| 
								 
								
								 Dekabrın 
								19-da Azərbaycan Dillər Universitetində 
								Azərbaycanın xalq yazıçısı, dramaturq, 
								ədəbiyyatşünas və publisist, Sosialist Əməyi 
								Qəhrəmanı, Azərbaycan Respublikasının Dövlət 
								mükafatları laureatı, akademik Mirzə İbrahimovun 
								100 illik yubileyinə həsr olunmuş elmi-praktik 
								konfrans keçirildi. Tədbirdə Azərbaycan 
								Respublikasının təhsil naziri Misir Mərdanov, 
								millət vəkilləri, Təhsil Nazirliyinin müvafiq 
								şöbəsinin və AMEA-nın əməkdaşları, ADU-nun 
								professor-müəllim və tələbə heyəti, yubilyarın 
								ailə üzvləri və KİV təmsilçiləri iştirak 
								edirdilər. 
								
								
								Konfransı giriş sözü ilə açan təhsil naziri 
								Misir Mərdanov qeyd etdi ki, dövlət başçısı 
								cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 
								xalq yazıçısı  Mirzə İbrahimovun 100 illik 
								yubileyi ilə bağlı bir sıra dövlət qurumlarında 
								və təhsil müəssisələrində silsilə tədbirlər 
								keçirilir və bu konfrans həmin tədbirlərdən 
								biridir. 
								
								
								Gənclərin bu tədbirdə iştirakının sevindirici 
								fakt olduğunu vurğulayan təhsil naziri giriş 
								sözündə görkəmli yazıçının həyatı, təhsili, 
								ictimai-siyasi fəaliyyəti, bədii   və 
								publisistik yaradıcılığından ətraflı bəhs etdi, 
								onunla bağlı xatirələrindən söz açdı. 
								M.İbrahimovun bütün həyatı boyu Azərbaycan 
								dilinin dövlət dili statusu qazanması uğrunda 
								mübarizə apardığı diqqətə çatdırıldı. 
								
								
								ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının 
								müdiri, dosent Fəridə Səfiyeva Mirzə İbrahimovun 
								ədəbi-bədii yaradıcılığı haqqında geniş məruzə 
								etdi. Məruzədə qeyd olundu ki, maraqlı nəsr 
								əsərlərinin müəllifi kimi tanınsa da, Mirzə 
								İbrahimovun çox gözəl dram əsərləri də mövcuddur 
								və məhz bu əsərlər onun Azərbaycan ədəbiyyatında 
								bir dramaturq kimi də önəmli yerini 
								müəyyənləşdirib. 
								
								
								Məruzədən sonra yazıçının həyatının müxtəlif 
								məqamları əks olunmuş fotoşəkillərdən ibarət 
								slaydlar nümayiş etdirildi. 
								
								
								Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq 
								yazıçısı Anar Mirzə İbrahimovun bədii və ictimai 
								fəaliyyətinin əhəmiyyətindən, geniş oxucu 
								kütləsinin az bələd olduğu publisistik 
								əsərlərinin dəyərindən, onun xidmətləri 
								sayəsində Cənubi və Şimali Azərbaycanın vəhdət 
								şəklində qavranılması və s. məsələlərdən söz 
								açdı.  
								
								
								Mədəniyyət və turizm nazirinin birinci müavini 
								Vaqif Əliyev belə görkəmli şəxsiyyətlərin, 
								yaradıcı insanların, elm və sənət adamlarının 
								yubileylərinin dövlət səviyyəsində qeyd 
								edilməsini onlara göstərilən xüsusi diqqət və 
								qayğının parlaq nümunəsi kimi dəyərləndirdi. 
								Mirzə İbrahimovun çox məhsuldar yazıçı olduğunu 
								deyən natiq onun tərcüməçilik fəaliyyəti ilə də 
								məşğul olduğunu, dünya ədəbiyyatının məşhur 
								əsərlərini dilimizə çevirdiyini diqqətə çatdırdı. 
								Vaqif Əliyev çətin, amma şərəfli həyat yolu 
								keçən Mirzə İbrahimovun qəlblərdə daim 
								yaşayacağına əminliyini ifadə etdi. 
								
								
								Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı qeyd 
								etdi ki, bir insan öz xalqı üçün nə etməyə 
								qadirdirsə, Mirzə müəllim onu edib. O, çox böyük 
								alim, istedadlı yazıçı, hamıya yaxşılıq etməyi 
								özünə borc bilən qayğıkeş insan, dünyada tanınan 
								ictimai xadim, ən başlıcası isə, ana dilinin 
								dövlət dili statusu qazanması uğrunda mübarizə 
								aparan qəhrəman idi. Ona görə ki, həmin dövrdə 
								bu, son dərəcə böyük cəsarət, qəhrəmanlıq tələb 
								edirdi. 
								
								
								Sonra çıxış üçün söz yazıçının qızı, xalq 
								artisti, bəstəkar Sevda İbrahimovaya verildi. 
								Atasının çox sadə, səmimi bir insan olmasından 
								bəhs edən Sevda xanım dedi ki, o, ağır, çətin 
								günlər yaşasa da ürəyi məhəbbətlə dolu idi. 
								Əməyi, sadə insanları, xüsusilə gəncləri çox 
								sevirdi. Bir yazısında "Bütün həyatımı, bütün 
								əsərlərimi sizə ithaf edirəm" deyə gənclərə 
								xitab etmişdi. 
								
								
								Yazıçının qızı çıxışının sonunda atasını xoş 
								sözlər və kövrək duyğularla yad edən hər bir 
								kəsə, atasının yubileyinin keçirilməsi ilə bağlı 
								sərəncam vermiş dövlət başçısına, tədbirin 
								təşkilatçılarına, eləcə də iştirakçılara 
								minnətdarlıq etdi. 
								
								
								ADU-nun rektoru, millət vəkili Səməd Seyidov bu 
								görkəmli şəxsiyyətin yubileyinin rəhbərlik 
								etdiyi təhsil ocağında keçirilməsini əlamətdar 
								hadisə adlandırdı və kollektiv adından tədbirdə 
								iştirak edənlərə təşəkkürünü bildirdi.  
								
								
								
								Hicran ƏKBƏROVA   | 
								  |