| 
								 
								 Gəncə 
								Dövlət Universiteti ilə Azərbaycan Müəllimlər 
								İnstitutunun Zaqatala filialı arasında elmi-metodik 
								əməkdaşlıq əlaqələri ildən-ilə 
								genişlənməkdədir.Universitetin qabaqcıl alimləri 
								vaxtaşırı filialda olur, təcrübə mübadilələri 
								keçirir, professor-müəllim heyətinin dərslərində 
								iştirak edir, təhsilin aktual problemləri barədə 
								mühazirələr oxuyur, eləcə də pedaqoji və tədris-köməkçi 
								heyətin üzvlərinə dəyərli məsləhətlər verirlər.
								 
								
								Noyabrın 22-də GDU-nun bir qrup alimi AMİ-nin 
								Zaqatala filialının tədris, maddi- texniki 
								bazası ilə tanış olmuş, iki gün  davam edən 
								qarşılıqlı təcrübə mübadiləsi zamanı "açıq 
								dərs"ləri dinləmiş, metodik tövsiyə və fənn 
								proqramlarının hazırlanmasında yerli alimlərə və 
								gənc müəllimlərə lazımi köməklik göstərmişdir. 
								
								Sonra görüşün yekunlarına həsr olunmuş elmi-metodik 
								konfrans keçirilmişdir. Professor-müəllim və 
								tələbə heyətinin iştirakı ilə baş tutan tədbiri 
								giriş sözü ilə tədris və elmi işlər üzrə filial 
								direktorunun müavini, fəlsəfə doktoru Füzuli 
								Səddinov açaraq bu əməkdaşlığın tarixinin artıq 
								5 ili adladığını bildirərək, elmi-əməli dəstəyə 
								və dəyərli köməyə görə GDU-nun rektoru, 
								professor Elman Məmmədova kollektivin dərin 
								təşəkkürünü  çatdırmağı xahiş  etmişdir. 
								 
								
								Tədbirdə Gəncə Dövlət Universitetinin  
								dosentləri, filologiya üzrə fəlsəfə doktorları, 
								əməkdar müəllim Allahverdi Həmidov, Azərbaycan  
								Yazıçılar Birliyinin üzvü Sahib İbrahimli, 
								folklorşünas Maqbet Əhmədov " Xarici dil 
								dərslərinin proqram təminatı və müəllimlərin 
								elmi-metodik yaradıcılığının inkişaf etdirilməsi", 
								"Ədəbiyyat dərslərində problemli situasiya  
								yaradılması və cütlüklərlə iş", "Heydər Əliyev 
								və Azərbaycan ədəbiyyatı" mövzularında 
								məruzələrlə çıxışlar etmişlər. Pedaqogika üzrə 
								fəlsəfə doktoru, dosent Yəhya Əliyev "Yaş və 
								sosial pedaqogika" fənni üzrə filial əməkdaşları 
								ilə birgə metodik vəsait hazırlanması təklifini 
								vermiş, universitetin elmi katibi, dosent Teymur 
								İsmayılov isə buraxılış kurs tələbələrinin 
								diplomdansonrakı təhsilinin təşkilində təmsil 
								etdiyi ali məktəb tərəfindən hər cür köməyə 
								hazır olduqlarını bildirmişdir. Təkliflər 
								iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. 
								Konfransa dəvət olunmuş Gəncə şəhər təhsil 
								veteranı, məktəbşünas-pedaqoq Bahadur Abdullayev 
								filialda fəaliyyət göstərən ixtisasartırma 
								kurslarında apardığı mühazirələrin onda xoş 
								təəssürat oyatdığını bildirmiş, bu sahədə bir 
								sıra tövsiyələrini vermişdir.                                                                             
								 
								
								Filial əməkdaşları adından pedaqoji  fakültənin  
								dekanı, GDU-nun dissertantı Xəzəngül Babayeva, 
								kafedra müdiri, fəlsəfə doktoru Qüdrət Qırtımov, 
								qocaman müəllim, fəlsəfə doktoru Qurban Orucov,  
								baş müəllim Sabir Qurbanov və II kurs tələbəsi 
								Fərid Əzimov çıxış edərək belə görüşlərin tez-tez 
								keçirilməsini arzulamış və qonaqlara dərin 
								minnətdarlıq  ifadə etmişlər.   
								
								Sonda qonaqlar özlərinin və GDU-nun  digər 
								alimlərinin müəlliflikləri ilə nəşr olunmuş 
								dərslik və metodik vəsaitlərini kitabxanaya 
								təhvil vermiş, pedaqoji kollektivlə birgə 
								şəkillər çəkdirmişlər.  
								
								
								
								Ülkər BAYRAMOVA, 
								AMİ-nin Zaqatala filialının tədris-tələbə  
								şöbəsinin böyük mütəxəssisi  | 
								  |