| 
								 
								 Fəal, 
								interaktiv təlim metodlarından geniş istifadə 
								edilməsi şagirdlərin fəallaşdırılmasında, 
								yaradıcı axtarışlara qoşulmasında, bilikləri 
								müstəqil mənimsəməsində, dərslərin maraqlı, 
								səmərəli qurulmasında mühüm rol oynayır. Lakin 
								onların hər birinin özünəməxsus cəhətləri də 
								vardır ki, müəllimlər dərsə hazırlaşarkən  
								bunları nəzərə alır, metodları mövzunu, 
								uşaqların marağını, sinfin səviyyəsini nəzərə  
								almaqla seçirlər.  Çoxillik təcrübəmdən bu 
								qənaətə gəlmişəm ki, ibtidai siniflərdə 
								kiçikyaşlı məktəblilərin inkişafına ən yaxşı 
								təsir edən metodlardan biri də dialoqdur. 
								
								Məlumdur ki,  təhsilin sonrakı pillələrində 
								şagirdlər üçün zəruri olan əqli qüvvənin inkişaf 
								səviyyəsi, tədris-idrak fəallığı və tədqiqata 
								maraq  ibtidai siniflərdə formalaşır. 
								
								Məktəbəqədər yaşlı uşaqlarda  məhz  təlimin bu 
								pilləsində mühakimə yürütməkdə və fəaliyyətdə 
								sərbəstlik yaranır. Bunlara nail olmaq üçünsə, 
								ilk növbədə, sinifdə münbit təlim mühiti  
								yaradılmalıdır. Belə bir mühit  inkişafetdirici 
								təlimin təşkilidir. İdrak fəaliyyətinin aparıcı 
								motivləri olan   intellektual motivlər  hər bir 
								dərsdə müəllim və şagirdin qarşılıqlı yaradıcı 
								fəaliyyəti prosesində, müəyyən metod və 
								üsulların köməyi ilə yaradılır. Belə üsullardan 
								biri isə dialoqdur. Dərsdə dialoq təşkil etmək 
								və aparmaq şagirdlərdə problemin qoyuluşu, 
								axtarışı, onların həlli vasitələrinin tapılması 
								kimi qabiliyyətlərini formalaşdırır, idrak 
								prosesini yaradıcı axara yönəldir, öz gücünə 
								inam hissləri aşılayır. 
								
								Mən öz fəaliyyətimdə tədris probleminin qoyuluşu 
								və axtarışında dialoq metodundan  geniş istifadə 
								edirəm.  
								
								Tədris probleminin qoyuluşu və onun həlli 
								metodlarını, şagirdlərin idrak fəaliyyətini 
								praktikada necə reallaşdırmasını nəzərdən 
								keçirək. 
								
								Sövqedici, təhrikedici dialoq. 
								
								1. 
								Problem situasiyadan doğan dialoq.   
								
								Tədris probleminin qoyuluşunun bu metodu 
								aşağıdakı pedaqoji fəaliyyətlərin həyata 
								keçirilməsini tələb edir: 
								
								- problem situasiyanın yaradılması; 
								
								- problem situasiyanın ziddiyyətlərini dərk 
								etməyə meyil; 
								
								- tədris probleminin ifadə edilməsinə meyil; 
								
								- tədris probleminin şagirdlər tərəfindən təklif 
								olunmuş formulunun qəbulu. 
								
								2. 
								Hipotezə sövqedici dialoq.  
								
								Həllin axtarılmasının bu metodu aşağıdakı 
								pedaqoji fəaliyyətlərin həyata keçirilməsini 
								tələb edir: 
								
								- hipotezin irəli sürülməsi arzusu; 
								
								- şagirdlər tərəfindən irəli sürülən hipotezin 
								qəbulu; 
								
								- hipotezin yoxlanılmasına meyil; 
								
								- şagirdlər tərəfindən təklif olunan yoxlanma 
								üsullarının qəbulu. 
								
								Tədris prosesində istifadə etdiyim problem 
								situasiyanın yaradılması və ondan dialoqlarla 
								çıxılması üsullarını təqdim edirəm. 
								
								I. Ziddiyyətli faktların eyni zamanda təqdim 
								olunması. 
								
								I sinifdə riyaziyyatdan "Ədədlər və rəqəmlər. 
								Rum rəqəmləri" mövzusunda dərs. 
								
								Yazı taxtasında bir, beş, doqquz həndəsi fiqur (məsələn, 
								dairə) şəkli çəkilmiş plakat asılır. Onların hər 
								birinin altından rum, ərəb və mayya xalqlarının 
								rəqəmləri ilə əşyaların sayları yazılıb. 
								
								Problem situasiyanın yaradılması 
								
								Müəllim: 
								Əli qədim bir kitabda şəkillər görüb. Şəkillərə 
								baxın. Onları hansı əlamətlərinə görə qruplara 
								bölmək olar? (fiqurların rənginə, ölçüsünə və 
								sayına görə). Fiqurların sayına görə şəkillərin 
								bölgüsünü aparaq (birinci faktın təqdimatı). 
								
								Şagirdlər şəkillərdəki fiqurların sayını 
								hesablayırlar. Bölünməni yerinə yetirirlər. 
								
								Müəllim: 
								Hər qrupdakı şəkillərin altındakı yazılara baxın 
								(ikinci faktın təqdimatı), siz nə gördünüz? 
								
								Uşaqlar cavab verirlər ki, şəkillərin altındakı 
								yazılar müxtəlifdir, fiqurların sayı isə eynidir.
								 
								
								Müəllim: 
								Fikirləşin, şəkillərin altındakı yazılar nəyi 
								göstərə bilər? (ziddiyyətlərin dərk olunmasına 
								sövqetmə).  
								
								Müzakirə prosesində şagirdlər bu qənaətə 
								gəlirlər ki, yazılar müxtəlif işarələrlə (rəqəmlərlə) 
								yazılmış sayı göstərə bilər. 
								
								Müəllim: 
								Bugünkü dərsimizin mövzusu nədir? (problemin 
								yığcam ifadə olunmasına sövqetmə). 
								
								Uşaqlar cavab verirlər ki, dərsin mövzusu 
								ədədlər və rəqəmlərin öyrənilməsidir. 
								
								Problem situasiyadan dialoqla çıxış. 
								
								Müəllim: 
								Ədədlə rəqəmin arasında necə fərq var? (hipotezin 
								irəli sürülməsinə sövqetmə). 
								
								Praktik yoxlama dərslikdəki tapşırıqların yerinə 
								yetirilməsi gedişində həyata keçirilir. Sonra 
								müəllim qısa tarixi məlumat verərək qeyd edir ki, 
								adamlar saymağı çoxdan öyrəniblər, amma 
								ədədlərin rəqəmlərlə yazılması çox sonralar olub. 
								Sonra müəllim bir sıra rum rəqəmini misal 
								gətirib uşaqları onlarla tanış edir. Bu zaman 
								qeyd edir ki, uşaqlara məlum olan rəqəmlər ərəb 
								rəqəmləridir, yazılışında nöqtələrdən və şaquli 
								xətlərdən istifadə olunan rəqəmlər isə mayya 
								xalqına məxsusdur. 
								
								Sonda onu qeyd edək ki, dərslərdə problem-dialoji 
								təlim texnologiyasından istifadə kiçikyaşlı 
								məktəblilərin şəxsiyyətinin aparıcı fəaliyyətlər 
								əsasında inkişafına böyük kömək göstərir.  
								
								
								
								Gülşən HACIYEVA,   
								Bakıdakı 240 nömrəli tam orta məktəbin  
								ibtidai sinif müəllimi  |