| 
								 
								
								Lev Landau - Sovet fizika elminə əbədi şöhrət 
								gətirmiş alim  
								
								
								
								 XX  
								əsr Sovet fizika elmi tarixində, dünya elmində 
								öz yeri olan məşhur fizika alimləri çox olub. 
								Lakin onların arasında 1908-ci il yanvarın 22-də 
								Bakıda anadan olmuş Lev Landaunun xüsusi yeri  
								var. Landau Sovet fizikləri arasında əfsanəvi 
								fiqur hesab olunur. O, elmi istedadı, maraq 
								dairəsinin genişliyi, dərin zəkası, gözəl və 
								aydın danışıq qabiliyyəti ilə çoxlarını valeh 
								edirdi.    
								
								  
								
								
								 Landau bir sıra Sovet mükafatları və xarici 
								dövlətlərin medalları  ilə təltif olunub. 
								Görkəmli Sovet nəzəri-fiziki, SSRİ EA-nın 
								akademiki (1946) Nobel mükafatına (1962) və Maks 
								Plank adına medala layiq görülüb. 3 dəfə Stalin 
								mükafatı, 1954-cü ildə Sosialist Əməyi Qəhrəmanı 
								adını almış alim London Kral Akademiyasının, 
								Danimarka Elmləri Akademiyasının, Amerika Milli 
								Elmlər Akademiyası və Amerika İncəsənət Elmləri 
								Akademiyasının, Fransa Fizika Cəmiyyətinin və 
								London Fizika Cəmiyyətinin üzvü seçilib. 
								Landaunun elmi irsi o qədər böyük və 
								rəngarəngdir ki, bir adamın özünün qısa həyatı 
								ərzində  bu qədər işləri görməyə müvəffəq 
								olmasını təsəvvür etmək belə çox çətindir.
								 
								
								
								1908-ci il yanvarın 22-də Bakılı neft mühəndisi 
								David Lvoviç Landau və onun arvadı Lyubov 
								Veniaminovanın ailəsində doğulub. 1915-cı ildən 
								Bakı yəhudi gimnaziyasında oxuyub. Onun anası bu 
								gimnaziyada təbiətşünaslıq fənnini tədris edib. 
								Qeyri-adi riyazi istedada malik olan Lev Landau 
								zarafatla özü haqqında deyirdi: "İnteqrasiya 
								olunmağı 13 yaşımda öyrəndim, fərqlənməyi isə 
								həmişə bacardım".  14 yaşında Landau Azərbaycan 
								Dövlət Universitetinə qəbul olunub, o eyni 
								zamanda həm kimya, həm də fizika-riaziyyat 
								fakültələrində təhsil alıb. Xüsusi qabiliyyətinə 
								görə onu Leninqrad  Universitetinə göndəriblər.  
								1927-ci ildə Leninqrad Universitetinin fizika 
								fakültəsini bitirən Landau aspiranturaya daxil 
								olub. Cəmi 12 yaşı vardı, lakin onun hesabında 
								artıq 4 dərc olunmuş elmi iş, eləcə də "İkiatomlu 
								molekulların spektrlərinə dair nəzəriyyə" 
								məqaləsi  vardı.  
								
								
								
								 Daha 
								sonra o, Leninqrad Fizika-Texnika İnstitutunun 
								əməkdaşı olub. 1926-1927-ci illərdə nəzəri 
								fizikaya dair ilk əsərini çap etdirib.  O 
								zamanlar Rusiyada nəzəri fizika yeni-yeni 
								inkişaf edirdi, lakin bu sahədə hamı tərəfindən 
								qəbul olunan, tanınan və nüfuz sahibi olan 
								mütəxəssis yox idi. Məhz gənc Lev Landau bu 
								sahədə Sovet elmində ilk elmi tapıntı idi.  
								1929-cu ildə təhsilini davam etdirmək üçün 
								Almaniyada, Danimarkada dahi fizik Nils Borun 
								yanında, İngiltərədə və İsveçrədə elmi 
								ezamiyyətlərdə olub. Avropada Landau Nils Bor da 
								daxil olmaqla bir sıra aparıcı nəzəri fiziklərlə 
								çalışıb. Məhz bu illərdə Landau Boru özünün 
								yeganə müəllimi və dostu  hesab edib. Müəllim və 
								şagird arasında dostluq Lev Landaunun həyatının 
								son günlərinə qədər davam edib.  1932-ci ildə 
								Landau Xarkovda Ukrayna Fizika-Texnika 
								İnstitutunun nəzəri fizika şöbəsinə rəhbərlik 
								edib. 1937-ci ildən başlayaraq Landau son 
								günlərinə qədər SSRİ EA Fizika Problemləri 
								İnstitutunda çalışıb, nəzəri fizika şöbəsinə 
								rəhbərlik edib.  Onu nəzəri fizikanın bir sıra 
								problemləri maraqlandırırdı. O, ulduzların 
								enerji mənbəyini, səslərin dispersiyasını, 
								yüksəkkeçiricilik, materialların maqnit 
								xassələri, maye heliumun xassələrini  öyrənirdi. 
								Landau  E.M.Livşits ilə "Nəzəri fizika kursu" 
								kitabını yazıb.  
								
								
								
								Landau repressiya illərində  
								
								
								Landau Sovet və dünya elmində özünəməxsus iz 
								qoyub.  Kvant mexanikası, bərk cismlər fizikası, 
								maqnetizm, aşağı temperaturlar fizikası, kosmik 
								şüalar fizikası, hidrodinamika, sahənin kvant 
								nəzəriyyəsi, atom nüvəsinin fizikası, fiziki 
								plazma və elementar hissəciklər fizikası - 
								bunlar müxtəlif vaxtlarda Landaunun diqqətini 
								cəlb etmiş elm sahələrinin tam siyahısı deyil. 
								Onun haqqında deyirdilər ki, "XX  əsrin nəhəng 
								fizika binasında onun üçün bağlı qapılar yoxdur".  
								Landau isə deyirdi: "Bəli, mən hər şeylə məşğul 
								olmuşam və bundan sonra da məşğul olacam, mənim 
								xarakterim belədir". 
								
								
								
								 Yuxarıda 
								qeyd etdiyimiz kimi, 1932-1937-ci illərdə Landau 
								Xarkovda Ukrayna Fizika-Texnika İnstitutunda 
								çalışıb. İnstitutda istefa verdikdən və 1937-ci 
								ilin fevralında universitet fiziklərinin 
								qiyamından sonra Landau akademik Pyotr 
								Kapitsanın dəvətini qəbul edərək Moskvada Fizika 
								Problemləri İnstitutunda nəzəri fizika şöbəsinə 
								rəhbərlik etməyə razılıq verir. Landaunun 
								Ukraynanı tərk etməsindən sonra 1937 -ci ilin 
								fevralında  "NKVD" orqanları tərəfindən Xarkov  
								Fizika-Texnika İnstitutu dağıdılır və xarici 
								mütəxəssislər A.Vaysberq, F.Xoutermans, L.V.Rozenkeviç 
								(Landaunun həmmüəllifi), Şubnikov, V.S. Qorskiy 
								həbs olunurlar, noyabrda onları güllələyirlər.
								 
								
								
								1938-ci ilin aprelində Landau M.A.Korents 
								tərəfindən yazılmış və Stalin rejiminin 
								devrilməsinə çağıran vərəqi redaktə edir. Bu 
								vərəqdə Stalin faşist diktatoru elan olunur. 
								Vərəqin mətninin  1 may bayramı ərəfəsində poçt 
								vasitəsilə yayılması üçün Stalin əleyhinə olan 
								tələbələrə verilir. Lakin bu işin üstü SSRİ 
								dövlət təhlükəsizlik orqanları tərəfindən açılır 
								və Landau, Korents və Y.B.Rumer antisovet 
								təbliğatına görə aprelin 28-də həbs olunurlar. 
								1938-ci il mayın 3-də Landau fizika  
								institutundan kənarlaşdırılır. Landau həbsdə bir 
								il qalıb. Stalin rejimi onu faşist Almaniyasına 
								işləməkdə ittiham edirdi.  Landaunu Danimarka 
								fiziki Nils Borun müdafiə məktubu və onu 
								zaminliyə götürmüş  akademik Kapitsanın 
								müdaxiləsi əsasında azad edirlər. O zaman Sovet 
								elmi dairələrində böyük nüfuz sahibi olan 
								Kapitsa Kremlə gedir və bəyan edir ki, əgər 
								Landaunu azad etməsələr, rəhbərlik etdiyi 
								institutu buraxacaq. Akademik Kapitsa Stalinə 
								ünvanladığı məktubunda yazırdı: "O, dalaşqan və 
								öcəşkəndir, başqalarında səhv axtarmağı sevir. 
								Xüsusən də bizim akademiklərin səhvini tapanda 
								saymazyana onları qıcıqlandırır. Bununla da o 
								özünə çoxlu düşmən qazanıb. O gəncdir, elmdə 
								hələ çox işlər görə bilər. Heç kim, heç bir 
								başqa alim bütün bunlar barədə yaza bilmir, buna 
								görə də bunları mən sizə yazıram.  Şübhə yoxdur 
								ki, Landaunu bir alim kimi itirməyimiz həm sovet, 
								həm də dünya elmi üçün izsiz ötüşməyəcək və onun 
								yeri güclü hiss olunacaq. Onun hədsiz istedadını 
								nəzərə alaraq sizdən işinə diqqətlə baxılması 
								üçün müvafiq göstəriş verməyinizi xahiş edirəm".
								 
								
								
								Kapitsa "NKVD"-nin sədri Lavrenti Beriyaya  
								ünvanladığı məktubunda  yazırdı: "Xahiş edirəm, 
								həbs olunmuş fizik, professor Lev Davidoviç 
								Landaunu mənim şəxsi zaminliyim altında azad 
								edəsiniz. "NKVD" qarşısında  öhdəlik götürürəm 
								ki, Landau mənim institutumda hər hansı bir əks-inqilabi 
								fəaliyyətlə məşğul olmayacaq və mən özümdən 
								asılı olan tədbirləri görəcəm ki, o, institutdan 
								kənarda da hansısa əks-inqilabi iş aparmayacaq. 
								Əgər mən Landau tərəfdən Sovet hakimiyyəti 
								əleyhinə yönəlmiş hansısa fəaliyyət müşahidə 
								edərəmsə, bu barədə dərhal "NKVD" orqanlarını 
								xəbərdar edəcəm". İki gün sonra Landau fizika 
								institutunun əməkdaşları sırasına bərpa olunub. 
								Həbsdən azad olunduqdan sonra həyatının son 
								günlərinə qədər Landau  Fizika Problemləri 
								İnstitutunda çalışıb.  Alim müharibə dövründə 
								yanma və partlayış hadisələrini tədqiq edib. O, 
								Sovet İttifaqında atom bombasının yaradılmasında 
								iştirak edib.     
								
								
								
								Dau erası  
								
								
								Landau 1962-ci il yanvarın 7-də Dmitriyevsk 
								şosesində Moskva-Dubna yolunda avtomobil 
								qəzasına düşüb. Çoxsaylı sınıqlar, qan itirməsi 
								və baş zədələri nəticəsində Landau 59 gün koma 
								vəziyyətində qalıb. Həkimlər dəfələrlə alimin 
								vəziyyətinin ümidsiz olduğunu bildiriblər. 
								Kanadadan Moskvaya bütün dünyada məşhur olan 
								neyrocərrah, London Kral Cəmiyyətinin üzvü 
								Penfild gəlib.  Dünyanın ən məşhur fizikləri 
								onun həyatının xilas olunmasında iştirak ediblər. 
								Onlar dahi fizikin çarpayısı başında gecə-gündüz 
								növbə çəkiblər. Çatışmayan dərmanlar təyyarə 
								vasitəsilə Amerka və Avropa ölkələrindən 
								gətirilib. Çox ciddi yaralara baxmayaraq, bu 
								tədbirlər nəticəsində Landaunun həyatını xilas 
								etmək mümkün olub.   
								
								
								Landaunun şüuru bərpa olunsa da, onun əqli 
								qabiliyyəti çox gec bərpa olunurdu və o, beləcə 
								elmi yaradıcı işə qayıda bilmədi... Lakin onun 
								arvadının və oğlunun fikrincə, Landau tədricən 
								özünün normal vəziyyətinə qayıdıb və 1968-ci 
								ildə fizika  ilə məşğul olmağa yaxın olub.  
								Landau bağırsaq keçilməzliyinin aradan 
								qaldırılması əməliyyatından cəmi bir neçə gün 
								sonra vəfat edib. Ona mezenterial damarların 
								trombozu diaqnozu qoyulub. Ölüm tromboz 
								arteriyaların tıxanması nəticəsində baş verib.  
								Landaunun arvadı öz memuarlarında ərini müalicə 
								etmiş bəzi  həkimlərin səriştəsinə şübhələrini 
								ifadə edib.  
								
								
								 1962-ci ildə Lev Landau Nobel mükafatına layiq 
								görülür. Alim Stokholma mükafatın təqdim olunma 
								mərasiminə gedə bilməyib. Mükafatı alimə 
								Moskvada İsveçin SSRİ-dəki səfiri təqdim edib. 
								Nobel və Lenin mükafatları laureatı, Sosialist 
								Əməyi Qəhrəmanı 1968-ci il aprelin 1-də vəfat 
								edib. Dahi alimin vəfat etməsi ilə nəzəri fizika 
								elmində böyük bir epoxa -  Dau erası başa çatıb.  
								
								
								
								Xoşbəxtlik nəzəriyyəsi  
								
								
								Uşaqlıqdan elmə həvəs göstərən Landau özünə söz 
								verib: "siqaret çəkməyəcək, içməyəcək və 
								evlənməyəcək". O hesab edirdi ki, nikah sevgi 
								ilə heç bir ümumi əlaqəsi olmayan kooperativdir. 
								Lakin o, kimya fakültəsinin məzunu olan Kora 
								Drobansevlə görüşüb. Kora onu heç bir qadına 
								qısqanmayacağını vəd edib. 1934-cü ildən onlar 
								mülki nikahda yaşayıblar. Landau hesab edirdi ki, 
								nikahı daha çox yalan və xəyanət dağıdır. Onlar 
								arasında rəsmi nikah 1946-cı ildə, onların oğlu 
								İqor doğulduqdan sonra bağlanıb. İqor sonralar 
								MDU-nun fizika fakültəsini bitirib, o, aşağı 
								temperaturlar fizikası sahəsində mütəxəssisləşib.
								 
								
								
								Landaunun yeganə, fizika ilə heç bir əlaqəsi 
								olmayan nəzəriyyəsi xoşbəxtlik nəzəriyyəsi olub. 
								O hesab edirdi ki, hər bir insan xoşbəxt, özü də 
								hökmən xoşbəxt  olmalıdır. Bunun üçün o özündə 3 
								parametri birləşdirən sadə formul irəli sürüb: 
								iş, sevgi və insanlarla ünsiyyət.   
								
								
								
								Landau belə deyirdi...  
								
								
								Elmi işlərdən əlavə, Landau həm də zarafatları 
								ilə məşhur olub. Onun elmi zarafatlarda 
								xidmətləri böyükdür. İncə, iti zəkalı və gözəl 
								natiq olan Landau həmkarları arasında  hər bir 
								zarafatı dəstəkləyib. O, "Landau belə deyirdi"  
								termini yaradıb və özü də müxtəlif yumoristik 
								hadisələrin qəhrəmanı olub. Xarakterik cəhət 
								odur  ki,  zarafatlar  fizika və riyaziyyatla o 
								qədər də bağlı olmayıb. O, tələbələrinə maksimum 
								sərbəstlik vermişdi. O, yumoru və gülüşü çox 
								qiymətləndirirdi. Hətta tələbələr ona dostluq 
								şarjları da həsr etmişdilər. Bu şəkillərin 
								altında "Dau deyib" ifadəsi yazılardı.   
								
								
								  
								
								
								
								Landau minimumları  
								
								  
								
								
								1934-cü ildə SSRİ Elmlər Akademiyası Lev 
								Landauya dissertasiya müdafiə etmədən fizika-riyaziyyat 
								elmləri doktoru elmi dərəcəsi verir. Landaunun 
								bu ada təqdim olunması arayışında onun bir alim 
								kimi çox vacib keyfiyyəti - mürəkkəb məsələlərin 
								həllində  riyazi metodları  virtuozcasına tətbiq 
								etməsi göstərilirdi. O vaxt Xarkov şəhəri nəzəri 
								fizikanın mərkəzinə çevrilir. Alim çox gözəl 
								elmi məktəb yaradır, bu məktəbə düşmək olduqca 
								çətin idi. Landau bir sıra tələblər işləyib 
								hazırlamışdı ki, buna da o vaxtlar "Landau 
								minimumları" deyilirdi. Landaunun tələbələri 
								adına layiq görülmək üçün onun müəyyən etdiyi 9 
								nəzəri imtahan vermək tələb olunurdu, tələbələr 
								əvvəlcə riyaziyyatdan, sonra fizikadan Landauya 
								imtahan verməli idilər. O tələbələrindən nəzəri 
								fizikanın bütün bölmələri üzrə biliklər tələb 
								edirdi.  Mərkəzə düşmək arzusunda olanlar çox 
								olsa da, 30 illik fəaliyyəti dövründə cəmi 43 
								nəfər Landau məktəbində dərs ala bilib. Alim 
								istedadlı gənclərə çox diqqətlə yanaşırdı, 
								onlara məşğul olmaq istədikləri tədqiqat 
								mövzusunu  seçməkdə müstəqillik verirdi və birgə 
								eksperimentlərin aparılmasına vaxtını 
								əsirgəmirdi. Tələbələri və müəllim həmkarları 
								hörmətlə onu "Dau" çağırırdılar. Əslində alim 
								özü  tələbələrindən "məni Lev Davidoviç yox, 
								sadəcə Dau çağırın" tələb edirdi. Landaunun 
								tələbələrindən və birgə elmi işlərin həmmüəllifi 
								və ən yaxın  dostlarından biri  Yevgeni 
								Mixayloviç Livşits idi.   1935-ci ildə Landau və 
								Livşits nəzəri fizikaya dair bir neçə elmi 
								dərsliklər çap  etdirirlər. Dərsliklər bir çox 
								dillərə tərcümə olunub və klassik mənbə hesab 
								olunub.   Bu işlərə görə nəzəriyyəçi fiziklər 
								1962-ci ildə Lenin mükafatına layiq görülüblər.
								 
								
								
								"Tədqiqatları mən iş adlandırmazdım. Bu, ən 
								yüksək zövqdür, məmnunluqdur, böyük sevincdir, 
								onu heç nə ilə müqayisə etmək olmaz", - deyə 
								Landau bildirirdi.   
								
								
								
								Aforizmləri  
								
								
								Elmdə təkrarsız dərinlik yoxdur. 
								
								
								Nəzəriyyələrin əksəriyyəti - yalnız köhnə 
								fikirlərin yeni terminologiyaya  
								
								
								tərcüməsidir. 
								
								
								Mədəniyyətdə zirvə əsas rol oynayır. 
								
								
								Çıxışlar yoxdur, yalnız keçidlər var. 
								
								
								Əgər yaxın adama nəyisə izah etmək lazımdırsa, 
								onda izah etmək lazım deyil. 
								
								
								Siyasətdə əks-səda gözlənilən hadisələrdən xəbər 
								verir. 
								
								
								Ölümdən güclü yalnız sevgidir. Lakin o, həyatdan 
								güclü ola bilərmi? 
								
								
								Əgər nəzəriyyə hər şeyi izah edirsə, onda o, bir 
								şeyə yaramır.  
								
								
								Satirik - gülməli olanı onu olmadığı yerdə də 
								görə bilən yazıçıdır.  
								
								
								Fizikada ən başlıcası laqeyd olmamağı 
								bacarmaqdır.   
								
								
								Sadə ədədlər çoxalma üçün yaradılıb.  
								
								
								Heç nədən elə heç nə yaranıb.  
								
								
								  
								
								
								
								Hazırladı: Oruc MUSTAFAYEV    |