| 
								 
								
								Əsası 1929-cu ildə qoyulmuş Azərbaycan 
								Müəllimlər İnstitutu ölkənin təhsil sistemində 
								xüsusi yer tutur. Pedaqoji kadrların 
								təkmilləşdirilməsi, ixtisasının artırılması və 
								yenidənhazırlanması sahəsində özünəməxsus 
								ənənələrə, zəngin təcrübəyə malik olan bu 
								institutun müxtəlif adlar altında, müxtəlif 
								ünvanlarda minlərlə rəhbər və pedaqoji işçinin 
								peşəkarlıq səviyyəsinin nəzəri, elmi-metodiki və 
								təcrübi qabiliyyətlərinin yüksəldilməsində 
								əvəzsiz xidməti vardır. 
								
								
								Sovetlər dövründə müxtəlif respublikaların 
								analoji ali məktəbləri ilə əlaqələr yaradan 
								institutun dünya ölkələrinə çıxış imkanları, 
								demək olar ki, yox idi. 
								
								
								Azərbaycan Respublikası müstəqillik qazandıqdan 
								sonra ölkənin digər sahələrində olduğu kimi, 
								təhsil sistemində də islahatlar dövrü başlandı. 
								Sovet dövlətinin 70 illik təhsil sistemini 
								dəyişmək, bu illər ərzində toplanmış müsbət 
								təcrübəni müstəqil Azərbaycan dövlətinin təhsil 
								siyasəti ilə əlaqələndirmək, xalqımızın  milli 
								mənəvi dəyərlərini ümumbəşəri dəyərləri nəzərə 
								almaqla təhsil sisteminə gətirmək, qloballaşan 
								dünyada özünə yer seçməyi bacaran insan 
								formalaşdırmaq vəzifəsi qarşıya qoyuldu. Təbii 
								ki, bütün bu vəzifələri yerinə yetirmək üçün 
								müasir dünyanın mütərəqqi təhsil sisteminə 
								inteqrasiya olunmağı bacaran kadr potensialı 
								formalaşdırmaq lazım idi. 
								
								
								Rəhbər və pedaqoji kadrların ilkin hazırlığı, 
								ixtisasının artırılması və yenidənhazırlanması, 
								təkmilləşdirilməsi  sahəsində görülən işləri 
								əlaqələndirmək, mərkəzi və regional mühitdə 
								əlavə təhsili həyata keçirmək məqsədilə 
								ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 
								Azərbaycan Müəllimlər İnstitutu və onun müxtəlif 
								regionlarda 12 filialı yaradıldı. Sonralar  
								Naxçıvan filialı müstəqil instituta çevrildi. 
								Mərkəzi və regional şəraitdə kadr hazırlığı, 
								əlavə təhsil üçün yaradılan bu hüquqi bazadan 
								ilk dövrlərdə lazımınca istifadə olunmadı. AMİ 
								və filiallar arasında səmərəli əməkdaşlıq 
								əvəzinə qarşıdurma, fəaliyyətsizlik yarandı. 
								Mövcud maddi-texniki baza zənginləşmək əvəzinə 
								dağılmağa başladı.  İxtisasartırma təhsilinə 
								laqeyd münasibət formalaşdı. 
								
								
								Azərbaycan Respublikasının Prezidenti İlham 
								Əliyevin sərəncamı ilə 2005-ci ildə institutun 
								rəhbərliyinin dəyişdirilməsindən sonra AMİ-nin 
								həyatında yeni dövr başlandı. İnstitutun maddi-texniki 
								bazasını gücləndirmək, filiallarla əlaqələri 
								tənzimləmək, qarşılıqlı əməkdaşlıq və 
								cavabdehlik mühiti yaratmaq, kadr potensialını 
								formalaşdırmaq, təhsil sistemində əlavə təhsil 
								haqqında, xüsusilə ixtisasartırma təhsilinə 
								formalaşmış mənfi rəyi dəyişmək kimi amillər 
								dövrün vacib məsələsinə çevrildi. 
								
								
								İnstitutun rektoru, millət vəkili, professor 
								Aqiyə Naxçıvanlı əlavə təhsilin 
								müasirləşdirilməsi və keyfiyyətinin 
								yüksəldilməsi məqsədilə təxirəsalınmaz tədbirlər 
								müəyyənləşdirdi. İnstitutda əlavə təhsillə bağlı 
								yeni qurumlar yaratdı. Yaradılmış qurumlara 
								mütəxəssislər cəlb etdi və görülən hər bir işə 
								diqqəti artırdı. Kurs kimi təşkil edilən 
								ixtisasartırma təhsilinə, mahiyyəti və məzmunu 
								dərk edilməyən, formal xarakter daşıyan 
								təlimlərə son qoyuldu. Bütün yuxarıda qeyd 
								olunan nöqsanların aradan qaldırılması o qədər 
								də asan başa gəlmədi. Belə ki, aşağıda sadalanan 
								tədbirlərin həyata keçirilməsi tezliklə işin 
								ahəngini dəyişdirdi: 
								
								
								
								* 
								
								Əlavə təhsilin müasirləşdirilməsi və təlimə 
								göndərilən pedaqoji işçilərin tələb və 
								sifarişlərini öyrənmək üçün mexanizm 
								müəyyənləşdirildi. 
								
								
								
								* 
								
								Rusiya Federasiyası, Belarus, Gürcüstan, 
								Qazaxıstan və digər MDB ölkələri ilə təcrübə 
								mübadiləsi aparıldı. İngiltərə, Fransa, Almaniya, 
								Avstraliya, Türkiyə ölkələrinin əlavə təhsillə 
								bağlı strategiyaları öyrənildi.  
								
								
								
								* 
								
								Əlavə təhsil sahəsində tədqiqatların və 
								araşdırmaların daha da effektiv olması üçün 
								institutda elektron şəbəkələr yaradıldı. Ən 
								müasir texnologiyalar tətbiq edildi. Bu sahədə 
								nəzəri və praktik əhəmiyyəti olan tədbirlər 
								müəyyənləşdirildi.  
								
								
								
								* 
								Respublika daxilində fəaliyyət göstərən əlavə 
								təhsil müəssisələri ilə geniş əlaqələr yaradıldı. 
								Əlavə təhsillə bağlı təcrübə mübadiləsi aparıldı. 
								
								
								
								* 
								Hökumətin və Təhsil Nazirliyinin əlavə təhsillə 
								bağlı qərar və ənənələrinin işlək mexanizmi 
								hazırlandı. Həmin mexanizmlər institutun hər bir 
								qurumunda müzakirə edildi. Nəticələr 
								müəyyənləşdirildi. 
								
								
								Bu gün Azərbaycan Müəllimlər İnstitutu 
								Azərbaycanda analoqu olmayan, təhsil 
								ictimaiyyəti arasında nüfuz və hörmət qazanan, 
								səmərəli beynəlxalq əlaqələrə malik olan təhsil 
								müəssisəsinə çevrilmişdir. İnstitutun tədris 
								korpusunda, yataqxanasında, maddi-texniki 
								təchizat sistemində aparılan əsaslı 
								dəyişikliklər, istilik təchizatı, günün 
								tələbləri səviyyəsində müxtəlif xidmətlər (iaşə, 
								yataqxana, səhiyyə, kitabxana, mədəni-kütləvi və 
								s.) həm institut əməkdaşlarının, həm də əlavə 
								təhsilə cəlb olunan dinləyicilərin səmərəli 
								fəaliyyəti üçün yaradılmışdır. Hazırda 
								institutda müasir İKT qurğuları ilə təchiz 
								edilmiş müxtəlif məzmunlu təhsil mərkəzləri 
								yaradılır. 
								
								
								Bu gün ixtisasartırma təhsili dövlətin təhsil 
								sahəsində tələblərinə, dinləyicilərin maraq və 
								tələbatına uyğun olaraq həyata keçirilir. 
								Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 
								sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı 
								ilə "Əlavə təhsilin məzmunu, təşkili və hər 
								hansı bir istiqaməti üzrə təhsil almış şəxslərə 
								sənədlərin verilməsi qaydaları" təsdiq 
								edilmişdir. Respublikamızda ilk dəfə olaraq 
								əlavə təhsilin 8 istiqaməti müəyyənləşdirilib.
								 
								
								
								Respublikamızda 52 ali məktəb, 60 orta ixtisas 
								məktəbi, 113 peşə təhsili müəssisəsi, 4500-dən 
								çox ümumtəhsil məktəbi və 1700-ə qədər 
								məktəbəqədər təhsil müəssisəsində 170 minə qədər 
								pedaqoji işçi təhsildə olan yenilikləri, 
								inklüzivlik, yeni proqramlar (kurikulum), xarici 
								dil, təhsilə İKT-nin tətbiqi və sair məsələlərə 
								yalnız əlavə təhsil müəssisələrində 
								ixtisasartırma təhsili yolu ilə nail ola 
								bilərlər. İxtisasartırma təhsilinin kredit-modul 
								sisteminə keçməsi işin ahəngini xeyli 
								aktuallaşdırır. İndi Azərbaycan Müəllimlər 
								İnstitutu yeni dərs ilində ixtisasartırma 
								təhsilinin kredit-modul sisteminə keçməsini 
								təmin etmək məqsədilə 16 adda, 3 modul üzrə 
								dinləyicilərin tələbatına uyğun yeni tədris-tematik 
								planları hazırlayır. Hər bir modulun 
								nəticələrinin qiymətləndirilməsi üçün təkliflər 
								hazırlayır. Konkret olaraq ənənəvi 
								ixtisasartırma təhsilindən kənarlaşaraq müasir 
								pedaqoji, psixoloji, metodiki və digər 
								innovasiyaların tətbiqinə nail olmağa çalışırıq. 
								
								
								Əlavə təhsilin müasirləşdirilməsi və onun 
								effektivliyinin təmin edilməsi üçün aşağıdakı 
								vəzifələri təklif edirik. 
								
								
								
								* 
								Yerli təhsil orqanlarının əlavə təhsilə yeni 
								yanaşmaları və münasibətləri. 
								
								
								
								* 
								Pedaqoji kadrların əlavə təhsil müəssisələrinə 
								göndərilməsi zamanı aktivliyin təmin edilməsi. 
								
								
								
								* 
								İxtisasartırma təhsilinə cəlb olunan pedaqoji 
								işçilərin hesabatlarının dinlənilməsi və 
								stimullaşdırılması. 
								
								
								
								* 
								İxtisasartırma təhsilinə cəlb olunan pedaqoji 
								işçilərin ezamiyyə haqqının vaxtında ödənilməsi. 
								
								
								
								* 
								Digər ölkələrin təcrübəsindən istifadə edərək 
								ixtisasartırma təhsilinə cəlb olunan pedaqoji 
								işçilərin ezamiyyə haqqının ödənilməsinin əlavə 
								təhsil müəssisəsi tərəfindən yerinə 
								yetirilməsinin təmin edilməsi. 
								
								
								
								* 
								Əlavə təhsillə bağlı bağlanmış müqavilə və 
								öhdəliklərin yerinə yetirilməsi. 
								
								
								
								* 
								Əlavə təhsil müəssisələri tərəfindən pedaqoji 
								kadrların tələb və ehtiyaclarının 
								müəyyənləşdirilməsi. 
								
								
								Aparılmış tədqiqatlar göstərir ki, yaxın 
								gələcəkdə əlavə təhsilə olan ehtiyac daha da 
								aktuallaşacaq. Hər ay Azərbaycan Müəllimlər 
								İnstitutunda 4000-4500 nəfər müxtəlif 
								kateqoriyalardan olan pedaqoji işçi arasında 
								keçirilən anket sorğularından məlum olur ki, 
								yeniləşən təhsilimizin nəbzini tutmaq üçün əlavə 
								təhsilə böyük ehtiyac vardır. 
								
								
								Azərbaycan Müəllimlər İnstitutuna gələn 
								dinləyici bilir ki, onu düşündürən problem və 
								suallara cavab tapa biləcək, səmərəli fikir və 
								təcrübə mübadiləsi aparacaq. İxtisasartırma 
								təhsilinin sonunda dinləyici qabaqcıl 
								müəllimlərin dərs və tədbirlərinin 
								videolentlərini əldə edə bilir. Başqa sözlə, 
								ixtisasartırma təhsili 5 ildə bir dəfə həyata 
								keçirilən tədbir kimi yox, dinləyicinin maraq və 
								meyilini, tələbatını təmin edən bir proses kimi 
								qəbul olunur. 
								
								
								Azərbaycan Müəllimlər İnstitutunda müasir təhsil 
								sistemində baş verən innovasiyaları bilən, 
								yaradıcı dərs nümunələri qurmağı bacaran təlimçi 
								korpusu yaradılmışdır. Tədris prosesində 
								institutun professor-müəllim heyəti ilə yanaşı, 
								Təhsil Nazirliyinin, Təhsil Problemləri 
								İnstitutunun, AMEA-nın institutlarının, BDU, 
								ADPU, ADNA və digər ali təhsil məktəblərinin  
								tanınmış professor-müəllimləri, BŞTİ-nin, Bakı, 
								Sumqayıt şəhərlərinin, Abşeron rayonunun 
								qabaqcıl məktəb rəhbərləri və müəllimləri çıxış 
								edir.  
								
								
								Son 2 ildə institutda müasir təhsilin 
								problemləri, inklüziv təhsil və s. məsələlərə 
								həsr olunmuş respublika və beynəlxalq 
								elmi-praktik konfranslar keçirilmişdir. Bu gün 
								Azərbaycan Müəllimlər İnstitutunda Fransa, 
								Amerika, İngiltərə, Rusiya, Türkiyə, Belarus, 
								Gürcüstan ölkələrinin əlavə təhsil müəssisələri 
								ilə qarşılıqlı təcrübə mübadiləsi aparılır və 
								məqsədli ezamiyyələr təşkil edilir. 
								
								
								Azərbaycan Müəllimlər İnstitutu təkcə 
								mərkəzi-baza institutunda deyil, müxtəlif 
								regionlardakı filiallarında da əlavə təhsilin 
								müasir tələblər səviyyəsində qurulmasına 
								çalışır. İndi Şəki, Mingəçevir, Cəlilabad və 
								digər filiallarda müasir tələblərə cavab verən 
								maddi-texniki baza yaradılmış, təcrübəli kadr 
								potensialı formalaşmışdır. Baza institutu ilə 
								filiallar arasında yaradılmış səmərəli 
								əməkdaşlıq mühitinin nəticəsidir ki, yerli 
								təhsil orqanları öz kadrlarını həvəslə həmin 
								müəssisələrə göndərirlər. Hazırda institutda 
								növbəti tədris ilində  əlavə  təhsilin 
								kredit-modul sisteminə keçilməsi ilə əlaqədar 
								geniş hazırlıq işləri aparılır.  
								
								
								
								Rahim ƏZİZOV, 
								Azərbaycan Müəllimlər İnstitutunun əlavə təhsil 
								üzrə prorektoru   |