| 
								 
								Məlumdur ki, xalqımızın gələcək taleyi bu gün 
								məktəblərdə oxuyan övladlarımızdan asılıdır. 
								Onları yetişdirmək, tərbiyələndirmək, qlobal 
								çağırışlara cavab verəcək səviyyədə hazırlamaq 
								isə bizim borcumuzdur. 
								
								"Müəllim hazırlığının müasir problemləri" 
								mövzusunda keçirilən beynəlxalq elmi konfransda 
								hörmətli təhsil naziri Misir Mərdanov qeyd etdi 
								ki, ali məktəb qarşısında yeni nəsil 
								müəllimlərin hazırlanması və pedaqoji kadrların 
								ixtisasartırmasının müasir, daha səmərəli 
								modelinin yaradılması kimi mühüm vəzifələr durur. 
								
								Yeni tip müəllim olmağı yalnız gənc nəsildən 
								gözləmək düzgün olmaz. Məktəblərimizdə savadlı, 
								bacarıqlı, təcrübəli müəllimlərimiz çoxdur. Bəs 
								çatışmayan nədir? 
								
								Əlbəttə, fəal təlim metodları şagirdlərin yeni 
								bilikləri müstəqil araşdırmalar yolu ilə əldə 
								etməsini, sərbəst mühakimə yürüdüb öz 
								fikirlərini söyləyə bilməsini, qrup şəklində 
								birgə fəaliyyət vərdişlərinə yiyələnməsini və bu 
								baxımdan dərslərin interaktiv əsasda qurulmasını 
								təmin edir. Lakin fəal təlim metodlarının 
								tətbiqi əvvəlki uğurlarımızın inkarı demək deyil. 
								
								Həm orta məktəbdə, həm də sonrakı təhsil 
								illərində əsl pedaqoqun nə demək olduğunu mənə 
								dərk etdirən müəllimlərim olub. İndi də onların 
								keçdikləri dərsləri-mövzunu uşaqlardan almaq 
								üçün problem-situasiyanı necə yaratdıqlarını, 
								mövzulararası əks-əlaqənin təşkili, dərsin 
								həyatla əlaqələndirilməsi və s. məsələləri 
								xatırlayanda, elə müəllimlərin qarşısında baş 
								əyirəm. Və əminliklə deyirəm ki, elm öz 
								elmliyində qalır, elmin şagirdlərə öyrədilməsi 
								üsulları dəyişir. Fəal təlimdə müəllim və şagird 
								bərabərhüquqlu subyekt olsalar da, metodlardan 
								istifadə edən müəllim məhz əsas simadır. Təhsil 
								sahəsində həyata keçirilən hər bir yeniliyin 
								ağırlığının  müəllimlərin üzərinə düşməsi 
								təbiidir. Uğur qazanmaq istəyən müəllim, hər 
								şeydən əvvəl, öz peşəsinin vurğunu olmalıdır. 
								Müəllim yaradıcı, həyata keçiriləcək hər bir 
								dəyişikliyə hazır olarsa və peşəsinin 
								müqəddəsliyini hər zaman qoruyub saxlamağa 
								çalışarsa, yeni - fəal metodların tətbiqi, 
								müasir texnologiyalardan istifadə və s. onun 
								üçün problem yaratmaz. 
								
								Məncə, müəllim kollektivdə nüfuz qazanmalı, öz 
								nüfuzunu qorumalıdır. O, savadı, əməksevərliyi, 
								obyektivliyi, davranışı, mədəniyyəti ilə 
								şagirdlərə nümunə olmalıdır. Əqidəsi təmiz olan 
								müəllim bilməlidir ki, onun borcu xalqımızın 
								ənənələrinə bağlı olan, Vətənini, millətini və 
								dilini sevən, müstəqil və yaradıcı düşünən, 
								yüksək əxlaq və mənəvi keyfiyyətləri özündə 
								birləşdirən sağlam və humanist fikirli şagirdlər 
								yetişdirməkdir. Yeni tip müəllim kimi 
								formalaşmaq əlaqədar təhsil müəssisələrindən, 
								RTŞ metodistlərindən və məktəb rəhbərlərindən 
								daha çox hər təcrübəli müəllimin özündən 
								asılıdır. 
								
								Mən 34 ildir ki, Azərbaycan dili və ədəbiyyat 
								müəllimi işləyirəm. Bir müəllim olaraq, hər gün 
								öz üzərimdə çalışır, heç bir mövzunu 
								şabloncasına şagirdlərə çatdırmaq istəmirəm. 
								Dərslərimi daha maraqlı qurmaq üçün "Eşit və 
								düşün!" prinsipi ilə  işləyirəm. Şagirdləri 
								tərbiyələndirmək, zövqlərini inkişaf etdirmək, 
								nitqlərini formalaşdırmaq üçün lazım olan əyani 
								vasitələrdən və dərslikdən istifadə edirəm. 
								Biliyin interaktiv yolla qavranılması üçün hər 
								bir əyani vəsaitin diskussiya elementinə 
								çevrilməsinə çalışıram. Eyni zamanda müəllimin 
								canlı, obrazlı danışığının xüsusi rolunu da 
								unutmuram. Düşünürəm ki, xeyli iş təcrübəsi olan 
								savadlı, bacarıqlı, metodik hazırlıqlı, yeni 
								təlim texnologiyalarından istifadə etməklə, 
								işini interaktiv yolla günün tələbləri 
								səviyyəsində quran müəllim elə yeni tip 
								müəllimdir - əgər bilik və bacarığını, ürəyinin 
								hərarətini və gözünün nurunu qayğıkeşliklə 
								şagirdlərin qəlbinə hopdura bilirsə, dünyada ən 
								müqəddəs peşə sahibi olduğunu dərk edirsə...  
								
								
								
								Şövkət ASLANOVA, 
								Bakıdakı 285 nömrəli tam orta məktəbin  
								Azərbaycan dili və ədəbiyyat müəllimi 
								  | 
								  |