| 
								 
								Azərbaycan Universiteti və "Hədəf"  Elm, Təhsil 
								və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə  
								Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr 
								olunmuş  2-ci "Fənlərin Dostluğu Olimpiadası" 
								keçiriləcək. Layihənin əsas məqsədi fənlərarası 
								əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə 
								bağlılığını məktəblilərə aşılamaq və bu 
								inteqrasiyanın köməyindən istifadə edərək xüsusi 
								istedada malik olan şagirdləri müəyyənləşdirib 
								gələcək fəaliyyətlərində stimul yaratmaqdır.
								 
								
								Gələcəkdə bütün respublika məktəblilərini və 
								xaricdə yaşayan azərbaycanlı  gəncləri də öz 
								ətrafında birləşdirməyi hədəf alan  "Fənlərin 
								Dostluğu Olimpiadası"nın builki buraxılışı Bakı, 
								Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət 
								göstərən ümumtəhsil məktəblərinin 9-10-cu sinif 
								şagirdləri arasında keçiriləcək. Təqribən 300-ə 
								qədər məktəbin qoşulacağı layihə iki mərhələdə 
								baş tutacaq. Birinci mərhələdə təqribən 3 min 
								şagird, ikinci mərhələdə isə 100 şagird öz 
								biliyini sınayacaq. İştirakçılara Azərbaycan 
								dilində test şəklində suallar təqdim olunacaq.
								 
								
								Olimpiadanın birinci mərhələsi dekabrın 18-də 
								Bakı, Sumqayıt və Xırdalan şəhərlərində 
								keçiriləcək. Bu mərhələdə 2 saat müddətində 
								şagirdlərə 50 sual təqdim olunacaq. İlk 100 
								yerin sahibi II turda iştirak etmək hüququ əldə 
								edəcək.  
								
								İkinci mərhələ isə dekabrın 25-də Azərbaycan 
								Universitetinin əsas korpusunda baş tutacaq. Bu 
								turda 1 saat müddətində şagirdlərə 30 sual 
								təqdim olunacaq.  
								
								Dünya Azərbaycanlılarının Həmrəylik Günü 
								münasibəti ilə keçirilən 2-ci "Fənlərin Dostluğu 
								Olimpiadası"nın bağlanış və qaliblərin 
								mükafatlandırılması mərasimi dekabrın 27-də 
								Rəşid Behbudov adına Mahnı Teatrında  təşkil 
								olunacaq. Olimpiadada ilk 10 yeri tutmuş 
								şagirdlər diplom və qiymətli hədiyyələrlə 
								mükafatlandırılacaq.   
								
								
								Niyazi RƏHİMOV  |