinq bildirib.  
								
								
								
								Türkiyə təhsilinin üstünlükləri  
								
								Türkiyə heç də təkcə kurortları ilə məşhur deyil. 
								Qardaş ölkənin təhsil sistemində son dövrlərdə 
								ciddi keyfiyyət dəyişiklikləri baş verib ki, 
								bundan da çoxlarının məlumatı yoxdur. 
								Əksəriyyəti bu ölkənin təhsil sistemi deyil, 
								Antalyanın 5 ulduzlu otelləri maraqlandırır. 
								Türkiyədə isə kifayət dərəcədə keyfiyyətli  
								təhsil almaq mümkündür. Bütün təhsil prosesi 
								üçün baza və onun bilavasitə ayrılmaz hissəsi 
								məktəbəqədər təhsildir. Məktəbəqədər 
								müəssisələrin əksəriyyəti özəldir, onlardan 
								yalnız bir qismi dövlətin himayəsindədir. 
								Məktəbəqədər təhsil ocaqları əsasən valideyn və 
								uşaqların bütün zəruri tələbatlarına cavab verən 
								böyük şəhərlərdə yerləşir. Bu müəssisələrin 
								əksəriyyətinin öz xüsusi uniforması var.  Əgər 
								ibtidai məktəbin şagirdi tədris ili ərzində 
								müəyyən olunmuş standart biliyə nail ola 
								bilmirsə, onda dərs ilinin sonunda təhsil 
								proqramı üzrə  təkrar kurs keçməlidir. İbtidai 
								məktəbdə uşaqlar 14 yaşa qədər qala bilər, lakin 
								uğurlu təhsil nəticəsində uşaqlar məktəbi 11 
								yaşında bitirir və ibtidai məktəbi bitirmələrinə 
								dair diplom alırlar. 
								
								Türkiyədə orta təhsil iki mərhələdədir: birinci 
								mərhələ 3 il davam edir, ikinci mərhələ 6 ildir. 
								Bunun isə öz üstünlükləri var. Türkiyə 
								məktəblərində orta tədris proqramı bir sıra 
								Avropa ölkələrinin təhsil proqramlarından heç nə 
								ilə fərqlənmir. Yeganə fərq ondan ibarətdir ki, 
								bütün dərs günü ərzində müəllimlər özləri bir 
								sinifdən digər sinfə  keçir, şagirdlər isə sinfi 
								tərk etmirlər. Orta məktəbi bitirmiş məzunların 
								ali təhsil ocaqlarında təhsillərini davam 
								etdirmək imkanları var. Bu ali məktəb Türkiyədə 
								və yaxud digər ölkədə yerləşə bilər. Məzunlar 
								ali təhsil komissiyasının nəzarəti altında 
								buraxılış imtahanları verirlər. Komissiya 
								universitetlərə qəbul olunacaq namizədləri 
								müəyyən edir və  onların  qəbulunu həyata 
								keçirir. Fakültələrə qəbul orta bal nəzərə 
								alınmaqla keçirilir, məzunların hər hansı 
								fakültədə təhsil alma qabiliyyəti 
								qiymətləndirilir.     
								
								
								
								İKT təhsil xərclərini azalda bilər  
								
								Bütün dünyada təhsil xidmətləri sahəsində 
								qiymətlər inflyasiyadan asılı olaraq artır. 
								Lakin Kolumbiya Universitetinin professoru 
								Ceffri Saks hesab edir ki, informasiya-kommunikasiya 
								texnologiyaları sayəsində təhsil qiymətləri 
								kəskin surətdə aşağı düşə bilər. Professor öz iş 
								təcrübəsinə əsasən belə bir qənaətə gəldiyini 
								bildirib. "Bir ali məktəb professoru olaraq mən 
								bunu öz auditoriyamda hiss edirəm. İndi sinif 
								lövhəsini proyektorlar əvəz edib. Kolumbiya 
								Universitetində  biz hər çərşənbə axşamı 
								kompüteri işə salır və bütün dünyanın 20-dən 
								artıq universiteti ilə "dünya auditoriyası"nda 
								birləşirik. Hardasa professor mühazirə oxuyur, 
								yüzlərlə tələbə isə videokonfrans  vasitəsilə 
								ona qulaq asır. İnformasiya texnologiyaları 
								tədris auditoriyasında inqilabi ruh yaradır, 
								birinci sinif tədris materiallarının istehsal 
								xərclərini azaldır", - deyə professor bildirib. 
								Onun sözlərinə görə, bir çox universitetlər öz 
								mühazirələrini İnternetdə yerləşdirirlər ki, 
								bütün dünyada istənilən şəxs fizikanı, 
								riyaziyyatı və ya iqtisadiyyatı öyrənə bilsin. 
								O, belə bir misal göstərib. Cari dərs ilində 
								Stenford Universitetinin iki informatika 
								professoru öz mühazirələrini bütün dünya 
								tələbələri üçün İnternetdə yerləşdirib. Onların 
								tələbələrinin sayı artıq 58000-i keçib.      
								
								 Kanada 
								PhD dərəcəsi almış xarici tələbələrə bu ölkədə 
								yaşamaq icazəsi verəcək  
								
								Kanada hökuməti hər il xarici ölkələrdən olan 
								minə yaxın tələbəyə bu ölkədə  yaşamaq icazəsi 
								verməyə hazır olduğunu bəyan edib.  Söhbət bu 
								ölkəyə təcrübəli mütəxəssislərin cəlb olunması 
								üzrə federal proqram (Federal Skilled Worker 
								Program) çərçivəsində PhD dərəcəsi almış 
								tələbələrdən gedir. İndi bu ölkədə ən azı iki il 
								doktorant təhsili almış şəxslər müvafiq 
								imtiyazlarla birlikdə  yüksəkixtisaslı 
								mütəxəssislər hesab olunmaları barədə hakimiyyət 
								orqanları qarşısında məsələ qaldıra bilərlər. 
								Lakin onlar yüksək akademik göstəricilərə malik 
								olmalıdırlar. Onların təhsil aldığı müəssisələr 
								də yerli hökumət tərəfindən akkreditasiyadan 
								keçməlidir. Elmi tədqiqatlarını başa vurmuş 
								xarici mütəxəssislər də elmi dərəcə aldıqdan 
								sonra 12 ay ərzində onlara daimi yaşamaq 
								statusunun verilməsi barədə müraciət edə 
								bilərlər.  
								
								
								
								Xarici mətbuat materialları əsasında hazırladı: 
								 Oruc MUSTAFAYEV  |