| 
								 
								 Bu 
								günlərdə Qazaxıstanın Almatı şəhərində  
								beynəlxalq tələbə tamaşaları festivalı keçirildi. 
								Festivala dəvət almış  ADMİU-nun tələbələri bu 
								beynəlxalq tədbirə məsuliyyətlə hazırlaşmağa  
								başladılar. Çünki festivalın məsuliyyətini  hələ 
								tələbələrimiz  2010-cu ildə  Tbilisidə keçirilən 
								festivalda hiss etmiş, onlara göstərilən  
								qonaqpərvərlik və tamaşaçı alqışı indiyə qədər 
								xatirələrdən silinməmişdi. Bir də axı 
								universitetimizin beynəlxalq müsabiqələrdə 
								iştirak təcrübəsi hələ 1989-1990-cı illərə gedib 
								çıxırdı. O zaman SSRİ incəsənət ali məktəbləri 
								arasında  keçirilən V.Vaxanqov adına bədii 
								qiraət müsabiqəsi tarixi yaddaşlarda yaşayırdı. 
								Hazırda universitetimizdə dərs deyən dosent 
								Kəmalə Mehdiyeva, Xalidə Həsənova həmin 
								müsabiqənin qalibləri olmuşlar.  
								
								Qazaxıstana uçuşdan qabaq ADMİU-nun rektoru, 
								professor Timuçin Əfəndiyev tələbələrlə 
								görüşündə bu ənənəni yada salmış, bu gün 
								dünyanın 30 ölkəsinin qabaqcıl sənət ali 
								məktəbləri ilə universitetimiz arasında 
								bağlanmış müqavilələri, artıq  ali məktəbimizin 
								beynəlxalq aləmdə yüksək nüfuza malik olmasını 
								və əsas olaraq təhsil ocağının 90 illiyi 
								qarşısında  daha böyük məsuliyyət  daşımağımızı 
								qeyd edərək layiqli yer tutmaq üçün  öz xeyir-duasını 
								vermişdi.  
								
								Almatıda çox böyük qonaqpərvərliklə qarşılandıq. 
								Hər addımda ölkəmizin dünya dövlətləri arasında  
								malik olduğu nüfuzun, ictimai-siyasi, mədəni 
								sahələrdə qazandığımız nailiyyətlərə görə 
								dövlətimizə və xalqımıza olan böyük hörmətin 
								şahidi olduq. Festivalın açılışı T.Jurqenov 
								adına Qazaxıstan Milli İncəsənət Akademiyasında 
								təntənəli şəkildə keçirildi. 
								
								Festival Qazaxıstanın  xalq artisti, professor, 
								teatr təhsilinin banilərindən biri olan rejissor 
								Askar Tokpanovun adını daşıyırdı. 
								
								 İncəsənət 
								akademiyasının tədris teatrında tamaşaların 
								nümayişi üçün hər şərait yaradılmış, səhnə və 
								tamaşaçı zalı müasir avadanlıqlarla təchiz 
								edilmiş, hər bir tamaşa üçün  bədii, musiqi 
								tərtibatı təmin edilmişdi. 
								
								Noyabrın  10-da festivalın açılışından əvvəl 
								kütləvi informasiya vasitələri üçün  mətbuat 
								konfransı keçirildi. Mətbuat konfransında 
								universitetin müasir həyatı və keçdiyi tarixi 
								yol,  yaradıcılıq prosesi və respublikamızın 
								mədəni həyatında tutduğu yüksək mövqe haqqında 
								məlumat verdik. 
								
								Mən qeyd etdim ki, professor Timuçin Əfəndiyevin 
								gərgin əməyi və uzunmüddətli rektorluq təcrübəsi 
								sayəsində beynəlxalq aləmdə nüfuzlu bir ali 
								məktəbə çevrilmiş universitetimizdə müasir 
								cəmiyyətin tələbinə uyğun olaraq yeni ixtisas və 
								ixtisaslaşmalar açılmışdır. Bunun nəticəsidir ki, 
								hazırda universitetdə incəsənətin bütün 
								sahələrini əhatə edən  40-a yaxın ixtisas və 
								ixtisaslaşmalar  üzrə peşəkar kadrlar hazırlanır. 
								Yaradıcılıq palitrası baxımından rəngarəng  olan 
								bu ixtisasların universitetimizdə olması onların 
								bir-biri ilə qarşılıqlı əlaqəsini və təsirini 
								zənginləşdirir, yaradıcılıq iqlimi yaradır. Belə 
								bir şərait isə  istedad səviyyələri müxtəlif 
								olan gənclərə qabiliyyət  və bacarıqlarını 
								inkişaf etdirmək üçün münbit şərait yaradır. 
								Göstəriləcək tamaşamızı nümunə gətirərək onun 
								ədəbi materialının, musiqi və bədii tərtıbatının 
								tələbələr tərəfindən hazırlandığını  bildirdim. 
								Ali məktəbimiz haqqında bu məlumatlar böyük 
								maraq doğurdu. Almatının mərkəzi telekanalı 
								tələbəmizdən müsahibə götürərək festivalla bağlı 
								rəyini öyrəndi. 
								
								Festivalın münsiflər heyətinə əməkdar incəsənt 
								xadimi, Qazaxıstanın dövlət mükafatı laureatı, 
								professor, teatrşünas Sıqay Amirbəy Topabayuli 
								rəhbərlik edirdi. 
								
								Tələbələrimizin çıxışı noyabrın 10-da Astana 
								Mədəniyyət və Teatr İnstitutunun tələbələrinin 
								çıxışından sonra  başladı. Tələbələrin çıxısı 
								alqışla qarşılansa da, tamaşaçılar da müəyyən 
								nöqsanları görüb öz münasibətini bildirməkdən 
								çəkinmirdilər. Hiss olunurdu ki, həm münsiflər 
								heyəti, həm də  tamaşaçılar çıxışa obyektiv və 
								tələbkarlıqla yanaşırdılar. Tamaşanın gedişi 
								zalda əks-səda doğururdu. Buna görə də mən 
								münsiflər heyətinin tərkibində olsam da,  
								həyəcan keçirir, tələbələrimizin çıxışlarını 
								səbirsizliklə gözləyirdim.  
								
								Beləliklə, tələbələrimizin çıxışını elan etdilər. 
								Zalda ayaq  üstə duranların  sayı oturanların 
								sayından xeyli  artıq idi. Bu maraq məni çox 
								sevindirirdi. 
								
								Əsər müxtəlif mövzuları əhatə edən, 7 etüddən 
								ibarət bütöv bir tamaşa idi. Müstəqil olan  hər 
								bir hissə bir-birilə bədii təsvir  və ifadə 
								vasitələri, improvizə, plastika, ritm və 
								aktyorların hissetmə həssaslığı ilə bağlanırdı.
								 
								
								Tamaşa başlanarkən işıq və səs effektlərindən 
								istifadə olunaraq  hər bir obraz xarakterinə 
								uyğun donmuş hərəkətdə işıqlanır və tamaşaçını 
								maraqlandırırdı. 
								
								Hər bir hissə böyük alqışlarla qarşılanırdı. 
								Tamaşanın belə müvəffəqiyyətlə getməsində kursun 
								bədii rəhbəri, dosent Vidadi Həsənovun tamaşada  
								bir rejissor obrazı  kimi iştirak etməsinin rolu 
								böyük idi.  
								
								Cəmi 10 tələbənin hazırladığı tamaşanın  təsir 
								gücü  universitetimizdə gedən  yaradıcılıq və 
								tədris prosesinin nə dərəcədə yüksək olduğunu 
								tamaşaçıların və münsiflər heyətinin kəsilmək 
								bilməyən alqışlarından aydın görünürdü. 7  
								hissənin hər biri  üçün hadisələrə uyğun  musiqi 
								tapılmışdı. Hər bir hissənin mövzusu, xarakteri, 
								ifa dinamikası,  hətta janrı da  müxtəlif idi.  
								Göstərilən etüdlərdə məzmunla quruluş və 
								formanın həlli səviyyəsi, ifaçılıq məharəti 
								yüksək idi. 
								
								Aktyorlar səsləndirilən musiqi parçasını 
								melodiya və plastik hərəkətlər  vasitəsilə 
								nümayiş etdirə bilirdilər. Bəzən elə səhnələr 
								var idi ki, aktyor tamaşaçı ilə səssiz dialoqa 
								girir, keçirdiyi həyəcan və düşüncələrini 
								tamaşaçılara təqdim edə bilirdi.  
								
								40 dəqiqəlik tamaşa bitdikdən sonra tamaşaçı 
								zalı uzun müddət alqışlara qərq oldu  və bu 
								alqışlar qələbəmizdən soraq verirdi. Səhəri günü 
								kollektivimiz səhnəyə dəvət olunaraq münsiflər 
								heyətinin qərarını oxuyan Sıqay Amirbəy 
								Topabayuli tərəfindən "Qran-pri" mükafatının 
								qalibi elan edildi və universitetimizin 
								bayrağını ucalda bildik. 
								
								Bu qələbə tələbələrin, onlara dərs deyən 
								müəllimlərin, ümumilikdə Azərbaycan Dövlət 
								Mədəniyyət və İncəsənət Universitetinin qələbəsi 
								idi.   
								
								
								
								Rafiq SADIQOV, 
								ADMİU-nun tədris və 
								 tərbiyə 
								işləri üzrə  
								prorektoru, professor  |