| 
								 
								 Noyabrın 
								17-19-da Rusiyanın Sankt-Peterburq şəhərindəki 
								Tavriya sarayında "Sankt-Peterburqda fəlsəfə 
								günləri" adlı 10-cu elmi-mədəni forum 
								keçirilmişdir. Həmin forumda dünyanın məşhur 
								filosofları ilə yanaşı həmyerlimiz - Astara 
								Pedaqoji Kollecinin direktoru, respublikanın 
								əməkdar müəllimi, Rusiya Fəlsəfə Cəmiyyətinin 
								üzvü, fəlsəfə doktoru, dosent Əlihəsən Həmzəyev 
								də iştirak və çıxış etmişdir.  
								
								Sankt-Peterburqdan qayıdan Ə.Həmzəyev 
								elmi-mədəni forum haqqında aşağıdakıları söylədi:
								 
								
								"Əvvəlcədən qeyd edim ki, sayca onuncu olan 
								elmi-mədəni forum Sankt-Peterburq Dövlət 
								Universiteti və Sankt-Peterburq Fəlsəfə 
								Cəmiyyəti tərəfindən Sankt-Peterburq hökumətinin, 
								Rusiya Humanitar Elmi Fondunun, MDB iştirakçısı 
								olan dövlətlərin Parlamentlərarası 
								Assambleyasının, Sankt-Peterburq Qanunvericilik 
								Məclisinin və Fəlsəfə Cəmiyyətinin İnkişaf 
								Fondunun dəstəyi ilə təşkil edilmişdir. Forumun 
								əsas mövzusu "Müasir bəşəriyyətin dəyər 
								dünyaları" idi. Bundan əlavə, forumda sırf 
								fəlsəfi mövzularla yanaşı, həm də qloballaşma 
								dövründə dünyanı əhatə edən problemlər, 
								mədəniyyət və mənəviyyat məsələləri, 
								hakimiyyətlə qarşılıqlı əlaqələr, informasiya 
								cəmiyyətinin nəticələri və digər mühüm məsələlər 
								barədə işgüzar müzakirələr aparılmışdır. Forumda 
								3 gün müddətində 20-dən çox ümumrusiya və 
								beynəlxalq miqyaslı konfrans, 30-a yaxın "dəyirmi 
								masa", kollokvium və elmi seminar keçirilmişdir. 
								Mən də forumun seksiyalarında iştirak edən 
								nümayəndələr qarşısında "Qloballaşma və 
								informasiya cəmiyyəti" mövzusunda məruzə ilə 
								çıxış etmişəm. Məlumat verim ki, məruzəm və 
								müzakirələrdə fəal surətdə iştirak etməyim 
								nəticəsində məni 2012-ci ilin iyun ayında 
								Nijni-Novqorodda keçiriləcək "Müasir dünyada 
								fəlsəfə: dünya baxışlarının dialoqu" mövzusunda 
								altıncı Rusiya Fəlsəfə Konqresinə dəvət etdilər. 
								Fərəhlidir ki, Forumda daha bir azərbaycanlı 
								alim iştirak edirdi. Bu, fəlsəfə doktoru, Rusiya 
								Fəlsəfə Cəmiyyətinin beynəlxalq məsələlər üzrə 
								vitse-prezidentinin müavini, Azərbaycan Milli 
								Elmlər Akademiyası Fəlsəfə İnstitutunun 
								doktorantı Ariz Gözəlov idi. Onun mövzusu "Qlobal 
								təhlükəsizliyin və qlobal problemlərin nisbəti 
								haqqında (sosial-hüquqi aspektlər)" idi. Forumda 
								yaddaqalan ən xoş və əlamətdar hadisələrdən biri 
								də plenar iclaslardan sonra MDB 
								Parlamentlərarası Assambleyası Şurasının baş 
								katibinin müavini Aydın Cəfərovla görüşümüz oldu. 
								Biz Aydın Cəfərova "Qloballaşma şəraitində 
								mədəniyyətlərin dialoqu. Bakı Forumu" kitabını 
								hədiyyə etdik.  Heydər  Əliyev  Fondunun Rusiya 
								Federasiyasındakı nümayəndəliyi  tərəfindən 
								2011-ci ildə Moskvada nəşr edilmiş bu kitab ulu 
								öndər Heydər Əliyevin xatirəsinə həsr edilmişdir.
								 
								
								Yaddaqalan hadisələrdən biri də keçən il Astara 
								Pedaqoji Kollecində olmuş Ümumdünya 
								Mədəniyyətlərarası Dialoq Forumunun bir qrup 
								iştirakçısı ilə görüşümüz oldu. Fəlsəfə elmləri 
								doktoru, professor, Rusiya Federasiyası 
								hökumətinin nəzdində Maliyyə Akademiyasının 
								fəlsəfə kafedrasının müdiri, Rusiya Fəlsəfə 
								Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr 
								Nikolayeviç Çumakov hələ də Azərbaycan 
								təəssüratları ilə yaşadığını dilə gətirdi. Eləcə 
								də digər iştirakçılar da bu məsələni xüsusilə 
								vurğuladılar".  
								
								
								
								Azad ABDULLAYEV  | 
								  |